Beynəlxalq Bakı konfransında “İslam həmrəyliyi:
dini və mədəni müxtəlifliyin harmoniyası”
mövzusunda geniş müzakirələr aparılıb
Aprelin 12-də Qafqaz Müsəlmanları
İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
birgə təşkilatçılığı ilə
“İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin
harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə
Azərbaycanın dövlət himni səsləndirilib və
müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Beynəlxalq konfransı açan
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki,
qədimliyi və müasirliyi özündə təcəssüm
etdirən, tarix boyu Şərq ilə Qərb arasında
İslam dünyasının əsas mədəni, dini və
sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm,
tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin
dünyada təbliğinə böyük töhfələr
verib. Azərbaycanda müsəlmanlar, pravoslavlar,
katoliklər, yəhudilər və digər dinlərə mənsub
insanlar nadir dostluq, qardaşlıq şəraitində
yaşayır, dövlətin diqqət və
qayğısından yararlanırlar. Ölkəmizdə məzhəblərarası
həmrəyliyin nadir nümunəsi mövcuddur.
Şeyxülislam deyib ki, dini və
milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm,
terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant
böhranının yaşandığı bir dövrdə Azərbaycan
Prezidenti İlham Əliyev xalqımızın ənənəvi
milli, tarixi irsinə söykənərək qlobal miqyasda
ümumbəşəri ideyaların himayədarı kimi
çıxış edir. Azərbaycanda 2016-cı ilin
“Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi
İli” elan edilməsinin təqdirəlayiq olduğunu
vurğulayan A.Paşazadə deyib: “Bunlar Azərbaycanın beynəlxalq
nüfuzunu daha da möhkəmləndirən təşəbbüslərdir.
Müqəddəs dinimizin sülhsevər mahiyyətinin
dünya miqyasında təbliği istiqamətində əməli
səylər göstərən dövlətimizin
başçısının “İslam Həmrəyliyi
İli” ideyası yalnız İslam dünyası daxilində
deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin
harmoniyasını ehtiva edir. Növbəti İslam Həmrəyliyi
Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın
təzahürüdür. Azərbaycan bütün dünyaya
nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin
harmoniyasına əsaslanan cəmiyyət yaratmaq
mümkündür. Bu gün Azərbaycan dünyaya uğurlu
ideyalarını təqdim etmək qüdrəti olan dövlətə
çevrilib”.
Xalqımız, dövlətimiz
bu uğurlara Ulu öndər Heydər Əliyevin dinindən,
dilindən, milli mənsubiyyətindən asılı olmayaraq,
vətəndaşlarımızı milli birlik, mənəvi vəhdət
ideyaları ətrafında bir araya gətirən xilaskar azərbaycançılıq
məfkurəsi sayəsində imza atdığını
bildirən Allahşükür Paşazadə vurğulayıb
ki, Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi
sayəsində Azərbaycanı multikulturalizm, İslam həmrəyliyi
ideyalarının mərkəzində duran bir ölkə kimi
gündəmə gətirməklə beynəlxalq aləmdə
böyük siyasi-mənəvi uğura nail olmaqdadır.
Azərbaycanın Birinci vitse-prezidenti xanım
Mehriban Əliyevanın ölkəmizdə və beynəlxalq
müstəvidə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi
irsimizi yüksək səviyyədə təbliğ etməsi,
ümumbəşəri dəyərlərə diqqəti və
himayəsi ölkəmizin bu istiqamətdə söz sahibinə
çevrilməsinə ali xidmətdir.
Allahşükür Paşazadə
qeyd edib ki, Azərbaycan Prezidentinin sülhsevər siyasətini
dəstəkləyən, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində
sülh yolu həllini istəyən xalqımız ədaləti
bərpa etməyə qadirdir. QMİ sədri deyib: “Bu
günlərdə ildönümünü qeyd etdiyimiz aprel zəfəri
bunun bariz nümunəsidir. Allah bütün şəhidlərimizə
rəhmət eləsin! Ali Baş Komandanın əmrinə
müntəzir Azərbaycan Ordusu bayrağımızı
işğal altında olan bütün torpaqlarımızda
ucaldacaq, inşallah. Dədə-baba torpaqlarımıza
qovuşub oradakı dini-mənəvi məkanlarımızı
bərpa edəcəyik. Dövlətimizin
başçısının dəstəyi ilə Cocuq Mərcanlıda
tikiləcək məscid xalqımız üçün
müjdə olacaq”.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayev konfransda
çıxış edərək Prezident İlham Əliyevin
2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam
Həmrəyliyi İli” elan etdiyini xatırladaraq deyib:
“Multikulturalizm İli”ndə Azərbaycan özünü
dünyaya tanıtmaq istiqamətində, eyni zamanda, bir daha
özünü tanımaq istiqamətində çox işlər
gördü və bu təşəbbüsün bəhrələrini
biz hələ zaman-zaman görəcəyik. Avropada
multikulturalizmin real iflası fonunda Azərbaycanda Prezident
İlham Əliyevin rəhbərliyi ilə gedən multikultural
hərəkat, əslində, buna qarşı mənəvi,
intellektual çağırış oldu və bu bədbin
fonun qarşılığında biz Azərbaycanda nikbin bir
qütbün formalaşmasının şahidi olduq. Bunun
hərəkətverici qüvvəsi isə Prezident İlham
Əliyev oldu”.
