Rusiya-Azərbaycan: Dostluğun möhkəmlənməsi
iqtisadiyyatın möhkəmlənməsi deməkdir
Yanvarın 13-dən 15-dək Moskvada Qaydar forumu keçirilib. Rusiya Federasiyası (RF) Dövlət Dumasının Maliyyə bazarı komitəsi rəhbərinin müavini, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev həmin forumdakı çıxışında deyib: “İki il bundan əvvəl Azərbaycan Dövlət Bankı bazasında tərəfdaş banklarla iş üzrə profil departament yaradıb. Bu müddətdə respublikaya 700 milyon dollar investisiya cəlb edilib. Biz öz qanunvericiliyimizi uyğunlaşdıraraq on milyardlarla dollar cəlb edə bilərdik. İnfrastruktur layihələrinə sərf edilən bu cür böyük məbləğdə pul indiki məqamda Rusiya üçün çox vacibdir”.
Rusiyanın mövcud bank sisteminin yeniləşdirilməsinin ardıcıl tərəfdarlarından biri olan deputatın bu istiqamətdə səyləri forum iştirakçıları tərəfindən bəyənilib. Milli reytinq agentliyinin ekspert şurası adından ona Rusiyada tərəfdaşlıq maliyyəsinin inkişafına sanballı töhfəsinə görə diplom təqdim edilib.
Dmitri Savelyev tərəfindən işlənib hazırlanmış altı qanun layihəsi Dövlət Dumasında baxılmaq üçün təqdim edilib. Həmin layihələrdə Rusiyanın bank sisteminin dəyişdirilməsinə, yeni maliyyə bazarlarına yol açan vasitələrdən istifadə imkanı yaradılmasına dair təkliflər əks olunub. Deputatın təşəbbüsü ilə yaradılmış ekspert şurasının tərkibində peşəkar və elmi birliyin, dövlət strukturlarının və biznes sahəsinin nümayəndələri ictimai əsaslarla çalışır.
Bu gün əhalinin üzərinə düşən yükü mümkün qədər yüngülləşdirməklə yeni inkişaf üsulları tapmaq həmişəkindən daha aktual məsələdir. D.Savelyevin fikrincə, indi bu məsələ həm Rusiyada, həm də Azərbaycanda bir nömrəli vəzifədir. Deputat deyib: “Neftin qiymətinin azalması və dünya iqtisadi böhranı Azərbaycan iqtisadiyyatına da təsir göstərir. Son dərəcə mürəkkəb şəraitdə Azərbaycan dövləti öz sabitliyini qoruyub saxlayır, ölkə rəhbərliyi isə yaranmış təhdidlərə çevik və keyfiyyətli reaksiya verməyi bacarır. Əhalinin dəstəklənməsi ön plana çəkilir. Unun qiymətinə nəzarət edilməsi bu baxımdan nümunə sayıla bilər. Regionda unun ən aşağı qiyməti Azərbaycandadır. Bu baxımdan Rusiyada da hökumətin fəal mövqeyi müşahidə olunur. Əminəm ki, ölkələrimizin bir-birinin təcrübəsini öyrənməsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı dəstək bu mürəkkəb dövrü uğurla başa vurmağa kömək edəcək”.
Onun fikrincə, müasir dövrün iqtisadi çağırışlarına Rusiyanın cavabı investisiyalar cəlb edilməsinə qeyri-trivial yanaşmalar axtarmaqdan və ənənəvi iqtisadi tərəfdaşlarla dostluq əlaqələrini qoruyub saxlamaqdan ibarət olmalıdır.
Qaydar forumunu çox vaxt “Rus Davosu” adlandırırlar. Artıq altıncı
dəfə keçirilən
Qaydar forumu bu müddətdə iqtisadiyyat sahəsində beynəlxalq səviyyəli
ən böyük elmi hadisələrdən birinə çevrilib.
Bu unikal məkanda
iqtisadi fikrin aparıcı nəzəriyyəçiləri,
iri biznes nümayəndələri, tanınmış
siyasətçilər, ən
yüksək maliyyə
dairələrinin nümayəndələri
toplaşır. İştirakçıların və ekspertlərin
tərkibi, diskussiyalarda
toxunulan məsələlərin
spektri baxımından
Qaydar forumunun tayı-bərabəri yoxdur.
