Yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində
irimiqyaslı layihələr həyata keçirilib
Bu istiqamətdə işlər regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir
Məlum olduğu kimi, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Bir sözlə, Azərbaycanın ümumi iqtisadi, sosial yüksəlişini şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır.
Bildirmək yerinə düşər ki, ölkəmizdə modern inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat mərkəzinə çevrilməkdədir. Son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk 2 Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Məhz bunun nəticəsidir ki, yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub. Eyni zamanda, ölkənin ayrı-ayrı regionlarında bu işlər hazırda da davam etdirilir. Buna misal olaraq bildirmək yerinə düşər ki, hazırda Hacıqabul-Horadiz avtomobil yolundan İmişli şəhəri istiqamətində 7 kilometr uzunluğunda yolun tikintisi davam edir. Verilən məlumata görə, bəndbərkitmə işləri başa çatıb, yol yatağı genişləndirilib. Hazırda asfalt örtüyünün döşənməsi işləri görülür. Tikintinin sürətlə aparılması üçün əraziyə kifayət qədər müxtəlif təyinatlı texnika və lazımi qədər işçi qüvvəsi cəlb edilib. Yolun inşasının yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub.
Yol istifadəyə verildikdən sonra rayonun bir neçə yaşayış məntəqəsi və İmişli şəhərindən Hacıqabul-Horadiz avtomobil yoluna daha rahat çıxmaq mümkün olacaq.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Salyanın Çuxanlı, Gəncəli, Piratman, Parça-Xələc və Seyidan kəndlərini birləşdirən avtomobil yolunun tikintisi də uğurla davam edir. Bu barədə verilən məlumatda deyilir ki, Parça-Xələcdən Çuxanlı kəndinədək uzunluğu 15 kilometr olan yolun tikintisi yekunlaşmaq üzrədir. Tikinti işləri yanvarın sonlarında başa çatacaq. Beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən yolda tikinti işlərinin sürətlə aparılması üçün işə bütün lazımi maşın-mexanizm cəlb olunub. Kəndləri birləşdirən yolun ümumi eni 10 metr, asfalt hissəsi 6 metr, döşənəcək asfalt ikiqat olmaqla qalınlığı 10 santimetr təşkil edəcək. Tikinti zamanı mövcud olan körpülər əsaslı təmir ediləcək, suötürücü borular yeniləri ilə əvəzlənəcək. Yolun tikintisinin başa çatması ilə yaşayış məntəqələrinə gediş-gəliş yaxşılaşacaq.
Bundan başqa, hazırda Bakının Nardaran qəsəbəsinin bütün mərkəzi küçələrində əsaslı yenidənqurma işləri aparılır. “Azəryolservis” ASC-nin məlumatına görə, ilkin olaraq qəsəbənin Abşeron küçəsinin təmirinə başlanılıb. Yenidən qurulan küçənin ümumi uzunluğu 2220, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun eninin genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Yenidənqurma işlərinin yüksək səviyyədə və optimal müddətdə aparılması üçün “Azəryolservis” ASC tərəfindən qəsəbəyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Abşeron küçəsində artıq söküntü işləri başa çatdırılıb. Hazırda yolboyu hasarların və səkilərin tikintisi, eləcə də yeni asfalt qatının vurulması həyata keçirilir.
Yaxın günlərdə Nəsrulla Əsgərov küçəsində də yenidənqurma işlərinə başlanılacaq. Qəsəbənin mərkəzindən Nardaran pirinə gedən bu yol yaxın vaxtlarda öz simasını dəyişəcək. Dörd hərəkət zolağından ibarət olacaq küçədə hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikiləcək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.
Yeri gəlmişkən, ölkədə aparılan quruculuq işləri Naxçıvan Muxtar Respublikasına da öz müsbət təsirini göstərib. Belə ki, son illər muxtar respublikanın hər yerində geniş tikinti-quruculuq işləri həyata keçirilib. Həmçinin yol-nəqliyyat kompleksinin müasirləşdirilməsi muxtar respublikada həyata keçirilən quruculuq işlərinin tərkib hissəsinə çevrilib. Bu kontekstdə muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda da insanların rahat yaşayışı üçün lazımi infrastruktur yaradılıb. Bu tədbirlərdən Axaməd kəndinə də pay düşüb, ötən il kənddə kompleks quruculuq işləri aparılıb. Dekabrın 14-də burada kənd yolunun, 192 yerlik kənd tam orta məktəbinin, kənd və xidmət mərkəzlərinin açılışı olub.
Yanvarın 14-də isə Kəngərli rayonunun Yurdçu kənd yolu istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib. Məlumat verilib ki, 4,5 kilometrlik kənd yolu yenidən qurulub, yola asfalt örtük salınıb. Bununla da kənddaxili yollarda sakinlərin gediş-gəlişi xeyli asanlaşıb, hərəkətin təhlükəsizliyi təmin olunub. Yolun üzərində 72 su keçidi qoyulub, yol kənarlarında beton kanal çəkilib.
Bunlarla yanaşı, Füzuli rayonunun Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun da yaxın vaxtlarda istifadəyə veriləcəyi planlaşdırılır. Bu barədə verilən məlumatda Qayıdış qəsəbələrini birləşdirən yeni asfalt yolun tikintisinin cədvəl üzrə davam etdiyi və yaxın vaxtlarda istifadəyə veriləcəyi bildirilib.
Təbii ki, bütün bunlar, həmçinin Prezident İlham Əliyevin yeni ildə imzaladığı bəzi sərəncamlar yeni yolların tikintisi işinin 2016-cı ildə də davam etdiriləcəyini bir daha təsdiqləyir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da “Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. AZƏRTAC-ın məlumatına görə, sözügedən Sərəncama əsasən, 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Yardımlı rayon İcra Hakimiyyətinə 1,4 milyon manat ayrılıb.
Dövlət başçısı yanvarın 8-də isə İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən 15 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli rayon İcra Hakimiyyətinə 1,1 milyon manat ayrılıb.
Nadir AZƏRİ
Yeni Aaərbaycan.-
2016.- 16 yanvar.- S.8