Azərbaycanda geniş
özəlləşdirmə proqramı həyata keçiriləcək
Prezident İlham Əliyev: Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır
Məlum olduğu kimi, yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə ölkəmizin yeni iqtisadi kursunun başlıca istiqamətləri ilə bağlı mühüm məsələlər diqqət mərkəzində olub. Bütövlükdə isə, Prezident İlham Əliyev həmin müşavirədəki çıxışında ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən edib. Dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verib. Ekspertlərin də vurğuladığı kimi, dövlət başçısının məlum müşavirədəki nitqinin təhlili ona dəlalət edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri müəyyənləşdirilib.
Yeni iqtisadi kurs çoxşaxəli inkişafın davamlılığını təmin edəcək
O da birmənalı olaraq vurğulanır ki, yeni mərhələdə ölkəmizdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Bu da səbəbsiz deyil. Belə ki, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidentinin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiq edir. 2004-cü ildən etibarən iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və müasir cəmiyyət quruculuğuna dair mühüm qərarların qəbul olunması, həmçinin son 10 il ərzində müxtəlif istiqamətlər üzrə zəruri tədbirlərin həyata keçirilməsi hazırkı dövrdə effektiv iqtisadi-maliyyə və sosial siyasətin yürüdülməsinə etibarlı zəmin yaradır.
Bunlarla yanaşı, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, ölkəmizdə sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, daxili bazarda istehsal məhsullarının qiymətlərinin təbii yolla tənzimlənməsi üçün tədbirlərin görülməsi, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, bu sektorun qeyri-neft sektoruna xüsusi diqqət göstərməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm də yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.
Beləliklə, bütün bunların fonunda ekspertlərin ümumi qənaəti bu yöndədir ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sistemi sabitləşəcək və şəffaflaşacaq, bank sektoru mövcud durumdan çıxacaq və onun davamlı inkişafı təmin ediləcək, milli manata etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq və işgüzar sferada fəallaşma baş verəcək, bütün bürokratik əngəllər maksimum aradan qaldırılacaq və iş adamlarına daha yaxşı şərait yaradılacaq, dövlət idarəçilik sistemi daha da təkmilləşəcək və onun səmərəliliyi artacaq, əhalinin sosial rifahı yüksələcək.
Yeri gəlmişkən, dövlət başçısı bəhs olunan müşavirədə xüsusi olaraq vurğulayıb ki, indiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır: “Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktiki addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastruktur yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik”.
Özəlləşdirmə iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən biridir
Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf kursunun mühüm istiqamətlərindən birini də özəlləşdirmə təşkil edir. Təsadüfi deyil ki, ötən müddət ərzində ölkəmizdə özəlləşdirmə siyasəti gözlənilən effektiv nəticələri verib və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin dərinləşməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investisiyaların qoyuluşunda mühüm rol oynayıb. Özəlləşdirmənin bütün iqtisadi-sosial sferaları əhatə etməsi qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasına imkan yaradıb, valyuta bazarı formalaşdırılıb, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolu məhdudlaşdırılmaqla sahibkarlığın inkişafı üçün əlverişli mühit təmin edilib.
O da qeyd edilməlidir ki, özəlləşdirmə ilə bağlı proqramların icrası sayəsində dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilib və institusional islahatlar həyata keçirilməklə qiymətlərin liberallaşdırılması və əsasən bazar tərəfindən tənzimlənməsi, vergilərin sayının və dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması özəl bölmənin fəaliyyəti üçün əlverişli imkanlar yaradıb. Nəticədə azad rəqabət təmin olunub və artıq Azərbaycan iqtisadiyyatı konkret proqramlar əsasında inkişaf edən iqtisadiyyata çevrilib. Ölkəmizdə bütün bazar institutları formalaşdırılıb, valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarları yaradılıb. Xarici iqtisadi fəaliyyət liberallaşdırılıb, maliyyə və kapitalın azad hərəkəti təmin edilib, idxal rüsumlarının sayı və dərəcələri azaldılıb, ixrac rüsumları ləğv edilib, işçi qüvvəsinin sərbəst miqrasiyası təmin olunub, xarici iqtisadi fəaliyyət prosedurları sadələşdirilib. Eyni zamanda, özəlləşdirmə siyasətinin həyata keçirilməsi nəticəsində dövlət müəssisələri sağlamlaşdırılıb, özəl sektor inkişaf edib, əhali xüsusi mülkiyyət sahibinə çevrilib. Paralel olaraq xarici iş adamlarının respublikamıza cəlb olunması nəticəsində Azərbaycanda böyük əcnəbi sərmayədarlar ordusu formalaşıb.
2000-ci ildən etibarən isə özəlləşdirmə siyasətinin miqyasının daha da genişləndirilməsi, kiçik və orta müəssisələrlə bərabər, iri müəssisələrin dövlətsizləşdirməyə cəlb edilməsi, xarici investorların prosesdə iştirakının artırılması, özəlləşdirmənin sürətləndirilməsi məqsədilə ikinci özəlləşdirməyə dair Dövlət Proqramı hazırlanıb. Yeni proqramın həyata keçirilməsi nəticəsində daha strateji müəssisələrin özəlləşdirilməsi üçün geniş imkanlar açılıb. Azərbaycan ikinci özəlləşdirmə siyasətini həyata keçirərkən beynəlxalq təcrübəni nəzərə alıb. Bundan başqa, özəlləşdirmənin sürətləndirilməsi, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, xarici investorların iri müəssisələrə cəlb olunmasının stimullaşdırılması, restrukturizasiya tədbirlərinin gücləndirilməsi məqsədilə yeni proqram hazırlanaraq həyata keçirilməyə başlanılıb.
