Ulu öndər Heydər Əliyevin Azərbaycanın tikinti kompleksinin inkişafında rolu

 

Tarixin dönüş nöqtələri bir çox hallarda xalqın yetişdirdiyi dahi şəxsiyyətləri ilə bağlıdır. Müasir Azərbaycanın formalaşması və müstəqil respublikanın qurulması yolunda milli tarixin əsas dönüş nöqtələri Ulu öndər Heydər Əliyevin dövlətə rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illərə təsadüf edir. Bu dövrlərdə ölkə iqtisadiyyatının bütün istiqamətlərində müşahidə olunan müsbət dinamika fonunda tikinti sektorunun dayanıqlı təməlinin qoyulmasında və sürətli inkişafında Heydər Əliyevin rolu əvəzolunmazdır.

Azərbaycanda tarixən tikinti və quruculuq işlərinə böyük əhəmiyyət verilmişdir. XIX əsrin ortalarında şəhərsalma və memarlıq ölkə həyatında və cəmiyyətin inkişafında getdikcə böyük rol oynamağa başlamışdır. Lakin bu sahənin daha intensiv inkişafı, geniş tikinti potensialının yaradılması, sahə üzrə inkişaf proqramlarının qəbul edilməsi, yeni kadrların yetişdirilməsi və müvafiq layihələrə cəlb olunması məhz Ulu öndər Heydər Əliyevin Sovet İttifaqı zamanı Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Sovet dövründə ölkədə müəyyən inkişafın müşahidə olunduğuna baxmayaraq, 1960-cı illərin sonunda Azərbaycanın sosial-iqtisadi göstəriciləri İttifaqın orta göstəricilərindən xeyli aşağı idi. Adambaşına düşən sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan 15 Sovet Respublikası arasında axırıncı yerlərdən birini tuturdu.

Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublika rəbərliyinə gəlişi zamanı ilk növbədə geridə qalmış xalq təsərrüfatını sürətlə inkişaf etdirmək məqsədilə sovet ali hakimiyyət orqanları qarşısında 70-80-ci və qarşıdan gələn illər üçün möhtəşəm inkişaf proqramı qoymuşdur. Tezliklə Azərbaycanın orta ittifaq səviyyəsindən geriləməsi prosesini dayandırmaq, iqtisadiyyatın inkişaf etdirilməsinin yeni strategiyasını hazırlamaq və bu sahədə dərin islahatlar həyata keçirmək üçün real təkliflər irəli sürüldü.

Heydər Əliyevin təşəbbüsü ilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən 1970-1979-cu illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafına yönəlmiş beş vacib qərar qəbul olundu. Onlardan ikisi sənayenin, üçü kənd təsərrüfatının inkişafının daha da intensivləşdirilməsinə hədəflənmişdi. Bu qərarlara əsasən ölkədə yeni müasir sənaye müəssisələrinin tikintisi və yenidən qurulması, kənd təsərrüfatının sürətli inkişafı, sosial-mədəni, xidmət və infrastruktur obyektlərinin inşası nəzərdə tutulmuşdu.

Bu genişmiqyaslı proqramları həyata keçirmək üçün tikinti işlərini əhəmiyyətli şəkildə sürətləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək tələb olunurdu. Bununla əlaqədar, tikinti kompleksində yaranmış vəziyyəti dərindən təhlil etmək məqsədilə 1971-ci ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin tikinti məsələlərinə həsr edilmiş xüsusi plenumu keçirilmiş, tikintidə mövcud vəziyyət ətraflı təhlil olunmuş, nöqsanlar aşkarlanaraq, onların aradan qaldırılması üçün konkret tədbirlər planı təsdiq edilmişdi.

