Regionlarda əhalinin içməli
su təminatı yaxşılaşır
Təkcə son bir ildə respublikanın
bölgələrində 825 kilometr su, 541 kilometr kanalizasiya xətti
çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı
inşa olunub
Son illərdə ölkənin bütün
bölgələrində müxtəlif təyinatlı
infrastruktur obyektlərinin inşa edilməsi müasir Azərbaycanın
mənzərəsini səciyyələndirən əsas cəhətlərdəndir.
Respublikada generasiya güclərinin
artırılması, şəhər və kəndlərin
intensiv şəkildə qazlaşdırılması, əsaslı
şəkildə yenidən qurulan yollar, istifadəyə verilən
sosial təyinatlı obyektlər bütövlükdə Azərbaycanı
güclü infrastruktur təminatına malik ölkəyə
çevirib. Xarakterik haldır ki, respublikamızda
infrastruktur quruculuğunun maliyyə təminatını bir
qayda olaraq dövlət öz öhdəsinə
götürür. Sonradan bu obyektlər regionlarda iqtisadi
inkişafa təkan verən mühüm amil qismində
çıxış edir. Beləliklə, müasir
infrastruktur quruculuğu siyasəti sayəsində həm
regionlarda iqtisadi aktivliyin artması üçün münbit
şərait təmin edilir, həm də insanların sosial vəziyyəti
yaxşılaşır.
Hədəflərdən biri də regionlarda əhalinin
içməli su təminatını yüksək səviyyəyə
qaldırmaqdır
Azərbaycanın həyata keçirdiyi
genişməzmunlu sosial siyasətə uyğun olaraq regionlarda
əhalinin içməli su təminatının yüksək
səviyyəyə qaldırılması strateji hədəf kimi
müəyyənləşdirilib. Prezident İlham Əliyev
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının üçüncü ilinin yekunlarına həsr
olunan konfransdakı nitqində bu sahədə qarşıda
duran vəzifələrdən bəhs edərək deyib: “Azərsu” ASC-nin qarşısına məqsəd
qoyulmuşdur ki, bir neçə il ərzində bütün
şəhərlərimizin içməli su və kanalizasiya
layihələri tam icra edilsin. Əhaliyə 24 saat fasiləsiz,
Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun içməli su verilsin. Biz bu hədəfə
doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə
içməli su layihələri istifadəyə verilir”.
Ölkəmizdə əhalinin su təminatının
yaxşılaşdırılmasının starteji hədəf
kimi müəyyənləşdirilməsi isə təsadüfi
deyil. Bu, ilk növbədə hazırda dünya üzrə
meydana çıxan çağırışlarla
bağlıdır. Məlumdur ki, hazırda bütün
dünya üzrə su təchizatı ilə bağlı
statistika heç də ürəkaçan deyil. Mütəxəssislər
yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə
diqqət çəkərək bildirirlər ki, XXI əsrdə
su neftin ötən əsrdəki yerini tuta bilər. Son
dövrlərdə Yaxın Şərqdə, MDB-də və
başqa məkanlarda baş verən geosiyasi kataklizmlərin həm
də bu və ya digər su mənbələrinə nəzarəti
ələ keçirmək iddialarından
qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir.
Getdikcə daha çox sayda dövlət malik olduğu su
ehtiyatlarından başqa dövlətlərə qarşı
təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə
etməyə üstünlük verir.
Bir sözlə, müasir dövrdə su mənbələrinin
çatışmazlığı dünyanı təhdid edən
qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlarda
Yer üzündə təxminən 1,5 milyard nəfərin
içməli su çatışmazlığından əziyyət
çəkdiyi bildirilir. BMT qlobal miqyasda su
çatışmazlığı ilə bağlı
xüsusi hesabat yayıb. Həmin hesabatda vurğulanır ki,
dünyada su çatışmazlığından əziyyət
çəkən insanların sayı durmadan kəskin şəkildə
artır. Mütəxəssislər BMT-nin hesabatına əsasən
2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə
yaxın insanın su çatışmazlığı
problemi ilə üz-üzə qalacağını
proqnozlaşdırırlar.
