Regionların elektrik
təminatı gücləndirilir
Təkcə son iki ildə “Azərişıq” ASC tərəfindən ümumilikdə 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və müasir tipli avadanlıqlarla təchiz olunub
Azərbaycanın uğurlu regional inkişaf strategiyasında infrastruktur quruculuğu mühüm yer tutur. Son 13 ildə ölkənin əksər bölgələrində əhalinin içməli su təminatının yaxşılaşdırılması, qazlaşdırma, yeni yollar salınması, mövcud yolların təmiri, müxtəlif təyinatlı sosial obyektlərin inşası ilə bağlı çoxlu sayda layihələr həyata keçirilib. Nəticədə, ölkəmiz infrastruktur təminatı baxımından kifayət qədər güclü dövlətə çevrilib.
Respublikamızda məqsədyönlü infrastruktur quruculuğu siyasətinin müsbət nəticələrini həmçinin respublikanın bütün bölgələrinin elektrik enerjisi ilə təminatının yaxşılaşmasında görmək mümkündür. 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrik stansiyası tikilıb. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. Bundan başqa, bütün ölkə boyu paylayıcı şəbəkənin yenidən qurulması, xətlərin, yarımstansiyaların, transformator məntəqələrinin dayanıqlığının artırılması, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Əlamətdar haldır ki, bu qəbildən olan işlərin miqyası ilbəil genişlənir. Təkcə 2016-cı il ərzində ölkə üzrə 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub. Görülən bu və ya digər işlərin nəticəsində regionlarda əhalinin elektrik enerjisi ilə təminatının kəmiyyət və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
“Daş Salahlı” yarımstansiyasının istifadəyə verilməsi bölgənin enerji təminatının yaxşılaşmasına müsbət təsir göstərib
“Azərişıq” ASC-nin fəaliyyət göstərdiyi son iki il ərzində ümumilikdə 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel olaraq 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7746 ədəd 10-6 kV-luq transformator məntəqələrinin təmir işləri aparılıb, həmçinin 2300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.
Ötən ilin oktyabrında isə Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyası istifadəyə verilib. Yeni infrastruktur obyektinin açılışında Prezident İlham Əliyev iştirak edib və dəyərli tövsiyələrini verib.
Bəhs olunan yarımstansiyanın istifadəyə verilməsi bölgənin enerji təminatının yaxşılaşmasına müsbət təsir göstərib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin məlumatına əsasən, “Daş Salahlı” yarımstansiyası Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə inşa olunub. Əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti, o cümlədən Qazax və Ağstafa rayonlarındakı sosial obyektləri və istehsal müəssisələrini dayanıqlı elektrik enerjisi ilə təmin etmək gücündədir.
Yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan “eleqaz”, “vakuum” tipli avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub.
Yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxıb. Yeni infrastruktur obyektinin uğurlu istismarı sayəsində həmçinin növbəti illərdə enerjiyə yaranacaq tələbat tam ödəniləcək.
“Sarıcalar” yarımstansiyası 15 kəndi, 7222 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək
Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində mühüm infrastruktur obyektlərinin açılışına qatılması artıq ənənə halını alıb. Bu baxımdan Azərbaycanın dövlət başçısının bu yaxınlarda Saatlı rayonuna səfəri də istisna olmayıb. Prezident İlham Əliyev rayona səfəri çərçivəsində 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.
Açılış mərasimində bildirilib ki, 1982-ci ildən istismarda olan açıq paylayıcı quruluşlu 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyası istismar müddətini başa vurduğundan Saatlı rayonunun fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik təchizatını təmin etmirdi. Rayonun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, habelə 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi məqsədilə 110 kilovoltluq “1-ci İmişli” hava xəttindən qidalanan açıq paylayıcı quruluşlu “Sarıcalar” yarımstansiyasının yerində iki mənbədən - “1-ci və 2-ci İmişli” hava xətlərindən qidalanan qapalı paylayıcı quruluşlu yeni yarımstansiya inşa edilib.
Yeni inşa olunan yarımstansiya müasir standartlara uyğun elektron quruluşlu rele mühafizəsi və avtomatika sistemləri, “eleqaz” və “vakuum” quruluşlu avadanlıqla təchiz edilib, məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Köhnə yarımstansiya 8 kəndi və 3637 abonenti elektrik enerjisi ilə təchiz etdiyi halda, yeni yarımstansiya 15 kəndi, 7222 abonenti, xüsusilə Saatlı rayonunda mövcud olan pambıq zavodunu, daş karxanasını, iri ticarət obyektlərini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələri üzrə inşa olunacaq obyektləri etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi İmişli, Saatlı və Biləsuvar rayonlarının 110 kilovoltluq paylayıcı şəbəkələrini əlaqələndirəcək dairəvi elektrik təchizat sxeminin yaradılmasının ilk mərhələsidir ki, bununla da “Cənub” Elektrik Stansiyasından 330/110 kilovoltluq “İmişli” və iki 220 kilovoltluq “Salyan” və “Masallı” yarımstansiyalarından qidalanan 110 kilovoltluq 11 yarımstansiyanın əlaqələndirilməsini təmin edəcək. Saatlı rayonunda yaradılacaq Aqroparkın elektrik enerjisi ilə təminatı yeni dairəvi sxemlə mümkün olacaq.