Növbəti illər ərzində tikintidə mövcud vəziyyət bir qayda olaraq ən yüksək səviyyədə müzakirə olunur, bu sahədə vəziyyəti kökündən yaxşılaşdırmaq məqəsdilə tikinti kompleksində fəaliyyət göstərən nazirlik, komitə və idarə rəhbərlərinin şəxsi məsuliyyətinin artırılması, kapital qoyuluşunun səmərəli istifadə edilməsi, tikintinin müddətinin azaldılması və keyfiyyətinin yüksəldilməsi məsələləri Heydər Əliyevin şəxsi nəzarətində saxlanılırdı.

Araşdırmalar göstərir ki, 1969-1982-ci illər sovet dövründə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının ən yüksək dövrü olmuşdur. Bu illər ərzində respublikada iqtisadiyyatın bütün sahələri üzrə inkişaf əldə edilmişdir. 1971-1975-ci illər Azərbaycan iqtisadiyyatının dönüş mərhələsi kimi qiymətləndirilir. Bu illər ərzində sənaye məhsulu nəzərdə tutulmuş 43-46% əvəzinə 50% artmış, orta illik artım 1966-1970-ci illərlə müqayisədə 29% yüksəlmiş, sənayedə müsbət struktur dəyişikliyi aparılmışdır. Bu işlər sonrakı 1976-1982-ci illər ərzində də uğurla davam etdirilmişdir. Neftayırma və neft emalı zavodlarının tikintisinə, kimya və metallurgiya sənayesi və digər sahələrdə böyük həcmdə tikinti-yenidənqurma işlərinə başlanılmışdır.

Sosial-iqtisadi göstəricilərin respublika üzrə ildən-ilə yüksəlməsinin əsas səbəbi iqtisadiyyatın ən vacib sahələrindən biri olan tikinti kompleksinə dövlət tərəfindən ciddi qayğı və diqqətin artırılması ilə əlaqədar idi. Heydər Əliyevin təşəbbüsü ilə aparılan islahatlar tikinti materialları sənayesinin inkişafı, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni kadrların hazırlanması kimi istiqamətlərdə ciddi irəliləyişlər əldə etməyə imkan vermişdir.

Tikinti kompleksində görülən işlərin Ulu öndərin daim diqqət mərkəzində olması bu sahədə çalışan rəhbər işçilərin, eləcə də əmək kollektivlərinin məsuliyyətini də artırmışdır. Nəticədə tikintinin əsas göstəriciləri əvvəlki illərə nisbətən dəfələrlə artmış, tikilən mühüm obyektlərin vaxtında və yüksək keyfiyyətlə istifadəyə verilməsi təmin edilmişdir. Onların sırasında Kür su kəmərini, “Neftçilər” və “Nizami” metro stansiyalarını, Yeni Bakı Neftayırma zavodunun emal kompleksini, Bakı Məişət Kondisionerləri zavodunu, Qaradağ rayonunda nəhəng Dərin Özüllər Zavodunu və bir çox digərlərini misal gətirmək olar.

Əhalinin sosial şəraitinin yaxşılaşdırılmasında mənzil tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini dərindən bilən Heydər Əliyev hələ 1971-ci ildə müvafiq təşkilatlar qarşısında bu problemin həll edilməsi üçün ciddi vəzifələr qoymuşdur. Elan olunan əsas məqsədlərdən biri istifadəyə verilən mənzillərin sayını ən azı iki dəfə artırmaq, kooperativ tikintilərinin genişlənməsini və yaxşılaşmasını təmin etmək, yeni mənzil sahələrinin vətəndaşlar arasında bölgüsü işində nəzarəti və məsuliyyəti artırmaq idi. Heydər Əliyev vurğulayırdı ki, bütün insanları abad mənzillə təmin etmək məsələsi ən mühüm problemlərdən biri olaraq qalır və partiya, həmkarlar ittifaqı və bütün təsərrüfat orqanlarının diqqəti bu problemin həllinə yönəldilməlidir. Bu illərdə Bakı şəhərində mənzil tikintisini sürətləndirmək üçün görülən tədbirlərdən biri və ən mühümü Heydər Əliyevin təşəbbüsü ilə iri panelli evtikmə kombinatlarının təşkil edilməsi oldu. Həmin kombinatların qüvvəsi ilə Bakının Yeni Əhmədli, Günəşli, Yeni Yasamal, 9-cu mikrorayon kimi iri yaşayış massivləri inşa olunmuş, on minlərlə insan yeni mənzillərə köçmüş və xeyli adam öz mənzil-məişət şəraitini yaxşılaşdırmışdır.