Su çatışmazlığı problemi ilə
bağlı Ümumdünya Səhiyyə Təşkilatının
məlumatı da həyəcan təbili çalmağa ciddi əsaslar
verir. Qurumun rəsmi məlumatına əsasən,
hər gün dünyada diareya xəstəliyindən 5 min
uşaq ölür, yəni hər 17 saniyəyə bir
uşaq həyatla vidalaşır. İçməli suyun
keyfiyyət göstəriciləri də ciddi aktuallıq
daşıyır. ÜST bildirir ki, müxtəlif
ölkələrdə xəstəliklərin təxminən
80 faizi keyfiyyətsiz su ilə qidalanma səbəbindən
yaranır və nəticədə, hər il 3 milyon insan
dünyasını dəyişir. Sadalanan bu və ya digər
faktlar hazırda su təminatının milli dövlətlər
üçün necə ciddi məsələyə
çevrildiyi barədə konkret təsəvvür
yaradır. Azərbaycan malik olduğu güclü
potensialından bəhrələnərək dünya
miqyasında su təminatı ilə bağlı meydana
çıxan aktual çağırışları önləməyə
çalışır.
Respublikamızda əhalinin su təminatının
yaxşılaşdırılmasının davamlı olaraq
diqqət mərkəzində saxlanılmasını şərtləndirən
digər mühüm amil isə respublikanı qidalandıran əsas
su mənbələrinin ölkə hüdudlarından kənarda
formalaşması və su ehtiyatlarının qeyri-bərabər
paylanmasıdır. “Azərsu” ASC-nin məlumatına əsasən,
hazırda ölkənin yerüstü su ehtiyatları 27
kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat
20-21 kubkilometrə qədər azalır. Yerüstü su
ehtiyatlarının mənbələrini çaylar, göllər,
su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin
şirin su ehtiyatlarının 70-72 faizi ölkə
hüdudlarından kənarda formalaşır.
Azərbaycanın yerüstü su
ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd
çayların, 9,5-10 kubkilometri isə yerli çay
axımı hesabına formalaşır. Samur
çayı istisna olmaqla birbaşa Xəzər dənizinə
tökülən çayların illik su ehtiyatı 2,2-2,5
kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri
Böyük Qafqazın şimal-şərq yamacından,
1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan
çayların payına düşür. Kür
çayının hövzəsinə daxil olan sağ və
sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil
edir. Azərbaycan irimiqyaslı investisiya layihələri həyata
keçirərək bu və ya digər mənbələrdən
səmərəli istifadə etməklə ölkənin
uzunmüddətli dövrdə etibarlı su təminatına
nail olmağa çalışır.
Abşeronun su təminatında dönüş
yaranıb
Tarixən Azərbaycanın su
qıtlığından əziyyət çəkən
bölgələrindən biri də Bakıətrafı qəsəbələr
və bütövlükdə Abşeron yarımadası olub.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular
Kompleksinin istifadəyə verilməsi ilə Abşeronun su təminatında
dönüş yaranıb. Kompleks Ceyranbatan
gölündən suyun götürülməsi məqsədilə
tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun
özü və onun köməkçi infrastrukturu, emal olunan
suyun optimal paylanması məqsədilə relyef
baxımından hündürlükdə yerləşən
anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən
ibarətdir.
Yeni kompleksin əsas obyekti ultrasüzgəcli
sutəmizləyici qurğudur. 5,6 hektar ərazidə yerləşən
bu qurğu mürəkkəb geoloji ərazidə inşa olunub.
Xam su anbarından suyun süzgəclərə sabit təzyiqlə
ötürülməsini 16 nasos təmin edir. Emal prosesinə
verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən
keçir, sonra qurğunun əsas təmizləyici
modullarında süzülür. Süzgəclərə 4,5
atmosfer təzyiqlə ötürülən su modulların
içərisində quraşdırılan 0,02 mikronluq
xüsusi süzgəclərdən keçməklə, cəmi
20 saniyədə təmizlənir. Hazırda dünyada az
bulanıqlı suların emalı üçün ən səmərəli
texnologiya məhz ultrasüzgəcli qurğular sayılır.
Membran texnologiyasına əsaslanan belə qurğularda su
heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki
üsulla emal olunur. Belə qurğuların ən
böyük üstünlüyü suyun təbii mineral tərkibini
saxlamaqla, onu asılı hissəciklərdən - bakteriya,
virus, bəzi həll olunmamış duzlar və ağır
metallardan təmizləməsi, bulanıqlıq, xoşagəlməz
iy və dadın aradan qaldırılmasıdır.
Qurğuda quraşdırılan 5280 modulun məhsuldarlığı
saniyədə 6,6 kubmetrdir. Gələcəkdə əlavə
modulların quraşdırılması, eləcə də
elektromexaniki sistemin köməyi ilə emal gücünün
artırılaraq saniyədə 7,5 kubmetrə
çatdırılması mümkündür.
Kompleksdə emal olunan su istehlakçılara
Ceyranbatan-Zirə magistral kəməri ilə
ötürülür. Kəmərin
inşası mərhələlərlə davam etdirilib.
