Azərbaycanın regionlarında turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür

 

Ümumdünya Turizm və Səyahət Şurasının proqnozlarına əsasən, 2027-ci ilədək Azərbaycana gələn turistlərin sayı 4 milyon 254 min nəfərə çatacaq və onlar ölkəmizdə ildə təxminən 6 milyard dollar pul xərcləyəcəklər

Hazırda dünyada turizmin əhəmiyyəti müqayisəyəgəlməz dərəcədə artıb və iqtisadiyyatın ən dinamik inkişaf edən istiqamətinə çevrilib. Ayrı-ayrı ölkələr mükəmməl infrastruktur yaratmaqla, normativ-hüquqi bazanı möhkəmlətməklə, gəlmə-getmə qaydalarını sadələşdirməklə turist cəlbediciliyini artırır və bu sektordan davamlı gəlir mənbəyi kimi bəhrələnirlər. Dünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq.

Hər cəhətdən cəlbedici ölkə olan Azərbaycana gələn turistlərin sayı ilbəil artır

Azərbaycan ixtisaslaşdırılmış turizm sənayesinin yaradılması və turist axınının artırılması üçün hər cəhətdən cəlbedici ölkədir. Son illər ölkəmizin regionlarının uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamızda turizmin inkişafını şərtləndirən mühüm amillər sırasında yer alır. Eyni zamanda, coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması, bütün regionlarda zəngin maddi mədəniyyət nümunələri, xalqın tarixdən gələn özünəməxsus məət ənənələri və əlbəttə ki, dadlı mətbəx ölkəmizin bütün regionları üzrə turizm cəlbediciliyini daha da artırır.

Azərbaycanın turizm sektoru üçün kifayət qədər cəlbedici ölkə olması respublikamıza gələn turistlərin sayının ilbəil artmasında da öz əksini tapır. Bu baxımdan 2016-cı il də istisna təşkil etməyib. Ötən il səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat (1 milyard 437,3 milyon dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.

Bu barədə Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) mart hesabatında məlumat verilib. Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7 faiz və yaxud 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5 faiz artaraq 4 milyard 581,9 milyon (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9 faizi göstəricisinə çatacaq.

Turizm və səyahət sektorunun ÜDM-ə tam təsiri isə daha böyük rəqəmlərlə ifadə olunur. WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə bu sektorun Azərbaycan ÜDM-nə tam təsiri 8 milyard 91,3 milyon manata (5 milyard 88,9 milyon dollar) çatıb və yaxud ÜDM-in 14,6 faizi qədər olub. Gözlənildiyi kimi, bu göstərici 2017-ci ildə 6,6 faiz və yaxud 8 milyard 622,8 milyon manatadək artacaq və ÜDM-in 15,3 faizinə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3 faiz artaraq, 15 milyard 924,5 milyon manat (10 milyard 15,4 milyon dollar), yaxud ölkə ÜDM-nin 20,6 faizi qədər olacaq.

Turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq probleminin həllinə də müsbət təsir göstərir. WTTC-nin məlumatına əsasən, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin etmişdir ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 faizi qədərdir. Təşkilatın proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 faiz, 2027-ci ildə isə daha 3,5 faiz, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 faizi qədər olacaq.

Turizm sektorunda yaradılan yeni iş yerlərinin əhəmiyyətli hissəsi isə regionların payına düşür. Məsələn, Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Cari qış turizm mövsümü açılandan bəri mərkəzi, ümumilikdə, 90 mindən çox turist ziyarət edib. Ötən ilin eyni dövründə isə bu göstərici 60 min olub. Novruz bayramı günlərində mərkəzdə yerləşən hotellərdəki yerlərin 90 faizi əvvəlcədən sifariş verilib. Bayram günlərində mərkəzin xidmətlərindən istifadə edənlər arasında İran İslam Respublikasından, Rusiyadan və ərəb ölkələrindən gələn əcnəbi turistlər üstünlük təşkil edib.

Novruz bayramı günlərində respublikamızın dilbər guşələrindən olan Qəbələ rayonuna 11 minə yaxın turist gəlib ki, bu da ötənilkindən 3 dəfə çoxdur. Qəbələyə gələn turistlərin 4500-dən çoxunu xarici vətəndaşlar təşkil edib. Xarici turistlər əsasən Türkiyə, İran, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Gürcüstan, Rusiya və Ukraynadan Azərbaycana təşrif gətiriblər. Yerli turistlər isə Bakı, Gəncə və digər şəhərlərdən gəliblər. Qeyd edək ki, 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerli və xarici turist gəlmişdi.