“Multikulturalizm İli”nin məntiqi
davamı kimi, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan
edilməsinin bir çox mətləblərdən xəbər
verdiyini deyən Kamal Abdullayev bildirib ki, bu ildə Azərbaycanda
təkcə islamdaxili harmoniya deyil, eyni zamanda, digər daxili və
dünyadakı konfessiyalar arasında həmahənglik nəzərdə
tutulur. Bu cür harmoniya təkcə Azərbaycana
deyil, bütün dünyaya, yaxın və uzaq
qonşularımıza, Avropada, Yaxın və Uzaq Şərqdə,
dünyanın hər yerində gedən mənəvi, mədəni
proseslərə çox böyük təsir göstərə
bilər.
“Azərbaycanda “Multikulturalizm İli”ndə əldə
olunmuş təcrübədən, əlbəttə,
“İslam Həmrəyliyi İli”ndə də istifadə ediləcək.
Azərbaycandakı multikultural hərəkat bir katalizator rolunu
da oynadı və dünyanın müxtəlif ölkələrində,
intellektual dairələrində bu prosesə dayaq və dəstək
oldular. Azərbaycan multikulturalizmi bir model kimi bu ölkələrdə
öyrənilməyə başlandı. Bu gün Avropanın
15 ölkəsində “Azərbaycan multikulturalizmi” fənni tədris
edilir”, - deyə Kamal Abdullayev əlavə edib.
Dövlət müşaviri deyib ki, bu gün
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan
multikulturalizmi” dərsliyinin yaradılması üzərində
çalışır. Dərslikdə Azərbaycan
multikulturalizminin ən müxtəlif istiqamətlərdən
işıqlandırılması nəzərdə tutulur. Bu fənni
tədris edən bir çox xarici ölkə müəllimləri
Azərbaycan multikulturalizminin öz ölkələrinin
multikulturalizmi ilə müqayisə olunmasını xahiş
edirlər. Bu, çox faydalı və perspektivli nəticələrə
gətirən bir məqamdır.
“Bu yaxınlarda Azərbaycan multikulturalizminin
bugünkü durumuna verilən qiymət İsveçrənin
Bern şəhərində özünü göstərdi.
Dinlər Evində Azərbaycan və İsveçrə
multikulturalizmlərinin müqayisəli təhlilinə həsr
olunmuş geniş beynəlxalq konfrans keçirildi. Multikultural
modellərin müqayisəsi, əlbəttə ki,
xalqların, dövlətlərin canında, potensialında
olan bəşəri dəyərlərin bir daha üzə
çıxarılmasına imkan yaradır. Bu istiqamətdə
bizim dünyaya deyiləsi sözümüz çoxdur”, - deyə
Dövlət müşaviri vurğulayıb.
Konfransın çox mühüm
və aktual məsələyə həsr olunduğunu deyən
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin
2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi
çox mühüm hadisədir və bunun böyük siyasi,
iqtisadi, mənəvi və ideoloji əhəmiyyəti
var. Bu gün bəşəriyyətin qarşısında
duran ən mühüm məsələlərdən biri
planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin
və xalqların inkişafına hərtərəfli dəstək
verməkdir. “Bu gün dünyamız çox təhlükəli
və gərgin dövr yaşayır - çoxsaylı
münaqişələr, müharibələr. Regionumuzda da
münaqişələr var. Ermənistanın Azərbaycana
qarşı təcavüzü uzun müddət davam edən
münaqişədir. İndi 67 ölkənin ərazisində
silahlı toqquşmalar baş verir. Bu münaqişələr
nəticəsində öz yurd-yuvalarını tərk edən
insanların sayı BMT-nin statistikasına görə 65 milyon
nəfəri ötüb. Bunun bir milyon nəfəri Ermənistanın
təcavüzü nəticəsində öz
torpaqlarını tərk etmək məcburiyyətində
qalan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda,
dünyada olan müharibə ocaqlarının, həmçinin
törədilən terror əməllərinin böyük hissəsi
müsəlman ölkələrinin payına
düşür”, - deyə M.Qurbanlı vurğulayıb.
Komitə sədri deyib ki, bu gün İslam həmrəyliyi
İslam dünyası üçün çox mühüm məsələdir.
