Regionlarda sənaye
mərkəzləri yaradılır
Bu istiqamətdə
atılan addımlar qeyri-neft sektorunun inkişafına da
çox ciddi təsir göstərəcək
Prezident İlham Əliyevin müasir dünya
çağırışlarını nəzərə alaraq
müəyyənləşdirdiyi ölkəmizin
qarşıdakı illərdə yeni inkişaf paradiqmaları
sırasında müasir sənaye quruculuğu mühüm yer
tutur. Dövlət başçısı innovativ, elm
tutumlu, müasir texnologiyalara əsaslanan sənaye
quruculuğunu Azərbaycanın gələcək inkişaf hədəflərindən
biri kimi müəyyənləşdirib. Sənaye
quruculuğu istiqamətində dövlətin yüksək
siyasi iradə nümayiş etdirməsinin təzahürü
olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2014-cü il ölkəmizdə “Sənaye
ili” elan olunub.
Hər bir dövr digər sahələrdə olduğu
kimi, sənayeləşmə sahəsində də ölkələrin
qarşısına yeni çağırışlar qoyur. Bu mənada
müasir inkişaf yolu tutan Azərbaycanda yeni sənaye
quruculuğu siyasəti yeni dünya trendlərinə uyğun
müəyyənləşdirilib. Ölkəmizdə
sənayeləşmə siyasəti məhz bu meyarlara uyğun
surətdə həyata keçirilir. Son 12
ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi
inkişafını şərtləndirən ən
mühüm cəhətlərdən biri məhz ölkənin
müasirləşdirilməsi və bu strateji kursa uyğun
olaraq modern, dünya trendlərinə cavab verən sənaye
quruculuğu siyasətinin aparılması ilə
bağlıdır. Qeyd edək ki, Azərbaycanda
yüksək texnologiyalara əsaslanan müasir sənaye
quruculuğunu reallaşdırmaq üçün real zəmin
və geniş imkanlar mövcuddur. Respublikanın
zəngin əmək, xammal və kadr potensialı, əlverişli
biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi,
dövlətin nümayiş etdirdiyi siyasi iradə, institusional
islahatların dəstəklənməsi, möhkəm daxili
sabitlik və digər amillər ölkəmizdə müasir sənaye
quruculuğunu şərtləndirir. Davamlı dövlət
dəstəyinin sayəsində Azərbaycan sənaye
quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail
olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye
istehsalının 2,7 dəfə artması
ölkəmizin müasir mənzərəsini səciyyələndirir.
Bu illərdə Azərbaycan təbii qaz və
elektrik enerjisi idxalçısından ixracatçıya
çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında etibarlı tərəfdaş statusu qazanıb.
Ölkədə elektrik stansiyalarının
enerji gücləri 50 faizdən çox artırılıb.
Respublikamızda ənənəvi istehsal sahələrinin
fəaliyyətinin genişlənməsi ilə paralel surətdə
yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları
və inşaat materialları ilə özünütəminat
səviyyəsi yüksəlib. Son 12 ildə
respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları
istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim
istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə,
bəhs olunan dövrdə respublikanın müxtəlif
regionlarında 500-dən çox sənaye müəssisəsi
fəaliyyətə başlayıb. Təkcə güzəştli
kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan
104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr
üzrə 80 müəssisə istifadəyə verilib, 20-dən
çox obyektdə isə işlər davam etdirilir.
Ümumiyyətlə,
respublikamızda “Sənaye ili” bir sıra istehsalatların
yaradılması, çoxlu sayda yeni iş yerlərinin
açılması ilə əlamətdar olub. Belə ki, Azərbaycanda
“Sənaye ili” çərçivəsində 230-dan çox
sənaye müəssisəsi yaradılıb, 123 min yeni iş
yeri açılıb ki, onlardan təxminən 100 mini daimi
iş yeridir.
