Azərbaycan dövləti İslam dəyərlərinin qorunmasına xüsusi diqqət göstərir

 

2017-ci ilin ölkəmizdəİslam Həmrəyliyi İlielan olunması bu faktın əyani ifadəsidir

Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərlərinin, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Xalqımız 70 il kommunizm rejimində ateizmin təbliğ olunduğu bir şəraitdə yaşasa da, öz dini dəyərlərini unutmayaraq onları gizli də olsa yaşadıb. Lakin bununla belə o dövrdə dini dəyərlərimizin zədə aldığı da bir reallıqdır. Təsadüfi deyil ki, sovetlər birliyindən əvvəl Azərbaycanda neçə min məscid, mədrəsə olduğu halda, müstəqilliyimizi yenidən əldə edəndə cəmi 17 məscidimiz vardı. Bu, sovet rejiminin dinlə mübarizəsinin nə qədər amansız olduğunu göstərir.

Ulu öndər Heydər Əliyev İslamı milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edirdi

Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük vüsət alıb. Məhz bu dövrdə yüzlərlə ibadətgah inşa və yaxud da bərpa edilib, dini dəyərlərimiz yenidən canlanıb. Xalqımızın əsrlərcə ziyarət yeri olan, lakin sovet rejimi tərəfindən dağıdılan Bibiheybət məscidi və ziyarətgahının Ulu öndər Heydər Əliyevin tapşırığı ilə dövlət hesabına yenidən inşa edilməsi Onun bu sahədəki xidmətlərinin bir göstəricisidir. Belə misalların sayı olduqca çoxdur. Ulu öndər Heydər Əliyev İslamı bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edirdi. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” sözləri Onun dinə baxışını çox gözəl bir şəkildə ifadə edir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın İslam dünyasının ayrılmaz bir parçası olduğunu vurğulayır və bu yolda əməli işlər görürdü.

Azərbaycanda din-dövlət əlaqələri dünyəvilik prinsipi ilə tənzimlənir

Din-dövlət əlaqələri xüsusilə də İslam şərqində çox problemli məsələlərdən biridir. Lakin sevindirici haldır ki, məhz Ulu öndərin uzaqgörənliklə əsasını qoyduğu dövlət-din münasibətləri nəticəsində ölkəmizin bu sahədəki siyasəti sağlam əsaslar üzərində qurulub. Azərbaycanda din-dövlət münasibətləri dünyəvilik prinsipi ilə tənzimlənir. Azərbaycanın dünyəvilik modeli öz ifadəsini Ulu öndərin bu sözlərində tapıb: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”. Bu baxımdan, Ümummilli lider Heydər Əliyevin nəzərdə tutduğu dünyəvilik modeli din və dövlət işlərinin bir-birindən ayrıldığı, lakin dövləti təşkil edən xalqın təməl dəyərlərindən biri kimi dini dəyərlərin hörmətlə qarşılandığı və qorunduğu bir modeldir. Məhz bu anlayış sayəsində dövlətin birbaşa vəzifəsi olmasa da, bir çox dini məbəd və abidələr dövlət tərəfindən bərpa olunur, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə məxsus icmalara dövlət tərəfindən mütəmadi maddi yardımlar verilir.

Dinlərarası münasibətlər dünya tarixinin ən incə məsələlərindən biridir. Xüsusilə orta əsrlərdə müxtəlif dinlər və məzhəblər arasındakı gərgin münasibətlər yüz minlərcə insanın öz həyatlarını itirməsi ilə nəticələnib. Müasir dövrdə belə, dünyanın bir çox yerində müxtəlif konfessiyalar arasındakı gərgin münasibətlərin şahidi oluruq. Lakin qeyd edə bilərik ki, ölkəmiz bu baxımdan unikal bir xarakterə malikdir. Əsrlərcə Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri qardaşlıq şəraitində yaşayıb və dini zəmində heç bir qarşıdurma mövcud olmayıb. Ulu öndər Heydər Əliyev Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə hörmət göstərilməli olduğunu dəfələrlə Öz çıxışlarında qeyd edib, bütün dinlərin insanın mənəvi saflaşmasına xidmət etdiyini vurğulayıb. Ulu öndər müstəqil Azərbaycanın dövlət başçısı kimi ümrə ziyarətinə gedib, Mədinədə Həzrət Məhəmmədin (s.ə.s) qəbrini ziyarət edib. Məscidi-nəbəvinin şərəf kitabına yazdığı sözlər Onun imanının dərinliyini göstərir: “Müqəddəs Mədinə şəhərini, İslamın müqəddəs abidələrini, Həzrət Məhəmməd peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm. Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha İslam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim. Böyük Allahın böyüklüyünü dərk etdim”.

Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli-mənəvi dəyərlərin inkişafı konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət sayəsində istər milli, istərsə də dini baxımdan ölkəmiz bütün dünyada tolerantlıq modeli kimi tanınır. Həyata keçirilən uğurlu xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafını, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına çalışır.

Azərbaycan İƏT-də uğurla təmsil olunur

Digər tərəfdən, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birilərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır. Daha doğrusu, hər il düzənlənən İƏT-in zirvə toplantılarında qəbul edilən yekun qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət düzgün qiymətləndirilir və Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.

Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. 2009-cu ildə Bakı şəhəri İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilib, 2018-ci ildə isə bu şərəfli adı daşımağa Naxçıvan şəhəri layiq görülüb. Bu, İSESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.

Bütövlükdə, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İlielan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir: “Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.

IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyinin daha bir nümunəsidir

Cari ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da sadalananlar kontekstində mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində mühüm rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdir və İslam dünyasında böyük nüfuz sahibidir, ölkəmiz İslam dini dəyərlərinin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq qeyd edib: “Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir”. Dövlətimizin başçısı qeyd edib ki, bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq.

Beləliklə, bu gün Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan dinimizə dövlət qayğısının bariz nümunəsidir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsinə xüsusi önəm verilib. Bu məqsədlə yeni ibadət ocaqlarının inşası, təmirə ehtiyacı olanların yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i ötüb. Təkcə son 13 il ərzində ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırıqlarına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində, Gəncə şəhər İmamzadə ziyarətgahında əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və Cənubi Qafqazın ən möhtəşəm İslam abidəsinin - Heydər məscidinin 2014-cü il dekabrın 26-da açılışı olub. Bütün bunlar dövlətimizin İslam dininə olan münasibətinin əyani ifadəsidir.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 6 aprel.- S.5