Heydər Əliyev Fondunun təşəbbüsü ilə
uşaqların “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil
edilib
Valideyn himayəsindən məhrum uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlara, onların sağlam, savadlı, vətənpərvər böyüməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Fond uşaq evləri, internat məktəbi sakinlərinin istirahətini də ən yüksək səviyyədə təşkil etməklə onların mənalı və eyni zamanda maraqlı əylənmələri üçün bütün lazımi tədbirləri görür. Yeni ildə Heydər Əliyev Fondu bu uşaqlara daha bir sürpriz etdi.
AZƏRTAC xəbər verir ki, müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələr paytaxtımızdan onlar üçün ayrılmış xüsusi avtobuslarla yola düşdülər. İstiqamət isə ölkəmizin ən gözəl məkanlarından biri sayılan, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən “Şahdağ” Turizm Kompleksi oldu. Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin etdi.
“Şahdağ” Turizm Kompleksinə gələn uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün maraqlı proqram hazırlanmışdı. İkigünlük səyahət zamanı onlar kompleksin “Pik Palace Şahdağ” otelində yerləşdilər. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqları qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələr gözləyirdi. “Şahdağ” Turizm Kompleksinin uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarında balaca qonaqlar qarda gəzdilər, yamaclarda tübinq gəzintilərində iştirak etdilər.
Havanın dumanlı olmasına baxmayaraq, uşaqların sevinci hədsiz idi. Onlar qarda həvəslə sürüşür, qartopu oynayır, şən səs-küyləri, isti nəfəsləri ilə bu məkanı daha da canlandırırdılar. Axşam düşəndə isə uşaqlar otelin geniş işıqlı salonunda nağıl qəhrəmanları Spaydermen, Ağbəniz, Minyon ilə birgə əylənir, şeirlər söyləyir, mahnılar oxuyur, rəqs edirdilər. Qız və oğlan komandalarının yarışları, moda müsabiqələri, oğlanların güc yarışları tədbiri daha da maraqlı və yaddaqalan edən məqamlardan oldu.
Növbəti gün səhər tezdən durmuş uşaqları yenə də dağ yamaclarında maraqlı oyunlar gözləyirdi. Gecədən yağan qarın səhər güclənməsi balacaların sevincini daha da artırdı. Qartopu oynayan, xizəklə sürüşən uşaqların səs-küyü hər tərəfə yayılırdı. Nahar süfrəsi arxası isə fidanları onların sevimli nağıl qəhrəmanları və klounlar səbirsizliklə gözləyirdi. Şən melodiyalar, rəqslər, oyunlar, uşaqların sevinc dolu alqışları tədbirə əsl bayram əhval-ruhiyyəsi gətirdi.
Uşaq evlərinin sakinləri üçün “Şahdağ” Turizm Mərkəzində təşkil olunan maraqlı istirahət Fondun növbəti humanitar aksiyası kimi yaddaşlara yazıldı.
Heydər Əliyev Fondu 2004-cü ildən “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublikada 30-dan çox uşaq evi və internat məktəbinin yenidənqurma və əsaslı təmirini həyata keçirib, ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitini əvəz edən yaşayış və məişət şəraiti yaradıb. Bu müəssisələrdə təhsilin səviyyəsini yüksəltmək, uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Fond davamlı olaraq layihələr həyata keçirir. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri nümunəvidir. Bu xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini dəfələrlə vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, müvafiq proqram çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinəti olan ali dəyərlərdəndir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla reallaşdıran Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.
Böyüməkdə olan nəslin hərtərəfli qayğı
ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi
müəyyən edən Heydər Əliyev Fondu
paytaxtdakı uşaq müəssisələrinin
sakinlərinə Qusar rayonunun
mərkəzindən 32 kilometr məsafədə
yerləşən məkanda unudulmaz
günlər yaşatdı. Fondun ölkəmizin
ən gözəl turizm mərkəzlərindən
biri olan “Şahdağ”da təşkil
etdiyi bu tədbir məhz
belə xeyirxah missiyanın davamı oldu.
Yeni Aaərbaycan.-
2016.- 16 yanvar.- S.4