Demokratik inkişaf yeni mərhələdə
Müasir dövrümüzdə
demokratiya dərk olunmuş zərurət kimi sürətlə
qloballaşan dünyada hər bir dövlətin sabit
inkişafının mühüm şərti, bəşəriyyətin
mənəvi-hüquqi ideallarının ali təzahürünə
çevrilməklə hüquqi dövlət və vətəndaş
cəmiyyətinin yetkinliyinin başlıca meyarı
sayılır. Mütləq, klassik və
müasir plüralist mərhələlərdən keçərək,
insanların qərinələr boyu təcrübədən
uğurla çıxardığı demokratik dəyərlər
dünya ölkələrinin əksəriyyətində milli
inkişaf strategiyası kimi müəyyənləşdirilmiş,
dövlət idarəçiliyinin, birgəyaşayışın,
vətəndaş-hakimiyyət münasibətlərinin tənzimlənməsinin
ən ahəngdar forması kimi dəyərləndirilmişdir.
Sivilizasiyanın hazırkı yüksək
inkişaf mərhələsində ümumbəşəri dəyərlərə
- demokratik ideallara və insan hüquqlarına hörmət bəsləməyən
hansısa dövlətin dünya siyasətində özünə
layiq yer tutmasından, qlobal miqyasda cərəyan edən proseslərə
nüfuz etməsindən danışmaq mümkün
deyildir.
Hazırda inkişaf səviyyəsinin müxtəlifliyinə,
demokratik dəyərlərin mənimsənilməsi göstəricilərinin
fərqliliyinə baxmayaraq, demək olar ki, bütün ölkələr
insan hüquqları prinsiplərinə sadiqliklərini bəyan
etmişlər. Siyasi liberalizasiya və demokratikləşmə
prosesinin genişlənməsi dövlətlərin fəaliyyətlərinin
məhz bu prinsiplərə əsasən istiqamətləndirilməsini
zəruri prosesə çevirmişdir. Tarixi təkamül nəticəsində
təşəkkül taparaq formalaşmış demokratiya bu
gün bəşər cəmiyyətinin ən aktual, mürəkkəb
və mübahisələrə səbəb olan problemlərindən
biri olaraq qalır.
Qədim dövrlərdən başlayaraq
insanlar demokratiya haqqında düşünmüş,
azadlığa can atmış, lakin bu, heç də həmişə
bütün ölkələrə, bütün xalqlara nəsib
olmamışdır. Demokratik idarəetmə sistemi xalqın
hakimiyyətin mənbəyi kimi tanınmasına və
çoxluğun iradəsinə əsaslanmaqla, ona dövlət
işlərində iştirak hüququ verir, habelə vətəndaşları
real hüquq və azadlıqlarla təmin edir. Demokratik dövlət
insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin
mühüm şərti, onların qarşılıqlı
münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə
nizam-intizamın və sabitliyin başlıca təminatçısıdır.
Demokratik inkişaf yolu seçmiş dövlətlərin
mütləq əksəriyyətində ictimai-siyasi sabitliyin
möhkəm təmələ söykənməsi, yüksək
maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin
ahəngdarlığı, şəxsiyyətin mənafelərinin,
hüquq və azadlıqlarının maksimum səviyyədə
qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə
əməl olunması təmin edilmişdir.
