Bakıda
Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir
Aprelin 17-də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Rəyasət Heyəti və
Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı
ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq
Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki günlük
Forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük
Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan,
Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçı
iştirak edir.
Forumun açılış mərasimində əvvəlcə
Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra Prezident Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham
Əliyevin Forum iştirakçılarına təbrik məktubunu
oxuyub.
AMEA-nın prezidenti Akif Əlizadə tədbirdə
çıxış edərək tarixdə ilk dəfə
keçirilən bu Forumun əhəmiyyətindən
danışıb. Bildirib ki, Qafqaz dünyanın bir çox
dövlətlərinin diqqət mərkəzində və
maraq dairəsində olan həssas siyasi duruma malik regiondur. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev Qafqaz
regionuna olan marağı bu cür ifadə edib: “Qafqaz
dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir,
dünyanın diqqətini cəlb edir”.
Məlum olduğu kimi, Qafqaz
regionunda bir çox mürəkkəb və həllini tapa
bilməyən problemlərin mövcudluğu,
işğalın və münaqişələrin davam etməsi
daha çox bəzi ölkələrin, əsasən
böyük dövlətlərin maraqlarının burada
toqquşması ilə bağlıdır. Belə bir
şəraitdə aşağıdakı bir çox suallara dərin
elmi əsaslandırılmış cavabların verilməsinə
ehtiyac var. Həmin maraqlar nədən ibarətdir?
Ayrı-ayrı dövlətlərin regionda
yürütdükləri siyasətin məqsədləri nədir?
Həmin məqsədləri reallaşdırmaq
üçün hansı üsullardan istifadə edilir?
Onların ortaq maraqlarını uzlaşdırmaq
mümkündürmü? Region ölkələrinin daxilində
hansı ictimai-siyasi, iqtisadi və digər proseslər gedir və
onların nəticələri necə ola bilər?
Regiondakı problemləri tənzimləmək
üçün hansı elmi əsaslandırılmış
proqnozlar irəli sürmək olar? Hesab edirəm ki, bu və
ya digər çoxlu suallara əhatəli elmi cavabı
qafqazşünas alimlər apardıqları elmi-tədqiqat
işləri ilə verə bilərlər.
Qeyd edilib ki, Ermənistanın
beynəlxalq hüququn bütün normalarını
kobudcasına pozaraq Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində
ərazimizin 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı
daimi yaşayış yerlərindən didərgin
salınıb. Bu gün Qafqaz regionunda mövcud olan bir
çox problemlərin başlıca səbəbi Ermənistanın
Azərbaycana qarşı yürütdüyü
işğalçılıq siyasəti ilə
bağlıdır. Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünə dair həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasında,
işğala son qoyulmasında və digər problemlərin həllində
alimlərin tədqiqatları mühüm rol oynaya bilər.
Bildirilib ki, Qafqaz regionu, eyni zamanda, terror hadisələri
ilə, risklər və təhdidlərlə doludur. Bu problemlərin
dərindən araşdırılması, bölgədə cərəyan
edən hadisələrin öyrənilməsi və mürəkkəb
proseslərin qarşısının alınması
üçün elmi əsaslandırılmış
proqnozların verilməsinə də ehtiyac var. Bununla
bağlı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev deyib: “Biz dünyada, bölgədə gedən prosesləri
izləyərək çalışmalıyıq ki, ölkəmiz
üçün riskləri nə qədər mümkünsə
minimum səviyyəyə endirək”.
