Ünvanlı yardıma
ehtiyacı olan ailələrin sosial müdafiəsi gücləndirilir
Yanvarın 26-da sosial sahə üzrə keçirilən bölmə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mövcud sosial problemlər və əldə edilən nailiyyətlər barədə danışıb. Bildirilib ki, yanvarın 25-də dövlətimizin başçısının sosial cəhətdən həssas kateqoriyalardan olan insanlara ödənişlərin artırılması, habelə ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə növbəti fərman və sərəncamlar imzalaması vətəndaşların rifah halının yaxşılaşdırılmasının aparılan siyasətin əsas istiqamətlərindən biri olduğunu təsdiqləyir.
Nazir qeyd edib ki, mövcud iqtisadi şəraitdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciətlərin nisbətən artması nəzərə alınaraq Azərbaycan Prezidentinin “Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli Sərəncamına əsasən ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılması nəzərdə tutulub.
Bildirib ki, hazırda əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etmiş 22 minə qədər ailə var. Keçən həftənin əvvəlindən böyük sayda müraciət olan rayonlara mərkəzdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ezam olunub. Onlar ayrı-ayrı rayonlarda bu məsələni yerində araşdırırlar. Məsələn, təkcə Yardımlı rayonunda 1183 ailə müraciət edib. Halbuki Yardımlı rayonu ünvanlı sosial yardım alan ailələrin xüsusi çəkisinə görə birinci yeri tutur. Amma yenə də müraciət edənlərin sayı çoxdur. Bu da həmin rayonda istehsal sahələrinin azlığı ilə bağlıdır. Nazir qeyd edib ki, bir sıra belə rayonlar var, burada ən ciddi məsələlərdən biri şəffaflığın artırılmasıdır.
Bu sahədə şəffaflığın artırılması, məmur-vətəndaş əlaqələrinin minimuma endirilməsi ilə bağlı dövlətimizin başçısı keçən ilin fevral ayında xüsusi Fərman imzalayıb. Həmin Fərmanın icrası ilə bağlı son tamamlama işi gedir. Yəqin ki, bu günlərdə Nazirlər Kabineti yeni qaydaları təsdiqləyəcək. Həmin qərar qüvvəyə minəndən sonra artıq yerlərdə insanların ünvanlı sosial yardım üçün elektron qaydada müraciət etməsi mümkün olacaq. Beləliklə, məmurların ayrı-ayrı ailələrin sosial yardım almaq hüququ və həmin hüquq varsa, sosial yardımın məbləğinin müəyyənləşdirilməsi üzrə imkanları aradan qalxacaq.
S.Müslümov diqqətə çatdırıb ki, yalnız bizim ölkədə müharibə əlili və onlara bərabər tutulan şəxslərə minik avtomobilləri verilir. Dünyanın heç bir ölkəsində əlillərə avtomobillər verilmir. Nazir qeyd edib ki, Azərbaycanda əlillərin icbari tibbi müayinədən beş ildən bir keçməsi vətəndaşla məmur arasındakı ünsiyyəti minimuma endirib.
İclasda iştirak edən rayon icra hakimiyyətlərinin nümayəndələri müxtəlif təkliflərlə çıxış ediblər. Ünvanlı sosial müavinətləri almaq üçün hər cür saxta variantlara əl atılması ilə bağlı faktlar müzakirə olunub, belə halları aradan qaldırmaq üçün təkliflər irəli sürülüb. Diqqətə çatdırılıb ki, hansı ailədə 25 yaşdan yuxarı uşaqlar varsa, onlara ünvanlı sosial yardım verilməsindən imtina edilsin. Onlar işlə təmin olunaraq ailələrini dolandırmalıdırlar.
Nazir diqqətə çatdırıb ki, onda olan məlumata görə, bir sıra qurumlarda, ümumilikdə, 7 minə yaxın boş iş yeri var. Bu yerlərə işçilər qəbul olunmur və boş iş yerləri barədə məlumatlar gizlədilir. Nazir yaxın zamanda bu barədə Prezidentə məruzə edəcəyini də vurğulayıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yalnız son on gün ərzində 23 Fərman və Sərəncamın imzalanması əhalinin rifah halının yüksəldilməsinin sosial-iqtisadi siyasətdə mühüm yer tutduğunu bir daha nümayiş etdirir.
İclasda icra
hakimiyyətləri nümayəndələrinin və
sahibkarların təklifləri səslənib, müzakirə olunub.
Yeni Azərbaycan.-
2016.- 27 yanvar.- S.6