XX əsrin sonlarına doğru
dünyada cərəyan edən qlobal proseslərin və milli
azadlıq hərəkatının nəticəsi kimi dövlət
müstəqilliyinə qovuşan Azərbaycan Dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktında demokratik,
hüquqi və dünyəvi dövlət olduğunu bəyan
etmiş, ümumbəşəri yolla qarşıya qoyduğu
strateji hədəflərə doğru irəliləmək istəyini
nümayiş etdirmişdir. Demokratiya və azad
bazar iqtisadiyyatı prinsiplərini gələcək inkişaf
modeli kimi seçmiş Azərbaycanda hakimiyyətin və
bütün təbii sərvətlərin xalqa mənsubluğu,
mülkiyyətin bütün formalarının bərabərliyi,
vətəndaşların seçki hüququnun,
çoxpartiyalı sistemin təminatı, habelə
insan və vətəndaş hüquq və
azadlıqlarının ümumi prinsipləri rəsmən elan
edilsə də, 1991-1993-cü illərdə rəhbərlikdə
xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması
zəminində baş qaldırmış xaotik və ziddiyyətli
proseslər - qanunçuluğun, hüquq qaydalarının zəifləməsi, ictimai-siyasi sabitliyin pozulması,
sosial-iqtisadi tənəzzülün dərinləşməsi
bu istəyin reallaşmasında ciddi maneəyə
çevrilmişdir. 90-cı illərin əvvəllərindən
başlayaraq bir tərəfdən Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasətinin
genişlənməsi, digər tərəfdənsə
hakimiyyəti qeyri-qanuni ələ keçirmiş diletant
qüvvələrə qarşı ictimai
inamsızlığın dərinləşməsi,
sosial-iqtisadi tənəzzül, vətəndaş
qarşıdurması, xaos və özbaşınalıq
xalqın demokratik və hüquqi dövlətdə yaşamaq
istəyini əlçatmaz ideyaya çevirmişdi.
Bir ictimai-siyasi formasiyadan digərinə
keçidin ilkin mərhələsində üzləşdiyi
xaos və anarxiya mühiti xalqın demokratik dəyərləri
əsl mahiyyəti üzrə dərk etməsinə mane
olmuş, neqativ siyasi proseslər fonunda cəmiyyətdə bu
idarəetmə formasına ehtiyatlı və pessimist
münasibət formalaşmışdı. Xüsusən də 1992-1993-cü illərdə AXC-”Müsavat”
iqtidarının ayrı-ayrı məmurlarının
“demokratiya bayrağı” altında törətdikləri
qanunsuzluqlar və vəzifə
özbaşınalıqları Azərbaycanda demokratiyanın
gerçək mahiyyəti üzrə qavranılmasına imkan
verməmişdi. Ölkə vətəndaşlarının
böyük qisminin yanlış olaraq demokratiyanı “hərc-mərcliyə,
xaosa, itaətsizliyə, siyasi qarşıdurmaya yol açan
uğursuz idarəetmə forması” kimi dəyərləndirməsi
də o dövrün xoşagəlməz siyasi mənzərəsini
əks etdirir.
1993-cü ilin iyun ayında -
ölkədə ciddi siyasi böhranın, xaos və
anarxiyanın hökm sürdüyü bir şəraitdə
xalqın təkidli tələbi ilə hakimiyyət
sükanı arxasına keçmiş Ulu öndərimiz Heydər
Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə
formalaşmış yanlış təsəvvürləri
dəyişmək üçün ilk növbədə xalqla
əl-ələ verərək ictimai-siyasi böhranı aradan
qaldırmış, cəmiyyətdə yeni mübariz əhval-ruhiyyə
yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti
parçalanmadan xilas etmişdir. Xalqın milli-mənəvi
sərvətinə çevrilmiş bu birlik sayəsində
hazırda respublikamızda demokratik dəyərlər
qanunların və milli-mənəvi dəyərlərin tənzimlədiyi
sərhədlərdən kənara çıxmır və
dialektik inkişafa uyğun olaraq ictimai şüur tərəfindən
tam şəkildə mənimsənilir. Azərbaycanda
həqiqi demokratiya məhz Heydər Əliyevin milli dövlətçilik
irsinin təcəssümü kimi formalaşmışdır və
bu irs demokratiyanın özbaşınalıq kimi başa
düşülməsinə, yaxud da ifrat Qərb
demokratiyasının neqativ cəhətlərini özündə
ehtiva etməsinə yol vermir. Faktiki olaraq bu kursun
bütün sahələrdəki tənzimləmə
missiyası ideoloji müstəvidə də özünü
doğrultmuşdur.
“Biz Azərbaycanda demokratik
respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda
mübarizə apararaq ümumi dünyəvi, bəşəri
dəyərlərin hamısından istifadə etməliyik.
Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən
sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra
bütün dünyaya öz tarixi nailiyyətlərini,
milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan
xalqının bu barədə həm tarixi, həm müasir
potensialı olduqca böyükdür. Bunların
hamısından istifadə olunarsa, Azərbaycan həm tam
müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz
tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin
əsasında qurulan demokratik bir cəmiyyət olacaq”, - deyən
Ümummilli liderimiz Heydər Əliyev demokratik inkişafa
insanların daxili azadlığını, mənəvi
ucalığını, qanunçuluğa riayət etməsini
şərtləndirən mühüm vasitə kimi
yanaşmışdır.
Azərbaycan xalqının
vahidliyinə çalışan Ümummilli lider Heydər
Əliyev Özünün fitri idarəçilik istedadı
sayəsində respublikada ümumbəşəri dəyərlərlə
çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri
qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin
möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş
münasibətlərində hər birinin mənafeyini prioritet
götürmüşdür. Müxtəlif
tarixi dövrlərin siyasi təbəddülatları
ümummilli problemlərin həllində cəmiyyətin Heydər
Əliyev siyasi kursuna olan inamına qətiyyən təsir etməmiş,
əksinə, bu inam gündən-günə möhkəmlənmişdir.
İctimaiyyət Heydər Əliyev siyasətinə olan
yüksək etimadın müqabilində dövlətə,
hakimiyyətə inamını bərpa etmiş, məhz bu
inam da cəmiyyəti anarxist meyillərə sürüyən
mənfi tendensiyalara qarşı güclü immunitet
formalaşdırmışdır. Bu mənada Ulu öndər
Heydər Əliyevin siyasi kursunun alternativsizliyi
özünü təkcə praktik məsələlərdə
təsdiqləməmişdir - bu faktor cəmiyyətin ideoloji
istiqamətləri baxımından da mühüm əhəmiyyətə
malikdir.
Ulu öndərimiz Heydər
Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində
respublikamızda qanunçuluğun və hüquq
qaydalarının bərpası istiqamətində kompleks tədbirlər
həyata keçirilmiş, xaos və anarxiya mühitinə
son qoyulmuş, hüquqi, siyasi və iqtisadi islahatlara start
verilmişdir. O dövrdə Azərbaycanda
demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin
bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi
qanunların aliliyini təmin edən hüquqi, dünyəvi
dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial
qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini
təmin edən yeni konstitusiyaya ehtiyac duyulurdu. Bu
zərurəti düzgün qiymətləndirən
Ümummilli liderimiz Heydər Əliyev dövlətin təməlinin
möhkəm siyasi-hüquqi əsaslar üzərində
qurulması üçün ilk növbədə müstəqil
Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini
vacib saymışdır. Dövlətçiliyə
qarşı yönəlmiş məkrli qəsdlərin
qarşısı alındıqdan sonra 1995-ci ilin iyul ayında
Ümummilli liderimiz Heydər Əliyevin Sədrliyi ilə Azərbaycan
Respublikasının Konstitusiyasını hazırlayan Dövlət
Komissiyası təşkil edilmişdir.
Görkəmli alimlərin,
hüquqşünasların, mütəxəssislərin və
rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995-ci
il iyul ayının 5-də ilk iclasını
keçirmişdir. Komissiyanın iclasında geniş nitq
söyləyən Ümummilli liderimiz dəyərli tövsiyələrini,
məsləhətlərini vermişdir. “Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul
etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında
demokratik prinsiplər əsasında uzun müddət sabit
yaşamasını təmin edən əsas qanun, tarixi sənəd
olsun. Hakimiyyət bölgüsü - ali icra,
qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar
hamısı xalqın iradəsinə söykənməli,
seçkilər yolu ilə təmin olunmalıdır”, - deyən
Ulu öndərimiz Konstitusiyanın hazırlanmasında həm
Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən,
həm də ümumbəşəri dəyərlərdən,
dünyanın demokratik dövlətlərinin təcrübəsindən
istifadə edilməsini mühüm vəzifə kimi irəli
sürmüşdür.