Əlamətdar haldır ki, yeni sənaye müəssisələri
hesabına respublikamızda bir sıra məhsullara olan daxili tələbatın
ödənilməsi tam təmin olunub, hətta ölkəmizin
böyük ixrac potensialı da yaranıb. Azərbaycan
sementə, gipsə, hörgü bloklarına, metal
konstruksiyaya, boya və sair məhsullara olan tələbatını
artıq daxili istehsal hesabına tam təmin edir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin təşəbbüsü
ilə regionlarda yeni sənaye məhəllələrinin
yaradılmasına start verilməsi ilə ölkədə sənayeləşmənin
yeni mərhələsi başlayıb. Dövlət
başçısının yeni sənayeləşmə
siyasəti ilə bağlı qarşıya qoyduğu
mühüm vəzifələrdən biri də ölkəmizdə
sənayenin regional strukturunun təkmilləşdirilməsi və
hər rayonda sənaye məhəllələrinin
yaradılması ilə bağlıdır. Prezident
İlham Əliyev “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın
icrasının ikinci ilinin yekunlarına həsr olunan
konfransdakı nitqində ölkəmizdə sənaye
quruculuğunun yeni istiqaməti barədə fikirlərini ifadə
edib. Dövlət başçısı tapşırıq
verib ki, bu il hər bir rayonda sənaye
zonalarının yaradılması başlamalı, ayrılacaq
sahələrlə bağlı konkret təkliflər verilməlidir.
Rayon icra hakimiyyətlərinin fəaliyyətinə veriləcək
qiymət böyük dərəcədə bu amildən
asılı olacaq: nə qədər investisiya cəlb etmisən,
sahibkarlara nə qədər şərait yaratmısan, nə
qədər müəssisə, yeni iş yeri
açılıb?!
Ölkəmizdə 2004-cü ildən bəri uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarında bölgələrin
ənənələrinə, xammal potensialına uyğun
olaraq yeni sənaye müəssisələrinin
yaradılması ilə bağlı konkret müddəalar
öz əksini tapıb.
Respublikamızda
sənayenin regional strukturunun formalaşdırılması, sənaye
quruculuğunda regionların potensialından səmərəli
istifadə edilməsi baxımından dövlət
başçısının ötən il 2 fevral tarixində
imzaladığı “Neftçala Sənaye Məhəlləsinin
yaradılması haqqında” Sərəncamı da
mühüm əhəmiyyət daşıyır. Artıq Neftçalada yaradılan sənaye məhəlləsində
birinci mərhələ çərçivəsində
tikinti işlərinin bir hissəsi başa çatıb.
Məhəllə həmçinin sənaye sahəsində
fəaliyyət göstərən kiçik və orta
sahibkarlığın inkişafına yardım edəcək.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin son
iclasındakı nitqində bütün regionlarda sənaye
zonalarının yaradılmasının vacibliyini bildirib. Bu istiqamətdə çox
ciddi iş aparılmasının, texnoparkların, sənaye
klasterlərinin yaradılmasının vacibliyinə diqqət
çəkən dövlət başçısı
Neftçalada reallaşdırılan pilot layihəni buna misal
göstərib.
Neftçala Sənaye Məhəlləsinin
yaradılması üçün 10 hektar torpaq sahəsi
ayrılıb.
Salyan-Neftçala magistral yolunun kənarında
salınan məhəllədə bir sıra istehsal və emal
müəssisələri tikilir. Əsas
diqqət isə region üçün prioritet olan sənaye məhsullarının
istehsalına yönəldiləcək. Məhəllənin
ərazisində eyni vaxtda yardımçı binalarla birlikdə
17 obyekt tikilir. Paralel olaraq kommunikasiya xətlərinin
çəkilişi ilə bağlı işlər
görülür. Sahə rəisi Elşən
Ağalarov AZƏRTAC-ın müxbirinə məlumat verib ki,
tikintiyə ötən ilin sentyabrında başlanılıb.
Qısa müddətdə inzibati binada, ümumi sahəsi 7779
kvadratmetr olan 4 istehsal blokunda və bütün zəruri
infrastrukturun tikintisində işlərin əksəriyyəti
başa çatıb. Hazırda həmin tikililər
tamamlanma mərhələsindədir.
Məhəllənin dayanıqlı enerji ilə təmin
olunması üçün transformator
quraşdırılıb. Müxtəlif məqsədlər
üçün hər birinin tutumu 200-300 kubmetr olan 6 su
anbarı və 2 su quyusu tikilib. Məhəllədə
balıq yemi istehsal edəcək zavodun bünövrəsinin
qoyulmasına hazırlıq işləri görülür.
