Heydər Əliyev - milli
dövlətçilik ideologiyasının banisi
Bu gün öz inkişaf dövrünü
yaşayan, dünyada nümunəvi dövlət kimi
tanınan Azərbaycan hazırkı mərhələyə
asan yolla çatmayıb. Zaman ötdükcə
- Azərbaycanda cərəyan edən inkişaf prosesi yeni mərhələyə
qədəm qoyduqca, ölkəmizdə gedən böyük
dövlət quruculuğu prosesi öz səmərəli nəticələrini
verdikcə, Azərbaycanın beynəlxalq mövqeyi daha da
gücləndikcə ölkəmizin müstəqilliyinin,
Azərbaycanın zəngin və şərəfli inkişaf
yolunun mahiyyəti daha yaxşı dərk edilir. Bu dövrə - ölkəmizin,
xalqımızın, dövlətçiliyimizin keçdiyi
yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı
bu yolu uğurlu, şərəfli və gələcəyə
çox böyük ümidlər yaradan bir yol kimi
görür. Müstəqillik yolumuz
Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının,
Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin
təzahürü kimi meydana çıxdı. Azərbaycan
xalqı, ictimaiyyətin nümayəndələri çox
haqlı olaraq bu illər ərzində ölkədə
bütün sahələrdə uğurlara aparan yolun
parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev
yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli
liderin ideyaları - Heydər Əliyev yolu əsasında
inkişaf edir.
Ulu öndər Heydər
Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısındakı misilsiz xidmətlərinin mahiyyətini
daha yaxşı anlamaq üçün Onun fəaliyyətinin
müxtəlif dövrlərinə nəzər salmaq lazımdır.
İlk növbədə, Ümummilli lider Heydər Əliyevin
respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə
gördüyü işlər xüsusi əhəmiyyət kəsb
edir.
Danılmaz həqiqətdir ki, müasir müstəqil
Azərbaycanın dinamik inkişafının əsasının
qoyulması, sarsılmaz ictimai-siyasi sabitliyin, milli həmrəyliyin
təmin olunması məhz Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu öndər həm
də Azərbaycan xalqının və dövlətinin
xilaskarıdır. Məlum olduğu kimi, 1990-cı illərin əvvəlində
- SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda
siyasi, iqtisadi vəziyyət olduqca gərgin idi. Heydər
Əliyevin ölkəmizə rəhbərlik etmədiyi
dövr çox gərgin və tənəzzül içində
keçdi. SSRİ-nin dağılması ərəfəsində
Azərbaycana çox ağır zərbələr vuruldu. 15
İttifaq dövləti sıralarında yeganə ölkə
Azərbaycan oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20
mindən çox şəhid verdi, 1 milyondan çox vətəndaşı
qaçqın və məcburi köçkün vəziyyətinə
düşdü. Yüz illər ərzində
yaradılmış iqtisadi infrastruktur dağıdıldı,
ölkə siyasi və iqtisadi baxımdan mürəkkəb vəziyyətlə
üzləşdi, bütün sahələr tənəzzülə
məruz qaldı.
Azərbaycanın müstəqillik
ərəfəsində və müstəqilliyinin ilk illərində
yaşadığı faciələrin, çətinliklərin
qarşısının alına bilməməsinin əsas səbəbi
ölkədə xalqın etimad bəslədiyi, insanları
arxasınca apara bilən, Öz torpağına, xalqına
sonsuz məhəbbəti, sədaqəti olan bir
insanın, yəni Heydər Əliyevin rəhbərlikdə
olmaması idi. Həmin dövrdə Azərbaycan həm də
müstəqilliyini itirmək təhlükəsi ilə
üzləşmişdi, ölkədə vətəndaş
qarşıdurması yaranmışdı.
Xalqımızı
düşdüyü bu çətinliklər və faciələrdən
xilas edəcək dahi şəxsiyyət Heydər Əliyev
var idi və Ümummilli lider o zaman ilk növbədə
Naxçıvan Muxtar Respublikasını xilas etdi. Əgər
Heydər Əliyev olmasa idi, bu gün Azərbaycanın
Qarabağ problemi ilə yanaşı, Naxçıvan problemi yaranacaqdı. O zaman Naxçıvanda Ali Məclisin
Sədri seçilən Ulu öndər Heydər Əliyevin gərgin
fəaliyyəti və səyləri sayəsində sabitlik təmin
edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti
yaxşılaşdırıldı. Müharibənin davam
etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin
olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə
Ali Məclisin Sədri kimi Heydər Əliyev həyata
keçirdiyi islahatlar, gördüyü tədbirlər və
işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin
təmin olunmasına nail oldu. Əminliklə söyləyə
bilərəm ki, Ümummilli lider Heydər Əliyev
yorulmaz fəaliyyəti ilə Naxçıvanı
işğaldan, fəlakətlərdən, təlatümlərdən
xilas etdi.
