Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurət və dövlətçiliyimizin xilas yolu idi

 

Xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətində ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda aparılan siyasətin və strategiyanın müəyyən olunması və onun uğrunda aparılan mübarizə mühüm yer tutur. Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələnədək ölkəmizin ərazisinin bir qismi itirilmişdi və mənfur düşmənlərimiz daha böyük torpaqlara yiyələnmək arzusu ilə fəaliyyət göstərirdilər.

Tarixdən məlumdur ki, iki yüz ildən artıqdır ki, Azərbaycan xalqı erməni şovinist-millətçi ünsürlərinin ərazi iddiaları, soyqırım və etnik təmizləmə siyasəti ilə üz-üzədir. Bu müddət ərzində azərbaycanlılar amansız hücumlara məruz qalmış, öz doğma ocaqlarından qovulmuş və ərazilərinin dörddə üç hissəsini itirmişdir. XIX əsrin 20-ci illərinə qədər Azərbaycanın ərazisinin sahəsi təxminən 410 min kv. km olmuşdur. 1813-1828-ci illərdəki müharibələr nəticəsində 280 min kv.km ərazi - Cənubi Azərbaycan İran əsarəti altına, 130 min kv.km ərazi - Şimali Azərbaycan Rusiya əsarəti altına düşdü. 1918-ci ildə 9 min kv.km ərazidə Ararat Respublikası yaradıldı, 7 min kv.km-ə malik Dərbənd xanlığı Rusiya tərəfindən tutuldu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə onun ərazisi 113,9 min kv.km idi. Bunun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 kv.km-i mübahisəli idi. Gürcüstanla 8,7 min kv.km, Ermənistanla isə 7,9 min kv.km həmsərhəd ərazi qonşu dövlətlər tərəfindən mübahisəli torpaq sayılırdı. Ərazi məsələlərinin birtərəfli, daşnak-bolşevik “həlli” nəticəsində “mübahisəli” ərazilər ermənilərə verildi və bundan əlavə 11 min kv.km ərazimiz Ermənistana bağışlandı. Buraya əsasən Zəngəzur, Dərələyəz qəzaları və Göyçə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27,6 min kv.km ərazisi itirildi. 1922-ci ildə Dilican ərazisi və Göyçə ərazisinin qalan torpaqları da Ermənistana bağışlandı.

1929-cu ildə Naxçıvan Muxtar Respublikasının 657 kv.km torpaq sahəsi - 11 kəndi, Zəngilan rayonunun 3 kəndi Ermənistana verildi. Bundan əlavə, həmin illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və b. yaşayış məntəqələri də Ermənistanın ərazisinə birləşdirildi. 1938-ci ildə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Şərur rayonunun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi üçün erməni daşnakları bir neçə dəfə SSRİ rəhbərliyinə müraciət etdilər. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Dağlıq Qarabağ Muxtar Vilayətində yürüdülən gizli işləri hələ 1960-1970-ci illərdə Ümummilli lider Heydər Əliyev aşkar edərək qarşısının alınması üçün bir sıra kəskin tədbirlərin görülməsinə nail oldu.

SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi. 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən Heydər Əliyev bu qərarın icrasını dayandırdı. O, məsələyə yenidən baxmağı Moskva qarşısında təkidlə qoydu. Belə sərt mövqe respublikanın gənc, mövqelərini hələ möhkəmləndirməmiş rəhbəri üçün təhlükəli olsa da, Azərbaycan xalqının mənafelərini hər şeydən üstün tutan Heydər Əliyev təzyiqləri rədd edərək mövqeyindən dönmədi. Onun məntiqi, biliyi, bacarığı Moskvanı geri çəkilməyə vadar etdi. Erməni rəsmi dairələri yerində oturduldu. Heydər Əliyev bu məsələni bir ay müddətində uğurla həll etdi. O, həmin qərarı yerinə yetirməkdən imtina etdi. Moskvadakı bəzi qüvvələr və Ermənistan rəhbərləri qərarın həyata keçirilməsində çox israr etsələr də, Heydər Əliyev buna imkan vermədi.

Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində uzun illər torpaq üzrə mütəxəssis vəzifəsində işləyən Nadir Hüseynbəyov 1969-cu ilin avqust ayında Heydər Əliyevlə görüşünü belə xatırlayır: “Heydər Əliyev heç bir ay yox idi ki, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyirdi. Bildirdilər ki, Heydər Əliyev məni yanına dəvət edib. Bu, mənim üçün gözlənilməz idi. Söhbətimizin əsasını Azərbaycanla Ermənistan arasında olan sərhəd, guya, mübahisəli torpaq məsələləri təşkil edirdi. Görüşümüz iki saata yaxın davam etdi. Mən özümlə 1903-cü ildə nəşr edilmiş xəritəni də gətirmişdim. Möhtərəm Heydər Əliyev həmin xəritəyə diqqətlə baxdı, onu 1969-cu ildəki mövcud xəritə ilə müqayisə etdi. Heyrət Onu bürüdü: “Aman Allah, heç olmazsa, bu millətə Sənin rəhmin gəlsin. Gör nə qədər torpağını əlindən alıblar” , - dedi. Görüşümüzdən iki gün keçmişdi. Azərbaycan KP MK-dan mənə dedilər ki, Heydər Əliyev qatarla Ağstafaya gedir. Mənim də Onunla birlikdə Ağstafaya getməyimi tapşırıb və bildirib ki, özüm ilə bir sıra sənədləri, o cümlədən 1903-cü ilin torpaq xəritəsini də götürüm. Qatar Bakıdan yola düşəndən bir az keçmiş mənə xəbər elədilər ki, Heydər Əliyev məni yanına dəvət edir. Söhbətimiz iki saatdan artıq oldu. Heydər Əliyev sənədlərə, həmin xəritəyə yenə dönə-dönə diqqətlə baxdı. Qazax rayon Partiya Komitəsinin birinci katibi bizi qarşıladı. Qazaxa, oradan da Azərbaycanla Ermənistanın sərhədinə getdik. Sərhəddə Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanın rəhbərlik etdiyi nümayəndə heyəti bizi gözləyirdi. Heydər Əliyev məndə olan bütün sənədləri və 1903-cü il xəritəsini aldı, mənə dedi ki, Qazax rayon Partiya Komitəsində məni gözləyin. Heydər Əliyev Onu qarşılayanlarla Dilicana yola düşdü. Təxminən üç saatdan sonra Heydər Əliyev Qazax rayon PK-ya gəldi. Hamımızla görüşdü. Məndən aldığı sənədləri qaytardı və dedi ki, 1903-cü ilin xəritəsini Ermənistan KP MK-nın birinci katibi Koçinyana bağışladım və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qeyri-qanuni qərarını müzakirə etdik, Koçinyanla ümumi razılığa gəldik ki, heç bir sərhəd və mübahisəli məsələyə bundan sonra baxılmayacaq”.

Həmin dövr tarixinin başqa bir canlı şahidi Həbib Həsənov yazır: “Ermənistanda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə görüşə müstəsna əhəmiyyət verilirdi. Əslində, bu görüş ermənilər tərəfindən bir növ kəşfiyyat xarakteri daşıyırdı. Heydər Əliyev Ermənistan rəsmiləri üçün sirli şəxsiyyət idi. Koçinyan görüşdən İrəvana qayıdan kimi, Ermənistan KP MK-nın bürosu toplandı. Koçinyan qayğılı və dalğın görünürdü. Mən həmin büroda iştirak edən yeganə azərbaycanlı idim. O, Heydər Əliyevlə görüşü barədə çox qısa məlumat verdi. Yerdən bir neçə nəfər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qərarının icrasına nə vaxt başlanacağı barədə suallar verərkən Koçinyan bildirdi ki, “Ermənistanı və erməniləri sevən hər birinizdən xahiş edirəm ki, nə qədər Heydər Əliyev adlı adam var, heç bir sərhəd məsələsi və mübahisəli torpaq, ərazi iddiası qaldırmayın. Bunu birdəfəlik yaddan çıxarın”.