Prezident İlham Əliyevin bu istiqamətdə
atdığı addımlar, söylədiyi fikirlər, verdiyi
qərarlar bütün İslam dünyasında geniş əks-səda
doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə
böyük stimul verəcək. “İslam dünyasına
qarşı çıxan dairələr islamofobiya yaradaraq
başqa ərazilərdə İslamın
yayılmasına mane olurlar, İslamı terrora
bağlamağa cəhd edirlər. Bu, İslam
dünyasını daha sıx birləşməyə sövq
edən amildir. İslam həmrəyliyi müasir
dünyamızda yaranmış gərginliyin aradan
qaldırılmasında çox mühüm rol oynaya bilər.
Məhz buna görə Prezident İlham
Əliyevin “İslam Həmrəyliyi İli” ilə əlaqədar
irəli sürdüyü fikirlər yalnız Azərbaycana,
ölkəmizdəki dini konfessiyalara, müsəlman aləmi
ilə digər konfessiyalar arasında münasibətlərə
aid olmaqla bərabər, eyni zamanda, bütün dünyada gedən proseslərə təsir göstərəcək
bir hadisədir. Əgər dünyada sülh, əmin-amanlıq,
dünyanı nüvə müharibəsi təhlükəsindən
uzaqlaşdırmaq istəyiriksə, biz müxtəlif dinlərin,
mədəniyyətlərin, sivilizasiyaların harmoniyasına
nail olmalıyıq. İslam həmrəyliyi bizim
üçün yol xəritəsidir. Biz bu yolla uğurla irəliləməliyik.
Qafqaz Müsəlmanları İdarəsi,
dövlət qurumları bu tədbirləri təkcə Azərbaycanda
deyil, ölkəmizdən kənarda da beynəlxalq miqyaslı
tədbirlər formatında keçirmək niyyətindədir.
Əminəm ki, bu tədbirlər, atılan addımlar
bütövlükdə İslam həmrəyliyinə,
sülhə böyük töhfə verəcək”, -
deyə M.Qurbanlı əlavə edib.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib
ki, bu gün Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu ilə İslam Tarixi, İncəsənəti və
Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi
arasında Anlaşma Memorandumu imzalanacaq. Bu Anlaşma
Memorandumu Türk-İslam birliyinin inkişafına töhfəsini
verəcək.
Tədbirin keçirilməsinin
böyük əhəmiyyət
daşıdığını deyən G.Əfəndiyeva qeyd
edib ki, İslam həmrəyliyi müasir dünyamızda
mühüm məsələlərdən biridir. İslam həmrəyliyinə
mədəni və dini müxtəlifliyin harmoniyası
prizmasından yanaşmaq məsələnin
aktuallığını xüsusilə artırır. Bu
yanaşma İslam daxilindəki
anlaşılmazlıqların, eləcə də dinlərarası
ziddiyyətlərin aradan qaldırılmasına öz töhfəsini
verəcək.
“Bu gün qloballaşan dünyada İslam həmrəyliyi
ideyası həm də ona görə vacib əhəmiyyətə
malikdir ki, hazırda bəzi qüvvələr İslam dininə
qarşı düşmən münasibət
formalaşdırmağa çalışır. Bu, bizim hər
birimizi çox narahat edir. Şübhəsiz ki, İslam dininə
münasibətdə bu cür yanaşma əsassızdır və
bu, İslam dəyərlərinin yanlış dərk edilməsindən,
qeyri-düzgün interpretasiyasından irəli gəlir. Odur ki, İslami dəyərləri dərindən
öyrənmək lazımdır. Çünki İslam dinini
dərk etdikcə onun humanizm, tolerantlıq, xoş rəftar, mərhəmət
daşıdığının, yüksək əxlaqi dəyərləri
təbliğ etdiyinin şahidi oluruq”, - deyə Fondun prezidenti
vurğulayıb.
Günay Əfəndiyeva deyib ki, müasir
dövrdə terrorizm bəşəriyyətin
qarşılaşdığı ən böyük təhlükələrdən
biridir. Son vaxtlar dünyanın müxtəlif
ölkələrində törədilən terror
hücumları nəticəsində çoxsaylı insan
itkisi hər birimizi sarsıdıb. İstər İslam, istərsə
də qeyri-İslam ölkəsində baş verməsindən
asılı olmayaraq, terrorizmi İslam və ya digər din ilə
eyni müstəviyə qoymaq düzgün deyil,
çünki terrorun dini yoxdur.
Konfransın əhəmiyyətini yüksək
qiymətləndirən Fondun prezidenti bildirib ki, İslam
dünyasının ayrılmaz hissəsi olan və tarixi
İpək Yolu üzərində yerləşən Azərbaycan
müxtəlif sivilizasiyaların qovuşduğu diyardır.