Dövlətimizin başçısının
bu fikirləri qafqazşünas alimlərin -
regionşünasların, siyasətşünasların, siyasi
tarix, beynəlxalq hüquq problemləri ilə məşğul
olanların və digərlərinin üzərinə
böyük vəzifələr qoyur. Həmin
çağırışlardan irəli gələrək
alimlərimizin yaşadığımız Qafqaz regionunun
geosiyasətinə, region dövlətlərində cərəyan
edən hadisələrə, ictimai-siyasi, iqtisadi proseslərə,
bu ölkələrin qarşılıqlı münasibətlərinə,
böyük dövlətlərin və digər ölkələrin
regiona dair siyasətlərinə, münaqişələrə,
terrorizmə dair dərin elmi-tədqiqatlar aparmaları və dəyərli
əsərlər ortaya qoymalarına indi daha çox ehtiyac
var. Həmin əsərlərin təkcə elmi-nəzəri
deyil, eyni zamanda, praktik əhəmiyyət
daşıyacağı, diplomatlar, siyasətçilər
üçün faydalı olacağı və müvafiq
qurumlar tərəfindən istifadə ediləcəyi də
şübhəsizdir.
Biz bütün bunları əsas
götürərək Qafqazşünasların Birinci Beynəlxalq
Forumunu keçirməklə dünyanın müxtəlif
ölkələrindən olan qafqazşünas alimləri
çoxtərəfli formatda bir araya gətirmək, Forum
çərçivəsində onların ikitərəfli əməkdaşlığının
əsasını qoymaq və perspektiv məsələlərə
dair elmi müzakirələr aparmağı lazım
bilmişik. Qafqaz problemlərinə dair elmi-tədqiqat
işləri aparan alimlərin bir-birini daha da yaxından
tanımalarına, səylərini əlaqələndirmələrinə,
çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq
etmələrinə ciddi ehtiyac var. Ənənəvi olaraq
keçirilməsi nəzərdə tutulan bu Forum həmin
istiqamətdə atılan ciddi addımlardan biridir. Müxtəlif
ölkələrin qafqazşünas alimlərinin belə
geniş əməkdaşlığı ümumi işimizə
yalnız fayda verəcək.
Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzinin
rəhbəri, akademik Gennadi Matişov bildirib ki, Azərbaycan
ilə Rusiya arasında yaxşı siyasi əlaqələr
mövcuddur. Bu gün Rusiya bazarlarına daxil olarkən Azərbaycanın
kənd təsərrüfatı məhsullarına rast gəlirik.
Bu da onu göstərir ki, ölkələrimiz arasında
iqtisadi əlaqələr də yüksək səviyyədədir.
“Biz
çalışmalıyıq ki, xalqlarımız
arasındakı əlaqələr daha da möhkəmlənsin”,
deyən akademik Azərbaycanın çoxmillətli,
multikultural ölkə olduğunu bildirib, Bakının gözəlliyinə,
buradakı yaraşıqlı binalara heyran
qaldığını diqqətə çatdırıb.
Bu gün Forumda müzakirə ediləcək məsələlərin
çox aktual olduğunu qeyd edən alim bildirib ki, birgə səylərlə
problemlərin həlli yollarını tapmağa
çalışmalıyıq. Tarixi mənbələr təhlil
edilməlidir. Biz tarixin düzgün yazılmasına
çalışmalıyıq. Əks halda, biz ümumi rəyə
gələ bilməyəcəyik.
Türk Tarix Qurumunun sədri, professor Refik Turan
xalqların yaşadıqları ərazilərin onların
şüurlarına, davranışlarına təsir etdiyini
bildirib. O, Qafqaz regionundakı xalqların da özünəməxsus
xüsusiyyətlərə malik olduğunu qeyd edib.
Vurğulayıb ki, bu bölgənin zənginliyinin əsas səbəblərindən
biri böyük tarixə malik olması və müxtəlif
vaxtlarda insanların buraya köçləridir.
Qafqaz regionunun zənginləşməsində
türk xalqlarının önəmindən danışan
türkiyəli professor türklərin müxtəlif vaxtlarda
bölgədəki əhəmiyyətli rollarından söhbət
açıb.