Ümummilli liderimizin rəhbərliyi
ilə 6 ay müddətində hazırlanan və 1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul
olunan müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası ölkənin gələcək inkişaf
prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının
təminatını dövlətin ali məqsədi kimi önə
çıxarmışdır. Beş bölmə,
12 fəsil və 158 maddədən ibarət olan
Konstitusiyanın 48 maddəsinin sırf insan və vətəndaş
hüquq və azadlıqlarını özündə əks
etdirməsi Ulu öndərimiz Heydər Əliyevin demokratik dəyərlərə
sadiqliyini bir daha təcəssüm etdirir. Konstitusiyada əksini
tapmış bu strateji məqsədlər, ilk növbədə,
hüquqi islahatları və insan haqlarının qorunması
prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya
İnsan Hüquqları Bəyannaməsində və digər
beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli
şəkildə təsbit olunmuşdur.
Azərbaycan Konstitusiyası dövlətin
müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumağı əsas niyyətlər
kimi bəyan etmişdir. Konstitusiyada qeyd olunur ki,
demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin
edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli
sosial və iqtisadi qaydalar əsasında hər bir vətəndaşın
layiqli həyat səviyyəsini təmin etmək,
ümumbəşəri dəyərlərə əsaslanaraq
bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq
şəraitində yaşamaq Azərbaycan dövlətinin ali
məqsədləridir.
1995-2003-cü illərdə Azərbaycan
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə
bu ali məqsədlərə doğru inamla irəliləmiş,
demokratik dəyərlərin mənimsənilməsi, Avropaya
inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi
dövlət quruculuğu istiqamətində mühüm
uğurlara nail olmuşdur. Ümummilli
liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründə həyata keçirilən mütərəqqi
islahatların başlıca qayəsini məhkəmə-hüquq
sisteminin, prokurorluq, polis, ədliyyə orqanlarının fəaliyyətinin
müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş
hüquq və azadlıqlarının
maksimum müdafiəsi üçün çevik mexanizmlərin
yaradılması, qanunların aliliyinin təmin olunması məsələləri
təşkil etmişdir. Ötən müddətdə insan
hüquqları üzrə bir sıra mühüm
konvensiyalara, sazişlərə qoşulan, Avropa
Şurasının tamhüquqlu üzvünə çevrilən
Azərbaycanda üçpilləli məhkəmə
sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması, İnsan Hüquqları
üzrə Müvəkkil İnstitutunun yaradılması,
söz, mətbuat, fikir, vicdan azadlıqlarının,
çoxpartiyalı sistemin, şəffaf və azad seçki
qanunvericiliyinin təmin edilməsi və s. demokratik inkişaf
yolunda qazandığımız mühüm nailiyyətlərdəndir.
Azərbaycanda demokratik dövlətçilik
ənənələri formalaşdıran Heydər Əliyev
dühasının xalq qarşısındakı ən
mühüm xidmətlərindən biri də məhz bundan
ibarətdir ki, Ümummilli liderimiz müəllifi olduğu
siyasi kursun davamlılığını təmin etmiş, dərin
zəkası hesabına onun gələcək
uğurlarına etibarlı təminat yaratmışdır. Ulu öndərimizin 2003-cü ilin prezident seçkiləri
ərəfəsində “Mən Ona özüm qədər
inanıram” deməklə Özünün layiqli
davamçısı kimi cəmiyyətə təqdim etdiyi cənab
İlham Əliyevin respublikaya rəhbərliyi dövründə
əldə olunmuş böyük nailiyyətlər Azərbaycan
xalqının seçimində qətiyyən
yanılmadığını bir daha təsdiqləyir. Heydər
Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən
bəhrələnən cənab İlham Əliyev Ulu öndərimizin
möhkəm təməllər üzərində
formalaşdırdığı idarəçilik ənənələrini
davam etdirir.
Azərbaycanın
inkişafının hazırkı mərhələsində
dövlət müstəqilliyinin möhkəmlənməsinə
təminat yaradan əsas amillərdən biri də ölkənin
çağdaş fəlsəfi-siyasi tarixinin olduğu kimi qələmə
alınmasından ibarətdir. Ümummilli liderimiz Heydər
Əliyevin qurub-yaratdığı bu dövlətin qət
etdiyi demokratik yola nəzər salınması, Prezident
İlham Əliyevin rəhbərliyi ilə yaradılan
çağdaş tariximizin gələcək nəsillərə
çatdırılması qarşımızda duran ümdə
vəzifələrdəndir. Bu gün Azərbaycanda get-gedə
intensivləşməkdə olan demokratiya xətti o qədər
geniş və çoxşaxəlidir ki, bu prosesə hər
müəllif baxışı yeni-yeni həqiqətlərə
işıq salır.