Əsasən Abşeron yarımadasının qəsəbə
və kəndlərinin su təchizatına hesablanan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə
kəməri ilə ötürülən suyun səmərəli
paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına
nail olunması üçün kəmərin marşrutu
boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və
Zirə anbarları tikilib. Gələcəkdə Masazır və
Binəqədidə yeni anbarların tikilməsi, eləcə
də mövcud anbarların genişləndirilməsi nəzərdə
tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq
su ehtiyatı yaradılacaq.
Saatlı şəhərində 22 min nəfərin
içməli su təchizatı yaxşılaşacaq
Əlamətdar haldır ki, Prezident İlham
Əliyev çox tez-tez regionlarda yaradılan infrastruktur obyektlərinin,
o cümlədən də yenidən qurulan su-kanalizasiya şəbəkələrinin
istifadəyə verilməsi mərasimlərində şəxsən
iştirak edir. Azərbaycanın dövlət
başçısı bu yaxınlarda Saatlı rayonuna səfəri
çərçivəsində Saatlı şəhərinin
su təchizatı sistemlərinin istismara verilməsi mərasiminə
qatılıb və Özünün dəyərli tövsiyələrini
verib.
Tədbirdə “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz
Hüseynov məlumat verib ki, regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramları çərçivəsində
Saatlı şəhərində içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi
həyata keçirilir. Azərbaycan
hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi
“Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi”
çərçivəsində icra olunan bu layihə 2035-ci ilə
qədər perspektiv inkişaf nəzərə alınmaqla
Saatlı şəhərində 22 min nəfərin içməli
su təchizatı və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasını nəzərdə
tutur. Eyni zamanda, layihə çərçivəsində
Saatlı rayonunun 7 kəndində 17 min nəfərin su təchizatı
yaxşılaşdırılacaq. “Saatlı
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması” layihəsi çərçivəsində
şəhərdə hər birinin tutumu 5 min kubmetr olan iki su
anbarı, nasos stansiyası inşa edilib. Şəhərdə
137 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi
yaradılıb, 5 mindən artıq ünvana birləşmə
verilib və sayğaclaşma işləri
aparılıb. Bununla da yeni mənbədən bütün
şəhərə içməli suyun verilməsi təmin
edilib.
Qeyd edək ki, Saatlı şəhərində
ilk mərkəzləşdirilmiş içməli su təchizatı
sistemi 1960-cı illərdə yaradılıb. Şəhərə
içməli su Araz çayından və Sabir adına
kanaldan götürülüb çökdürülərək
verilirdi. Yeni layihəyə qədər “Azərsu”
Açıq Səhmdar Cəmiyyəti şəhərin 19 min
sakinindən 33 faizinə xidmət göstərirdi. Mərkəzləşdirilmiş
qaydada su alan əhaliyə hər gün 2-3 saatlıq qrafik əsasında
su verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını
fərdi qaydada ödəyirdi.
Saatlı şəhəri və ətraf
kəndlərin keyfiyyətli və dayanıqlı su təchizatının
təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində
yerləşən və Abşeron yarımadasını
içməli su ilə təmin edən Kür sutəmizləyici
qurğularının imkanlarından istifadə edilib. Bu
məqsədlə 2014-cü ildə 62 kilometr uzunluğunda
Sabirabad-Saatlı qrup su kəməri tikilərək istismara
verilib. Magistral
su kəmərinin 12 kilometrlik hissəsi metal, qalan hissəsi isə
polietilen borulardan tikilib. Kəmər 1 yerdə Kür çayı, 1 yerdə dəmir
yolu, 6 yerdə magistral avtomobil yolu, 3 yerdə beton kanal və
15 yerdə drenaj kollektoru ilə kəsişir. Sabirabad,
Saatlı və Hacıqabul rayonlarının 160 minə
yaxın sakinini keyfiyyətli içməli su ilə təmin
etmək üçün tikilmiş Sabirabad-Saatlı magistral
su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə
alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndində
100 min, Saatlı şəhəri və rayonun 12 kəndində
47 min, Hacıqabul rayonunun 4 kəndində isə 10 min nəfərin
içməli suya olan tələbatını ödəyəcək.
