Regionlarda
tütünçülüyün inkişafı ölkənin
ixrac imkanlarını daha da artıracaq
Qarşıya perspektivdə respublika üzrə
tütün istehsalını 3 dəfə artıraraq ildə
10 min tona çatdırmaqla bağlı mühüm vəzifə
qoyulub
Yeni şəraitdə Azərbaycanın
regionlarında aqrar sektorda istehsal və ixrac imkanlarının
genişləndirilməsi diqqət mərkəzində
saxlanılır. Qarşıya kənd təsərrüfatının
intensiv metodlarla inkişafı hesabına ixracqabiliyyətli məhsul
istehsalını artırmaqla dünya birjalarında neftin kəskin
ucuzlaşması fonunda ölkəmizə valyuta
daxilolmalarının azalmasını əhəmiyyətli dərəcədə
kompensasiya etməklə bağlı mühüm vəzifə
qoyulub. Prezident İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının üçüncü ilinin yekunlarına həsr
olunan konfransdakı nitqində respublikamızda aqrar sektorda
ixrac imkanlarını iki dəfə artırmağın real hədəf
olduğunu nəzərə çatdıraraq vurğulayıb:
“Biz kənd təsərrüfatı məhsullarının
ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir,
biz buna nail olmağa çalışmalıyıq. Beləliklə,
ölkəmizə daha çox valyuta gələcək, manat
öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və
iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək”.
Azərbaycan aqrar sektorda geniş ixrac
imkanlarına malik olan ölkədir
Respublikamızda regionların ixrac
imkanlarının genişləndirilməsinin diqqət mərkəzində
saxlanılması heç də təsadüfi deyil. Azərbaycanın
coğrafi-iqlim xüsusiyyətləri elədir ki, ölkəmiz
xarici istehlak bazarlarına böyük həcmlərdə kənd
təsərrüfatı məhsulları çıxarmaq
imkanına malikdir. Respublikamıza üstünlük
qazandıran həm də o amildir ki, ölkəmiz geniş
istehlak bazarları ilə əhatə olunub. Həmin bazarlarda
Azərbaycanın aqrar sektorunda yetişdirilən yüksəkkeyfiyyətli
məhsulları yaxşı tanıyırlar. Məlumdur ki,
xarici bazarlarda bir sıra hallarda istehlakçılara geni dəyişdirilmiş
məhsullar təklif olunur. Respublikamızda isə belə məhsullar,
ümumiyyətlə, yetişdirilmir. Buna görə də
alıcılar Azərbaycan brendi ilə bazarlara
çıxarılan məhsulları yüksək qiymətləndirirlər.
Xarici istehlak bazarlarında Azərbaycan
mənşəli kənd təsərrüfatı məhsullarına
getdikcə artan tələbatı qarşılamaq və ixrac
həcmlərini artırmaq məqsədilə ölkənin
bütün regionlarında məqsədyönlü tədbirlər
həyata keçirilir. 2016-cı ildə Azərbaycanın
aqrar sektorundan ixracın həcmi əvvəlki illə
müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon
ABŞ dolları təşkil edib. Respublikamızdan meyvə
ixracının artması xüsusi məmnunluq doğurur.
Dövlət dəstəyi sayəsində ölkə
miqyasında meyvə bağlarının sahəsi genişlənib,
bu istiqamətdə intensiv təsərrüfatçılıq
metodlarının tətbiqinə başlanılıb. Nəticədə,
regionlarda meyvə istehsalı və ixracı əhəmiyyətli
dərəcədə artıb. 2016-cı ildə sahələrdən
883,7 min ton meyvə və giləmeyvə
yığılıb. Son bir ildə respublikamızdan xarici
bazarlara meyvə ixracı 244 milyon dollara çatıb ki, bu da
2015-ci illə müqayisədə meyvə ixracının 24
milyon ABŞ dolları həcmində artması deməkdir.
İntensiv metodların tətbiqinin
əhatə dairəsinin genişləndirilməsi, həmçinin
dövriyyəyə yeni torpaqların cəlb edilməsi
hesabına ölkənin aqrar sektorundan ixrac həcmlərini
daha da artırmaq mümkündür. Ötən ildən
başlayaraq respublikamızda ixrac tutumu yüksək olan texniki
bitkilərin becərilməsinə böyük diqqət
göstərilir. 2016-cı ildə ayrı-ayrı bölgələrdə
51 min hektarda pambıq əkilib və 90 min tona yaxın məhsul
tədarük edilib. Cari ildə isə 100-120 min hektarda
pambıq əkiləcək və təxminən 200 min ton məhsul
tədarükü proqnozlaşdırılır.