Bundan sonra Muxtar Respublikada tarixi Azərbaycan
dövlət rəmzləri bərpa edildi, islahatlar siyasəti
uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində
Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə
olaraq üçrəngli bayrağımız
qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar
2 bəndlik qərar qəbul edildi. Naxçıvan
MSSR adından “Sovet” və “Sosialist” sözləri
çıxarıldı. SSRİ-nin mövcud olduğu bir
dövrdə belə bir qərarın qəbul və icra edilməsi
olduqca yüksək siyasi səriştə və cəsarət
tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu
nümayiş etdirdi. Naxçıvanda Kommunist
Partiyasının fəaliyyəti dayandırıldı və
Rusiya ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən
çıxarıldı.
1993-cü ilin iyununda xalqın təkidli
tələbi ilə Ulu öndərin Azərbaycana
qayıtmasından sonra ölkəmizdə fəlakətlərə
son qoyuldu, ölkə dirçəlməyə başladı.
Azərbaycana, ölkə iqtisadiyyatına, mənəvi
mühitinə dərindən bələd olan Ulu öndər
Öz düşüncəsini, fəaliyyətini
müstəqil dövlət quruculuğuna sərf etdi və
yeni bir yolun - Heydər Əliyev yolunun əsasını qoydu.
Ulu öndər Heydər Əliyevin
xalqımız və dövlətçiliyimiz
qarşısındakı misilsiz xidmətlərindən biri də
ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının
yaradılmasıdır. YAP ötən əsrin
80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində
ölkəmizdə meydana çıxan mürəkkəb
siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz
tələbindən irəli gələrək Azərbaycan
xalqının arzu və istəklərinin ifadəçisi
kimi yaranan partiyadır. Ümummilli
liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi
yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa
müddət ərzində təşkilatlanmasına, ölkənin
bütün regionlarında özəklərini yaratmasına və
1993-cü ildə hakimiyyətə gəlməsinə şərait
yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi
yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə
gəldi. Ötən zaman ərzində zəngin və şərəfli
yol keçən Yeni Azərbaycan Partiyası Azərbaycanın
inkişafına müstəsna töhfələr verdi, hər
bir Azərbaycan vətəndaşının üz
tutduğu ümummilli partiya kimi çıxış etdi. Bu
gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan
Partiyası Ulu öndərin ideyaları əsasında fəaliyyətini
davam etdirir.
Çox sevindirici haldır ki,
Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli
davamçısı, siyasi varisi cənab Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən
zaman birmənalı şəkildə göstərdi ki,
Ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini,
millətini düşünüb, müstəqilliyimizin əbədi
olması uğrunda qətiyyətlə mübarizə apara biləcək
lider məhz Prezident İlham Əliyevdir. Ulu öndər
Öz övladını bu böyük vəzifənin
icrasına layiq gördü. Bəli, bu, çox ağır bir
vəzifə idi. Amma Prezident İlham Əliyev bu ağır və
məsuliyyətli vəzifənin öhdəsindən
uğurla gəldi. Heydər Əliyev Azərbaycanda
dövlətçilik məktəbi yaratdı. Bu məktəbi
bütün varlığı ilə mənimsəyən cənab
İlham Əliyev özündə böyük fəlsəfi
məna daşıyan azərbaycançılıq ideyası əsasında
ölkəmizdə vətəndaş birliyini daha da möhkəmləndirib.
Xüsusi olaraq qeyd edilməlidir ki, Prezident
İlham Əliyev təkcə Heydər Əliyevin siyasi məktəbinin
deyil, bütövlükdə, həyat məktəbinin yetirməsidir.
Ulu öndərimizin Azərbaycan üçün
gördüyü işlər Onun varisi olan cənab Prezident
İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
Əldə edilən çoxsaylı nailiyyətlər
sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın
gələcəyi üçün nəzərdə
tutduğu bütün işlər böyük uğurla
həyata keçirilir. Bu gün hər bir vətəndaşımız
ölkəmizin uğurlarından qürur duyur. Qazanılan
nailiyyətlər xalqımızı daha böyük qələbələrə,
zəfərlərə ruhlandırır. Dünyanı
iqtisadi böhran bürüdüyü bir şəraitdə,
bir çox ölkələrdə daxili sabitliyin pozulması və
bunun nəticəsində çox böyük insan itkisi ilə
nəticələnən münaqişələrin
yaranması, dünyanın müxtəlif nöqtələrində
siyasi və iqtisadi mühitin böhrana uğradığı
dövrdə müstəqil Azərbaycanımızın
dinamik inkişaf etməsi, əhalinin maddi rifahının
gündən-günə yaxşılaşması çox fərəhləndiricidir.