Refik Turan Qafqazın bu gün dünyada insan,
enerji və coğrafiya amillərinə görə
böyük potensialının olduğunu vurğulayıb. O
deyib ki, strateji coğrafiya bölgəmizin dünya dövlətləri
üçün önəmini daha da artırır. Qafqaz həm
də fərqli toplumların, mədəniyyətlərin zənginliyi
ilə seçilir. Araşdırmalar göstərir ki, Qafqaz
bölgəsi dünya nizamının
formalaşmasındakı rolunu gələcəkdə də
davam etdirmək iqtidarındadır. Çünki bu bölgə
hər zaman dünya dövlətlərinin diqqət mərkəzindədir.
Qeyd edilib ki, Qafqaz regionunda olan enerji
resursları da bölgənin əhəmiyyətini
artırır. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri region
ölkələri arasında əməkdaşlığın
gücləndirilməsi istiqamətində atılan
addımlardandır.
Forumun yüksək səviyyədə
təşkilinə görə AMEA-ya təşəkkürünü
bildirən Gürcüstan Elmlər Akademiyasının
vitse-prezidenti, akademik Roin Metreveli deyib ki, region tarixçilərinin,
xüsusən də qafqazşünasların bölgədəki
vəziyyətin, qloballaşmanın öyrənilməsində
rolları böyükdür. Qafqazşünaslar dövlətlərimiz
arasında əlaqələrin möhkəmləndirilməsi
yollarının araşdırılması istiqamətində
xeyli işlər görüblər. Bu Forum bizə gələcəkdə
birgə işləmək, əlaqələrimizi möhkəmləndirmək
baxımından böyük üstünlüklər verəcək.
Forumun əhəmiyyətini yüksək qiymətləndirən
Rusiya Federasiyası Çeçenistan Respublikası Elmlər
Akademiyasının prezidenti, akademik Şaxrudin Qapurov Azərbaycanda
ilk dəfə olduğunu, Bakının gözəlliyinə,
təmizliyinə heyran qaldığını bildirib. O deyib
ki, Bakı qədimliyini qorumaqla müasir bir şəhərə
çevrilib. Burada qədim binalar müasir tikililərlə vəhdət
təşkil edir.
Azərbaycan Milli Elmlər Akademiyasının
dünyada elmi nailiyyətləri ilə şöhrət
qazandığını vurğulayan Ş.Qapurov bu Forumun alimləri
elmi əməkdaşlığa cəlb etdiyini, əlaqələrin
daha da genişlənməsi üçün imkanlar
açdığını söyləyib.
Rusiya-Azərbaycan əlaqələrinə
toxunan qonaq qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılarla
çeçenlər arasında da çox yaxın münasibətlər
mövcuddur.
Böyük Britaniya Mərkəzi Asiya və
Şərq Kral Cəmiyyətinin həqiqi üzvü,
professor Mixail Basxanov Qafqazşünasların Birinci Beynəlxalq
Forumunun unikal bir platforma olacağına əminliyini bildirib.
Qeyd edib ki, Qafqaz bölgəsi öz mədəniyyəti,
tarixi, geostrateji mövqeyinə görə xüsusi əhəmiyyət
daşıyır. Əbəs deyil ki, Qafqazı hər zaman
dünyanın mədəniyyət guşəsi
adlandırıblar. Qafqaz tarixboyu özünün nadir keyfiyyətlərini
dünyaya nümayiş etdirib. Bildirilib ki, Qafqaz həm də
dünyanın strateji xəritəsində önəmli rola
malikdir. Region dünyada balanslaşdırmanın
qorunmasında əhəmiyyətli rol oynayır. Həmçinin
bölgədə bir sıra problemlər var ki, bunlar da
müxtəlif tarixi amillərlə bağlıdır. Forumun
məqsədi məhz bu problemlərin öyrənilməsinə
və birgə yolların axtarılmasına, Qafqaz xalqları
arasında dialoqun daha yaxşı qurulmasına xidmət edir.