Sonralar Həbib Həsənov “Ali Sovetin 1969-cu il tarixli torpaq alverini rəsmiləşdirən qərarı icra olunmadı” adlı məqaləsində yazırdı: “1969-cu il mayın 7-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini kimi gündəliyin tərtibində iştirak edirdim. İclasın başlanmasına 10-15 dəqiqə qalmış sədr N.Arutyunyanın yanına getməli oldum. Ermənistan KP MK-nın birinci katibi A.Koçinyan başda olmaqla büronun bütün üzvləri onun kabinetində idi... Təəccübümü görən N.Arutyunyan bildirdi ki, bu gün Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanla Ermənistanın mübahisəli sərhəd məsələsinə baxacaq. Biz də həmin məsələni müzakirə etməliyik... Qeyd etdi ki, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti də bu gün həmin məsələni müzakirə edir. Azərbaycan razılaşdırılmış xəritəni və qərar layihəsini Ermənistan SSR Ali Sovetinə təqdim edib. Xəritə divardan asılmışdı. Qara tuşla hər iki respublikanın sərhədləri bir-birindən ayrılmışdı. Xəritənin aşağı hissəsində eyni ilə qrafik sənədə razılıq bildirilən sözlər yazılmış, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti katibinin imzası ilə təsdiqlənmiş və möhür də vurulmuşdu. İclasın gedişində N.Arutyunyan Bakıya - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri İsgəndərova zəng vurub öyrəndi ki, onlar, həqiqətən, məsələni müzakirə edirlər. Müzakirələrdən, təqdim olunmuş sənədlərdən belə qənaətə gəlindi ki, Azərbaycan təsərrüfatçıları Ermənistana aid olan 1568,2 hektar sahədən istifadə edirlər, bu torpaqlar Ermənistana qaytarılmalıdır. Zaldan replika eşidildi: Bu qədər ərazi üçün qazan qaynatmağa dəyərmi? Replikaya cavab olaraq sədr N.Arutyunyan bildirdi ki, biz xalqımıza cavab verməliyik. Qonşu ölkələrdən torpaqlarımızı ala bilmirik. Xalqımıza başa salmalıyıq ki, imkanımız olan təqdirdə bircə hektar torpağımızı kənarda qoymayacağıq”.

Ermənistan dairələrinin Azərbaycanın digər sərhəd rayonlarına qarşı da əsassız iddialar irəli sürdüyü niyyətləri puça çıxdı. Sov. İKP MK-nın 1969-cu il 5 avqust tarixli “Ermənistan SSR Şəmsəddil rayonunun və Azərbaycan SSR Gədəbəy rayonunun bəzi kolxozları arasında qeyri-normal qarşılıqlı münasibətlər haqqında” qərarı Azərbaycan KP MK bürosunun Heydər Əliyevin Sədrliyi ilə keçirilən 1969-cu il 17 avqust tarixli iclasında müzakirə edildi. İki qonşu xalq arasında normal münasibətlərin yaradılması zəruri sayıldı.

Nəzərdə tutulan 1568,2 hektar sahədən bircə qarış belə Ermənistana verilmədi. May ayından sonra Azərbaycanda baş verən dəyişikliklər və bunun ölkədə yaratdığı əks-səda torpaq “alverinin” qarşısını aldı.

