Mədəniyyət və Turizm Nazirliyi on yaşını qeyd edib
Yanvarın 29-də “JW Marriott Absheron Baku” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət rəsmləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, media mənsubları iştirak ediblər.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin mədəniyyət və turizm sahələrində çalışanlar adından Azərbaycan mədəniyyətinin inkişafına töhfələr verən, hər zaman nazirliyin işini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Nazir deyib ki, Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Nazirlik fəaliyyətə başladığı vaxtdan etibarən respublikamızda mədəniyyətin və turizmin inkişafı istiqamətində mühüm xidmətlər göstərməkdədir. Fəaliyyət göstərdiyi müddətdə nazirlik tərəfindən beynəlxalq və ölkə əhəmiyyətli yüzlərlə tədbir keçirilib.
Prezident İlham Əliyevin mədəniyyətimizin təbliği və inkişafına böyük diqqət və qayğısından geniş söz açan nazir deyib ki, son 10 ildə bu istiqamətdə 500 Fərman və Sərəncam imzalanıb, bir sıra Dövlət proqramı qəbul edilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və möhkəmlənməsində müstəsna xidmətləri olduğunu diqqətə çatdıran nazir Azərbaycanın birinci xanımının ölkəmizin mədəni irsinin təbliği, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində gördüyü əvəzsiz işləri yüksək qiymətləndirib. Bildirib ki, məhz Mehriban xanımın ardıcıl zəhməti və böyük xidmətləri hesabına 10-a yaxın maddi və mədəni irs nümunəmiz UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahılarına daxil edilib.
Turizm sahəsində görülən işlərə nəzər salan nazir bildirib ki, bu sahənin inkişafı nəticəsində ölkəyə 2,5 milyon turist gəlib. 2005-ci ildən bu günə qədər ölkədəki mehmanxanaların sayı 262-dən 535-ə çatıb. Qusarda “Şahdağ” Turizm Mərkəzi, Qəbələdə “Tufandağ” qış-yay turizm kompleksinin yaradılması ölkəmizdə turizmin mövsümiliyinin aradan qalxmasına səbəb olub.
Mədəniyyət sahəsinə daim dövlətin diqqət və qayğı göstərdiyini söyləyən Ə.Qarayev nəzərə çatdırıb ki, ötən dövr ərzində dövlət başçısı tərəfindən orden, medal və fəxri adlarla təltif olunmuş 836 nəfər mədəniyyət və incəsənət xadiminə təltif və mükafatlar təqdim olunub.
Ə.Qarayev qeyd edib ki, 10 illik yubiley münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən nazirliyin bir qrup əməkdaşına orden, medal və fəxri adlar verilib.
Tədbirdə nazirliyin 10 illik fəaliyyətini əks etdirən kataloq təqdim edilib. Həmçinin son illərdə UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahılarına daxil edilmiş tar ifaçılığı və kəlağayı simvolizminə həsr edilmiş sosial videoçarx nümayiş olunub.
Sonra fəal əməkdaşlığa görə ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarının mədəniyyət sahəsini işıqlandıran jurnalistləri mükafatlandırılıb.
Qeyd edək ki,
yubiley münasibətilə nazirliyin bir qrup əməkdaşı “Fəxri mədəniyyət
işçisi” və “Fəxri turizm işçisi” döş nişanları, həmçinin fəxri
fərmanla təltif edilib.
Yeni Azərbaycan.- 2016.-30 yanvar.- S.4