Azərbaycan-ABŞ münasibətləri
müstəqillik illərində uğurlu
və zəngin yol keçib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov KİV-ə müsahibə verib:
- Novruz müəllim, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib. Görüşün nəticələrini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, Azərbaycan-ABŞ münasibətləri müstəqillik illərində uğurlu və zəngin yol keçib. Bu münasibətlər həmişə əhəmiyyətini saxlayıb, təsadüfi maraqlar üzərində qurulmayıb. Azərbaycan postsovet məkanında ABŞ və Avropa ilə uğurlu əməkdaşlıq edən bir dövlətdir. Bu münasibətlərin əsasını Ümummilli lider Heydər Əliyev qoyub, daha sonra Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi üzərində qurulan bu münasibətlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib.
Konkret olaraq Prezident İlham Əliyev və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan arasında görüş çox konstruktiv, qarşılıqlı anlaşma əsasında keçib. Bu görüşün əhatə dairəsi də geniş oldu. ABŞ və Azərbaycan arasında qurulmuş əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparıldı. Məlum olduğu kimi, Azərbaycan və ABŞ arasında enerji sahəsində geniş əməkdaşlıq əlaqələri qurulub. ABŞ-la terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq edilib. Azərbaycan müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak edib, ABŞ-ın rəhbərlik etdiyi koalisiyaların işinə böyük töhfə verib.
ABŞ-Azərbaycan münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. “Əsrin müqaviləsi”nin imzalanmasından tutmuş enerji xətlərinin şaxələndirilməsinə qədər ABŞ-ın böyük dəstəyi olub. Qeyd etdiyim kimi, bəhs olunan görüşdə ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq münasibətləri geniş təhlil edilib və münasibətlərin bundan sonra da yaxşı perspektivinin olduğu, əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Münasibətlərin belə xarakter alması təbiidir. Müxtəlif vaxtlarda münasibətlərdə müəyyən qədər soyuqluq olduğu qeyd edilib. Bu da anlaşılandır, çünki Azərbaycan xarici siyasətini öz milli maraqları əsasında davam etdirir. Bütövlükdə isə, bu görüşdə qarşılıqlı anlaşma istiqamətində mühüm addımlar atıldı və bu, gələcək əməkdaşlıqda da özünü göstərəcək.
- Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçiriləcək IV Nüvə sammitinə dəvət edilməsi ilə də bağlı fikirlərinizi bilmək istərdik...
- Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Barak Obama tərəfindən Vaşinqtonda keçiriləcək IV Nüvə sammitinə dəvət alıb. Dəvət məktubunda ABŞ-Azərbaycan əlaqələrinə yüksək qiymət verilib, münasibətlərin əhəmiyyəti xüsusi vurğulanıb. Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfə də xüsusi qeyd olunub. ABŞ hesab edir ki, Azərbaycan bundan sonra da bu məsələyə töhfə verməkdə davam edəcək. Eyni zamanda, məktubda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı fikirlər də əksini tapıb. Dəvət məktubu barədə məlumatı “Twitter” sosial şəbəkəsindəki hesabımda açıqlamışam və bu, Azərbaycan Prezidentinin IV Nüvə sammitinə dəvət olunmaması barədə bəzi mətbuat orqanlarında informasiyanın işıq üzü görməsi ilə bağlı olub. Azərbaycan ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olub. Azərbaycan elə regionda yerləşir ki, həmişə strateji əhəmiyyət daşıyan dövlət olaraq qalacaq.
- Bəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət necədir, hər hansı bir irəliləyiş varmı?
- Təəssüf ki, hələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə atılan addım görmürük. ATƏT-in Minsk qrupunun həmsədrləri irəliyə doğru addım atıldığını bildirməyə çalışsalar da, bu, belə deyil. Ermənistan münaqişənin həlli ilə bağlı konstruktiv addım atmaq istəmir. Ermənistan düşünməlidir ki, bu, daha çox onlara lazımdır. Digər tərəfdən, həmsədr dövlətlərin də Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti yetərincə deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vaxtında tutarlı və səmərəli addımlar atılsaydı, indi vəziyyət bu cür olmazdı.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2016.- 15 yanvar.- S.1