Heydər Əliyev 1969-cu il avqust plenumunda respublika rəhbərlərinin 1968-ci ildə Ermənistan rəhbərləri ilə torpaq məsələsi üzrə bir neçə dəfə görüşdüyünü və Azərbaycan ərazisindən Ermənistana torpaq verilməsi haqqında protokol imzalanmasını qeyd etmişdi. Həmin protokola görə ermənilər Naxçıvanın Ermənistanla sərhəddində indiki Sədərək rayonunun ərazisindəki torpaqların bir hissəsinə, Ordubad tərəfdən Mehri ilə sərhəddə olan torpaqlara, Gədəbəy rayonundakı Tağlar kəndinə, Qazax, Qubadlı və Laçın rayonlarının bir hissəsinə iddia edirdilər. Təəssüf ki, Azərbaycanın ovaxtkı rəhbərləri bununla razılaşmışdılar. Heydər Əliyev o hadisəni belə xatırlayır: “İndi mən o günləri xatırlayıram. Bir neçə gün idi ki, işləyirdim, bu məsələləri gətirib qarşıma çıxardılar. Moskvadan da çox böyük təzyiq edirdilər ki, qərar qəbul olunub, tez edin, icrasına sərəncam verin. Dedim, bilirsiniz, bu qərar mayda qəbul olunub, əgər iyul ayına qədər icra edilməyibsə, imkan verin mən onu bir araşdırım. Şübhəsiz ki, mən araşdırandan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Mən razılıq vermədim. Nə qədər ki, mən Azərbaycanda işlədim, o qərar həyata keçmədi”.

Beləliklə, 1969-cu il mayın 7-də qəbul edilmiş qərar kağız üzərində qaldı və 1984-cü ilə qədər Ermənistanda bu məsələ qaldırılmadı. Heydər Əliyevin nə qədər böyük və güclü şəxsiyyət olduğunu ermənilər də yaxşı dərk edirdilər.

Ermənistan KP MK-nın keçmiş birinci katibi A.Koçinyan 1988-ci ildə bir müsahibəsində deyirdi ki, onun rəhbərliyi dövründə Qarabağ “məsələsi” neçə dəfə qaldırılmış, lakin Heydər Əliyevin nüfuzu və mərkəzdə sözünün iti kəsəri bu məsələnin həllinə imkan verməmişdir.

Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində respublika təşkilatları öz işlərini elə qurmuşdular ki, erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ildə Dağlıq Qarabağ məsələsi növbəti dəfə qaldırılsa da, qarşısı qətiyyətlə alınmışdı. Heydər Əliyev erməni millətçilərinin niyyətini yaxşı dərk edir, sərhəd rayonlarının iqtisadi və sosial-mədəni inkişafına böyük əhəmiyyət verir, qayğı göstərirdi. 1970-ci illərdə rəsmi Moskva ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi, buradan əhalinin köçürülməsi, torpaqların isə yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Buna qarşı Heydər Əliyev 1977-ci ildən bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri hazırlanmasına və həyata keçirilməsinə nail oldu. İqtisadiyyat xeyli dirçəldi. Mərkəzin, erməni millətçilərinin niyyətləri alt-üst oldu.

1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə isə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən ermənilər müxtəlif mərkəzi orqanlara müraciət edərək Dağlıq Qarabağ məsələsini yenidən qaldırdılar. Lakin Heydər Əliyev L.Brejnevlə görüşüb məsələni həll edərək erməni avantüristlərinin iddialarını puça çıxardı. Artıq Onun Dağlıq Qarabağa yönəlmiş siyasətində həyata keçirdiyi tədbirlərin qarşısını kimsə almaq iqtidarında deyildi. Bundan sonra Heydər Əliyev Dağlıq Qarabağ məsələsi ilə bağlı fəaliyyətini daha da genişləndirərək erməni iddialarını əməli işləri ilə puça çıxardı. Ermənilər ölkə rəhbərliyi qarşısında Dağlıq Qarabağın Ermənistana verilməsi barədə məsələ qaldıran zaman Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağın tarixi barədə geniş bir arayış hazırlanaraq mərkəzə təqdim olundu və bununla da növbəti bir təxribatın qarşısı alındı.

Dağlıq Qarabağ məsələsini “əsaslandırmaq” üçün erməni separatçıları iddia edirdilər ki, guya Azərbaycan rəhbərliyi tərəfindən vilayətin sosial-iqtisadi və mədəni inkişafına fikir verilməmişdir. Heydər Əliyev isə faktlar və dəlillərlə bu fikirlərin tamamilə əsassız olduğunu göstərmiş, qeyd etmişdir ki, DQMV sosial-iqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan və Ermənistanın orta respublika göstəricilərini üstələmişdir. Xüsusilə vilayətin iqtisadiyyatı 70-80-ci illərdə daha inkişaf etmiş, vilayətin mərkəzinə dəmir yolu çəkilmiş, Xankəndində vağzal, yeni aeroport tikilmişdi.