Burada müxtəlif xalqların, mədəniyyətlərin və
konfessiyaların nümayəndələri həmişə
sülh və əmin-amanlıq içərisində
yaşayıblar. Belə bir mədəni-dini müxtəlifliyin
harmoniyasında İslam dəyərlərinin qorunması Azərbaycanın
İslama bağlı dünyəvi dövlət olduğunun təzahürüdür.
Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda
“İslam Həmrəyliyi İli” elan etməsi, bir aydan sonra
Bakıda IV İslam Həmrəyliyi Oyunlarının
keçirilməsi, Naxçıvan şəhərinin 2018-ci
il üçün İslam mədəniyyətinin paytaxtı
elan olunması ölkəmizdə İslam həmrəyliyinin
möhkəmləndirilməsi istiqamətində aparılan
işlərdən xəbər verir. Yenicə fəaliyyətə
başlamış Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu dövlətlər arasında yalnız mədəni
həmrəyliyin yox, eləcə də digər sahələr
üzrə əməkdaşlığın möhkəmləndirilməsində
əhəmiyyətli rola malikdir. Bu beynəlxalq təşkilat
öz fəaliyyətində İslam həmrəyliyini daim dəstəkləyəcək.
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri, akademik İsa Həbibbəyli Azərbaycanın
IV İslam Həmrəyliyi Oyunlarına, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi etmək ərəfəsində belə
genişmiqyaslı konfransın keçirilməsinin ölkəmizdə
bütövlükdə həmrəyliyə və mədəniyyətlərarası,
dinlərarası dialoqa böyük və ardıcıl şəkildə
dövlət siyasəti səviyyəsində olan sədaqətin,
ehtiramın bariz nümunəsi olduğunu bildirib. Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi
İli” elan etməsi həm ölkə daxilində bu istiqamətdəki
multikultural dəyərlərin, tolerantlığın, dinlərarası
etimadın və həmrəyliyin daha da möhkəmlənməsinə
töhfə verəcək, eyni zamanda, qlobal xarakter
daşımaqla, bəşəriyyəti həmrəyliyə,
birliyə, sülhə, əməkdaşlığa
çağırır. Akademik deyib: “Bu böyük işin
ölkəmizdə möhkəm təməlləri Azərbaycan
xalqının Ümummilli lideri, görkəmli dövlət
xadimi Heydər Əliyev tərəfindən formalaşdırılıb.
Məhz Ulu öndərin müstəqilliyin ilk
illərində ölkəmizdə
formalaşdırdığı din-dövlət münasibətləri,
dinlərə, təriqətlərə, mədəniyyətlərə
obyektiv elmi baxışın, ədalətli münasibətin
hökm sürməsi siyasəti bugünkü multikultural, həmrəylik
siyasətinin də möhkəm təməllərini təşkil
edir. Ulu öndərin böyük dəstəyi
ilə 1998-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasında keçirilən “İslam Sivilizasiyası
Qafqazda” adlı beynəlxalq simpozium müstəqilliyini bərpa
etmiş ölkələrin həyatında bu istiqamətdə
atılmış birinci böyük addım idi və o, bizim
gələcək fəaliyyətimizin
strateji əsaslarını müəyyən etdi. 2015-ci ildə
Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan
Milli Elmlər Akademiyasında “İslam maarifçiliyi və
müasir dövr” mövzusunda beynəlxalq konfrans da həmin
siyasətin yeni tarixi şəraitdə yaradıcı şəkildə
davamı olub, ölkəmizdə multikultural dəyərlər,
həmrəylik, dinlərarası, mədəniyyətlərarası
dialoqla bağlı dövlət siyasətinin
ardıcıllığını bir daha nümayiş
etdirdi”.
İslam həmrəyliyinin hər
şeydən əvvəl İslam maarifçiliyi demək
olduğunu bildirən İ.Həbibbəyli qeyd edib ki,
İslam maarifçiliyi geniş anlayış olmaqla,
özündə İslam təliminin mahiyyətindəki elmi
ideyalar, mənəvi zənginlik, əxlaqi kamillik ilə
bağlı təlimləri üzə çıxarmaq, cəmiyyətə
yenidən elmi əsaslarla çatdırmaq vəzifəsini
qarşıya qoyur. İslam maarifçiliyi, eyni zamanda,
İslam təliminin bu günün reallığı əsasında
obyektiv şəkildə tətbiqini, şərhini və
ümumiləşmiş nəticələrin elmi ictimaiyyətə
çatdırılmasını tələb edir.