Koastal Karolina Universitetinin professoru Kristofer Qann
bildirib ki, Qafqaz böyük tarixə malik və dünyaya
örnək olacaq bir regiondur. O, dünyada Qafqaz regionuna
xüsusi diqqət yetirilməsinin vacibliyini bildirərək
deyib: “Multikulturalizm nöqteyi-nəzərindən bu region
dünyaya örnəkdir. Biz bu Forumda Qafqaz regionundakı vəziyyəti
nəzərdən keçirəcəyik. Əminəm ki, bu
Forumun nəticələri elmimizə, sülhə töhfələr
verəcək”.
K.Qann bu Forumda iştirak etməyin onun
üçün şərəf olduğunu deyib. “Bu Forum bizi
ümumi işimizə töhfə vermək üçün
daha da yaxınlaşdıracaq, regionda sülhün, sabitliyin
yaranmasına xidmət edəcək”, - deyə o əlavə
edib.
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli
bildirib ki, böyük tarixə, zənginliklərə malik
Qafqaz tarixboyu daha çox iqtisadi, siyasi və hərbi amillərə
görə dünyanın maraq dairəsində olub. Regionumuz
ağır hərbi əməliyyatlara şahidlik etmiş bir
məkandır. AMEA-nın bu Forumu keçirməkdə əsas
məqsədi dünyanın diqqətini Qafqazdakı elmi
münasibətlərə yönəltməkdir. Demək olar
ki, dünyanın bütün qitələrində
qafqazşünaslıq elmi ilə məşğul olurlar.
Çünki Qafqaz qədim tarixə malikdir.
Qeyd edilib ki, Qafqaz həm də demoqrafiq cəhətdən
unikal bir regiondur. Statistikaya görə, Qafqazda 70-ə
yaxın müxtəlif xalq, millət, etnik qrup fəaliyyət
göstərir. Müxtəlif dinlərin nümayəndələrinin
yanaşı yaşaması baxımından da Qafqazın
böyük təcrübəsi var. Qafqaz, həmçinin dinlərarası
dialoqu öyrənmək üçün zəngin bir mənbədir.
Burada müxtəlif xalqlar yaşadığı
üçün regionumuzda zəngin mədəniyyət
mövcuddur. Ona görə də çoxmillətli cəmiyyəti,
multikultural dəyərləri öyrənmək
baxımından da Qafqazın verdiyi imkanlar daha
böyükdür. Qafqaz həm də böyük ədəbiyyatın
ilham qaynaqlarından biridir.
İsa Həbibbəyli vurğulayıb ki,
müstəqil Azərbaycan dövləti Qafqazda sülhün,
sabitliyin, multikulturalizmin bərqərar olması
üçün ciddi addımlar atır. Ulu
öndər Heydər Əliyevin uzaqgörənliklə araya-ərsəyə
gətirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri
iqtisadi əhəmiyyəti ilə yanaşı, Qafqaz
xalqları arasında münasibətlərin
formalaşmasına da mühüm töhfələr verməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə reallaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizi
layihəsi də bu düşünülmüş siyasətin
daha da dərinləşməsinə xidmət edir.
Sonra AMEA-nın yubiley medallarının təqdim
edilməsi mərasimi olub.
Akademik Akif Əlizadə
AMEA-nın yubiley medalını Türk Tarix Qurumunun sədri,
professor Refik Turana, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin
sədri, akademik Gennadi Matişova, Gürcüstan Elmlər
Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveliyə və
Rusiya Federasiyası Çeçenistan Respublikası Elmlər
Akademiyasının prezidenti, akademik Şaxrudin Qapurova təqdim
edib.
Tədbir çərçivəsində, həmçinin
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər
Akademiyasının Cənub Elm Mərkəzi arasında ikitərəfli
elmi əməkdaşlığa dair niyyət memorandumu
imzalanıb.
Sənədi Qafqazşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa
Qasımlı və Cənub Elm Mərkəzinin sədri
Gennadi Matişov imzalayıblar.