Rayon İcra Hakimiyyəti başçısının
müavini Nəriman Xəlilov bildirib ki, sənaye məhəlləsinin
fəaliyyətə başlaması ilə yeni iş yerləri
açılacaq, bunun sayəsində də rayonda əhalinin məşğulluq
səviyyəsi yüksələcək. Həmçinin
investisiya qoyuluşu, istehsalın artması nəticəsində
rayonun iqtisadi potensialı yüksələcək. Hazırda Neftçala Sənaye Məhəlləsində
fəaliyyət göstərmək istəyən sahibkarlarla
danışıqlar aparılır. Artıq
18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim
edilib. İlkin mərhələdə şirkətlər
tərəfindən sənaye məhəlləsinə 7 layihə
üzrə 15,6 milyon manat investisiya
qoyulacağı və nəticədə 380 iş yerinin
açılacağı gözlənilir.
Tikinti işlərinə 200 nəfərdən çox
yerli sakin cəlb olunub. Məhəllənin tikintisinin may-iyun
aylarında başa çatdırılması nəzərdə
tutulur.
Qeyd edək ki, ölkəmizdə dövlət sənayenin
səmərəli regional strukturunun
formalaşdırılmasına güclü siyasi iradə
nümayiş etdirir. Son illərdə ölkəmizdə
Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə
uyğun olaraq sənaye sahəsinin inkişafının və
onun yeni regional strukturunun formalaşdırılmasının
hüquqi bazasını təmin etmək üçün əməli
addımlar atılıb. Dövlət
başçısı iqtisadiyyatın və regionların
inkişafı üçün əlverişli şəraitin
yaradılması, investisiyaların təşviqi və
prioritet sahələrə yönəldilməsi, yeni iş
yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən
istifadə olunması, rəqabətqabiliyyətli mal və
xidmətlərin təqdim edilməsi kimi məsələlərin
həllinə nail olmaq məqsədilə hələ 2007-ci
ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi
zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb.
Ölkəmizdə “Xüsusi iqtisadi zonalar
haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa,
dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye
parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib.
Bu sənəd sənaye parklarının
yaradılması, idarə edilməsi və onlarda
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə
bağlı məsələləri tənzimləyən
çox mühüm baza sənədidir. Bundan başqa,
Prezident İlham Əliyev 2014-cü il 8
oktyabr tarixində ölkədə sənaye məhəllələrinin
yaradılması ilə bağlı tədbirlərin həyata
keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye
məhəllələrinin yaradılması və fəaliyyətinin
təşkili haqqında” Fərman imzalayıb. Prezident
İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi
haqqında müvafiq Sərəncamına uyğun olaraq
ölkəmizdə 2015-2020-ci illərdə sənayenin
inkişafına dair Dövlət Proqramı hazırlanıb.
Proqramda “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin
uzunmüddətli inkişaf istiqamətləri əsas
götürülüb.
Göründüyü kimi, ölkəmizdə son illərdə
sənaye inkişafı və sənayenin yeni səmərəli
regional strukturunun formalaşması güclü şəkildə
təşviq olunur və bu məqsədlə möhkəm
hüquqi bazanın yaradılması təmin edilir. Bu və digər
amillər isə, öz növbəsində, sənayenin yeni səmərəli
regional strukturunun formalaşması üçün münbit
zəmin qismində çıxış edir.
Beləliklə, Azərbaycanda sənayenin yeni regional
strukturunun formalaşdırılması siyasəti uğurlu nəticələr
verir. Belə ki, regionlarda yaradılan yeni sənaye müəssisələri
böyük müvəffəqiyyətlə fəaliyyət
göstərir və ölkənin iqtisadi potensialının
artmasına sanballı töhfələr verir. Dövlət
başçısının tapşırıqlarına
uyğun olaraq bu il bütün bölgələrdə
sənaye zonalarının yaradılmasına başlanması
qeyri-neft sektorunun inkişafında mühüm amil olacaq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 29 yanvar.- S.6