“Prezident İlham Əliyevin
İslam həmrəyliyi haqqında bu gün qarşıya
qoyduğu vəzifə İslamın fəlsəfəsindəki,
konsepsiyasındakı inkişafla, birliklə, harmoniya ilə
bağlı olan keyfiyyətləri sistemli şəkildə
öyrənmək, formalaşdırmaq, dünya dillərində
bəşəriyyətə çatdırmaq və planetimizin
sülhə, birgəyaşayışa, həmrəyliyə
gəlib çatmasına Azərbaycanın töhfəsini
verməkdən ibarətdir. İslam həmrəyliyi
konsepsiyası qlobal xarakter daşıyır, bəşəriyyəti
müharibələrə son qoymaq, terrorları,
qarşıdurmaları aradan qaldırmaq kimi böyük
problemlərin həllinə Azərbaycan dövlətinin,
Prezidentinin verdiyi çox böyük töhfədir və
mühüm beynəlxalq ictimai-siyasi əhəmiyyətə
malikdir”, - deyə akademik İsa Həbibbəyli
vurğulayıb.
Bu gün dünyanı ərazi
iddiaları, iqtisadi və hərbi maraqlar, o cümlədən
etnik-dini ayrı-seçkiliyə əsaslanan siyasətlər
nəticəsində bir çox
çağırışların təhdid etdiyini deyən
Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan
dövləti, Azərbaycan Prezidenti İlham Əliyev qəbul
etdiyi vacib qərarlar vasitəsilə ötən il və bu il
bizim bu məsələlərə diqqət yetirməyimiz
üçün kifayət qədər imkan yaradıb. Bu
imkanlar bizi dünyanın üzləşdiyi çətin
durumdan çıxması üçün mövqelərimizi
birləşdirmək, fikir mübadiləsi aparmaq və bu
çağırışların qarşısını
almaq istiqamətində səy göstərməyə vadar
edir. Bu çağırışlar
dünyamızı xaosa sürükləyən, müstəqil
dövlətlərin konstitusion əsaslarını
sarsıdan, xalqların və millətlərin minilliklər
boyu əldə etdiyi nailiyyətləri bir anda yerlə-yeksan
edən siyasətlərə, onların mahiyyətinə yenidən
baxmağa imkan verir.
“Bu gün insanlığı kataklizmə
sürükləyən çağırışlar, təhdidlər
var. Azərbaycan bu
çağırışların qarşısına
İslam həmrəyliyinin, multikultural dəyərlərin təbliği,
dini, etnik, milli dözümlülük, bir ərazini
bölüşən müxtəlif xalqların və millətlərin
nümayəndələrinə, onların mədəniyyətlərinə
hörmət siyasəti ilə çıxır. Azərbaycanın
dünyaya verdiyi mesajların mahiyyətində bu amillər
dayanır. Azərbaycan o ölkələrdəndir ki, onun
milli, dini və etnik münasibətləri tənzimləyən
qanunları bu ərazidə yaşayan xalqların və millətlərin
minilliklər ərzində formalaşmış birgəyaşayış
qaydalarına və onların arasındakı harmoniyaya əsaslanır.
Bu, bizə kənardan gəlmə, yad fikir deyil, bu, bizim həyat
tərzimizdir, özümüzü ifadə formamızdır.
Ona görə Azərbaycan bu gün çox
böyük qətiyyətlə və uca səslə
multikultural dəyərlərə görə nümunə
olan bir ölkə kimi, eyni zamanda, İslam həmrəyliyi
mövzusunu, İslam həmrəyliyi
çağırışını irəli sürə
bilir”, - deyə Bahar Muradova vurğulayıb.
Azərbaycanın bu
çağırışları irəli sürməyə
haqqı olduğunu vurğulayan Milli Məclisin sədr
müavini deyib: “Biz burada İslama qarşı yönəlmiş
cəhdlərdən, islamofobiya meyillərinin getdikcə
güclənməsindən, bəzi demokratik ölkələrin
elan etdikləri dəyərlərdən geri çəkilməsindən
danışırıq. Azərbaycanda isə bunların heç
biri yoxdur. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən
ərazi iddiaları ilə üzləşən,
torpaqlarının bir qismi işğal altında olan ölkədir.
Azərbaycana qarşı işğalçılıq siyasəti
yürüdən Ermənistan isə indi monoetnik ölkədir.
Azərbaycan dövləti, xalqı sülh istəyir, Ermənistan
isə bu istəyə yeni-yeni təhdidlər, təzyiqlər
və hücumlarla cavab verir. Amma düşmən öz mahiyyətini
dəyişmədiyi üçün, biz də öz mahiyyətimizi
dəyişməyəcəyik. Çünki bu, bizim həyat
tərzimizdir, burada yaşayan insanların, milli-etnik qrupların,
dini konfessiyaların uzun illər ərzində əldə
etdikləri nailiyyətdir. Biz bu nailiyyətimizdən təkcə
özümüzün yerləşdiyimiz region
üçün deyil, dünyanın faydası
üçün istifadə etməyə
çalışırıq”.