Qeyd edilməlidir ki, 1969-1982-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərinin də inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi dəyişdi. 14 ildə yeni binalar, mədəniyyət obyektləri istifadəyə verildi, yaşayış evlərinin tikintisi geniş həcmdə həyata keçirildi. Bu illərdə tikilən çoxmənzilli binalar bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 il ərzində respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə yeni mənzillə təmin edilməsinə imkan yaratmışdı.

Heydər Əliyev hakimiyyətinin 1969-1982-ci illər dövrünü təhlil edərkən görürük ki, Ulu öndərin atdığı bir çox addımlar gələcəyə hesablanmışdır. Bu dahi insan hələ o zaman Azərbaycanın gələcəyi haqqında düşünür, dərin islahatları uğurla həyata keçirməklə respublikanın sosial-iqtisadi inkişafını sürətləndirir, böyük kadr potensialını hazırlayırdı. O illərdə tikinti kompleksində böyük məktəb keçmiş, məsuliyyət hiss edən, tələbkar, peşəkar, səriştəli kadrlar yetişdirilmişdir.

Ulu öndər Heydər Əliyev işində qətiyyəti və güclü şəxsi liderlik xüsusiyyətləri sayəsində xalqın ən istedadlı və peşəkar nümayəndələrini asanlıqla ətrafında birləşdirir, Azərbaycanın parlaq gələcəyi naminə irəli sürdüyü təşəbbüslərin reallaşdırılmasına ruhlandırırdı. Onun respublikaya rəhbərliyi zamanı iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, tikinti sektorunda da göstərdiyi xidmətlərinə görə bir çox memarlar, layihəçilər, inşaatçılar püxtələşib yüksək səviyyəli peşəkarlar kimi yetişərək, ittifaq və dünya miqyasında nüfuz qazanmış, fəxri adlara layiq görülmüş, Azərbaycanın adını daha da ucaltmışlar. Qısa müddət ərzində tikinti sektorunun 100-dən çox peşəkar nümayəndəsi “Əməkdar mühəndis”, “Əməkdar memar”, “Əməkdar inşaatçı” fəxri adları ilə, orden və medallarla təltif olunmuşlar.

XX əsrin 70-ci illəri Sovetlər İttifaqının digər respublikaları üçün “durğunluq illəri” sayılırdısa, Azərbaycan o zaman həqiqi inkişaf dövrünü yaşayırdı. Ulu öndərin yüksək təşəbbüskarlığı, müdrik siyasəti, bacarığı sayəsində Azərbaycan sözün əsl mənasında intibah dövrünü yaşamışdır. Heydər Əliyev məmləkətimizin çiçəklənməsi və inkişafı naminə Sovet İttifaqı rəhbərliyinin diqqətini, qayğısını ölkəmizə yönəldə bilmişdir. Məhz Heydər Əliyev zəkası və müdrikliyi ölkəni yeni demokratik inkişafa doğru apardı və müasir Azərbaycanı inkişaf etməkdə olan ölkələr sırasına çıxardı.

