Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

 

Aprelin 8-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları, gənclər iştirak ediblər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının  fəaliyyəti ərzində bir sıra ənənələri formalaşıb. Bu ənənələrdən biri də Bakının müxtəlif yerlərində yaşıllaşdırma kampaniyasında yaxından iştirak etməkdən ibarətdir. YAP-ın bu ənənəsinin 15 ildən artıq tarixinin olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, paytaxtımızın bir çox guşələrində partiyamızın birbaşa saldığı yaşıllıq əraziləri mövcuddur: “İndi yerləşdiyimiz ərazi də bir neçə il əvvəl YAP fəallarının iştirakı ilə salınmış gözəl yaşıllıq ərazisidir. Bir neçə il əvvəl əkdiyimiz ağaclar böyüyüb, bura gözəl bir parka çevrilib. Bu gün də partiyamızın nümayəndələri bu işi davam etdirirlər, bu gün 500-dən çox ağac əkilməsi nəzərdə tutulur. İnanıram ki, bir neçə ildən sonra bu park Bakı şəhərinin ən gözəl yaşıllıq ərazilərindən biri olacaq, insanlarımız burda rahat istirahət edəcəklər. Bununla da, YAP və onun fəal üzvləri Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi abadlıq və quruculuq işlərində yaxından iştirak etmək istəyini ifadə edirlər”.

Əli Əhmədov qeyd edib ki, YAP Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən bütün quruculuq işlərində yaxından iştirak edir. “Biz məmnunluq hissi ilə qeyd edirik ki, son illərdə Azərbaycan, o cümlədən Bakı çox dəyişib, paytaxtımız artıq dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Prezidentimizin rəhbərliyi ilə Bakının ekologiyasının yaxşılaşdırılması istiqamətində   böyük layihələr həyata keçirilir. Və yaşıllaşdırma kampaniyası da bu siyasətin vacib tərkib hissəsidir. Ölkəmizə, Vətənimizə xidmət və bu kimi digər amillər partiyamızın fəaliyyətinin əsasında dayanan ideyalardan, prinsiplərdən biridir. Hesab edirəm ki, biz partiya olaraq bundan sonra da qarşıya qoyduğumuz məqsədlərə bu siyasətimizlə çata bilərik”. –deyə,  YAP Sədrinin müavini Əli Əhmədov bildirib.

Yeni Azərbaycan.- 2017.- 11 aprel.- S.4