Qafqaz Müsəlmanları İdarəsində
tanınmış beynəlxalq ekspertlə görüş
keçirilib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan şeyxülislam A.Paşazadə ali mənəviyyat mənbəyimiz olan dinimizə Ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. O vurğulayıb ki, məhz Ümummilli lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycana səfərindən məmnunluq duyduğunu deyən Arye Qut ölkəmizdə hökm sürən dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu və bu dəyərin Azərbaycanın dünya miqyasında vizit kartına çevrildiyini vurğulayıb. İsrailli qonaq Azərbaycanın tolerantlıq mühitinin öyrənilməsi və təbliği işi üçün rəhbəri olduğu QHT tərəfindən həyata keçirilən tədbirlər, keçən il təşəbbüsləri ilə ölkəmizdə hazırlanmış və geniş ictimaiyyətin böyük marağına səbəb olmuş film barədə QMİ sədrinə ətraflı məlumat verib. Yaxın vaxtlarda bu qəbildən olan daha bir layihə gerçəkləşdirəcəklərini qeyd edən A.Qut dünyanı radikallaşma, dözümsüzlük mərəzi bürüdüyü bir zamanda Azərbaycanda multikulturalizmin nümunəvi səviyyəsini, habelə şeyxülislam A.Paşazadənin Azərbaycandakı digər ənənəvi dini liderlərlə uğurlu əməkdaşlıq təcrübəsini, Qafqaz və MDB çərçivəsində nüfuzlu dini lider olaraq dinlərarası dialoq prosesinə verdiyi töhfələri işıqlandırmaq niyyətində olduğunu bildirib.
QMİ sədri
tanınmış beynəlxalq ekspertin Azərbaycan
həqiqətlərini, dini icmaların real həyatlarını olduğu
kimi təbliğ etməsini, habelə Azərbaycan
diasporu ilə əməkdaşlığını
yüksək dəyərləndirdiyini vurğulayıb. Şeyxülislam A.Paşazadə
görüşdə iştirak edən Dağ yəhudiləri
dini icmasının
başçısı Milix Yevdayevin də Azərbaycan
reallıqlarının, dini tolerantlıq mühitinin dünyada
yüksək səviyyədə təbliğində böyük rolu olduğunu qeyd edərək
ona təşəkkürünü bildirib.
Yeni Azərbaycan.-
2016.-30 yanvar.- S.4