Bugünkü Azərbaycan Ümummilli lider Heydər Əliyevin çoxillik gərgin və uzaqgörən fəaliyyətinin məhsuludur. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlir. Azərbaycanda müstəqil dövlət quruculuğunun memarı olan Ulu öndər iqtisadiyyatda müasir tələblərə uyğun dövlət tənzimlənməsi sisteminin əsasını qoyur, mürəkkəb bir şəraitdə bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan səmərəli dövlətçilik mexanizmini formalaşdırır.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər respublikamızda nəinki iqtisadi yüksəliş, eyni zamanda, yaşıllaşdırma və abadlaşdırılma işləri ilə, yeni yaşayış məskənlərinin tikilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və insanların məişət mədəniyyətinin yüksəldilməsi dövrü kimi də xalqın yaddaşındadır. Bu, ondan irəli gəlir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə istər kənd yerlərində, istərsə də şəhərlərdə əhalinin böyük hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, yeni yaşayış massivləri tikilmiş, fərdi evlərin sayı çoxalmış, minlərlə insanın maddi rifahı və sosial şəraiti yaxşılaşmışdır.

Elə ilk gündən Azərbaycan xalqının bütün imkanlarını, qurub-yaratma potensialını və işgüzarlıq qabiliyyətini hərəkətə gətirərək canlı, ahəngdar və saat kimi dəqiq mexanizm halına salan Heydər Əliyev respublikamızın güclü yüksəlişinə, adının hörmətlə çəkilməsinə nail oldu. Onun yorulmaz və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin bütün ərazisi başdan-başa quruculuq meydanına çevrildi.

1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən Azərbaycanda quruculuq, abadlaşdırma və sosial-ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticədə əhalinin sosial şəraitinin yüksəlməsində öz əksini tapmışdır. Sosial cəhətdən yaşayış məskənlərində ekoloji problemlərin həll edilməsi əhalinin güzəranı, mənzil-məişət şəraiti ilə qarşılıqlı əlaqədədir.

Sosial nöqteyi-nəzərdən məişət mədəniyyəti dedikdə əhalinin sağlamlığından tutmuş yaşayış tərzi, mədəni səviyyəsi, davranışı, adət-ənənəsi, kənd, qəsəbə və şəhərlərin abadlığı, yaşayış məskənlərinin yaşıllıq dərəcəsi, şəhərsalma mədəniyyəti, mənzil şəraiti, yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ötürücülərinin tikilməsi, əhaliyə göstərilən məişət xidmətlərinin səviyyəsi, kommunal rahatlığı, istirahət zonalarının yaradılması və yaşayış yerlərinin ekoloji təmizliyinədək geniş bir anlayış başa düşülür.

Əhalinin məişət mədəniyyətinin yüksəldilməsində şəhərsalmanın əhəmiyyətini yüksək qiymətləndirən Ulu öndər Azərbaycana rəhbərlik etdiyi ilk günlərindən Bakı, Sumqayıt və Gəncə kimi iri sənaye şəhərlərində şəhərsalmanın planlı şəkildə və elmi əsaslarla aparılmasına ciddi fikir verirdi. Heydər Əliyev şəhərsalma məsələlərindən danışaraq bu sahədə Bakıda xeyli işlərin görüldüyünü xüsusi qeyd edirdi. O, şəhərsalmanın elmi əsaslarla planlaşdırılması və tikinti işlərinin davam etdirilməsinin paytaxt üçün mühüm məsələ olduğunu xüsusi vurğulayırdı.

1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Beynəlxalq Bankın yeni binasının açılışı mərasimində çıxışı zamanı səsləndirdiyi bu sözlər Onun vətənə hədsiz məhəbbətini, işinə münasibətini, quruculuq və yaradıcılıq həvəsini çox gözəl əks etdirir: “Mən şəhərin hər bir daşını, hər bir küçəsini, binasını özüm üçün doğma hesab edirəm. Əgər hər kəs millətini, şəhərini, Vətənini və paytaxtımız olan Bakını sevirsə, belə hissiyyatla yaşamalıdır”.