Ümumiyyətlə, cari mövsümdə, o cümlədən də Novruz bayramı günlərində regionlarda bütün marşrutlar üzrə turist axını yüksək olub. Bu isə öz növbəsində bölgələrdə iqtisadi aktivliyin artmasına, məşğulluq probleminin həllinə müsbət təsir göstərir. Bölgələrə artan turist axınına adekvat şəkildə turistyerləşdirmə obyektlərində yeni iş yerləri açılır və insanlar işlə təmin olunurlar. Eyni zamanda, əlaqəli sahələr də inkişaf edir.

WTTC təşkilatının məlumatlarında həmçinin “Visitor Exports” (əcnəbi ziyarətçilərin məsrəfləri) ilə bağlı statistika da öz əksini tapıb. Ötən il ölkəmizə gələn əcnəbi ziyarətçilərin məsrəfləri 4 milyard 552,2 milyon manat (2 milyard 863 milyon dollar) olmuşdur. Təşkilatın proqnozlarına əsasən, 2017-ci ildə bu göstərici 8,1 faiz artacaq, ölkə isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək “Visitor Exports” göstəricisi daha 6,5 faiz artacaq. Belə ki, 10 ildən sonra artıq ölkəyə 4 milyon 254 min turist səfər edəcək ki, onlar da ildə 9 milyard 205,3 milyon manat (5 milyard 769,5 milyon dollar) pul xərcləyəcəklər.

Regionlarda yaradılan müasir infrastruktur ölkədə turizm sektorunun inkişafına müsbət təsir göstərir

Son illərdə bütün ölkə boyu turizm sektorunun sürətli inkişafı bu sahəyə dövlət qayğısının məntiqi nəticəsidir. Respublikamızda turizm sektorunun inkişafını təhlil edən mütəxəssislər bildirirlər ki, qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkədə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Öz növbəsində qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Rauf Əliyev vurğulayıb ki, ölkəmizdə qeyri-neft sektorunun mühüm istiqamətlərindən olan turizmin inkişafını təmin etmək məqsədilə parlamentdə müvafiq qanun qəbul edilib, həmçinin bir sıra Dövlət proqramları icra olunub. Fikirlərinə davam edən Rauf Əliyev deyib: “İndiki mərhələdə meydana çıxan yeni çağırışlara uyğun olaraq ölkəmizdə turizm sektorunun inkişafının prioritetliyinin təmin edilməsi məqsədilə bir sıra mühüm qərarlar qəbul olunub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” müvafiq Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.

Ölkəmizin turist cəlbediciliyinin artırılması baxımından Prezident İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanın önəmini xüsusi qeyd etmək lazımdır. Haqqında bəhs olunan Fərman ölkəmizə turist axınının artmasına müsbət təsir göstərib. Bundan başqa, Prezident İlham Əliyev 1 sentyabr 2016-cı il tarixində “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda ölkənin turist cəlbediciliyini artırmaq məqsədilə turist marşrutları üzrə həyata keçirilməsi nəzərdə tutulan vacib tədbirlərin geniş spektri öz əksini tapıb”.

Milli Məclisin deputatı ölkəmizdə turizm sənayesinin perspektiv inkişafı baxımından Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq Fərmana əsasən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqlənməsinin də böyük önəm daşıdığını bildirib. Rauf Əliyev vurğulayıb ki, bəhs olunan Strateji Yol Xəritəsi respublikamızda turizmin inkişafı üçün böyük inkişaf perspektivləri vəd edir.

Bu günlərdə isə Azərbaycanın dövlət başçısı ölkədə turizmin inkişafı ilə bağlı daha bir sənəd imzalayıb. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” təsdiqlənib. Ölkənin müxtəlif regionlarında çimərlik turizminin yaxşı perspektivləri var. Şübhə yoxdur ki, nəzərdə tutulan tədbirlər bu sahənin inkişafına əlavə stimul verəcək.

