Ales Karlyukeviç: Çingiz Əlioğlu Azərbaycanda Belarus ədəbiyyatının təbliğatçısıdır

 

Məşhur Belarus ölkəşünası, jurnalist, publisist, “Mənəvi intibaha görə” mükafatının laureatı Ales Karlyukeviç Birlik ölkələrinin “Sozvuçiye” ədəbiyyat və publisistikası populyar internet resursunda Azərbaycanın tanınmış şairi, Əməkdar İncəsənət Xadimi və Əməkdar Mədəniyyət İşçisi, bir sıra beynəlxalq və milli mükafatlar laureatı Çingiz Əlioğlu haqqında məqalə dərc edib. Məqalə müəllifi azərbaycanlı söz ustasının böyük və şərəfli yaradıcılıq yolu haqqında geniş məlumat verib. Vurğulayıb ki, Çingiz Əlioğlu, həmçinin tərcüməçi kimi də fəaliyyət göstərir. Onun ikicildlikDünya ədəbiyyatı antologiyası” Azərbaycanda geniş yayılıb. Birinci cilddə Şərq və Qərb ölkələri şairlərinin əsərlərindən nümunələr, ikincidə isə Belarus ədəbiyyatından tərcümələrin də yer aldığı nəsr nümunələri təqdim edilib.

Məqalə müəllifi xüsusilə vurğulayır ki, Ç.Əlioğlu Belarusun köhnə dostudur və mədəni əlaqələrimizin möhkəmləndirilməsi üçün bir çox işlər görür. O, Belarus Ədəbiyyatı Gününün daimi qonağıdır, müxtəlif ölkələrdən olan həmkarları ilə təcrübə mübadiləsi aparmaq üçün Minsk Beynəlxalq Kitab Sərgisi və Yarmarkasında müntəzəm iştirak edir. Ç.Əlioğlunun səyləri nəticəsində Belarus ədəbiyyatını Azərbaycanda yaxşı tanıyırlar.

A.Karlyukeviç yazır: “O, Azərbaycan mətbuatında məqalə və müsahibələrində ölkəmiz, mədəniyyətimiz, milli kitab nəşrimiz haqqında dərin hörmət və səmimiyyətlə danışır. Hazırda Azərbaycanda müasir Belarus poeziyası toplusu nəşrə hazırlanıb. Azərbaycan dilində çıxacaq bu kitaba Belarus Respublikası Dövlət mükafatı laureatları Gennadi Paşkov, Mixas Başlakov, Mikola Metlitski, şairlər Ales Badak, Tatyana Sivets, Viktor Şnip və başqalarının əsərləri daxildir”.

Məqalədə, həmçinin bildirilir ki, Çingiz Əlioğlunun əsərləri Belarus dövri mətbuatında Belarusrus dillərinə tərcümədə tez-tez dərc edilir. Azərbaycan şairi öz yaradıcılığında dəfələrlə Belarus mövzusuna müraciət edib, bu xalqın qəhrəmanlıq ənənələrini tərənnüm edərək Belarus haqqında bir sıra şeirlər yazıb. “Ürəkdən ürəyə: Belarus-Azərbaycan” kitabının hazırlanmasına xeyli qüvvə və əmək sərf edib. Nəşrdə ölkələrimizin müasir ədəbiyyatı təqdim olunub.

Məqalənin sonunda vurğulanır ki, Çingiz Əlioğlu Belarus Yazıçılar İttifaqının üzvüdür. Belarus Prezidentinin Fərmanı ilə “Fransisk Skorina” medalına layiq görülüb. Azərbaycanlı şair və tərcüməçi Belarus Yazıçılar İttifaqının “Ədəbiyyata verdiyi böyük töhfəyə görə” döş nişanı ilə təltif olunub.

Yeni Azərbaycan.- 2016.- 26 yanvar.- S.6