İki
filmə bir baxış: “Səngərdə açılan səhər” və “Cəsarətin
sultanı”
Bu günlərdə “Dünya” Müstəqil
Televiziya Şirkətinin çəkmiş olduğu iki sənədli
filmi izlədim: “Səngərdə açılan səhər”
və “Cəsarətin sultanı”.
İlk olaraq “Səngərdə açılan
səhər” filmi haqqında yaranmış təəssüratlarımı
bölüşmək istərdim. Onu deyim ki, təəssüratlarım
o qədər kədərli, boğaz qəhərləndirici, ən
əsası, o qədər iftixarvericidir ki!
Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı
keçirilən bu film aprel döyüşlərində Azərbaycan
Ordusunun göstərdiyi qəhrəmanlığa, həmin
döyüşlərin uğurlu nəticələrinə həsr
olunub. O aprel döyüşləri ki,
2016-cı ildə vətənimizə, xalqımıza və
döyüş tariximizə bir daha iftixar hissi yaşatdı.
O aprel döyüşləri ki, bu döyüşlərlə
Qarabağ müharibəsində itirilmiş torpaqların
işğaldan azad olunacağına inam bir daha artdı, millətimizin
birliyinə şübhə edənlərə layiqli
cavab oldu. O aprel döyüşləri ki, xalqımıza qələbə
qazandırdı və bu qələbənin daimi Zəfərlə
yekunlaşacağına ümidimiz böyüdü. İndi
aprel bizim üçün adi bir təqvim deyil. Ordumuzun sayəsində
aprelin ilk günləri Azərbaycan tarixində adilikdən
çıxdı və şan qazandı.
Filmdə gərəkli olan 3 əsas cəhət
öz həllini tapıb: ideya, mətn və təsvir. Bu 3 cəhətin
üzərinə də mətnin uğurlu səsləndirilməsini
əlavə etsək, filmin müvəffəqiyyətlə
tamamlanmış olduğunu görərik. Səsləndirmə
əməkdar artist Azad Şükürovun timsalında qərarlaşıb.
Əsrarəngiz səsin çalarları mətnin qayəsinə
tam uyğunlaşıb.
Öncə filmin əsas qayəsini, məqsədini,
ideya xəttini, özünəxas cəhətlərini qeyd etmək
istərdim. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
ordumuzun taktiki manevr qabiliyyəti, qələbə əzmi
filmin ideya xəttini təşkil edir. Film göstərir ki,
ordu quruculuğu və güclü nizami ordunun
varlığı zəkayla gücün vəhdətindən
yaranır. Bunu film boyu anlamaq və hiss etmək çətin
deyil. “Azərbaycanda güclü Ordu var. Ordu potensialı
gündən-günə güclənir, möhkəmlənir...
Ordu bizim dövlət siyasətimizdir,
prioritetdir”, - deyən Ali Baş Komandanın sözləri qətiyyət
və çağırış rəmzi kimi səslənir
filmdə. “Azərbaycan dövlətinin sülhsevər siyasəti
sabitliyin qarantıdır”, - deyən Prezidentimizin əzmi filmi
izləyənlərə pozitiv əhval-ruhiyyə
ötürür. Millətimizin birliyi və həmrəyliyi,
Ordumuzun qəhrəmanlığı və döyüşkənliyi
üçün vacib şərtlərdən biri ən
xırda uğurdan tutmuş böyük qələbəyə
qədər hər məqamı dəyərləndirməkdir.
Bu dəyəri yerində və zamanında verməkdir.
Zamanında və məkanında verilən qiymət daha yeni və
daha böyük qələbələrə yol
açmış olur. Film bu xüsusiyyətləri
özündə cəm etmiş, xalqla dövlətin birliyi
uğurla əks olunmuşdur.
Filmin mətni və onun səsləndirilməsi
ilk başdan diqqəti çəkir. Öncə qeyd edim ki, mətn
son dərəcə yaradıcı bir ruhun məhsulu təsirini
bağışladı. Mətn önümdə bir
yazıçı, bir şair qələminin, bir filosof hikmətinin
təzahürü kimi açıldı. Zənginliyi və
dolğunluğu ilə diqqətimi çəkdi. Sonda titrlərdə oxudum ki, Rəşid
Faxralının “Lələtəpə” poemasından filmdə
istifadə olunmuşdur və bu da filmin bədii mətn dəyərini
daha da artırmışdı. Filmin mətni bir bədii əsər
məqamına qədər yüksəlir: “Gecənin
içi ilə bir qələbə irəliləməkdə
idi. “Gəlin, gəlin”, - deyirdi Lələtəpə. - Bu gəlişi
düz 24 ildir ki, gözləyirəm”. Torpaqsevərliyin
işğalla döyüşü günü - aprel
döyüşləri günü yalnız bu cür təsvirlərə
layiqdir: “Üçrəngli bayrağımızın daha əzəmətlə,
qürurla dalğalandığı məqam. Üstündəki
ulduzun şəhid ruhuyla, üstündəki Ayın
Qarabağ səmasında üçgünlük gəlin
kimi nazlanaraq bədirlənmiş Ayla dodaq-dodağa verdiyi məsud
Tarix”.