Builki forumun iştirakçıları
qarşısında çox
mürəkkəb bir
vəzifə qoyulmuşdu:
müasir çətin
şəraitdə Rusiya
və dünya iqtisadiyyatının hansı
inkişaf yolu ilə getməli olduğunu aydınlaşdırmaq
vəzifəsi. Ölkənin baş naziri Dmitri Medvedev forumdakı çıxışında
bu barədə danışıb. O vurğulayıb
ki, bu gün
Rusiya son on ildə ən ağır zərbələrə tab gətirir.
İndi ölkənin əsas vəzifəsi yeni reallıqlar şəraitində
yaşamağı öyrənməkdir.
İqtisadi inkişaf naziri
Aleksey Ulyukayev və maliyyə naziri Anton Siluanov da bu
mövzuya toxunublar.
Bütövlükdə, ekspertlərin əksəriyyəti
vurğulayıb ki, neftin qiymətinin düşməsi büdcəni
doldurmaq üçün
yeni yollar axtarıb tapmağı tələb edir. Bunun üçün ilk növbədə
iqtisadiyyatın qeyri-neft
sektorlarını inkişaf
etdirmək lazımdır.
Belə şəraitdə sanballı
investisiyalara ehtiyac
var. Böhran şəraitində
bu cür sərmayələr yalnız
daha çevik bank siyasəti, maliyyə sektorunun inkişafı sahəsində yeni qanunverici qərarlar hesabına cəlb edilə bilər.
Keçən il bu istiqamətdə xeyli iş görülüb.
Məsələn, Rusiyada
tərəfdaşlıq bankinqinin
inkişafı üzrə
ciddi iş aparılır. Dünyada ən səmərəli
maliyyələşdirmə sistemlərindən biri olan tərəfdaşlıq
bankinqi xristian və İslam kimi dünya dinlərinin mənəvi prinsiplərinə əsaslanır.
Bu, o deməkdir ki, tərəfdaşlıq bankinqi
sələmçilik siyasətindən
imtina edir, yəni faizlər hesabına varlanmır, əyləncələr, alkoqol
və tütün istehsalı kimi sahələrə sərmayə
qoymur, əvəzində
tikinti, kənd təsərrüfatı, maşınqayırma,
yüngül sənaye
sahələrinə fəal
sərmayə yatırır.
Ekspertlərin sözlərinə görə, dünyada tərəfdaşlıq bankinqinin
investisiya imkanlarının
həcmi təqribən
iki trilyon dollara bərabərdir.
Rusiya-Azərbaycan Dostluq
Mərkəzinin direktoru Nataliya
Krasovskayanın fikrincə, mövcud şəraitdə
ən yaxın qonşulara münasibətdə
açıqlıq və səmimilik siyasəti xüsusi əhəmiyyət kəsb edir. Özü də
söhbət həm mədəni, həm də iqtisadi baxımdan əlverişli şərait
yaratmaqdan gedir. N.Krasovskaya buna əyani
nümunə kimi hazırda Rusiya ilə Azərbaycan arasında mövcud münasibətləri göstərir:
“Azərbaycan da Rusiya kimi öz
firavanlığında çox cəhətdən
neftin qiymətinin yüksək olmasına
arxalanırdı. Lakin bununla
bərabər, Rusiya kimi
o da iqtisadiyyatın başqa sahələrinin inkişafına inamla istiqamətlənib. Burada çox
cəhətdən qarşılıqlı faydalı işlər
görülüb, bir-birimizin
bazarlarını mənimsəmişik,
qarşılıqlı investisiya
qoyuluşları həyata keçirilib,
qarşılıqlı iqtisadi fəaliyyətin
həcmini artırmağımıza mane olan əngəllərin aradan
qaldırılması üzrə iş
aparılıb. İndi bu iş daha
da intensivləşdirilməlidir, çünki biz, qonşu ölkələr kimi
iqtisadiyyat sahəsində qarşılıqlı
faydalı əməkdaşlığı inkişaf
etdirməliyik. Nizamlanmış əlaqələr,
bağlanmış müqavilələr, bəyənilmiş
layihələr, gömrük və sərhədyanı
qarşılıqlı fəaliyyət məsələləri
- bütün bunlar qorunub saxlanmalı və artırılmalı,
böhran dövründə ölkələrimizin
inkişafı üçün təmələ
çevrilməlidir”.
Yeni Azərbaycan.-
2016.- 20 yanvar.- S 4