Ölkəmizdə güclü müasir infrastrukturun yaradılması istiqamətində işlər 2017-ci ilin birinci rübündə də davam etdirilib

 

Həyata keçirilən infrastruktur layihələri çərçivəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, respublikanın hər yerində məktəb tikintisi geniş vüsət alıb

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələri əhatə edən Dövlət proqramları həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu ilin birinci rübündə də ölkəmiz uğurla inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qeyd olunduğu kimi, bizim bütün proqnozlarımız həyatda öz əksini tapır.

Prezident İlham Əliyevin həmin iclasdakı nitqində bəyan etdiyi kimi, birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır.

Nitqində ölkəmizdə sosial infrastruktur layihələrinin icra edildiyini də bildirən dövlət başçısı “Mənə verilən məlumata görə, qəzalı məktəblərin yerində artıq modul tipli 3 məktəb tikilibdir və əlavə modul tipli 12 məktəbin tikintisi nəzərdə tutulur. Bu il və gələn il Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmamalıdır. Bakı şəhərində məktəblərin böyük əksəriyyəti artıq təmirlidir, yeni məktəblər tikilib, hələ ki, harada təmirə ehtiyac var, bu məsələlər də öz həllini tapır” deyib.

Beləliklə, ölkəmizdə güclü müasir infrastrukturun yaradılması istiqamətində işlər 2017-ci ilin birinci rübündə də davam etdirilib. Eyni zamanda, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri çərçivəsində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması istiqamətində mühüm addımlar atılıb. Hesabat dövründə bu istiqamətdə atılan addımlara gəlincə vurğulayaq ki, qəzalı məktəblərin yerində modul tipli məktəblərin tikintisi bu ilin birinci rübündə də diqqət mərkəzində olub. Öncə onu bildirək ki, modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddətdə, yəni 1 ay ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır. Nazirlər Kabinetinin qərarı ilə ötən il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb.

Beləliklə, verilən məlumatlara görə, Quba rayonunda şagird sayı 100-dək olan 6 məktəb üçün modul tipli binalar quraşdırılacaq. Belə binaların quraşdırılacağı kəndlərə Çayqışlaq, Ördüc, Çarxaçu, Qarxun, Cağacıq və Zıxır daxildir.

Məlumatda qeyd olunur ki, artıq 51 şagirdi olan Cağacıq kənd orta məktəbi üçün modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb. Səkkiz otaqdan ibarət olacaq binanın özül hissəsi hazırdır. Məktəb binasının quraşdırılması bir aya yekunlaşacaq. Modul tipli binaların quraşdırılması nəzərdə tutulan məktəblərin ikisi ibtidai, dördü isə ümumi orta təhsil ocaqlarıdır. Həmin məktəblərin əksəriyyəti dağlıq ərazidə yerləşir. Məlumat üçün bildirək ki, bu il ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan 332 məktəb üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulub.

Ümumiyyətlə isə, müstəqillik illərində Quba rayonunda təhsilin maddi-texniki bazasının daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Bu illər ərzində 9 min 662 şagird yerlik 56 məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 min 510 şagird yerlik 17 məktəb binası inşa edilib. Bununla yanaşı, 2 min 380 şagird yerlik 8 məktəb binası əsaslı təmir olunub. Hazırda Təhsil Nazirliyi tərəfindən hər biri 180 şagird yerlik iki məktəb binasının inşası davam etdirilir.

Bu istiqamətdə işlər Sabirabad rayonunda da aparılır. Məlumat üçün bildirək ki, ötən il təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində rayonda 432 şagird yerlik Moranlı kənd tam orta məktəbinin tikintisi başa çatdırılıb, 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin tikintisi davam etdirilib, 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılıb. 140 yerlik 1 saylı şəhər uşaq bağçası yenidən qurulub, Ulacalı kəndində 20 yerlik uşaq bağçası inşa olunub.

Bu ilin birinci rübünə gəlincə, Təhsil Nazirliyi tərəfindən Sabirabadın Qəfərli kənd ibtidai məktəbi üçün modul tipli yeni məktəb binası quraşdırılır. 40 şagird yerlik binanın tikintisinə bu ilin fevral ayında başlanılıb. Bina nazirliyin təsərrüfat hesablı tikinti idarəsi tərəfindən quraşdırılır. İş icraçısının sözlərinə görə, tikinti-quraşdırma işləri may ayının axırına qədər başa çatdırılacaq.

Ümumiyyətlə isə müvafiq Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Və ölkəmizdə təhsil infrastrukturunun müasir səviyyəyə yüksəldilməsi siyasəti ardıcıl xarakter daşıyır.