Azərbaycanda “Multikulturalizm
İli” və “İslam Həmrəyliyi İli” elan olunduqdan
sonra ölkədə və xaricdə xüsusi tədbirlər
keçirildiyini və bunun davam etdiyini deyən Milli Məclisin
ictimai birliklər və dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzov bildirib ki, ölkəmizin belə bir
missiyanı öz üzərinə götürməsi, 50-dən
artıq İslam ölkəsi arasında məhz Azərbaycanın
bu məsələlərə bu cür yanaşması
Prezident İlham Əliyevin, xalqımızın bu həmrəyliyə
böyük önəm verdiyini bir daha sübut edir. Həmrəylik
məsələsi Azərbaycanın mənəvi dəyərlərindən
irəli gəlir. “Dünyada baş verən
hadisələrə nəzər salsaq görərik ki,
artıq qütbləşmə prosesləri daha da kəskinləşib
və bundan əziyyət çəkən daha çox
İslam ölkələridir. İslam ölkələri təkcə
mənəvi dəyərlərinə, milli keyfiyyətlərinə
görə deyil, həmçinin İslamla, o cümlədən
ərazilərində olan təbii sərvətlərlə
bağlı bu əziyyətləri çəkir. Bu gün təbii
sərvətlərə görə illər ərzində
qurulmuş sivilizasiyası olan ölkələrin
başına hansı oyunların gətirildiyini
görürük”, - deyə S.Novruzov əlavə edib.
Komitə sədri vurğulayıb ki, bu gün
Azərbaycan İslam ölkələri arasında əlaqələrin
genişləndirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi
ilə bağlı mövqeyini ortaya qoyub. Prezident İlham
Əliyevin dediyi kimi, IV İslam Həmrəyliyi Oyunları
zamanı bir çox İslam ölkələrinin
idmançıları Bakıda bir-birinin əlini
sıxacaqlar. Hesab edirik ki, bir çox İslam ölkələrinin
rəhbərləri də bir-birinin əlini sıxmaqla bu həmrəyliyi
göstərməli və yaratmalıdırlar. Azərbaycanın
ərazisinin bir hissəsi işğal olunub. Azərbaycan
qaçqın və məcburi köçkün
dalğasını görüb, qardaş köməyinin nədən
ibarət olduğunu bilir. Bu baxımdan, hər bir İslam
ölkəsi bu məsələyə diqqətlə
yanaşmalıdır.
“Məhz Azərbaycan Prezidentinin təşəbbüsü
ilə İslam Həmrəyliyi Oyunlarının rəmzi
olaraq su götürüldü. Su İslamda aydınlıq,
sülh, əmin-amanlıq, yanan hər bir odu söndürmək
deməkdir. Bu gün biz görürük ki, həm Yaxın
Şərqdə, həm İslam dövlətlərində
böyük bir tonqal alovlanır. Məhz bunu söndürmək
üçün suya ehtiyac var. Su İslam həmrəyliyinin rəmzidir.
Əgər İslam dünyası həmrəy olarsa, bu suyu
birlikdə o odun üzərinə tökərsə, o tonqal
heç bir yerdə alovlanmaz, ətraf ölkələrin
heç birinə keçməz”, - deyə S.Novruzov
vurğulayıb.
Qafqaz Müsəlmanları
İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik
Vasim Məmmədəliyev bildirib ki, İslam
dünyasının hazırkı vəziyyətini nəzərə
alsaq, Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi
İli” elan edilməsi haqqında Sərəncamının
olduqca aktual xarakter daşıdığını deyə
bilərik. Bu gün İslam dünyası ən çox həmrəyliyə
ehtiyac duyur. Təəssüf ki, hazırda İslam
dünyası tarixin heç bir dövründə
olmadığı qədər təhlükə ilə
üz-üzədir. Məzhəbçiliyə və firqəçiliyə
əsaslanan düşüncələrlə sadə
insanların zehni zəhərlənir. Təəssüf ki, bu
düşüncələr bəzi ölkələrdə
praktik zəmində də müsəlmanlar arasında
qarşıdurma ilə nəticələnir. Müsəlman
ölkələrində baş verənlər məhz məqsədyönlü
şəkildə önə çəkilən belə mənfur
fikirlərin həyata keçirilməsindən ibarətdir.
“Azərbaycan multikultural dəyərləri
ilə bütün dünyaya örnək olmaqla yanaşı,
İslam həmrəyliyi baxımından da İslam
dünyasına nümunədir. İslam dünyasında bu
gün tam mənası ilə İslam həmrəyliyinə zərbə
vuran meyillərin mövcudluğu təəssüf ki, reallıqdır.