Azərbaycanda yerli və xarici sərmayədarların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olunub
Beləliklə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair proqramların və digər hüquqi sənədlərin icrası sayəsində Azərbaycanda yerli və xarici vətəndaşların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olunub. Bu strateji plana əsasən, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin yaradılması və azad sahibkarlığın inkişaf etdirilməsi, istehsalın səmərəliliyinin və milli gəlirin artımının həlledici amili kimi mülkiyyətin rasional strukturunun yaradılması, iqtisadiyyat strukturunun yenidən qurulması, inhisarsızlaşdırma və rəqabət mühitinin formalaşdırılması zəminində iqtisadi səmərəliliyin yüksəldilməsi, müəssisələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması ilə bağlı əhatəli tədbirlər həyata keçirilib.
Əlbəttə, bu günədək icra olunan müvafiq proqramların əsas məqsədləri özəlləşdirmə vasitəsilə iqtisadiyyatın strukturunu təkmilləşdirmək, rəqabət mühitini formalaşdırmaq, bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirmək, iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaq, özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etməkdən ibarət idi. Bununla yanaşı, bu proqramlar çərçivəsində özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması, vergi və digər güzəştlərin edilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi, enerji və qazla təmin olunması, dövlətə olan borcların silinməsi və digər məsələlər öz həllini tapıb. Eyni zamanda, əmək kollektivlərinin özəlləşdirmə prosesində daha geniş iştirakı və güzəşt hüquqları təmin olunub.
İnvestisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir
Nəticə etibarilə, həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində də müsbət nəticələr əldə olunub. Yeni iqtisadi inkişaf kursunun müəyyənləşdirildiyi bir müasir dövrün tələblərinə uyğun olaraq dövlət əmlakı üzərində idarəetmənin təkmilləşdirilməsi, ondan səmərəli istifadə edilməsi, özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi, özəlləşdirilmə zamanı şəffaflığın təmin edilməsi və aşkarlıq tədbirlərinin genişləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisəyə investisiya qoyuluşu üzərində nəzarət mexanizminin yaradılması diqqət mərkəzindədir. Bu istiqamətdə özəlləşdirmə ilə bağlı görülən işlərin təkmilləşdirilməsi, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı xarici investisiyaların cəlb olunması məsələsinə toxunaraq qeyd edib: “Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır. Əvvəlki illərdə daha çox bizə olan müraciətlər əsasında xarici sərmayəni cəlb edirdik. Xarici investorlar gəlirdilər, təkliflər verirdilər, müvafiq orqanlar buna baxırdılar və ondan sonra qərar qəbul olunurdu. Ancaq indiki şəraitdə biz özümüz fəal işləməliyik. Bizim iqtisadi qurumlarımız, eyni zamanda, xaricdəki səfirliklərimiz də bu işlərə qoşulmalıdırlar, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir. Bizim imkanlarımız, artan iqtisadi inkişafımız, genişlənən daxili bazarımız, eyni zamanda, regional bazarlar, hesab edirəm ki, potensial investorlar üçün cəlbedici ola bilər. Bir sözlə, bu istiqamətdə çox ciddi iş aparılmalıdır və nəticələr olmalıdır”.
Özəlləşdirmə siyasəti yeni mərhələyə qədəm qoymaqdadır
Bu kontekstdə toxunulması zəruri olan başqa bir məsələ isə özəlləşdirmə siyasətinin yeni mərhələyə qədəm qoymasıdır. Ümumiyyətlə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirdiyi fikirlər deməyə əsas verir ki, Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri müəyyənləşdirilib və bu sırada özəlləşdirmə sahəsində davamlı tədbirlərin görülməsi xüsusi yer tutur. Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə dövlət başçısı qeyd edib ki, geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilmişdir: “Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır”.
Ekspertlər bu qənaətdədirlər ki, özəlləşdirilmə prosesi daha çevik qərarların verilməsi üçün önəm kəsb edir. Bu, bəhs olunan sektorda qərarların operativliyinin təmin edilməsinə şərait yaradacaq, yeni proqram büdcəyə daxilolmaların həcmini artıra bilər. Əlbəttə, Azərbaycanda özəlləşdirilmənin əsas məqsədlərindən birini büdcəyə daxilolmaların artırılması təşkil edir. Bu baxımdan, dövlət büdcəsi üçün yük olan qurumların özəlləşdirilməsi vacib amildir.
Sərmayələrin cəlb edilməsi davamlı iqtisadi inkişafa mühüm töhfədir
Bu istiqamətdə sərmayələrin daha aktiv cəlb edilməsi məsələsi də diqqət mərkəzindədir. Əlbəttə, bu, öz növbəsində, davamlı iqtisadi inkişafa mühüm töhfədir. Məlum nitqi zamanı Prezident İlham Əliyev bildirib: “Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2016.- 27 yanvar.- S.5