MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ MEDİA...

 

Kütləvi informasiya vasitələrində gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır

İnformasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevrilib

 

 

Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.

 

Bu gün dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik.

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

 

Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir.

Əslində Azərbaycanın dünyaya inteqrasiyası müsbət tendensiya sayılsa da, qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi mənfi dəyərlərin ola biləcəyi istisna deyil. Etiraf etməliyik ki, Azərbaycanın ali qanunverici orqanı müstəqillik dövründə onlarca belə təpkilərlə qarşılaşmasına baxmayaraq, təzyiqlərə dirəniş göstərdi. Bu gün də ölkəmizin üzvü olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə zidd olduğundan qəbul edilmir. Lakin bu, yeganə fakt deyil. Onlarca dəlil göstərmək olar ki, qloballaşma prosesinin iştirakçısı olan Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. Məsələn, xarici siyasətlə bağlı Azərbaycan mediasının göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər. Xüsusilə də Qarabağ münaqişəsi istiqamətində xarici diplomatik proseslərdə ölkənin yerli media qurumlarının göstərdiyi təpki dövlət qurumlarının siyasəti ilə üst-üstə düşür və nəticə etibarilə də ölkənin xarici siyasətində əhəmiyyətli rol oynayır.

Başlıca olaraq kütləvi informasiya vasitələrində gedən materiallarda əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır.

Təbii ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.

Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.

 

Bəs, görəsən media nümayəndələri milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələsində medianın rolunu necə dəyərləndirir?

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti, filologiya elmləri namizədi Vüqar Zifəroğlu milli-mənəvi dəyərlər və media məsələsi ilə bağlı "Şərq”ə açıqlamasında belə deyib:

 

"Yaşadığımız XXI əsr kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq, "mədəni dünya”nı özündə təcəssüm etdirməkdədir. Zahirən bəzəkli görünən bu dünya, öz acımasız qanunları ilə maraqlar və iddialar üzərində qurulmaqla yanaşı, mənəvi dəyərlərin deqradasiyasına da səhnə olmaqdadır. Mənəvi-mədəni irsə etinasız münasibət təəssüf doğuracaq haldır və bu etinasızlıq xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə bilər.

Nə yazıq ki, bu deqradasiyasının katalizatoru gündəlik həyatımızı bir anlıq olsun belə onsuz təsəvvür etmədiyimiz media - mətbuat, televiziya, radio və internetdir. İnsanın öz dəyərlərini itirərək, gözünü maddiyyata və ambisiyalarına çevirməsində, onun öz daxili aləmini çirkləndirməsində medianın rolu böyükdür.

Kütləvi informasiya vasitələrinin necə böyük bir gücə malik olması barədə söhbət açmaq yersiz olardı. KİV bu gün bütünlüklə ayrı bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir. Bu gün kütləvi informasiya vasitələri bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Çünki onsuz həyatımızın hansı istiqamətdə axın edəcəyini düşünmək qeyri-mümkündür. Bu, günümüzün reallığıdır. Lakin gəlin bir anlıq təsəvvür edək: nəinki gündəlik iş rejimimizə, hətta şüurlarımıza və bilavasitə şəxsiyyət kimi inkişafımıza birbaşa təsir etmək gücünə malik KİV düzgünlük, vətənpərvərlik, demokratiya və insan hüquqlarına hörmət etmək əvəzinə, zorakılığı, milli diskriminasiyanı, cəmiyyətin bir çox eybəcərliklərini qabardır və bir növ bu eybəcərliklərin təbliğatçısına çevrilir. O zaman istər cəmiyyətin, istərsə də ayrı-ayrı fərdlərin müsbət yöndə inkişafından danışmağa dəyərmi? "

 

Müasir jurnalistkanın dinamik inkişafı və informasiya məkanının qloballaşması dünyanın istənilən nöqtəsinə öz təsirini göstərdiyini vurğulayan Vüqar müəllimin sözlərinə görə, mətbuat, televiziya və radio, multimedia və internet şəbəkələri milyonlarla insanın evinə girməkdədir:

 

"İnformasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevrilib. Və bütün bunlarla yanaşı qeyd edilməlidir ki, güclülər informasiyanın toplanması, saxlanması, işlənməsi, yayılması və istehsalı proseslərində də öz qayda və qanunlarını diktə edirlər. Lord Biverbrukun bir zamanlar dediyi kimi, "Mən qəzeti təbliğat aparmaq üçün nəşr edirəm, başqa məqsədlər üçün yox”. Dünya informasiya bazarında cəmi 9 şirkətin söz sahibi olmasının özü bunu əyani olaraq sübut etməkdədir. Birbaşa diktə və senzura müasir dünyamızda tarixdə qalmış bir nəsnədir, lakin indi iqtisadi gücə malik korporasiyalar (və şübhəsiz ki, onların arxasında duran güclər) beynəlxalq rəyi nəzarətdə saxlamaq məqsədi ilə ustalıqla media gücündən istifadə edirlər. Məşhur Rusiya jurnalist-nəzəriyyəçisi S.Mixaylovun da yazdığı kimi, həmin korporasiyalarla əlbir şəkildə "dövlət orqanları da aktiv olaraq xəbərlərin manipulyasiyası prosesində iştirak edirlər, məsələn, bunu biz, Amerika Birləşmiş Ştatlarının timsalında görə bilərik”. Bu zaman isə artıq kütləvi informasiya vasitələri ilə yad mədəniyyətlərin ekspansiyası prosesi ilə qarşı-qarşıya gəlmək təhlükəsi ilə üz-üzə qalırıq”.

 

Filologiya elmləri namizədinin qənaətincə, bu gün ölkə mediasındakı vəziyyəti nəzərdən keçirərkən heç də ürəkaçan mənzərə ilə qarşılaşmırıq. Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır:

 

"Biz elə bir zamanda yaşayırıq ki, gənclərimizin mənəvi-əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Xüsusilə, gənc, yeniyetmə qızlarımızın ağır, mürəkkəb zaman kəsiyində düzgün tərbiyə olunmasında KİV böyük qüvvəyə malikdir. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına açıq-aşkar böyük zərbələr vurur. Bazar iqtisadiyyatı dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır. Təsirli, cəlbedici, məntiqi, reallığa söykənən ibrətli yazılarla mətbuat bu günün problemlərindən söz açmalı, cəmiyyəti maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq və qərəzsiz informasiya ötürücüsünə çevrilməlidir. Çünki yaradıcılıq üçün ən zəngin mənbə həyatdır, yaşayıb-yaradan insanların fəaliyyətidir. Bu gün igid oğullarını itirmiş anaların, tənha qocaların, həyat yoldaşları qürbətə qazanc dalınca getmiş cavan gəlinlərin, qaçqın şəhərciklərində əlləri qoynunda qalmış qadınların dərd-sərindən yazmaq, işıqlandırmaq bir nömrəli məqsəd olmalıdır. Bu gün inkişaf edən Azərbaycanda avropalaşmanın üstünlükləri olsa da, bunun mənfi tərəfləri də var. TV-də efirə gedən xarici kinofilmlərin, musiqinin təsiri altında formalaşan gənc nəsil ənənəvi mədəni-mənəvi və bədii oriyentirlərdə surətlə uzaqlaşır. Milli şüura və mentalitetə yad olan və ekrandan təbliğ edilən bu amillər gənc nəsil arasında önəmli yer tutmağa başlayır. Bütün bunlar isə öz növbəsində gənc və daha yaşlı nəsil arasında hətta bəzən keçirməsi mümkün olmayan böyük sədd yaradır, onların biri-birini anlamasını çətinləşdirir.

 

Söhbətlərində, geyim-keçimlərində, xalqının milli-mənəvi dəyərlərinə, tarixinə, adət-ənənələrinə laqeyd qalan gənclərin taleyi, cəmiyyətdə "avropalaşmaq” adı ilə özünə yer tapmağa başlayan mənəvi deqradasiya mediada həyəcan təbili çala bilmir. Əvəzində isə, sensasiya doğuran, qeybət xarakterli bəsit xəbərlər, milli psixologiyamıza qətiyyən uyuşmayan, yüz ildə bir dəfə təsadüfən baş vermiş bayağı nəsnələr, incəsənət ulduzlarının şəxsi həyatında baş vermiş mənasız, cəmiyyət üçün heç bir əhəmiyyəti olmayan hadisələr, abırsız şəkillər, kollajlar mediada istənilən qədərdir. Bəzi mətbuat orqanları tarixi ənənələrimizdən uzaq düşür, öz kökümüzə balta vurur, satira əvəzinə söyüş, tənqid əvəzinə təhqir yazırlar”.

 

Şəymən

Şərq.- 2017.- 19 aprel.-S.11