Saatlı rayonunda 22547 abonent var ki, onlar rayon mərkəzini və 44 kəndi əhatə edir. Ümumilikdə Saatlı Elektrik Şəbəkəsinin xidməti ərazisində iki 110/35/10 kilovoltluq, səkkiz 35/10 kilovoltluq, üç 35/6 kilovoltluq, 633 ədəd 10/6/0,4 kilovoltluq transformator məntəqəsi mövcuddur. Qısa müddətdə rayonda 32 müasir tipli Komplekt Transformator Məntəqəsi şəbəkəyə qoşulub. Hava xəttində 5215 istismara yararsız ağac dirək dəmir-beton dirəklə əvəz edilib, istismara yararsız naqillər və kabellər dəyişdirilib, Saatlı Elektrik Şəbəkəsinin qoyuluş gücü 85 MVA qədər artırılıb. Elektrik enerjisinin təchizatının yaxşılaşdırılması ilə əlaqədar 35/10 kilovoltluq “Saatlı”, 35/6 kilovoltluq “Muğan” yarımstansiyalarında yenidənqurma işləri başa çatmaq üzrədir. Bu işlər 18 kənddə davam etdirilir.
“Sarıcalar” yarımstansiyasının işə salınması son vaxtlar Aran regionunda elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. “Azərişığ”ın iki illik fəaliyyəti dövründə Aran regionunda 250-dən artıq yeni tip Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Region üzrə 120 mindən artıq yeni elektron və smart tipli sayğac quraşdırılıb, İmişli, Sabirabad və Saatlı elektrik şəbəkələri üçün yeni ofis binaları tikilib. Bununla yanaşı, region üzrə hər bir rayon şəbəkəsində yeni yarımstansiyalar inşa olunub. Bunlar Saatlıda tikilən 110 kilovoltluq “Sarıcalar”, İmişlidə 35 kilovoltluq “Məzrəli”, Sabirabadda “Qaratoğay”, Beyləqanda “Xalac”, Ağcabədidə “Qiyaməddinli”, Ağdamda “Qaradağlı”, Zərdabda isə “Məlikli” yarımstansiyalarıdır.
Cəbhə bölgəsinin enerji təminatının möhkəmləndirilməsi xüsusi önəm daşıyır
“Azərişıq” ASC tərəfindən cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin enerji təminatının möhkəmləndirilməsi xüsusi önəm daşıyır. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ASC cəbhə bölgəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və ekstremal vəziyyətlərdə belə işlər davam etdirilir. Düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilişinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kV-luq Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV-luq izolyator yeni 10 kV-luq izolyatorla dəyişdirilib. 10 kV-luq II Subartezian hava xəttində isə 16 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla əvəz olunub. 0.4 kV-luq şəbəkədə aprel döyüşləri zamanı zədələnmiş naqillər dəyişdirilib, 9 ədəd 10/0.4 kV-luq komplekt transformator məntəqəsində təmir işləri aparılıb.
Füzuli rayonunda 10 yarımstansiyada, 728 komplekt transformator məntəqəsində profilaktik tədbirlər görülüb. Bundan başqa, ərazidə 361 ədəd dayaq, 42000 metr naqil, 130 ədəd izolyator dəyişdirilib. Yeni SİP kabellərinin çəkilməsi enerji itkisinin qarşısını xeyli alıb. “Azərişıq” ASC tərəfindən Füzuli rayonunda 18 ədəd transformator məntəqəsi quraşdırılıb.
Enerji təsərrüfatının yenilənməsi istiqamətində görülən işlər nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinin enerji təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. ASC tərəfindən təmas xəttində yerləşən Əfətli kəndi ərazisində 1 ədəd yeni müasir tipli 35/10 kV-luq yarımstansiya inşa edilib. Eyni zamanda, 1,2 kilometr məsafədə 35 kV-luq elektrik hava xətləri, cəbhə boyu və digər kəndlərdə 32 ədəd müasir tipli transformator məntəqələri quraşdırılıb, 691 ədəd 10 kV-luq və 373 ədəd 0,4 kV-luq istismara yararsız dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz olunub.
Tərtər rayonunun düşmənlə təmas xəttinə yaxın ərazidə yerləşən 35 kV-luq Dəmirçilər və İsmayılbəyli hava xətləri məlum aprel hadisələri zamanı ağır artilleriyanın atəşi nəticəsində sıradan çıxsa da, qısa zaman kəsiyində bərpa edilərək əhalinin istifadəsinə verilib. Bununla yanaşı, həmin ərazidə 49 ədəd izolyator çətin şərait olmağına baxmayaraq, dəyişdirilib. Erməni işğalından azad edilən Çaylı kəndinə 2450 metr hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Nəticədə, 22 il elektrik enerjisi olmayan Çaylı kəndi işığa qovuşub.
“Azərişıq” ASC aprel döyüşlərində işğaldan azad edilmiş torpaqların, həmçinin hərbi obyektlərin fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə 35 kV-luq “Cocuq Mərcanlı” yarımstansiyasının tikintisini planlaşdırır. Aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyinə hava xətti çəkilir. Artıq yüksəklikdə elektrik dayaqları basdırılıb və yaxın vaxtlarda məftillərin də çəkilməsi həyata keçiriləcək.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 8 aprel.- S.7