1983-cü ildən etibarən ermənilər Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları irəli sürməyə başladılar. Respublika rəhbərlərinin zəifliyi erməni planlarının genişləndirilməsinə rəvac verirdi. 80-ci illərin ortalarından etibarən erməni dairələri öz fəaliyyətlərini bir neçə istiqamətdə daha da genişləndirdilər. Bunun əsas səbəblərindən ən ümdəsi ermənipərəst M.Qorbaçovun hakimiyyətə gəlməsi idi. Lakin ermənilər çox yaxşı başa düşürdülər ki, Heydər Əliyev Kremldə işlədikcə onların iddialarının reallaşdırılması mümkün deyildi. Çünki Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ermənilərin torpaq iddialarının həyata keçməsinə heç vaxt yol verilməmiş, Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilməmişdir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olmaması, SSRİ-də yaranmış vəziyyət, M.Qorbaçovun ermənipərəst mövqeyi erməni millətçilərinin Azərbaycan Respublikasına qarşı yeni ərazi iddiaları irəli sürmələrinə əsas verdi. Əsrin əvvəlindən başlayaraq tarixi Azərbaycan torpaqlarının - İrəvan, Göyçə və Zəngəzur mahallarının işğal edilməsi ilə kifayətlənməyən ermənilər “böyük Ermənistan” xülyasını yenidən ortaya atdılar. Bu siyasət Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi şəkildə qovulması, Azərbaycan-Ermənistan qarşıdurması ilə nəticələndi. Bu, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı ərazi iddiaları onların “böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi idi.

1987-ci ildən başlayaraq ermənilər Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə mübarizəyə başladılar. Bu mübarizənin Heydər Əliyevin vəzifədən getməsindən dərhal sonra başlaması təsadüfi deyildi. “Dağlıq Qarabağ” kartı ortaya atıldı və bu məsələdə Azərbaycan rəhbərliyinin tam acizliyi görünürdü. Xalq mövcud rəhbərlikdən narazı olduğu üçün ümidlə milli liderini gözləyirdi.

Dağlıq Qarabağ münaqişəsindəki Ermənistan işğallarını üç dövrə ayırmaq mümkündür: 1. DQMV-nin türksüzləşdirilməsi. 2. Ermənistanla birbaşa torpaq əlaqəsinin yaradılması (1992-1993). 3. Ermənistanın bilavasitə Azərbaycana təcavüzü (1993-1994).

1988-ci ilin fevralından Dağlıq Qarabağda separatçılar və erməni millətçilərinin mitinqləri başladı. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi haqqında qərar qəbul etdi. Ermənistandan 230 min azərbaycanlı qovuldu. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-nin DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi.

Heydər Əliyev Azərbaycanın ozamankı siyasi rəhbərliyinin fəaliyyətindən təəssüflənir və qeyd edirdi ki, o dövrdə Azərbaycanın siyasi rəhbərliyi bu idarənin yaranmasını böyük qələbə kimi qiymətləndirir və bu idarəyə çox böyük ümidlər bəsləyirdi. Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün getdikcə daha mütəşəkkil xarakter aldığı dövrdə respublikamızda hakimiyyət çəkişmələrinin artması, qanunsuz silahlı dəstələrin yaradılması ölkəni anarxiya girdabına sürükləyir, siyasi və iqtisadi böhranın dərinləşməsinə, torpaqlarımızın bir-birinin ardınca işğal olunmasına rəvac verirdi. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, hərbi uğursuzluqlar, torpaqların itirilməsi Azərbaycan hakimiyyətinin səriştəsizliyi, Moskvanın əlaltısına çevrilməsi, çəkişmələrin baş verməsi nəticəsində olmuşdu. Səbir kasası dolmuş xalq Heydər Əliyevin hakimiyyətə qayıtmasına yeganə xilas yolu kimi baxırdı.