Prezident
İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamına
əsasən bu ilin sonuna qədər magistral kəmər
boyunca yerləşən 30 kəndə içməli suyun
verilməsi təmin ediləcək. Azərbaycan
hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi
bu layihə Saatlı şəhəri ilə yanaşı,
Sabirabad, Şamaxı və Qəbələ şəhərlərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulmasını əhatə edir. Artıq Sabirabad şəhərinə içməli
suyun verilməsi təmin edilib. Şamaxı
şəhərində içməli su təchizatı və
kanalizasiya sistemlərinin, eləcə də tullantı sutəmizləyici
qurğunun tikintisi yekunlaşmaq üzrədir. Qəbələ şəhərində icra olunan
layihənin birinci mərhələsi çərçivəsində
su mənbəyində işlər yekunlaşıb, magistral xətlərin
və anbarların tikintisi başa çatdırılıb,
şəhərdaxili su şəbəkəsinin bir hissəsinin
inşası isə yekunlaşmaq üzrədir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin
imzaladığı yuxarıda bəhs olunan Sərəncamın
əhatə dairəsi kifayət qədər genişdir. Sərəncamla əhalinin
içməli su ilə təmin edilməsi məqsədi ilə
22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170
yaşayış məntəqəsində içməli su təchizatı
sisteminin qurulması üçün “Azərbaycan
Respublikasının 2017-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.53-cü bəndində nəzərdə
tutulmuş 14,0 (on dörd) milyon manat “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinə ayrılıb.
Gəncədə
su-kanalizasiya xətləri yenilənir
Respublikamızda 2004-cü ildən bəri uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarında bölgələrdə
əhalinin su təminatının
yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin
qurulması ilə bağlı konkret müddəalar öz əksini
tapıb və indiyədək ayrı-ayrı şəhər
və bölgələrdə onlarca layihə
reallaşdırılb. Bununla bağlı statistika kifayət qədər
zəngindir. Bəhs olunan Dövlət
proqramları çərçivəsində əhalisinin
sayı 579 min nəfərdən çox olan 28 şəhər
və rayon mərkəzində içməli su təchizatı
sistemi qurulub. Nəticədə, respublika
miqyasında əhalinin su təchizatında dönüş
yaranıb. Hazırda Bakının fasiləsiz
su təminatı 80 faizə çatıb. Ölkə üzrə isə bu göstərici təxminən
65 faizdir. Müqayisə üçün
bildirmək yerinə düşər ki, müvafiq Dövlət
proqramlarının icrasına start verilməzdən öncə
ölkə üzrə fasiləsiz su təminatı 25-30 faiz səviyyəsində
idi.
Qeyd edək ki, ölkənin su təchizatının
yaxşılaşdırılması istiqamətində
işlər üşüncü Dövlət Proqramı
çərçivəsində də intensiv şəkildə
davam etdirilir.
Təkcə son bir ildə respublikanın regionlarında 825
kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32
artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5
şəhərdə su təchizatı layihəsi başa
çatıb. Hazırda Gəncədə
su-kanalizasiya xətlərinin yenilənməsi işləri
sürətlə davam edir. Əhalinin
içməli su ilə təminatının
yaxşılaşdırılması məqsədilə şəhərin
ayrı-ayrı yerlərində 4 su anbarı inşa olunub.
Şəhərin Əziz Əliyev, Bəxtiyar
Əliyev və digər küçələrində magistral
su-kanalizasiya xətləri çəkilib, evlərə su
sayğacları quraşdırılıb. Evlərdə
sınaq testləri başa çatdıqdan sonra sakinlər
fasiləsiz olaraq içməli sudan və
kanalizasiya xəttindən istifadə edə biləcəklər.
Hazırda Gülüstan qəsəbəsi və ətraf
ərazilərdə yeni xətlər çəkilərək
magistrala birləşdirilir. İşlərin bir həftəyə
yekunlaşdırılması və su xətlərinin evlərə
birləşdirilməsi nəzərdə tutulub. Görülən işlərin ilkin mərhələsində
şəhərdə 2 min abonentin fasiləsiz olaraq içməli
su ilə təminatı və çirkab su xəttindən
istifadə imkanı yaxşılaşacaq. May ayının sonuna kimi isə daha 400-ə
yaxın abonent fasiləsiz içməli su ilə təmin
ediləcək.
Kiçik
yaşayış məntəqələrinin su təminatının
yaxşılaşmasında modul tipli qurğuların
böyük rolu var
Ölkədə su təminatının
yaxşılaşdırılması ilə bağlı layihələr
yalnız iri şəhərləri və rayon mərkəzlərini
əhatə etmir. Belə layihələr həmçinin
kiçik yaşayış məntəqələrində də
həyata keçirilir. Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında
nəzərdə tutulan müvafiq tədbirlərin
reallaşdırılması sayəsində düşmən
mövqelərindən bir neçə yüz metr məsafədə
yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin
içməli su problemi öz həllini tapıb. Eyni
zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd
rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə,
həmçinin Ağcabədidə Laçın rayonundan
olan məcburi köçkünlərin
yaşadığı ərazilərə su xətləri
çəkilib. Sayca üçüncü Dövlət
Proqramının icrasının arxada qalan dövrü ərzində
həmçinin Balakən, Zaqatala, Qazax, Ağsu,
İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan,
Saatlı rayonlarının kənd və qəsəbələrində
də su layihələri reallaşdırılıb, nəticədə
35 min nəfərin su təminatı yaxşılaşıb. Bəhs olunan Dövlət Proqramı çərçivəsində
Şirvan şəhərinin Yeni Yaşayış massivində
49 kilometr su şəbəkəsi yaradılıb,
Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt
çəkilib.