Azərbaycan Prezidenti İlham
Əliyev dəfələrlə vurğulamışdır ki,
demokratik proseslərin davamlı şəkildə
aparılmadığı hansısa dövlətin iqtisadi sahədə
yüksək nəticələr əldə etməsi, beynəlxalq
arenada layiqli yerini tutması, dünya iqtisadiyyatına
inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən
inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə
və vətəndaş cəmiyyəti quruculuğuna yönələn
cəhdlər uğursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən
Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət
şəklində yanaşılmasını vacib sayır və
ölkənin uzunmüddətli inkişafını məhz
demokratik və iqtisadi islahatların paralel şəkildə
davam etdirilməsi şərtilə real hesab edir.
Dövlət
başçısının demokratik inkişaf konsepsiyası
kifayət qədər təkmil səciyyə
daşıyır və inkişaf etmiş dünya dövlətlərinin
təcrübəsindən qaynaqlanır: “Əsl açıq
demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq
mümkündür. İqtisadi cəhətdən geridə
qalmış dövlətlərdə demokratik proseslər də
geridə qalır. O ölkələr ki onlar iqtisadi cəhətdən
güclüdürlər, o ölkələrdə
demokratiyanın inkişafı da çox yüksək zirvədədir.
Ona görə iqtisadi islahatların davam etdirilməsi
xalqın maddi rifahının
yaxşılaşdırılması, demokratik cəmiyyətin
qurulması və formalaşması üçün
başlıca şərtdir. Ancaq bununla bərabər, əgər,
sadəcə olaraq, iqtisadi məsələlərə diqqətimizi
yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma
olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin
həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan
müasir ölkəyə çevrilməlidir”, - deyən Azərbaycan
Prezidenti bu fikirdədir ki, demokratiya vətəndaşların
sosial-siyasi, mədəni və iqtisadi rifahına, bu sahələrdə
baş verən müsbət dəyişikliklərə adekvat
reaksiya verməlidir.
Demokratik dövlətin bir təsisat
kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin
və ayrılıqda hər bir vətəndaşın maddi
rifah halının yüksəldilməsi, onların sosial
müdafiəsi və layiqli həyat səviyyəsinin təmin
olunması, habelə şəxsiyyətin azad
inkişafı üçün bərabər imkanların
yaradılmasıdır. Son illər bir sıra MDB dövlətlərində
yaşanan “məxməri inqilab” ssenariləri təsdiqləmişdir
ki, demokratik proseslərin inqilabi yolla sürətləndirilməsi,
demokratik dəyərlərin kor-koranə transferi qətiyyən
mümkün deyildir. Hər bir ölkənin daxilində
mütləq demokratik proseslərin getməsinə real zəmin
yaradılmalı, tətbiq olunan yeniliklər ictimai
şüur tərəfindən tam şəkildə mənimsənilməlidir.
Bu nöqteyi-nəzərdən Azərbaycanda dünya ölkələrinin
heç birinə bənzəməyən inkişaf modelinin
formalaşması faktı artıq tam təsdiqini
tapmışdır. Demokratik quruculuq yolu ilə gedən
respublikamız həssas bir bölgədə yerləşsə
də, onun həm iqtisadi, həm siyasi, həm də digər
sahələrdə özünəməxsus inkişaf modeli
formalaşmaqdadır. Bir sıra postsovet dövlətlərində
analoji tranzit “məxməri inqilab” ssenarilərinə əsaslandığı
halda, Azərbaycanda demokratik inkişaf suverenlik və
özünütəminetmə prinsiplərinə söykənir.