Yeni şəraitdə respublikamızda
baramaçılıq da perspektivli sahələrdən biri
kimi müəyyənləşdirilib. Ötən il ölkə
miqyasında baramaçılığın keçmiş
şöhrətinin dirçəldilməsi istiqamətində
zəruri tədbirlər həyata keçirilib. Əgər
2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir
qədər çox barama istehsal edilibsə, 2016-cı
ildə 25 rayonda 70 ton barama tədarük olunub. Ölkə
miqyasında cari ildə 120 ton, 2019-cu ildə isə 1300 ton
barama tədarükü nəzərdə tutulub.
Regionlarda gəlirli sahələrdən biri də
tütünçülükdür
Aqrar sektorda kifayət qədər gəlirli sahələrdən
biri də tütünçülükdür. Yeni şəraitdə
bu sahəyə diqqətin artırılması böyük
perspektiv vəd edir. Tütünçülük
respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi
rayonlarda geniş yayılıb. Hazırda respublikamızda
tütünün əkini ilə 4 şirkət - “Araz”,
“İntertabako”, “İlham”, “Tobako hause” MMC kimi qurumlar məşğul
olur. Bu 4 şirkət məhsul istehsalçıları ilə
müqavilə bağlayaraq ayrı-ayrı regionlarda
tütün əkini həyata keçirir. 2016-cı ildə
respublikamızda 2500 hektarda tütün əkilib.
Respublikanın ən böyük
tütünçülük rayonu sayılan Şəkidə
bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata
keçirilən tədbirlər artıq müsbət nəticə
verməkdədir. Belə ki, 2016-cı ildə rayonda quru
tütün istehsalı əvvəlki illə müqayisədə
632 ton artaraq 2440 ton təşkil edib. Tütün əkini sahələri
isə 2015-ci illə müqayisədə 189 hektar
artırılaraq 785 hektara çatdırılıb.
Ötən il rayonun təsərrüfatlarında
əsasən iki növ - “İnter Tobacco” MMC tərəfindən
“Virciniya” növlü ətirli tütün, fermerlərin
özləri tərəfindən isə ənənəvi
sortlardan olan “İtiyarpaq” tütün növü
yetişdirilib. Mövsüm ərzində
plantasiyalardan 4627 ton ətirli tütün yarpağı
yığılaraq qurudulmaq üçün yaş halda
MMC-nin rayonda fəaliyyət göstərən tütün
istehsalı və emalı məntəqəsinə təhvil
verilib. “İtiyarpaq” növlü tütün isə fermerlərin
özləri tərəfindən qurudulduqdan sonra tədarük
məntəqələrinə təhvil verilib. Prezident
İlham Əliyev bəyan edib ki, respublikada tütün
istehsalı üç dəfə
artırılmalıdır: “Tütünçülüklə
bağlı müvafiq göstərişlər verilib. Biz
tütünün istehsalını üç dəfə
artırmalıyıq. Əlbəttə ki, xarici bazarları
müəyyən etməklə paralel olaraq, tütün
istehsalı 10 min tona çatdırılmalıdır. Biz həm
ölkə daxilində istehsalı artırmalıyıq, eyni
zamanda, xarici bazarlara çıxış əldə etməliyik.
Bu istiqamətdə artıq müvafiq tapşırıqlar
verilib, kontraktlar bağlanıb. Bu da çox gəlirli bir sahədir”.
Bölgələrdə tütün şitillərinin
sahələrə köçürülməsinə
başlanılıb
Respublikanın bir sıra bölgələri
kimi, Zaqatalada da tütünçülüyün geniş
inkişaf perspektivləri var. Cari mövsümdə
Zaqatala rayonunda tütün əkini sahələrinin ötən
illə müqayisədə 100 hektara yaxın
artırılaraq 700 hektara çatdırılması nəzərdə
tutulur. Əkin sahələrinin 637 hektarına “Virciniya”
növlü ətirli, 63 hektarına isə yerli tütün
sortları əkiləcək.
