Görkəmli bəstəkar Ramiz
Mirişlinin bəstələdiyi mahnılardan ibarət konsert keçirilib
Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin bəstələdiyi mahnılardan ibarət konsert keçirilib. Heydər Əliyev Sarayı və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə gecənin aparıcısı Nərgiz Cəlilova sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən, insani keyfiyyətlərindən söhbət açıb. Bildirilib ki, R.Mirişlinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilib. O, Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adına layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
Qeyd olunub ki, ilk nəgməsi 1962-ci ildə yazılmış “Dalğalar” olan bəstəkarın yaratdığı əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Gecədə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu, bülbül”, “Səadət”, “Əlvida”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım elə yandım”, “Güləndam” və digər sevilən mahnıları ifa olunub. Budəfəki konsertin bir özəlliyi də ondan ibarət idi ki, həmin nəğmələr həm də ilk ifaçılarının lent yazılarında tamaşaçılara təqdim olunub.
Gecədə iştirak edən görkəmli bəstəkar, Xalq artisti Arif Məlikov sənət dostunun yaradıcılığına verilən dəyəri yüksək qiymətləndirib: “Bu gün Ramiz Mirişli aramızda yoxdur, amma inanıram ki, onun ruhu bizimlədir. Onun misilsiz bəstələri zaman keçsə də yaşayacaq. Yetişməkdə olan yeni nəsil də hər zaman onu özlərinə müəllim biləcək. Ramiz Mirişli Azərbaycan musiqi mədəniyyətinə silinməz bir iz qoyub getdi. Bu gecənin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də proqramı izləməyə gələnlərin sırasında öz yerini almışdı. O, səbəbkarın çoxşaxəli yaradıcılığından söz açıb: “Ramiz Mirişlinin o qədər həzin və dərin nəğmələri var ki, sözsüz ki, bu musiqilər hər bir insanın qəlbinə nüfuz etməyi bacarır. Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli ən müxtəlif janrlara müraciət edib, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib. Və bu miras hər zaman musiqisevərlər tərəfindən qorunub saxlanılacaq”.
Konsertin bu ayda təşkili təsadüfi deyil. R.Mirişli aprel ayında dünyaya gəlmişdi. Bu konsert onun xatirəsinə ən gözəl ərməğan oldu. Onun işığına toplaşanlar ən gözəl nəğmələri ilə baş-başa qaldılar. Sənətkardan yalnız bəstələri deyil, iki bəstəkar oğlu da - Nazim və Yusif Mirişlilər miras qaldı. Atasının sənət yolunu uğurla davam etdirən övladlar sənətkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə təşkilatçılara və qonaqlara minnətdarlığını bildiriblər.
Qeyd edək ki, tədbir Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestri, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı, Tofiq Əhmədov adına Estrada orkestri və “Qaytağı” instrumental ansamblının müşayiəti ilə baş tutub. Üç saat davam edən gecəyə Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın birgə çıxışı ilə yekun vurulub.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.- 2017.- 7 aprel.-
S.7