Yaxud da filmin ilk başlanğıcından
duyduğumuz təşbehlərə fikir verək: “Bu
dünyanın iki müqəddəsi var. Nə borcu ödənər,
nə haqqı verilər. Bu dünyanın iki müqəddəsi
var, ömrü boyu qəhrimizi çəkər, bir yol
usandım deməz. Bu dünyada iki müqəddəs anlam var.
Dilindən, dinindən, durduğu məqamdan, tutduğu
mövqedən asılı olmayaraq adı çəkiləndə
hamı ayağa qalxar, hər kəs önündə səcdə
edər. Bu dünyanın iki müqəddəsinin
birinə Ana, birinə də Vətən deyirik....biri ilk, biri
son ünvanımızdır”. İlk ünvanımız ana bətni,
son ünvanımız Vətən torpağıdır deyən
mətn uğurlu bir təşbehlə Ana Vətənin
müqəddəsliyini, onun uğrunda candan, qandan
keçməli olduğumuzu bir daha xatırlatmış olur.
Mövzuyla məzmun arasında dialektik vəhdət
mövcuddur və bunu film boyu görmək
mümkündür. Bu baxımdan filmin çəkiciliyi hiss
edilir, dəyəri idrak olunur. Mətn əsrarəngiz səslə
ifadə olunduqca, səsləndirildikcə insanda bir iftixar
hissi, Vətən sevgisinin fövqündə dayanacaq duyğular
oyadır. Bu oyanış varsa, bu iftixar yaranırsa,
bütün bunlar filmin uğurundan xəbər verir.
Nəhayət, filmdə uğurlu həllini
tapan üçüncü məqam təsvirlərdir. Belə
ki, filmin təsvirləri xüsusi diqqət çəkir. Vətən
torpağının dağı-daşı, çayı-suyu,
dərəsi-təpəsi, yaylası-meşəsi, bir sözlə,
bütün müqəddəsliyiylə bərabər, gözəllikləri
əks olunur film boyu. Bu gözəllikləri və
müqəddəsliyi qorumağa çağırır insan
övladını. Vətən deyəndə ilk ağla gələ
biləcək geniş və azad Vətən torpağı,
çöllər, dağlar-dərələr canlanır
göz önündə. Daha sonra bu Vətənin
atributları və bir vətəndaş kimi bizim bu
atributlara olan sevgimiz, onları qorumaq borcumuz canlanır. “Hardan
başlanır Vətən” sualına cavab da var bu filmdə: Məndən,
səndən, bizdən başlayır Vətən. Filmdə əksini
tapan Ali Baş Komandanın qətiyyətli fikirləri Vətənin
müqəddəsliyini məqam-məqam yüksəldir.
Yaradıcı qrup düşmən tapdağından azad olunan
Lələtəpədə, Cocuq Mərcanlı kəndində
çəkilişlər aparıb. Aprel döyüşlərində
iştirak etmiş hərbçilər döyüş təəssüratlarını
bölüşüblər. Bu hərbçilər
arasında Azərbaycan Ordusunun çavuşu da, əsgəri
də, giziri də, zabiti də var. Onlar aprel döyüşlərinin
canlı şahidləridir. Bəs filmdə
Şəhidlər hardadır! Şəhid ruhu film boyu hər
sətirdə, hər məqamda, hər səsdə, hər
döyüşdə, bir sözlə, hər yerdədir.
Şəhid ruhlarının gəzdiyi Vətən
torpağı, bayrağa döndərdikləri qanlı
köynəkləri valideynlərinin ürəyinin
üstündə yer alır. Sanki hər şəhid ruhu “Vətən
uğrunda ölüm həyatın davamıdır” deyir.
Sən şəkil yox, nəfəsimsən,
axan qansan varlığımda,
Hansı rənglər çiçəklənir
gör üçrəngli bayrağımda (Xəlil Rza
Ulutürk)
- deyir şəhid ruhu. Eyni zamanda filmin müəllifi
Dağlıq Qarabağ münaqişəsinin tarixinə
ekskurs edib, Azərbaycanın haqq işi uğrunda mübarizə
yoluna işıq salıb. Filmin redaktoru Hafiz İmamnəzərli,
ideya müəllifi Ramiz Hüseynov, müəllif və
rejissor Elşən Qəni, operator Kamil Quliyev, kreativ
prodüseri isə Rais Bəhramidir. Yaradıcı qrupun
adını sadalamaqla bu pozitiv ideyayla yüklü filmdə əməyi
keçənlərin zəhmətinə “əhsən!” demək
istədim.
Film tamaşaçıya öyrədir ki, Vətən
varsa, sən də varsan. Var olmaq üçün Vətəni
göz bəbəyin kimi qorumalısan... Film izləyiciyə
göstərir ki, yağı düşmən
torpaqlarımızın bir hissəsini yağmalayıb,
yurdlarımızı viran qoyub, amma bu son deyil və biz tapdaq
altında olan torpaqları işğaldan azad etmək
üçün təmas xəttində
üstünlüyü əldə etmişik. İndi növbə
aprel döyüşlərinin apardığı yolda tam
və qətiyyətli Qələbəyə nail olmaqdır.