Rayonun
tütünçülük təsərrüfatlarında
aprelin 10-dan etibarən “İnter-Tobacco” MMC-nin tütün
istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında
yetişdirilmiş tütün şitillərinin sahələrə
köçürülməsi prosesinə
başlanılıb. Tütün şitilləri MMC-yə
məxsus xüsusi texnikanın köməyi ilə sahələrə
köçürülür.
Xatırladaq ki, 2016-cı ildə
Zaqatala rayonunun təsərrüfatlarında 601,5 hektar sahədə
tütün əkilib, 528 ton quru tütün istehsal olunub.
Ənənəvi sahələrdən olan
tütünçülüyün inkişaf etdirilməsi ilə
bağlı həyata keçirilən tədbirlər kənd
əhalisinin məşğulluğunun təmin edilməsinə
də müsbət təsir göstərib. Belə ki,
2016-cı ildə rayonda tütünçülük sahəsində
1200 nəfərə yaxın istehsalçı
çalışıb.
Bu il Balakən rayonunun təsərrüfatlarında
520 hektar sahədə tütün əkilməsi nəzərdə
tutulur. Cari mövsümdə balakənli fermerlər 242 hektar
sahədə “Virciniya” növlü ətirli, 8 hektarda “Berley”,
270 hektar sahədə isə yerli tütün sortları
yetişdirəcəklər. Bir neçə
gündür ki, fermer təsərrüfatlarında
tütün şitillərinin sahələrə
köçürülməsi prosesinə
başlanılıb. İlk günlər təsərrüfatlarda
10 hektara yaxın sahəyə tütün şitilləri
köçürülüb və bu iş sürətlə
davam etdirilir.
Talalar kəndindən olan fermer Nurlan Əhmədov
builki mövsümdə 39 hektar sahədə tütün
yetişdirməyi qarşısına məqsəd qoyub.
Püştətala kənd sakini Şamsu Bayramova isə ötən
il olduğu kimi bu il də 5 hektar sahədə “Berley”
növlü tütün əkməyi planlaşdırır. Gərəkli
kəndindən olan fermer İslam Muradov əsasən
qarğıdalı istehsalı ilə məşğul olsa da
artıq ikinci ildir ki, tütün əkininə də maraq
göstərir. Fermer cari mövsümdə 6 hektar sahədə
tütün yetişdirəcək.
Qeyd edək ki, iyirmi illik fasilədən sonra
ötən il Balakən rayonunda yenidən tütün
yetişdirilməsinə başlanılıb. 2016-cı ildə
rayonda 501 hektar sahədə tütün əkilib. Balakənli
fermerlər keçən il 1150 ton yaşıl tütün
kütləsi və 96,3 ton quru tütün istehsal ediblər.
Mütəxəssislərin qənaəti belədir:
Ölkədən xammal yox, hazır məhsul ixrac edilməlidir
İndiki dövrdə tütün becərilməsindən
son məhsul istehsalınadək bütün zəncirin
respublikada qurulması olduqca vacib məsələlərdəndir.
Mütəxəssislərin qənaəti belədir
ki, ölkədən xammal yox, hazır məhsul ixrac edilməlidir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı
elmi işçisi, ekspert Bəhlul Abbasov
tütünçülüyün inkişaf strukturunun təkmilləşdirilməsinə,
klasterlərin yaradılmasına ehtiyac olduğunu deyib. O, tütünün respublikamızda son məhsula qədər
emal olunmasının vacibliyinə diqqət çəkərək
bildirib ki, respublikamızda 7 tütün emalı müəssisəsi
fəaliyyət göstərir, “European Tobacco” tütün
kombinatı, Zaqatalada və Naxçıvanda siqaret istehsal edən
fabriklər mövcuddur. “Təkcə xammal deyil, hazır
siqaret məhsulları da ixrac edilməlidir. Bunun
üçün imkanlar, torpaq-iqlim şəraiti, kifayət qədər
işçi qüvvəsi var. Əgər belə struktur
formalaşarsa, tütünçülükdən milyonlarla
dollar gəlir götürmək mümkün olar”, - deyə Bəhlul
Abbasov vurğulayıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 13 aprel.- S.7