Bundan başqa, AMEA-nın
Qafqazşünaslıq İnstitutu ilə Yeni Türkiyə
Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu
arasında əməkdaşlığa dair niyyət memorandumu
imzalanıb.
Memorandumu Musa Qasımlı və Yeni Türkiyə
Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun
direktoru Kamal Çiçək imzalayıblar.
Daha sonra AMEA-nın “Azərbaycanlılara
qarşı soyqırımı tədqiqatları
komissiyası”nın və AMEA Qafqazşünaslıq
İnstitutunun nəşri olan “Soyqırımı həqiqətləri”
kitabının təqdimatı olub.
Nəşr haqqında məlumat verən
akademik İsa Həbibbəyli bildirib ki, qafqazşünas alimlərin
əsas vəzifələrindən biri də Ermənistan tərəfindən
uydurulan qondarma “soyqırımı”nın
araşdırılmasıdır. Bu kitab dünyanın
informasiya məkanında mövcud olan boşluğu, ermənilərin
süni antiazərbaycan təbliğatını, heç bir
reallığa əsaslanmayan iddialarını nəzərə
alaraq nəşr edilib. Kitabda Azərbaycan alimləri
ilə yanaşı, dünyanın müxtəlif ölkələrində,
o cümlədən ABŞ-da, Rusiyada, Türkiyədə və
digər dövlətlərdə yaşayan, obyektiv sənədlər
əsasında əsərlər yazmış alimlərin məqalələri
toplanılıb. Bu kitabın məqalələrində əsas
mənbə kimi sənədlər, tarix, reallıqlar
dayanır. Məqsəd ermənilərin bir əsrdən
çox müddətdə müxtəlif bölgələrdə
törətdikləri soyqırımlarının,
Dağlıq Qarabağ münaqişəsi ətrafında
yaratdıqları uydurmaların əsl mahiyyətini dünya
ictimaiyyətinə çatdırmaqdır.
Qafqazın Geosiyasəti və
Geotarixi Mərkəzinin prezidenti Quram Marxuliya, Yeni Türkiyə
Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun
direktoru Kamal Çiçək, AMEA-nın ictimai elmlər
bölməsinin akademik-katibi Nərgiz Axundova, Taras
Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Oleq
Kupçik, AMEA-nın Qafqazşünaslıq İnstitutunun
direktoru Musa Qasımlı və başqaları
çıxış edərək kitabın əhəmiyyətindən
danışıblar. Kitab Prezident İlham Əliyevin “hücum
diplomatiyası” taktikasının alimlər
qarşısında qoyduğu vəzifələrin yerinə
yetirilməsinə AMEA-nın töhfəsi kimi qiymətləndirilib.
Forum işini bölmə iclasları ilə
davam etdirib.
AMEA-nın
Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa
Qasımlının sədrliyi ilə keçirilən
bölmə iclasında Qafqaz regionunda cərəyan edən
proseslər, ermənilərin geosiyasi iddiaları və digər
məsələlər barədə müzakirələr
aparılıb.
Gürcüstan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Qafqazda həlli
yolu tapılmayan münaqişələrdən bəhs edib.
Bildirilib ki, region üçün prioritet məsələ bu
münaqişələrin sülh yolu ilə həllidir. Ermənistan-Azərbaycan
münaqişəsi təkcə azərbaycanlıların
ağrısı deyil, bu, həm də bütün Qafqazın
problemidir.
Böyük Britaniya Mərkəzi
Asiya və Şərq Kral Cəmiyyətinin həqiqi
üzvü professor Mixail Basxanov, Yeni Türkiyə Strateji
Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru
Kamal Çiçək, Qafqazın Geotarixi və Geosiyasi
Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti
Quram Marxuliya, ABŞ-ın Koastal Karolina Universitetinin professoru
Kristofer Qann tarixi sənədlərə əsaslanaraq ermənilərin
təcavüzkar siyasətindən danışıb, bölgənin
hərtərəfli tərəqqisi üçün bu təcavüzə
lazımi münasibət göstərməyin vacibliyini
vurğulayıblar.