İkinci baxdığım film “Cəsarətin
sultanı” adlanır. İki ay öncə Sumqayıt Dövlət
Teatrında şəhər ictimaiyyəti nümayəndələrinin
iştirakı ilə geniş təqdimatı keçirilən
bu film konkret bir şəxsə - “Azərbaycan bayrağı
ordeni”ni şərəflə daşıyan “Mən Vətən
uğrunda ölməyə yox, öldürməyə
hazıram” deyən və təqaüddə olan
polkovnik-leytenant Sultan Orduxan oğlu Bəndəliyevə həsr
edilib. Film həm doğum tarixi (II dünya müharibəsi illəri),
həm gənclik illəri (Əfqanıstanda hərbi xidmət),
həm də yetkin hərbçi həyatı
məhz müharibələrdə keçən bir
ömür yoluna işıq tutub. Elə bir ömür ki, hər
kəsə örnək ola biləcək cəsarət
nümunəsi, qəhrəmanlıq simvoludur.
Film 2016-cı ildə Qartal Tikinti Firmasının
direktoru Şahin Məmmədovun sifarişi ilə “Dünya”
Müstəqil Teleradio Şirkəti tərəfindən
çəkilmişdir. Filmin müəllifi Hafiz İmamnəzərlidir.
Filmdə Sultan Bəndəliyevin hərbi
işi - onun taktiki və strateji yönlərini peşəkarcasına
bilməsi süjet-süjet, səhifə-səhifə
açılır, keçdiyi ömür yoluna ekskurs edilir.
Filmi izlədikcə doğma Azərbaycanımızda belə
canlı qəhrəmanların olduğundan qürur hissi
duyursan. Sultan Bəndəliyevin hərbçi həyat yolu
Əfqanıstan müharibəsindən, Qarabağ müharibəsindən
keçib. Ona bu müharibələrdə “Batya” ləqəbi
verilib. “Batya” ermənilərə qan udduran bir qəhrəman
döyüşçü, hərb tarixini və hərb
işini dərindən bilən mayor Bəndəliyevin gəncliyi
idi. Bəndəliyevin mükəmməl komandir
strategiyası Ağdamın Abdal-Gülablı kəndində,
Aranzəmin, Pircamal, Naxçıvanik döyüşlərində
hərbçilərin dadına çatıb.
Əfqanıstandan başlayan döyüş yoluyla Sultan Bəndəliyevin
topladığı döyüş təcrübəsi
Qarabağ müharibəsində böyük rol oynayıb.
Döyüş xasiyyətnaməsindən sətirlər
göstərir ki, Sultan Bəndəliyev olduğu bütün
hərbi hissələrdə, bütün müharibə
zonalarında önəmli şəxs olmasıyla seçilib,
fərqlənib. Bütün bunları filmi izlədikcə
onun haqqında söz deyən insanların, keçmiş
döyüşçülərin və tarixi faktların dili
deyir.
1993-cü ilin 19 dekabrında Gəncədə
hərbi əməliyyat zamanı Sultan Bəndəliyev minaya
düşür. Bundan sonra onun bir ayağı amputasiya olunur. O, “ayağımı itirmişəm, biliyimi, təcrübəmi
itirməmişəm ki” deyərək yenidən ön cəbhəyə
dönür, onun yurd sevgisindən doğan bu cəsarətindən
pay götürənlər çox olur. “Əsas odur ki,
insanın ürəyində təpər, Vətən sevgisi
olsun!” deyən Sultan Bəndəliyev həyatı boyu bu
şüarla, bu istəklə yaşayıb.
Əfqanıstan və Dağlıq Qarabağ
müharibəsi veteranı Sultan Bəndəliyev 1998-ci ildən
təqaüddədir. “Baxmayaraq ki, təqaüddəyəm,
ayağımı itirmişəm, Ali Baş Komandan əmr versə
yenə də döyüşə getməyə hazıram”
deyir. “Cəsarətin sultanı” filmini izlədikcə
xalqımızın bu cür layiqli övladlarının
olmasından duyduğum fəxr hissi hələ uzun zaman məni
tərk etməyəcək. Nə qədər ki bu cür
filmlər çəkilir və yaranır, hərbi-vətənpərvərlik
ruhunda maarifləndirmə işi də o qədər
faydasını verəcək. Bu dünyada insanların ən
gözəli cəmiyyətə faydalı olanlarıdır.
Filmlər gənclərdə çox
böyük vətənpərvərlik hissləri oyadır və
onları torpaqlarımızı düşmən
tapdağından azad etməyə çağırır.
Sonda qısaca olaraq demək istərdim ki, bu hər
iki filmi araya-ərsəyə gətirən insanlar, ürəyinizə
və əməyinizə sağlıq olsun! Vətən
torpağının azad olunacağı Zəfər
gününə filmlər həsr etmək üçün
sağlıq olsun...
Həyat
Şamıyeva
Yeni Azərbaycan.-
2017.- 12 aprel.- S.5