Azərbaycanın regionlarında əhalinin su təminatının
yaxşılaşdırılması məqsədilə
müxtəlif variantlardan istifadə edilir. O cümlədən son illərdə
respublikanın bölgələrində modul tipli
qurğuların quraşdırılması geniş vüsət
alıb. Təkcə son bir neçə il
ərzində ölkə ərazisində 1500-ə yaxın
subartezian quyusu qazılıb. İndiyədək
24 rayonun 384 yaşayış məntəqəsində modul
tipli sutəmizləyici qurğular quraşdırılıb və
nəticədə 620 min nəfərin su təminatı
yaxşılaşıb. Son bir ildə isə
100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində
modul tipli sutəmizləyicisi quraşdırılıb.
Bölgələrdə modul tipli qurğuların istifadəyə
verilməsi perspektivdə də davam etdiriləcək. Xəbər verildiyi kimi,
Prezident İlham Əliyev 24 fevral 2017-ci il
tarixində “Əhalinin ekoloji cəhətdən təmiz su ilə
təminatının yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncam
imzalayıb. Sərəncamda Kür və Araz
çaylarının sularından, habelə digər su mənbələrindən
istifadə edən ölkə əhalisinin keyfiyyətli
içməli su ilə təmin edilməsi məqsədi ilə
18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100
yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğuların quraşdırılması üçün
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16,0 (on
altı) milyon manat vəsait ayrılması nəzərdə
tutulub.
Qarşıya
qoyulan əsas məqsədlərdən biri də müştəri
məmnunluğunu təmin etməkdir
Ölkədə əhalinin su təminatının
yaxşılaşdırılması ilə bağlı
qarşıya qoyulan əsas məqsədlərdən biri də
xidmətin keyfiyyətini yüksəltmək və
müştəri məmnunluğunu təmin etməkdən
ibarətdir. Son vaxtlarda “Azərsu” ASC-nin müvafiq qurumlarında
şəffaflığın təmin edilməsi, vətəndaşların
müraciətlərinə cavab verilməsinin tezləşdirilməsi,
məmur-abonent təmaslarının azaldılması istiqamətində
məqsədyönlü tədbirlər həyata
keçirilir. Bütün regionlarda
sayğaclaşdırma uğurla aparılır. 1yanvar
2017-ci il tarixədək “Azərsu” ASC-nin ölkə üzrə
su təchizatı xidməti göstərdiyi 1342248 əhali
qrupu abunəçisinin 897350-si və ya 66,9
faizi sayğacla təmin olunub. Qeyri-əhali qrupuna aid 58775 abunəçinin
isə 48223-ü və ya 82 faizində sayğaclaşma
aparılıb.
“Azərsu” ASC-nin bütün regional idarələri
üzrə elektron xidmətlərdən istifadə edilməsinin
əhatə dairəsi genişləndirilir. Hazırda
müvafiq xidmət vasitəsilə bütün abonentlər
internet üzərindən su borclarını öyrənə
bilərlər. Xidmətdən istifadə
etmək üçün sistemə abonent kodu və abonent tipi
daxil olunmaqla sorğu verilir. Bu zaman həmin
abonentə aid su borcu, sayğac nomrəsi, sayğacın son
göstəricisi və sayğacın son oxunma tarixini özundə
ehtiva edən məlumat verilir. İnternet üzərindən
borcları barədə ətraflı məlumat alan abonentlər onu elə elektron qaydada da
ödəyə bilərlər. Xidmətdən
istifadə etmək üçün yalnız abonent kodu tələb
olunur. Xidmət Azərbaycan Respublikası
Mərkəzi Bankının Kütləvi Ödənişlər
üzrə Mərkəzləşmiş İnformasiya Sistemləri
(HÖP) və “GoldenPay” MMC ilə birgə həyata
keçirilir və tam
avtomatlaşdırılmışdır. Elektron
ödəmələri müxtəlif saytlar, həmçinin
“MilliÖn” və “e-manat” ödəmə terminalları vasitəsilə
aparmaq mümkündür.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.- 2017.- 15 aprel.- S.7