Siyavuş Novruzov: Korrupsiya ilə məşğul olanlar ciddi şəkildə cəzalanacaqlar

 

“Azərbaycanda ötən illər ərzində korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi şəkildə mübarizə aparılıb və bu məsələ bu gün də diqqət mərkəzindədir”.

Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, aparılan işlər nəticəsində ölkədə korrupsiya və rüşvətxorluq halları xeyli dərəcədə azalıb: “Hər kəs qanun qarşısında bərabərdir. Kimsə qanunu pozacaqsa, korrupsiya, rüşvətxorluqla məşğul olacaqsa, onlar ciddi şəkildə cəzalanacaqlar”.

S.Novruzov bildirib ki, Prezident sahibkarlığın inkişafı ilə bağlı ciddi tapşırıqlar verdi: “Sahibkarların regionda sahibkarlıq fəaliyyətinə bəzi icra başçıları tərəfindən şərait yaratmaq əvəzinə, onlara maneələr yaradılırdı. Təbii ki, bu, hamısına deyil, bəzi məmurlara aiddir. Bu baxımdan göstəriş verildi ki, sahibkarlara şərait yaradılsın, istifadə olunmayan torpaqlardan ciddi şəkildə istifadə olunsun. Hər bir istehsal sahəsi haqqında Prezident İlham Əliyev göstəriş verdi ki, nəinki daxili bazarı təmin etməliyik, həm də ixrac etməliyik”.

S.Novruzov deyib ki, Azərbaycanda neftdən gələn gəlirlər hesabına xeyli sayda işlər görülüb: “Çoxlu sayda yeni məktəblər, xəstəxanalar tikilib, elektrik stansiyaları istifadəyə verilib ki, bu da Azərbaycana nəinki özünü tam elektrik enerjisi ilə təmin etmək, başqa ölkələrə satmaq imkanı da verib. O cümlədən infrastruktur layihələri həyata keçirilib, yeni yollar, körpülər tikilib və digər sahələrdə böyük işlər görülüb. Bundan sonra daxili bazarın gücləndirilməsinə, yerli məhsulların yüksək keyfiyyətlə istehsal olunmasına, daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara ixrac olunmasına diqqət artırılmalıdır”

Yeni Azərbaycan.- 2016.- 28 yanvar.- S.4