DQMV və onun ətrafında olan 7 rayon ermənilər tərəfindən işğal olundu. İtirilmiş torpaqlarımız 14082 kv.km olmuş, bunun 4372 kv.km-i Dağlıq Qarabağa, qalanı isə ətraf rayonlara aiddir. Ümumiyyətlə, XX əsrin 20-90-cı illərində 40.681 kv.km ərazimiz Ermənistan tərəfindən işğal olunmuşdur.

Xalqımız Ümummilli liderin respublika rəhbərliyində olmaması səbəbindən ağır faciələrlə üzləşdi. 1990-1993-cü illərdə Bakıda gedən proseslərin əksinə olaraq, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasını Heydər Əliyev mətinliklə müdafiə edir, həmişə xalqın yanında olurdu. Naxçıvan əhalisi də Onun ətrafında sıx birləşərək nicat yolunun məhz Heydər Əliyevdə olduğunu başa düşürdü. Bu xalq və rəhbər birliyi Naxçıvanı tarixin çətin sınaqlarından çıxardı.

1993-cü ilin iyun ayında respublikamızda yaranmış böhranlı vəziyyətin aradan qaldırılması yolunu xalqın əksər təbəqələri dövrün görkəmli siyasi xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qaytarılmasında görürdü. Dünyanın bir sıra siyasi xadimləri və xalqımız deyirdi ki, əgər Heydər Əliyev bu illərdə Azərbaycanda hakimiyyətdə olsa idi, nə ərazilər itirilər, nə də bu faciələr baş verərdi.

Hakimiyyətdə olan qüvvələr ölkəni saldıqları ağır vəziyyətdən çıxarmaqda aciz olduqlarından, yaratdıqları problemləri həll etmək üçün çıxış yolu tapa bilmədiklərindən, xalq və tarix qarşısında məsuliyyətdən qorxaraq Heydər Əliyevi hakimiyyətə dəvət etdilər.

Heydər Əliyev deyirdi: “Mən buraya adamların təzyiqindən çox yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”. Ulu öndərin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını həll etdi, vətəndaş müharibəsinin qarşısı alındı, torpaqların işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı.

Azərbaycan rəhbəri kimi Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllinə kompleks yanaşır, daxili və xarici siyasət amillərini hökmən nəzərə alırdı. O, Azərbaycanın dövlət müstəqilliyini qorumaq, erməni təcavüzkarlarına qarşı xalqın ədalətli müharibəsini sülh vasitəsi ilə başa çatdırmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək üçün yorulmaq bilmədən çalışırdı.

Nizami ordu olmadan ölkənin təhlükəsizliyini təmin etmək mümkün deyildir. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda yeni dönüş mərhələsi başladı. Dövlət Müdafiə Şurası yaradıldı. Könüllülərdən ibarət batalyonlar yaradılıb cəbhəyə göndərildi. İki ay ərzində 16,7 min nəfərdən ibarət 40 ehtiyat taboru təşkil edildi. Döyüşçülərin mənəvi-psixoloji ruh yüksəkliyi artırıldı. Vahid komandanlıq möhkəmləndirildi, ordunun döyüş hazırlığı artırıldı. Silahlı qüvvələrin maddi-texniki bazası xeyli möhkəmləndirildi. Heydər Əliyev ən qaynar cəbhə bölgələrinə getdi, döyüş səngərlərində əsgər və zabitlərlə görüşdü, onların problemləri ilə maraqlandı, tapşırıq və tövsiyələrini verdi. Nəticədə, Azərbaycan Ordusu düşmənin respublikanın içərisinə doğru hücumunu dayandırdı. Hətta əks-hücuma keçib bir sıra torpaqları işğaldan azad etdi.

Formalaşan Azərbaycan ordusu düşmənə öz qüvvəsini göstərdi. Düşmənin Beyləqan istiqamətindəki hücumu dayandırıldı. 1994-cü il yanvarın 5-6-da Füzuli rayonunun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndi, bir gün sonra Horadiz qəsəbəsi, Füzulinin daha 22 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi geri alındı. Bir sıra strateji yüksəkliklər, yaşayış məntəqələri azad edildi.