Forumun ikinci bölməsində Azərbaycan
iqtisadiyyatında köklü islahatların aparılması,
ölkəmizin Avropanın enerji təhlükəsizliyi
sistemindəki rolu ətrafında müzakirələr
aparılıb. Milli iqtisadiyyatın inkişafı ilə
bağlı təkliflər səsləndirilib. Bildirilib
ki, Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin
başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli
gələn məsələlər haqqında” Sərəncamına
əsasən ölkə iqtisadiyyatının 2020-ci ilədək
iqtisadi inkişaf strategiyasının və tədbirlər
planının, 2025-ci ilədək olan dövr
üçün uzunmüddətli baxışın və
2025-ci ildən sonrakı dövr üçün hədəf
baxışın hazırlanması barədə müvafiq
tapşırıqlar verilib. Bu tapşırıqlara əsasən
8 əsas və 3 yardımçı olmaqla 11 sektor üzrə
Strateji Yol Xəritəsi hazırlanıb.
Daha sonra “Çoxtərəfli əməkdaşlıq
prizmasından Türkiyənin Cənubi Qafqaz siyasəti”,
“Polşanın Cənubi Qafqaz siyasəti”, “Rumıniyanın Cənubi
Qafqaz strategiyasında əsas prioritetlər” və digər
mövzularda məruzələr dinlənilib, müzakirələr
aparılıb.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru, professor Hikmət Məmmədovun sədrliyi ilə
keçirilən bölmədə isə erməni
yalanlarından, azərbaycanlılara qarşı törədilən
soyqırımlarından bəhs olunub.
Qafqazşünasların Birinci Beynəlxalq
Forumunun əhəmiyyətindən danışan H.Məmmədov
Qafqazın geostrateji baxımdan hər zaman dünyanın diqqət
mərkəzində olduğunu söyləyib: “Hazırda
dünyada beynəlxalq münasibətlərdə çox
ciddi hadisələr baş verir. Bu hadisələr təkcə
bizim regionun deyil, dünyanın gələcəyini müəyyən
edəcək. Ona görə də, hər bir xalq öz siyasi
taleyinə sahib çıxmalı, xalqının milli siyasi
iradəsini təmsil edərək gələcəkdə beynəlxalq
münasibətlər sistemini milli aktor kimi bəzəməlidir.
Biz keçmişimizi öyrənməliyik ki, gələcəyimizi
düzgün müəyyən edək”.
İclasda “Erməni
yalanlarının azərbaycanlıların
soyqırımı ilə yekunlaşan nəticələri”,
“Türküstan və Azərbaycan tarixində daşnak
terrorizmi”, “Ermənilərin 1918-ci ildə Cənubi Azərbaycanın
qərb bölgəsində azərbaycanlılara qarşı
törətdiyi soyqırımı”, “Xocalı
soyqırımı dünya mətbuatında”, “Xocalı
soyqırımı Böyük Britaniya mətbuatında” və
digər mövzularında məruzələr dinlənilib.
Professor Şirxan Səlimovun sədrliyi
ilə keçən dördüncü bölmədə XIX əsrin
sonları və XX əsrin əvvəllərində
Qafqazdakı mövcud gərgin siyasi şəraitdən bəhs
edilib. İclasda “Çar hökuməti və Qafqaz cəbhəsi
qaçqınları (1914-1917, fevral)”, “İngiltərənin
Qafqaz siyasətində “erməni məsələsi”nin yeri (1917-1920. Böyük
Britaniya arxiv materialları əsasında)”, “Ermənistan-Azərbaycan
münaqişəsində Zəngəzur məsələsi
(1918-1929-cu illər)” və digər mövzularda məruzələr
dinlənilib. Çıxışlarda bu dövrdəki gərgin
siyasi şəraitlə bağlı fikirlər səsləndirilib.