Rauf Əliyev açıqlamasında ölkədə turizmin inkişafı baxımından müasir infrastrukturun yaradılmasının önəminə diqqət çəkib. “Bu gün Azərbaycanda geniş turizm infrastrukturu mövcuddur. Bakı ilə yanaşı, respublikamızın regionlarında da nəhəng turizm obyektləri fəaliyyət göstərir. Mövcud turizm obyektləri müasir standartlara cavab verir. Hazırda ölkəmizdə 150-dən çox turizm şirkəti və 100-dən çox mehmanxana kompleksi fəaliyyət göstərir. Bakıda və bölgələrdə yerləşən bu obyektlər ilin bütün fəsillərində xaricdən gələn turistlərin məkanına çevrilib. Ölkəmizdə turizmin daha da inkişafı üçün geniş potensial var. “Turizm haqqında” yeni qanun layihəsi hazırlanır ki, bu sənəd də turizmin inkişafına ciddi təkan verəcək”, - deyə R.Əliyev vurğulayıb.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı dövlət siyasəti bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ölkəmizdə turizm sektorunun inkişafına xidmət edən zəruri infrastrukturun yaradılmasına dövlət tərəfindən böyük məbləğdə investisiyalar yönəldilir. Ümumiyyətlə, Azərbaycanda turizm yerlərinin yaradılması bu istiqamətdə inkişaf edir: dövlət infrastruktur yaradır, yollar çəkir, bütün kommunikasiyalarla təminatı öz öhdəsinə götürür, özəl sektor isə, öz növbəsində, investisiyaları təşkil edir.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, müasir turistyerləşdirmə obyektlərinin yaradılması bütün ölkə boyu geniş vüsət alıb. Hazırda Azərbaycanın bütün regionlarında ən müasir standartlara cavab verən hotellər və digər turistyerləşdirmə obyektləri uğurla fəaliyyət göstərir. Qəbələ rayonunda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti yerli və xarici turistlərin istifadəsindədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2800 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Hazırda Şəkidə 15-dən artıq mehmanxana və turizm-istirahət kompleksi fəaliyyət göstərir. Bu turizm obyektlərində yerlərin ümumi sayı 3 minə yaxındır. Şəkidəki turistyerləşdirmə obyektlərində ilin bütün fəsillərində qələbəlik yaşanır. Bayram günlərində isə şəhər daha çox qonaq-qaralı olur. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Perspektivdə regionlarda yeni turistyerləşdirmə obyektləri yaradılacaq

Perspektivdə ölkə ərazisində turistyerləşdirmə obyektlərinin sayı daha da artacaq. Hazırda ölkəmizin turizm imkanları ilə seçilən qərb bölgəsində bu sahəni daha da inkişaf etdirmək üçün Gəncə və Göygöldə 3 yeni hotel tikilir. Gəncə şəhərində inşa olunan yeddimərtəbəli “Majestic Palace” hotelinin fasadında sonuncu mərtəbənin metal-şüşə konstruksiyasının quraşdırılması tamamlanmaq üzrədir. Hotelin bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Orijinal layihəsi ilə Göygöl şəhərinə xüsusi yaraşıq verən müasir tipli hotelin fasad hissəsində isə tikinti işləri yekunlaşıb. Bu il açılışı planlaşdırılan bina Göygöl şəhərinə gələn qonaqlar və turistlər üçün inşa olunan ilk hoteldir.

Hacıkənd qəsəbəsində inşasına 2014-cü ildə başlanılan “ARFA” hotelinin də tikintisi davam edir. Mehmanxana beş mərtəbədən və 50 otaqdan ibarətdir.

Naftalanda da turizmin daha da inkişafına nail olmaq üçün şəhərdə 2 və 3 ulduzlu hotellərin tikintisinə başlanılacaq. Naftalan şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu cür hotellərin tikintisində əsas məqsəd Naftalandakı kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişafını, onların fəaliyyətini qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil etmək, həmçinin Naftalan ərazisindəki mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə nail olmaqdır.

Ötən il Naftalanın kurort-sanatoriya mərkəzlərində istirahət edənlərin sayı 25 minə çatıb. Perspektivdə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Hazırda Naftalanda fəaliyyət göstərən istirahət və sağlamlıq mərkəzləri əsasən 5 ulduzlu hotellərdir. Tikintisi planlaşdırılan 2 və 3 ulduzlu hotellər isə əhalinin bütün sosial qruplarından olan insanların istirahət və müalicəsini təmin etmək üçün nəzərdə tutulub.

Müxtəlif tanıtım tədbirləri Azərbaycana turist axınının artmasında mühüm rol oynayır

Respublikamızda turizm sektorunun intensiv inkişafını şərtləndirən amillərdən biri də məqsədyönlü tanıtım tədbirlərinin keçirilməsidir. Yuxarıda bəhs olunan Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərə əsasən müxtəlif ölkələrdən respublikamıza turistlərin cəlb olunması üçün hədəf qrupları müəyyənləşdirilməsi nəzərdə tutulub. Sənədə əsasən, həmçinin marketinq seqmentinin, təbliğat kampaniyalarının təşkil edilməsi istiqamətində iş aparılır. İlk növbədə Bakıda və digər turizm potensialı olan müvafiq böyük şəhərlərdə turizm təbliğat büroları yaradılacaq. Son illərdə respublikamızın, zəngin mədəniyyətimizin tanıdılması məqsədilə xarici ölkələrdə müxtəlif təqdimatlar keçirilir. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur.

