Görkəmli bəstəkar Fikrət
Əmirovun könül
nəğmələri səsləndirilib
Aprelin 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli
bəstəkar, SSRİ Xalq
artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun əsərlərindən ibarət
konsert keçirilib. “Mədəniyyət” kanalı və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının
birgə layihəsi çərçivəsində baş tutan konsertdə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib.
Konsertdə unudulmaz bəstəkarın
musiqimizin inkişafında
yeni mərhələ
açan və dünya musiqisinə əvəzsiz töhfələr
verən “Gözün
aydın” musiqili komediyasından rəqs, “Azərbaycan elləri”, “Mən səni araram”, “Sevdiyim yardır”, “Azərbaycan” süitası, “Şeyx Sənan” dramından “Kor ərəbin mahnısı”, “Kürd ovşarı” simfonik muğamından fraqment, “Sevil” operasından Sevilin və Balaşın ariyaları,
“Böyük dayaq” filmindən Pərişanın
mahnısı və “Min bir gecə”
baletindən Şəhrizadın
şənliyi əsərləri
səsləndirilib.
Xalq artisti Samir Cəfərov, Əməkdar
artistlər İnarə
Babayeva, Lalə Məmmədova, Anar Şuşalı, Ehtiram Hüseynov, Elnur Əhmədov, Gülnaz İsmayılova, Almaz Orucova və başqalarının ifasında
səsləndirilən nəğmələr
gecəyə xüsusi
rəng qatıb.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2017.- 14 aprel.- S.6