Professor Yevgeni Krinkonun sədrliyi
ilə keçirilən beşinci bölmədə “Ukrayna, Azərbaycan
və Qafqaz Avropa enerji daşıyıcıları ticarətində”,
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Rusiya-Azərbaycan
əməkdaşlığına nümunə kimi”, “Şərq
tərəfdaşlığı” proqramı və Cənubi
Qafqaz ölkələri: problemlər və zəmanəmizin çağırışları”
və digər mövzularda məruzələr dinlənilib.
Çıxışlarda region ölkələrinin əməkdaşlığından,
o cümlədən Azərbaycan-Rusiya münasibətlərindən,
ölkəmizin regionun inkişafındakı rolundan, əldə
etdiyi iqtisadi nailiyyətlərdən bəhs olunub.
İclasın altıncı bölməsində
erməni terrorundan, Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyətdən,
Qafqaz regionundakı enerji mənbələrinin əhəmiyyətindən
söhbət açılıb.
Azərbaycan Respublikasının
Prezidenti Yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun
direktoru, Milli Məclisin deputatı professor Elman Nəsirov “Azərbaycan
Respublikası Ermənistanın dövlət terrorizmi siyasətinin
hədəfində: səbəblər, motivlər, nəticələr”,
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Məmmədov “Cənubi Qafqazda
mövcud geostrateji vəziyyət müasir beynəlxalq siyasi
proseslər kontekstində” mövzularında
çıxış ediblər. Çıxışlarda Ermənistanın
dövlət terrorizmi siyasətindən
danışılıb. Bu ölkənin xarici
havadarlarının köməyi ilə xalqımıza
qarşı mütəşəkkil formada soyqırımı
siyasəti həyata keçirdiyi bildirilib. Digər
xalqların torpaqlarına qarşı ərazi iddiaları ilə
çıxış edən, işğalçılıq
siyasəti həyata keçirən Ermənistan bütün
Qafqaz regionu üçün son dərəcə təhlükəli
dövlət kimi dəyərləndirilib.
Bu bölmədə, həmçinin
“Dağlıq Qarabağ məsələsi Cənubi
Qafqazın təhlükəsizlik problemi kimi”, “Ermənistanın
Azərbaycana təcavüzü, I Qarabağ müharibəsi”,
“Türkdilli dövlətlərin inteqrasiyasında Qafqazın
geosiyasi rolu və əhəmiyyəti” və digər
mövzularda çıxışlar dinlənilib.
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru Elçin Əhmədovun sədrliyi
ilə davam edən bölmə iclasında isə Şimali
Qafqazdakı etnik münaqişələr, Cənubi
Qafqazın geostrategiyası, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü barədə
müzakirələr aparılıb.
Elçin Əhmədov bildirib ki, Forum Qafqazda
mövcud münaqişələrin həlli istiqamətində
azərbaycanlı və xarici alimlərin səmərəli
müzakirələr aparmaları baxımından önəmlidir.
Bu cür tədbirlərdə alimlər arasında aparılan
fikir mübadiləsi münaqişələrin həlli
yollarının aşkarlanmasına töhfə verə bilər.
Geosiyasi baxımdan həssas region olan Qafqazla bağla nəşrlərin
çapdan çıxması da əhəmiyyətlidir.
İclasda digər çıxış edənlər
mövzunun aktuallığını nəzərə alaraq bu
kimi tədbirlərin Qafqaz regionuna sülh və inkişaf bəxş
edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Forumun səkkizinci bölməsində
“Qlobal və regional aktorların Cənubi Qafqazda maraqları”,
“Region dövlətlərinin Cənubi Qafqaz siyasəti” və
digər mövzularda çıxışlar dinlənilib.
Çıxışlarda region dövlətlərinin əməkdaşlığından,
onlar arasında baş verən qarşıdurmalardan, Türkiyə-Rusiya,
Türkiyə-İran münasibətlərindən bəhs
edilib.
Yeni Azərbaycan.-2017.-
18 aprel.- S.5