Respublikada mənzil tikintisi və şəhərsalma məsələlərinə qayğı və diqqətlə yanaşan Heydər Əliyev əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və urbanizasiya prosesini məqsədyönlü şəkildə inkişaf etdirmək üçün əvvəlki illərdə şəhərsalma ilə bağlı görülən tədbirlərin həyata keçirilməsində buraxılmış nöqsanları ciddi tənqid edirdi. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər kompleksi şəhərsalma və əhalinin yerləşdirilməsi məsələlərinin həllindəki ciddi nöqsanları aradan qaldırmaq üçün çox vacibdir. O, yeni yaşayış kvartallarının salınmasının, köhnə şəhərlərin bərpa olunaraq yenidən qurulmasının, abad kənd və qəsəbələrin salınmasının şəhər və kənd əhalisinin həyat şəraitinin bir birinə yaxınlaşmasına kömək edəcəyinə inanırdı və bu məqsədlərə doğru qətiyyətlə irəliləyirdi.

Zaman Heydər Əliyevin şəhərsalma ilə bağlı olan müdrik və uzaqgörən siyasətinin düzgün perspektivli olduğunu bir daha sübut etdi. Hazırda Bakının bir çox yerlərində müasir layihələr əsasında tikilən çoxsaylı hündürmərtəbəli yaşayış evlərinin və ictimai binaların şəhərə yaraşıq verməsi, bütövlükdə paytaxtda aparılan geniş abadlıq işlərinin nəticələri dahi rəhbərin həmin illərdə irəli sürdüyü təşəbbüslərin uğurla həyata keçdiyini göstərən faktlardır.

Məlumdur ki, şəhərsalma məsələlərində memarlığın rolu böyükdür. Gözəl memarlıq işlərini yüksək qiymətləndirən Heydər Əliyev memar və arxitektorların əməyinə həmişə qayğı ilə yanaşmış, mənzil tikintisi və şəhərsalma məsələlərində onların fəaliyyətini layiqincə dəyərləndirmişdir. Respublika iqtisadiyyatının dinamik inkişafı, insanların rifahının durmadan yüksəlməsi istehsal obyektlərinin, mədəniyyət, elm, təhsil müəssisələrinin, yaşayış evlərinin yüksək sürətlə tikilməsini, şəhərlərin, qəsəbələrin, kəndlərin daha tez abadlaşdırılmasını tələb etdiyini qeyd edən dahi şəxsiyyət bütün bu işlərdə memarların rolunun danılmaz olduğunu hər zaman vurğulayırdı. O, hər zaman qeyd edirdi ki, inşa edilən bütün tikililərin hamısı gözəl, orijinal olmalı, adamların estetik tələblərinə cavab verməlidir.

Heydər Əliyev yeni tikilən binalarda milli memarlıq formalarına geniş yer verməyi, binaların interyer və eksteryerlərində milli naxışlardan səmərəli istifadə etməyi tövsiyə etmişdir ki, bu da Ulu öndərin milli mədəniyyətimizə dərin məhəbbətini göstərən amillərdəndir. Dahi rəhbər mənzil tikintisində Şərq üslubuna, milli mədəniyyətimizə sadiq qalmağa üstünlük verir və bunu hamıya xatırladırdı. Onun daim vurğuladığı məsələlərdən biri memarların, layihəçilərin öz işlərində Azərbaycan memarlığının binalara Şərq koloriti verən ünsürlərindən geniş istifadə etməsi ilə bağlı olmuşdur. O bildirirdi ki, inşa edilən ansambllar və ayrı-ayrı tikililər Bakının sabahıdır və bunlar gələcək nəsillərimizi də sevindirməlidir.

Heydər Əliyev yeni inşa edilən binaların həm müasir, həm gələcək tələblərə cavab verməsinin inşaatçıların bir nömrəli vəzifəsi olduğunu deyirdi. Bu baxımdan yaxın gələcəkdə Azərbaycanda yeni-yeni binaların yüksələcəyinə şübhə etmirdi. O inanırdı ki, tikilən hər bir yeni bina öz memarlıq keyfiyyətlərinə və funksionallığına görə nə qədər müasir olarsa, bir o qədər də insana yararlı olacaq, şəhərin mənzərəsini zənginləşdirəcəkdir.