Bu elmi-fəlsəfi yanaşma tərzi öz
iddiasını dünyaya qəbul etdirməyə
çalışan, milli məxsusluğa arxa çevirib
dünyaya yeni mövcudluq üsulu vermək istəyən
ayrı-ayrı siyasi mərkəzlərə, alimlərə,
fikir sahiblərinə ən tutarlı cavabdır. Müasir dünyada demokratik dəyərlərin
yayılması kifayət qədər sabit xarakter alsa da,
özlüyündə demokratiya mücərrəd
anlayışdır və nəzərdə tutulan son məqsədə
çatmaq üçün hansısa bir konkret
çıxış nöqtəsi kimi baxmağa imkan vermir.
Bu baxımdan demokratiya xalq hakimiyyəti ideyalarının yad,
yaxud yeni olduğu məkanlarda yalnız təkamül və
inkişaf yolu ilə keçirilməlidir. Hər bir nəzəriyyə
kimi, o da əvvəlki stereotiplərin bütünlüklə
yox edilməsini, habelə başqa davranış normaları və
standartlarının formalaşması üçün vaxt tələb
edir.
Azərbaycanda transformasiya prosesinin dönməz
xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi
həlledici rol oynayır. “Güclü iqtisadiyyat - müstəqil
dövlət” prinsipini uğurla reallaşdıran Azərbaycan
Respublikasında hər hansı bir inqilabın baş verməsi
nəinki mümkünsüzdür, hətta siyasi müzakirə
predmeti deyildir. Keçmiş İttifaq respublikalarının
çoxundan fərqli olaraq, Azərbaycanın siyasi hakimiyyət
sistemi sabit və çox uğurlu şəkildə idarə
edilir. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda
hakimiyyətin icra və qanunverici orqanları arasında nəinki
qarşıdurma meyilləri olmamışdır, əksinə,
onlar arasında konstruktiv əməkdaşlıq mövcuddur.
Bütün bunlar güclü və səmərəli
dövlətin əsas göstəriciləri olmaqla, ölkədə
vahid dövlət siyasətinin həyata keçirilməsinin
mühüm amili kimi qiymətləndirilir. Eyni zamanda, bu
gün Azərbaycan dövlətinin həyata keçirdiyi
iqtisadi siyasət nə bazar fundamentalizminə, nə də
inzibati-amirlik metodlarına əsaslanır. Dövlətin
iqtisadi siyasəti bir tərəfdən sosial ədalət, digər
tərəfdən də səmərəli iqtisadiyyat prinsipləri
ilə uzlaşdırılır. Təsadüfi deyil ki, bu
gün Azərbaycanda 4 mindən artıq QHT, minlərlə
print və elektron KİV fəaliyyət göstərir və
plüralist demokratiyanın vacib institutları kimi
çıxış edir.
Lakin müasir bəşəri demokratiya
ideallarına münasibətdə ciddi problemlər də
mövcuddur. Belə ki, uzun illər boyu Qərbdə
formalaşan bu və ya digər fikir ehkam kimi insanlara təqdim
olunmuş, şüurlara hakim kəsilmiş, bəzən bu
fikirlərin cazibəsinə düşən alimlər
şablondan çıxmaq imkanından məhrum olmuşlar.
Hazırda dünyada mövcud olan ayrı-ayrı nəzəriyyələrin
hakim mövqedə olması da təkzibedilməz həqiqətdir.
Bu səbəbdən istər regional, istərsə
də qlobal müstəvidə demokratiya, demokratik dövlət,
milli müstəqillik, regionalizm, qloballaşma və suverenlik
kimi məfhumlar haqqında yeni elmi yanaşmaların ortaya
qoyulmasına, maraqlı fikirlərin səslənməsinə
böyük ehtiyac duyulur. Çünki demokratik dəyərlərin
özü də bəşəriyyətin inkişaf səviyyəsinə
uyğun olaraq dəyişir, təkmilləşir, yeni məzmun
kəsb etməyə başlayır. Demokratik prinsiplər hansısa
dövlət tərəfindən formalaşa və elan oluna
bilməz. Heç bir ölkə, yaxud siyasətçi
demokratiya arbitri deyildir.