Məhz bu uğurlar erməniləri danışıqlar masası arxasına oturmağa və 1994-cü il mayın 12-də atəşkəs barədə saziş imzalamağa məcbur etdi.

Ümummilli lider Heydər Əliyev daxili siyasətlə yanaşı, xarici siyasətə böyük önəm verərək bu sahədə də böyük müdriklik və diplomatik istedad nümayiş etdirdi. Ulu öndərin başçılığı ilə informasiya blokadasının yarılması, Dağlıq Qarabağ probleminə dair həqiqətlərin dünya dövlətləri arasında özünəlayiq yer tutması, respublikanın ərazi bütövlüyünün sülh, danışıqlar yolu ilə təmin edilməsi istiqamətində gərgin və səmərəli iş aparılırdı. Azərbaycan dövləti ölkənin ərazi bütövlüyünü bərpa etmək, dövlətçiliyini möhkəmləndirmək üçün dünyanın müstəqil və yüksək inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tutmasına hesablanmış siyasət yeridirdi. Beynəlxalq təşkilatlardan BMT, ATƏT, AŞ, Aİ, İKT, QİƏT, MDB kimi təşkilatlarla geniş və sıx əməkdaşlıq qurulmuşdu.

Heydər Əliyev Ermənistan - Azərbaycan münaqişəsinin, qondarma “Dağlıq Qarabağ problemi”nin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və qorunması məsələlərinin həll edilməsində ilk gündən beynəlxalq təşkilatların gücündən istifadə edilməsinə, onların vasitəsilə bu məsələlərin sülh yolu ilə həll edilməsinə çalışırdı. Heydər Əliyevin qətiyyəti, əzmkarlığı və gərgin fəaliyyəti sayəsində ATƏT-in Minsk qrupu, BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmış, Azərbaycanın ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Budapeşt, Lissabon, İstanbul görüşlərində Azərbaycanın ərazi bütövlüyünün tanınması və bərpası istiqamətində mühüm qərarlar qəbul edilmişdi.

Ulu öndər Heydər Əliyevin ərazi bütövlüyümüzün təmin olunması sahəsindəki apardığı siyasət bu günümüzdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ərazi bütövlüyünün pozulduğu və torpaqlarımızın 20 ildən artıqdır ki, təcavüzkar erməni dövlətinin işğalı altında olduğu bir şəraitdə Azərbaycan ordu quruculuğuna, onun maddi-texniki təminatına böyük əhəmiyyət verir. Azərbaycan NATO standartlarına uyğun şəkildə təlim görmüş öz milli ordusu ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider dövlətə çevrilmişdir. Bu gün Azərbaycan ordusu düşmənin istənilən hərbi hədəfini məhv etməyə qadirdir. İlham Əliyevin rəhbərliyi ilə yaradılmış Müdafiə Sənayesi kompleksində 1160 adda silah-sursat istehsal edilir. 2016-cı ilin dördgünlük aprel müharibəsində Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi. Son 22 il ərzində ilk dəfə düşmənin işğal etdiyi ərazilərin bir hissəsini geri qaytardılar, xeyli əraziyə isə nəzarəti bərpa etdilər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamı hər bir azərbaycanlıda işğal altında olan ərazilərimizin azad ediləcəyinə olan inamı daha da artırıb. Əgər bu gün Cocuq Mərcanlıdan didərgin salınmış soydaşlarımız ata-baba yurdlarına qayıdırsa, deməli, Cəbrayıl, Füzuli, Ağdam, Kəlbəcər və işğal altında olan digər ərazilərimizin sakinləri də artıq öz doğma yurdlarına qayıdacaqlar. Bu qayıdış Şuşaya, Xankəndinə qayıdışın başlanğıcıdır. Azərbaycan yaxınlarda öz ərazi bütövlüyünü bərpa edəcək, mənfur düşməni yerinə oturdacaqdır.

İsmayıl Hacıyev

AMEA Naxçıvan Bölməsinin sədri

Yeni Azərbaycan.- 2017.- 15 aprel.- S.3