Tarix boyunca Azərbaycanda İslamın iki böyük məzhəbinin
mənsubları yaşasa da, onların arasında heç vaxt
mənfi hallar baş verməyib. Bu gün də Azərbaycanda
hər iki məzhəbin nümayəndələri
qardaşlıq şəraitində yaşayırlar. Qafqaz
Müsəlmanları İdarəsinin və Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin bu sahədəki
fəaliyyəti çox təqdirəlayiqdir. Hesab edirəm
ki, bu model hazırda İslam dünyasının ehtiyac
duyduğu bir modeldir”, - deyə akademik V.Məmmədəliyev
vurğulayıb.
Akademik Azərbaycanın dövlət-din
münasibətlərinin tənzimlənməsi
baxımından da İslam dünyasında model ölkə
olduğunu bildirib. Azərbaycan dövləti istər
Ümummilli lider Heydər Əliyevin, istərsə də
Prezident İlham Əliyevin dövründə ölkəmizdə
olan bütün ənənəvi dinlərə, o cümlədən
İslam dininə, İslam mədəniyyətinə
qayğı ilə yanaşıb. Azərbaycanda bütün
tarixi və dini abidələr qorunur. Müstəqillik
dövründə dövlət tərəfindən yüzlərlə
dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və
təmir edilib, bu proses indi də davam edir.
İslam Tarixi, İncəsənəti
və Mədəniyyəti Araşdırma Mərkəzinin
(İRSİCA) baş direktoru Halit Eren qloballaşma
dövründə ksenofobiyanın mədəniyyətlər və
dinlər arasında dialoqun inkişafına ciddi təhdid
olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada
sülhün və sabitliyin pozulmasında maraqlı olan
radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir.
Bu təhdidin qarşısını almaq üçün
tolerantlığın, dialoqun, əməkdaşlığın
və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət
daşıyır. Bu baxımdan Azərbaycanın rolunu
xüsusi vurğulamaq lazımdır.
Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycanın əzəli
torpağı olan Dağlıq Qarabağ və ətraf
rayonlarda yaşayan soydaşlarımızın doğma yurdlarından
didərgin düşdüklərini xatırladan H.Eren
işğal altındakı ərazilərimizdə mədəni
irsin məhv edildiyini diqqətə çatdıraraq
deyib: “Bu irsin qorunması və mövzunun daim
gündəmdə saxlanılması İRSİCA-nın diqqət
yetirdiyi əsas məsələlərdəndir. Ötən
ilin noyabrında Azərbaycanın Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq
şəraitində “Qarabağ, tarix və miras” mövzusunda
beynəlxalq konfrans təşkil edərək diqqəti
bu məsələyə yönəltməyə
çalışdıq”.
TÜRKSOY-un baş katibi Düsen
Kaseinov bildirib ki, Prezident İlham Əliyevin humanist və
sülhsevər siyasəti sayəsində Bakı dünyada
multikulturalizm mərkəzi olaraq tanınır. Şərq ilə
Qərb mədəniyyətlərinin qovuşuğunda yerləşən
bu gözəl şəhərdə insanlıq və mədəniyyət
adına çox dəyərli tədbirlər
görülür. Azərbaycan həm türk, həm də
İslam mədəniyyətinə əvəzsiz töhfələr
vermiş dövlətdir. Müstəqilliyini bərpa etdikdən
sonra Azərbaycan milli mədəniyyətinin bütün
dünyada tanıdılması istiqamətində uğurlu
addımlar atıb.
“Təəssüf ki, dünyada baş verən
münaqişələr, terror aktları insanların dinc
şəraitdə birgəyaşayışına ciddi zərbə
vurur. Bu konfrans dünyada ayrı-seçkiliyə,
irqçiliyə qarşı dəyərli töhfədir”, -
deyə D.Kaseinov əlavə edib.
Qazaxıstanın Azərbaycandakı səfiri
Beybit İsabayev çıxış edərək deyib ki,
dünyəvi dövlət olan Azərbaycan İslam həmrəyliyində
aparıcı rol oynaya bilir. Azərbaycanın mədəniyyətlər
və dinlər arasında dialoqa töhfəsi çox
böyükdür. Dünyanın müxtəlif
yerlərində dinlərarası, məzhəblərarası
münaqişələrin getdiyi bir dövrdə Azərbaycan
və Qazaxıstan müxtəlif konfessiyaların nümayəndələrini
qlobal problemlərin həlli üçün birgə səy
göstərməyə dəvət edir.
“Azərbaycanda ötən ilin “Multikulturalizm
İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan
edilməsi bu ölkənin qlobal sülhyaratma prosesinə dəyərli
töhfəsidir. Biz IV İslam Həmrəyliyi
Oyunlarını səbirsizliklə gözləyirik. Bu konfrans
qardaş Azərbaycan xalqının sülh və birgəyaşama
prinsiplərinə sadiqliyinin sübutudur”, - deyə səfir
vurğulayıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının Arxiyepiskopu Aleksandr bildirib ki, İslam həmrəyliyinə
həsr olunan konfransın keçirilməsi zamanın tələbidir.