Demokratik dəyərlər bütün bəşəriyyətə
məxsusdur və onun hər bir ölkə üzrə
inkişaf yolu, spesifik təsir gücü mövcuddur. Demokratiya və insan hüquqlarının
qorunması pərdəsi altında öz iradəsini
dünyaya qəbul etdirməyə, müəyyən
planlarını gerçəkləşdirməyə
çalışan ayrı-ayrı qüvvələrin təhdid
və şantajları demokratik idealların möhkəmlənməsinə
mane olur və tormozlayıcı amilə çevrilir. Nəticədə demokratiya XXI əsrin əsas
ideoloji silahına - nəinki mövcud rejimləri dəyişdirməyə,
tranzitlər və transformasiyalar doğurmağa, həm də
Yer kürəsinin istənilən nöqtəsinə hərbi
müdaxiləni “legitimləşdirməyə” qadir olan silaha
çevrilmişdir.
Dünyanı, bir növ, iki
düşərgəyə - kommunist və kapitalist düşərgələrinə
bölən “soyuq müharibə” dövrünün müddəaları
dünya məkanının “azad, qismən azad və qeyri-azad
kimi yeni bölgüsü prinsiplərinə transformasiya
olmuşdur. “Demokratiyanın müdafiəsi”
bayrağı altında ölkələrin daxili işlərinə
kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək,
seçki proseslərinin, vətəndaş hüquqları və
azadlıqlarının vəziyyətinin qiymətləndirilməsində
ikili standartları zorla qəbul etdirmək cəhdləri
demokratik dəyərləri universallaşdırmaq
işinə ziyan vurur. Demokratiyanın inkişaf
səviyyəsini müəyyən etmək üçün
onun ayrı-ayrı dövlətlərin xüsusiyyətlərindən
irəli gələn çətinliklərini, hakimiyyət
qollarının ayrı-ayrı institusional formalarda müəyyən
olunmuş qarşılıqlı münasibətlərini nəzərə
almaq lazımdır. Demokratik sistemin yaradılmasına
demokratiyanın “ideal” modelinin olması mövqeyindən
yanaşmaq düzgün deyildir. Demokratik dəyərləri
müxtəlif siyasi və mədəni şəraitlərə
uyğunlaşdırıla bilən cürbəcür
institusional formaların kombinasiyası vasitəsilə həyata
keçirmək lazımdır. Hansı məkanda
qurulmağından asılı olmayaraq, demokratiya təkamüllü
və suveren olmalıdır. Bu isə vətəndaş cəmiyyətinin
kompleks şəkildə və sabit inkişafını, səmərəli
siyasi strukturun təsis olunmasını, rəqabətqabiliyyətli
iqtisadiyyat formalaşdırılmasını, regional proseslərə
təsirin fəal mexanizmlərini tətbiq etməyə imkan
verir.
Hər bir dövlətin müstəqilliyini
şərtləndirən, onu əbədiləşdirən
amillər ilk növbədə demokratik dəyərlərin
maksimum səviyyədə təminatından
asılıdır. İnkişaf etmiş dövlətlərin
təcrübəsi də təsdiqləyir ki, ictimai-siyasi həyatın
bütün sahələri üzrə
demokratikləşmə prosesinin sürətləndirilməsi,
dövlətin hüquqi bazasının möhkəm təməllər
üzərində qurulması, sosial ədalət prinsiplərinə
ciddi şəkildə riayət olunması həmin dövlətdə
sabitliyin, vətəndaş həmrəyliyinin, dinamik iqtisadi
inkişafın başlıca təminatlarından biridir.
Müstəqil Azərbaycan da qloballaşan dünyanın
tamhüquqlu subyekti kimi heç bir kənar təsiri,
müdaxiləni qəbul etmədən demokratik dəyərlərə
doğru inamla irəliləyir. Respublikamızın
sosial-iqtisadi sahədə ildən-ilə daha böyük
uğurlar qazanması, beynəlxalq layihələrin gerçəkləşdirilməsində
əsas söz sahibi kimi çıxış etməsi,
regionda lider dövlətə çevrilməsi və ən nəhayət,
insanların maddi rifah halında özünü göstərən
kardinal dəyişikliklər Azərbaycanda demokratik
inkişaf kursunun əbədi və dönməz olmasına ən
başlıca təminatdır.
c
Yeni Azərbaycan.-
2017.- 13 aprel.- S.2