Bütün bu faktlardan aydın olur ki, respublikamızın iri şəhərlərində şəhərsalma işlərinin elmi əsaslarla və uzaqgörənliklə planlaşdırılması, urbanizasiyanın tələblərinə əməl edilməsi, bacarıqlı və səriştəli rəhbər olan Heydər Əliyevin təşkilatçılığı ilə əlaqədardır. Bu baxımdan Ulu öndərin uzaqgörənliyi ictimai həyatın başqa sahələrində olduğu kimi, şəhərsalma, urbanizasiya, məişət mədəniyyəti və sosial-ekologiya sahəsində də özünü göstərməkdədir.

Müasir Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdiyi illər ərzində mürəkkəb və eyni zamanda, şərəfli bir yol keçmişdir. Ulu öndərimiz Heydər Əliyevin və Onun ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış genişmiqyaslı islahatlar ölkəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, əhalinin maddi rifahının daha da artmasına xidmət etmişdir. Əsası Ümummilli lider tərəfindən qoyulmuş və bu gün uğurla həyata keçirilən uzaqgörən siyasət sayəsində bir çox sosial məsələlər öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat şəraitinin daha da yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Eyni zamanda, qeyd olunmalıdır ki, ötən 10 ildə Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 8 dəfəyədək artmış və nəticədə, iqtisadiyyatın bu sektoru sürətlə inkişaf edən sahələrdən birinə çevrilmişdir. Sözügedən dövr həm də Azərbaycanda tikinti sənayesində yeni sahələrin yaranmasına səbəb olmuşdur. Qeyri-neft sektorunun inkişafı, tikinti sektorunda müşahidə edilən yüksəliş, ilk növbədə, tikinti materialları sənayesinin yenidən canlanması ilə nəticələnmişdir. Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları tikilmiş, metal konstruksiyaları, müasir tikinti materialları istehsal edən müəssisələr yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri də ölkə əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Xüsusilə də aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edilmişdir.

2016-cı ilin aprel ayında ölkə başçısının Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə Azərbaycanda yeni sosial hərəkatın əsası qoyulmaqla yanaşı, uzunmüddətli iqtisadi dayanıqlığın təmin edilməsi istiqamətində mühüm addım atıldı.

Əsas vəzifələrindən biri ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzilə olan tələbatının ödənilməsi olan Mənzil İnşaatı Dövlət Agentliyi həmçinin Azərbaycanda müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etməlidir.

Fəaliyyətə başladığı ilk gündən Agentlik güzəştli mənzillərin tikintisinin təşkil edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Ölkə başçısının Agentliyin fəaliyyətinə göstərdiyi dəstək sayəsində 2016-cı ilin dekabr ayının 24-də Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Agentliyin ilk layihəsi olan, 29 binadan ibarət Yasamal Yaşayış Kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Kompleksdə inşa olunacaq ilk doqquzmərtəbəli binanın və ümumtəhsil məktəbinin təməli qoyulmuşdur. Təməlqoyma mərasimində çıxış edərək bu layihənin reallaşmasının mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacağını vurğulayan dövlət başçısı agentliyin xətti ilə əhali üçün çoxmənzilli binaların tikintisi prosesinin tədricən paytaxtla yanaşı, bir çox şəhər və rayon mərkəzlərini əhatə edəcəyini, eyni zamanda, respublikada inşaat sektorunun daha da canlanmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Bu gün zəngin tarixi ənənələrə köklənən Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafı, vətəndaşının mənafelərinin qorunması, onun sosial müdafiəsinin gücləndirilməsi, həyat keyfiyyətinin artırılması, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə hədəflənən dövlət siyasətinin qətiyyətlə reallaşdırılması prosesi dönməzdir. Bütün bunların əsası XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyət, idarəçilik sahəsində böyük və təcrübəli siyasət adamı, görkəmli dövlət xadimi və müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Samir Nuriyev

Yeni Azərbaycan.- 2017.- 12 aprel.- S.4.