Eyni zamanda, iqtisadiyyatımızın inkişafı,
abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin
simasının dəyişməsi sübut edir ki, Prezident
İlham Əliyev Heydər Əliyev yolunu çox
böyük uğurla davam etdirir. Bu yol Azərbaycan insanına
xidmət etmək yoludur, bu yol Azərbaycan vətəndaşının
maddi rifahına xidmət edən yoldur. Heydər Əliyev yolu
Azərbaycanı firavan, xoşbəxt gələcəyə
aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi
inkişaf üçün həyata keçirilən siyasət
bu yolun əsas qayəsidir ki, Prezident İlham Əliyev bunu
layiqli səviyyədə həyata keçirir.
Milli dövlətçilik ideologiyası,
xarizmatik liderlik və bu liderlik ətrafında geniş
konsensus Prezident İlham Əliyevin həyata keçirdiyi
islahatların uğurla nəticələnməsini təmin
edib. Bu dövr ərzində ölkəmizdə qeyri-neft
iqtisadiyyatı iki dəfə artıb və onun ümumi daxili
məhsulda payı 38 faizdən 66 faizə yüksəlib. Bu
gün regionlarımız iqtisadi dövrəyə fəal cəlb
olunub və hazırda iqtisadi dəyərin üçdə
biri regionlarda formalaşır. Azərbaycan hökumətinin
intensiv olaraq kommunal və nəqliyyat infrastrukturuna
yatırdığı investisiyalar müsbət nəticələrini
verir. Nəticədə ölkə ərazisinin 90 faizindən
çoxu təbii qazla təmin olunub. Bu, dünya üzrə
ümumi göstəricidən iki dəfə çoxdur. Bu
gün Azərbaycan kosmik ölkələr qrupunun
üzvüdür. Həyata keçirilən siyasət ölkəmizdə
məşğulluq səviyyəsinin artması ilə nəticələnib.
Açılan iş yerlərinin 72 faizi məhz regionlarda
yaradılıb. Bu isə ölkə əhalisinin sosial
rifahının, dayanıqlı gəlirlərinin
formalaşmasını təmin edib. 2014-cü ildə
dünyada baş verən iqtisadi proseslər Azərbaycanın
postneft dövrünə keçid prosesini sürətləndirib.
Prezident İlham Əliyevin 2016-cı ilin dekabr ayının əvvəlində
təsdiq etdiyi dayanıqlı inkişafla bağlı Yol Xəritəsi
ölkəmizin daha geniş şaxələndirilmiş və
dərin iqtisadi modelinin qurulmasını təmin edəcək.
Həmin sənəddə sabit, dayanıqlı və səmərəli
maliyyə sektorunun qurulması məsələləri də əksini
tapıb. Bu məqsədlə strategiya bir sıra istiqamətləri
- bank sektorunda restrukturizasiya proseslərinin
tamamlanmasını, qeyri-işlək aktivlərlə
bağlı problemlərin həllini, maliyyə infrastrukturunu əhəmiyyətli
dərəcədə inkişaf etdirməyi nəzərdə
tutur.
Azərbaycanın müasir tarixi Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən səmərəli islahatlar nəticəsində
sürətli inkişafla səciyyələnir. Dövlət
siyasətinin təməlində Azərbaycan vətəndaşı,
onun hüquq və azadlıqlarının qorunması
dayanır. Bu isə dövlət-vətəndaş münasibətlərinin
ən yüksək səviyyəsinin təzahürüdür.
Dövlət idarəetməsində müasir
dövrün tələblərinə uyğun islahatlar
aparılır, dövlət idarəçiliyi təkmilləşdirilir,
idarəetmə prosesləri modernləşdirilir və
dövlət orqanlarının fəaliyyətində səmərəlilik
artırılır.
Zaman baxımından 26 il heç də
böyük tarix deyil, amma bu illər ərzində
görülmüş işlərə nəzər salanda bir
daha əmin olursan ki, demək, qısa bir vaxtda böyük
uğurlara imza atmaq mümkündür. Azərbaycanda müstəqillik
illərində görülmüş işlər və nəzərdə
tutulmuş layihələr bir daha göstərir ki, bu ölkəni
xoşbəxt bir gələcək gözləyir.
Seymur Orucov
Yeni Azərbaycan.- 2017.- 14 aprel.- S.4