Bu kimi tədbirlər isə öz növbəsində Azərbaycanın beynəlxalq miqyasda turizm imicinin yüksəlməsinə və nəticədə, ölkənin bütün regionlarına turist axınının artmasına müsbət təsir göstərir. Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırovun məlumatına əsasən, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. O cümlədən ölkədə daxili turizm də sürətlə inkişaf edir. N.Bağırov bildirib ki, son illər daxili turizm regionlarda daha çox inkişaf edir. Belə ki, turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən Şahdağ və Tufandağ turizm istirahət, Naftalan, Duzdağ, Qalaaltı və sair müalicəvi-sağlamlıq komplekslərinin, müasir hotel şəbəkələrinin yaradılması, tarix və mədəniyyət abidələrinin, mədəniyyət ocaqlarının bərpası regionlarda turizmin bütün ilboyu inkişafına təkan verib.

Öz növbəsində Azərbaycanın turizm imicinin yüksəlməsində müxtəlif tədbirlərin önəminə diqqət çəkən Nahid Bağırov vurğulayıb: “Respublikamızda keçirilən “Eurovision-2012”, qızlar arasında futbol üzrə U-17 dünya çempionatı, Beynəlxalq Caz Festivalı, birinci Avropa Oyunları, Formula-1 və digər beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanın turizm imicinə çox böyük müsbət təsiri olub. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizi, onun tarixini, mədəniyyətini, qonaqpərvərliyini, mətbəxini və bir sıra digər özünəməxsus xüsusiyyətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, ölkəmizi dünyaya fərqli bir kontekstdə təqdim etməyə imkan yaradıb”.

Yeri gəlmişkən, cari il martın 18-də Müstəqil Dövlətlər Birliyinin 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılış mərasimi keçirilib. Tədbirlərdə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, eləcə də digər yerli və xarici qonaqlar iştirak ediblər.

Qonaqlar Heydər Əliyev Park Kompleksində təşkil olunan ümumşəhər tədbirinə qatılıb, Zəfər tağından başlayaraq Heydər Əliyev Mərkəzinin yerləşdiyi binaya qədər xiyabanda quraşdırılan pavilyonlarda Gəncənin çoxəsrlik tarixini, zəngin mədəniyyətini özündə əks etdirən el sənətkarlığı nümunələri ilə tanış olublar.

Hər tərəfi gül-çiçəklə bəzədilən, bayram libaslı xiyabanda qonaqları müdrik el ağsaqqalı Dədə Qorqud salamlayıb, onlara qədim Oğuz yurdu Gəncədə xeyir-dua verib. Sonra səhnədə rəmzi olaraq Gəncənin tarixi şəxsiyyətləri Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, Cavad xanın obrazları canlandırılıb. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləyiblər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladıb. Hər kəsi Azərbaycanın bütövlüyü və inkişafı uğrunda həmrəy olmağa çağırıb.

Bayram tədbirində qədim Gəncənin milli yemək və çay süfrəsi açılıb. İştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, müxtəlif çörəklər, qəlyanaltılar, içkilər, şərbətlər və şirniyyatlar təqdim edilib. MDB dövlətlərinin milli geyimlərində mahnı oxuyan, rəqs edən, şeir deyən balacaların, gənclərin çıxışları, estrada və xalq mahnıları, muğamlar, müxtəlif çalğı alətlərində ifa olunan musiqilər hər kəsə unudulmaz anlar yaşadıb.

Beləliklə, 2017-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin açılışına həsr olunmuş mərasim qonaqlarda zəngin təəssürat yaradıb, parlaq səhnələrlə yadda qalıb.

Beynəlxalq səviyyədə Azərbaycanın turizm reytinqinin yüksəldilməsi qarşıda duran vəzifələr sırasındadır

İstər Strateji Yol Xəritəsində, istərsə də son vaxtlarda ölkədə turizmin inkişafı ilə bağlı imzalanan digər sənədlərdə qarşıya qoyulan məqsədlər həm də Azərbaycanın beynəlxalq səviyyədə turizm reytinqini artırmağa hesablanıb. Xaricdə ölkəmizin turizm potensialı hərtərəfli şəkildə tanıdılmalıdır.

Qeyd edək ki, indiyədək bu istiqamətdə az iş görülməyib. Hazırda Azərbaycan dünya miqyasında turizm sektorunun inkişafına görə 140 ölkə arasında 36-cı yerdə qərar tutur. Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, dünya miqyasında Azərbaycanın turizm reytinqi əhəmiyyətli dərəcədə yüksəlib və respublikamız BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi Dünya Turizm Təşkilatının assosiativ üzvləri sırasına daxil olub.

Yüksək dövlət qayğısı sayəsində Azərbaycanda turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Ötən ilin aprelində 15-ci yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi böyük uğurla keçib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir.

Mübariz ABDULLAYEV

Yeni Aaərbaycan.- 2017.- 5 aprel.- S.5.