Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı tədbirlər 2017-ci ildə də davam
etdirilir
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən kənd yolları da yenidən qurularaq əhalinin istifadəsinə verilir
Son illər ölkəmizdə digər sahələrdə olduğu kimi yol infrastrukturunun yenidən qurulması istiqamətində də mühüm addımlar atılır və bu proses davamlı xarakter daşıyır. Daha dəqiq desək, müvafiq Dövlət proqramlarına uyğun olaraq Azərbaycanda avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artmaqdadır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı istər beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları, istərsə də dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Məhz bunun nəticəsində ölkəmizdə şəhər və rayonlarda yol infrastrukturu əsaslı şəkildə yenidən qurulub. Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən hazırda əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir.
Bu il yanvarın 30-da keçirilmiş “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da vurğulandığı kimi, 2016-cı ildə regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Ölkə Prezidentinin tapşırığına əsasən, əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb. Yol infrastrukturunun yenilənməsi ilə bağlı tədbirlər 2017-ci ildə də uğurla davam etdirilməkdədir. Belə ki, Prezident İlham Əliyevin martın 28-də Saatlı rayonuna səfəri çərçivəsində Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Qeyd edildiyi kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə layihələrdən biri də Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun yenidən qurulması layihəsidir. Bu yol ölkəmizdə 2017-ci ildə həyata keçiriləcək 40 yol layihəsinin birincisidir. “Azəravtoyol” ASC-nin yenidən qurduğu Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 kilometrdir. Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Buraya yolun 6 metr endə hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib, yola 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Ümumilikdə, burada 175 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılıb. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə 36 suötürücü boru tikilib. Bundan başqa, avtomobil yolunun 7,31 və 39-cu kilometrlik hissələrində su kollektoru üzərində yerləşən su keçidlərinin təmiri işləri də aparılıb. Müvafiq olaraq həmin körpülərin uzunluqları 12, 14 və 16 metr təşkil edir. Tikinti işləri çərçivəsində hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 157 yol nişanı və məlumatverici lövhə, 786 yol təhlükəsizlik dirəkləri quraşdırılıb, uzunluğu 98 kilometrdən artıq olan nişanlama xətləri çəkilib. Bu yol 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq.
Yeri gəlmişkən, ölkə Prezidenti İlham Əliyev martın 30-da Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Vurğulamaq yerinə düşər ki, son illərdə yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər, xüsusilə magistral avtomobil yollarının yenidən qurulması Ağstafa rayonunun da tranzit imkanlarını xeyli artırıb. Rayonda magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Verilən məlumata görə, son illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, uzunluğu 7,5 kilometr olan Poylu-Xətai-Yenigün-Aşağı Göycəli, rayon mərkəzini Ağstafaçay çayının sol sahili, 8 yaşayış məntəqəsi və Qazax rayonu ilə birləşdirən Poylu-Düzqışlaq-Kolayır avtomobil yolları və 60 kilometr uzunluğunda Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolu yenidən qurularaq əhalinin istifadəsinə verilib. Eləcə də Ağstafa şəhərində ümumilikdə 30 kilometr yol yenidən qurulub və bu istiqamətdə işlər davam etdirilir.
Bununla yanaşı, Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə birləşdirən uzunluğu 13 kilometr olan Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisinə də başlanılıb. Həmin kəndləri Qırlı kəndi ilə əlaqələndirən uzunluğu 2,5 kilometr olan Eynallı-Qırlı yolunun da tikintisi həmin layihəyə daxil edilib. Hazırda bu yollarda tikinti-quruculuq işləri sürətlə davam etdirilir və yolların yaxın zamanda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Bu ilin aprel ayında da növbəti kəndləri - Qaçaq Kərəm, Xətai, Aşağı Kəsəmən, Zəlimxan kəndlərini Ağstafa şəhəri və Poylu kəndi ilə birləşdirən Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan dairəvi avtomobil yolunun yenidən tikintisinə başlanacaq.
Ölkəmizdə yol infrastrukturunun genişlənməsi istiqamətində görülən işlərdən danışarkən onu da vurğulamaq yerinə düşər ki, istismar müddəti bitmiş respublika əhəmiyyətli Salyan-Şirvan avtomobil yolu da “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur. Hazırda sözügedən ərazidə yol əsasının tikintisi işləri aparılır. Uzunluğu 31 kilometr, yol yatağının eni 13-15 metr olan yolun hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Artıq yolun 6 kilometrdən çox hissəsində əsaslı tikinti işləri həyata keçirilib və asfalt-beton örtüyü çəkilib. Ümumilikdə isə tikinti işləri çərçivəsində 300 min kvadratmetr sahəyə 3 qat olmaqla 25 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bu isə ağırtonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək.
Layihəyə uyğun olaraq yola 25 ədəd dəmir borular və bir suötürücü qurğu da quraşdırılacaq. Daha sonra zəruri olan hissələrdə 362 ədəd yol nişanları və təhlükəsizlik dirəkləri quraşdırılacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Verilən məlumata görə, respublika əhəmiyyətli yolun “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
Bundan başqa, Salyan rayonunun 16 kilometrlik Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolu da yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının inşası işləri aparılır. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə isə xüsusi qum-çınqıl qarışığından ibarət material tökülərək yenidən kipləşdirmə işləri görülür. Daha sonra yol geyiminin əsasının tikintisi işləri aparılacaq. Yol əsası qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət olacaq. Layihəyə əsasən, yol bir gediş və bir gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət zolaqlarının eni 3 metr, ümumi hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Torpaq işləri tamamlandıqdan sonra yolun asfaltlanması işləri planlaşdırılır. Ümumilikdə, təqribən 100 min kvadratmetr sahə asfaltlanacaq.
Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 54 yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol kənarına təhlükəsizlik dirəkləri qoyulacaq və yola üfüqi nişanlama xətləri çəkiləcək. Bundan başqa, yolun altından suların ötürülməsi üçün 6 yerdə uzunluğu 12 metr olan dəmir borular da quraşdırılacaq. Kənd yolunun tikintisi ilə 4 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
Yol infrastrukturunun yenilənməsi ilə bağlı tədbirlər cəbhəyanı rayonlarımızda da yüksək templə davam edir. Belə ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə çəkilən yeni avtomobil yolunun tikintisi də artıq yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-dən verilən məlumata görə ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə üzrə eni 12 metrdir. Yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrlik hissəsində isə bərpa işləri aparılır. Yeni yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 1,5 metr təşkil edəcək.
Yolboyu 9 su keçidi tikiləcək, 2 aşırımlı bir körpü bərpa olunacaq. Tikinti işləri tamamlandıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
İşləri texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirən “Azəravtoyol” ASC tərəfindən əraziyə lazımi miqdarda işçi və texnika cəlb olunub. Bu yol Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinə - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndlərinə gediş-gəlişi xeyli asanlaşdıracaq.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 8 aprel.- S.7