Azərbaycanın və Çexiyanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

 

Yanvarın 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Çex Respublikasının ölkəmizdəki səfiri Vitezslav Pivonka ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, qonağa nazirliyin funksiyaları və fəaliyyət istiqamətləri, həmçinin ölkədəki kriminogen durumla bağlı məlumat verilib.

Dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasında münasibətlərin daha da genişlənəcəyinə, strateji tərəfdaşlığa dair ötən il imzalanmış birgə bəyannamənin əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdıran daxili işlər naziri Azərbaycanın və Çexiyanın müvafiq qurumları arasındakı əlaqələrin vaxtilə ATƏT-in Bakı ofisi vasitəsilə yarandığını bildirib. Qeyd olunub ki, hələ 2003-cü ilin iyununda həmin qurumla Daxili İşlər Nazirliyi arasında A.Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan məktəbə yardım göstərilməsinə dair imzalanmış protokola əsasən, bu tədris ocağında bir sıra təmir-tikinti işləri aparılıb. Həmçinin təcrübə mübadiləsi və ixtisaslarının artırılması məqsədilə məktəbin müəllimləri müxtəlif vaxtlarda Çex Respublikasında olublar.

Nazir əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu, bu məqsədlə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair saziş layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim edildiyini xatırladıb.

Səfir Vitezslav Pivonka görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Yeni Azərbaycan.- 2016.- 14 yanvar.- S.4