Azərbaycan müxtəlif dinlərin bir arada
mövcudluğunun, birgə fəaliyyətinin
mümkünlüyünün parlaq nümunəsidir.
“Azərbaycan Respublikası dünyəvi
dövlətdir, eyni zamanda o, İslam ölkəsidir.
Çünki burada əhalinin əksəriyyəti müsəlmanlardır.
Azərbaycanın şəhərlərinə, o cümlədən
Bakıya diqqət yetirin. Burada siz xristianları, yəhudiləri
görə bilərsiniz. Azərbaycanda müxtəlif dinlərin,
hətta müasir dünyada mövcud olmayan dinlərin abidələri
var. Azərbaycanda müxtəlif dinlərin bayramları birlikdə
keçirilir. Biz dünyada baş verən hadisələri
görürük və düşünürəm ki, Azərbaycanın
təcrübəsinin öyrənilməsinə böyük
ehtiyac var”, - deyə Arxiyepiskop vurğulayıb.
Bakı Dağ Yəhudiləri
Dini İcmasının sədri Milix Yevdayev Ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu və
hazırda Prezident İlham Əliyev tərəfindən davam
etdirilən milli siyasətin uğurlu nəticələri, Azərbaycanda
bütün dinlərin və millətlərin nümayəndələrinin
rahat yaşamaları üçün yaradılan şərait
barədə danışıb. Etnik və dini
müxtəlifliyin Azərbaycanın milli sərvəti
olduğunu vurğulayan M.Yevdayev ölkəmizdə yaşayan
azsaylı xalqların öz milli-mənəvi dəyərlərini,
adət-ənənələrini qoruyub saxladıqlarını
və zənginləşdirdiklərini, dövlətin
bütün bu məsələlərə hər zaman
diqqət və qayğı ilə
yanaşdığını bildirib. Dini icmanın sədri vurğulayıb
ki, bu, yalnız Azərbaycanda mümkündür. Azərbaycanın
multikultural modeli dünyaya nümunədir. Biz Azərbaycanın
multikultural dəyərlərinin dünyada daha geniş təbliği
istiqamətində səylə
çalışmalıyıq.
Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi
Vladimir Fekete müasir dünyada gərginliyin artmasının,
insanların təhlükə altında yaşamasının
təəssüf hissi doğurduğunu dedi. O, dünyada gedən
proseslərin beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində medianın rolunu
xüsusi vurğuladı. V.Fekete Azərbaycanda müxtəlif
konfessiyalar arasında dostluğun və həmrəyliyin
mövcudluğunu yüksək qiymətləndirdi. Azərbaycan
təkcə təbii ehtiyatları ilə deyil, həm də
dinc həyatı ilə fəxr edə bilər.
Azərbaycan Respublikası Alban-Udi Xristian
İcmasının sədri Robert Mobili azərbaycanlılar ilə
udilərin daim dinc yanaşı yaşadıqlarını
vurğulayıb. Azərbaycanda alban-udilər öz dinlərini,
tarixini, adət-ənənələrini, əlifbalarını,
mədəniyyətlərini, dillərini qoruyub saxlayıblar.
Alban-udilərin yaşadığı Nic qəsəbəsində
kilsə ilə yanaşı, məscid də fəaliyyət
göstərir. Bu qəsəbədə heç vaxt dinlərarası
qarşıdurma olmayıb. Tədbirin əhəmiyyətindən
danışan R.Mobili vurğulayıb ki, bu cür konfranslar Azərbaycanda
yaşayan etnosların, fərqli konfessiyaların tarixi, dili,
dini, adət və ənənələrini qoruyub saxlaması,
onların dirçəldilməsi, mənəvi
inkişafı işinə önəmli töhfədir.
Qafqaz Müsəlmanları
İdarəsi Elmi-Dini Şurasının üzvü Qəzənfər
Paşayev bildirib ki, dünyanın od içində
yandığı bir dövrdə Prezident İlham Əliyevin
2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi
böyük əhəmiyyət kəsb edir. İslam həmrəyliyindən,
dini və mədəni müxtəlifliyin
harmoniyasından danışanda ilk növbədə Azərbaycan
yada düşür. Azərbaycanda yaşayan müxtəlif
xalqların, dinlərin nümayəndələrinin adət-ənənələri
ölkəmizdə multikulturalizmin inkişafına təkan
verir.
Tədbirə yekun vuran Qafqaz Müsəlmanları
İdarəsinin sədri Allahşükür Paşazadə
“İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin
harmoniyası” beynəlxalq konfransının
iştirakçıları adından tədbirin yüksək
Yeni Azərbaycan.-
2017.- 13 aprel.- S.4