Yeri gəlmişkən, Təhsil Nazirliyinin sifarişi ilə Şamaxı rayonunun Meysəri kəndində tam orta məktəb üçün yeni bina inşa edilir. 132 şagird yerlik bina ikimərtəbəlidir. Burada tədrisin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şərait yaradılacaq. Layihəyə əsasən, təhsil müəssisəsində 20 sinif otağı, kimya və fizika laboratoriyaları, kitabxana, idman və akt zalları, əmək təlimi otağı, yeməkxana və digər kabinetlər yaradılacaq. Kənd məktəbi üçün yeni binanın qarşıdakı dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, birinci Dövlət Proqramından bəri Şamaxıda ümumtəhsil məktəbləri üçün 20 yeni bina inşa olunub. Bu binalardan dördü Heydər Əliyev Fondu tərəfindən tikilib.

Naxçıvan Muxtar Respublikasında da hər il yeni məktəb binaları tikilərək istifadəyə verilir, bütün yaşayış məntəqələrində yeni texnologiyalarla təchiz olunan mütərəqqi tədris metodları tətbiq edilir, gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər böyüməsi üçün bütün tədbirlər görülür. Ötən il muxtar respublikada 5 min 460 şagird yerlik 15 məktəb binası, 13 kənd və 14 xidmət mərkəzi daxil olmaqla, 256 müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Eyni zamanda, ötən illərdə olduğu kimi, 2017-ci ilin birinci rübündə də Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb tikintisi davam etdirilib. 2017-ci ilin ötən dövründə muxtar respublikada 5 təhsil müəssisəsinin istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Bu tədbirlərin davamı olaraq fevralın 15-də Şahbuz rayonunun Kolanı kəndində yeni məktəb binası istifadəyə verilib.

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində isə yaxın günlərdə yeni məktəbin tikintisinə başlanılacaq. Yeni məktəb binasının tikiləcəyi yer artıq hazır vəziyyətə gətirilir. 420 yerlik məktəb binası üçmərtəbəli olacaq. Burada şagirdlərin hərtərəfli bilik alması üçün lazımi şərait yaradılacaq.

Eyni zamanda, ötən ay Şərur şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Bina ilə tanışlıq zamanı qeyd olunub ki, məktəb binası ən müasir tələblərə cavab verir. Dördmərtəbəli və 1020 şagird yerlik məktəbdə müasir tədris şəraiti yaradılıb. 5-i elektron lövhəli olmaqla 50 sinif otağı, 2 müəllimlər otağı, 2 şahmat otağı, tibb otağı, bufet, idman zalı, açıq idman qurğuları və mini futbol meydançası şagirdlərin istifadəsinə verilib, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə yeni avadanlıqlar və əyani tədris vasitələri ilə təchiz edilib. Məktəbin zəngin kitabxanasında 20 minə yaxın müxtəlif ədəbiyyat toplanıb. Onlardan 8973-ü dərslik, 10245-i isə bədii ədəbiyyatdır. Məktəbdə 4 kompüter otağı yaradılıb, ümumilikdə, 84 kompüter quraşdırılaraq sürətli internetə çıxışı təmin edilib. Yeni texnologiyalar məktəbdə distant tədrisin tətbiqinə və interaktiv dərslərin keçirilməsinə imkan verir. Elektron lövhəli sinifdə Məhəmməd Tağı Sidqinin Ordubad şəhərindəki ev muzeyi ilə muxtar respublikanın 208 məktəbi arasında keçirilən distant dərs izlənib.

Eyni zamanda, Şərur rayonunun Ərəbyengicə və Ələkli kəndlərində kompleks quruculuq işlərinə başlanılıb. Belə ki, Ərəbyengicədə kənd məktəbinin müasir standartlara cavab verməyən köhnə binası sökülür. Yeni tikiləcək bina 192 şagird yerlik və 3 mərtəbədən ibarət olacaq. Binada 13 sinif otağı, 1 elektron lövhəli sinif, 1 kompüter otağı, 2 laboratoriya, kitabxana, idman zalı və digər otaqlar şagirdlərin ixtiyarına veriləcək.

Rayonun Ələkli kəndində də kompleks quruculuq işləri aparılır. Kənddə məktəb, kənd mərkəzi və xidmət mərkəzindən əlavə, uşaq musiqi məktəbi üçün də binalar tikilir. Uşaq musiqi məktəbinin binası iki, tam orta məktəbin binası isə üçmərtəbəli olacaq. 216 şagird yerlik məktəbdə şagirdlərin təhsili üçün hərtərəfli şərait yaradılacaq.

Bir sözlə, bütün bu sadalananlar da onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın qabaqcıl ölkələrinin təcrübəsində olduğu kimi elm, təhsil, innovasiya yönümlü inkişafı hədəfləyib. Elə respublikamızın bütün regionlarında təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması da bunu təsdiqləyir.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2017.- 12 aprel.- S.7