Regionlarda baramaçılığın inkişafı diqqət mərkəzindədir

 

Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi istiqamətində əsaslı tədbirlər görülür

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı son bir neçə ildə mühüm inkişaf tempi əldə edib. Xüsusilə, kənd təsərrüfatına göstərilən diqqət və qayğı aqrar sahənin daha yüksək təşəkkülünə yol açıb. 2004-cü ildən bu yana həyata keçirilən və regionların inkişafını özündə ehtiva edən Dövlət proqramları bölgələrin simasının dəyişməsində əhəmiyyətli rol oynayıb. Belə ki, adıçəkilən Dövlət proqramlarının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə yanaşı, vətəndaşların sosial rifahının yüksəlməsinə də yol açıb. Bu gün ixrac məhsulları arasında kənd təsərrüfatı məhsulları mühüm yer tutub. Prezident İlham Əliyevin aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində qeyd etdiyi kimi, bu məhsullar arasında fındıq birinci, pomidor ikinci yerdədir. Fındıq məhsulunun ixracından ölkəmizə 105 milyon, pomidordan isə 94 milyon dollar valyuta daxil olub. “Üçüncü yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir - 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər. Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.

Bununla yanaşı, bu ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, emal olunmuş meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb. Eləcə də ötən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Belə ki, ölkəmizdən 105 milyon dollar məbləğində fındıq ixrac olunub. Bu ilin ilk üç ayında isə 20 milyon dollar dəyərində fındıq ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 3 faizlik artıma nail olunub.

Vurğulamaq yerinə düşər ki, son bir neçə ildə Prezident İlham Əliyevin tapşırığı əsasında strateji məhsullar sayılan bir sıra sahələrin inkişafı diqqət mərkəzindədir. Bu sırada pambıqçılıq, tütünçülük, sitrus meyvələri, eləcə də baramaçılıq əhəmiyyətli yer tutur. Qeyd edildiyi kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən olunub.

Yeri gəlmişkən, Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Ölkə başçısının tapşırıqlarına əsasən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə 70,7 ton yaş barama məhsulu istehsal olunub, 1250-yə yaxın kümçü ailəsi bir ay ərzində çəkdikləri zəhmət müqabilində 600 min manata yaxın pul gəlirləri əldə ediblər.

Azərbaycan Respublikası Prezidentinin “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli Sərəncamına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 1,5 milyon ədəd tut tingləri tədarük edilib. Tinglər Prezident Administrasiyası tərəfindən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.

Dövlət başçısının respublikada barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması barədə tapşırıqlarına uyğun olaraq, bu il ölkədə 200 tondan çox yaş barama istehsalı nəzərdə tutulub. Həyata keçirilmiş tədbirlərin davamı olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” şirkətindən respublikada istehsal olunacaq barama məhsulunun həcmi nəzərə alınmaqla, 6 min qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq aprelin 18-də respublikaya gətirilib və inkubasiyaya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipəkqurdlarının bölgü əsasında respublikanın 30 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub.

Xatırladaq ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq, hər kiloqramına 5 manat subsidiya verir.

Qeyd edilənlərlə yanaşı, ölkəmizdə ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, yaxın gələcəkdə toxum zavodlarının və kümçülərin damazlıq barama toxumları ilə təmin edilməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyasının müasir standartlara uyğun şəkildə yenidən qurulması və modernləşməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Baramaçılıqla yanaşı sitrus meyvələrinin yetişdirilməsində mühüm addımlar atılır. Məsələn, Lənkəranda “Hallobonq” növlü yeni sitrus bağları salınır. Hazırda rayonda 680 hektar məhsuldar sitrus bağları var. Rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə “Gilan Aqro” MMC tərəfindən Cənubi Koreyadan gətirilmiş “Hallobonq” növlü sitrus ağaclarından ötən il 1,5 ton nübar məhsul yığılıb. Bu il isə Sütəmurdov kəndi ərazisində əlavə 3, Siyavər kəndində isə 5 hektar sahədə yeni sitrus bağları salınıb.

Şürük kəndi ərazisində “Hallobonq” növlü sitrus bağları salmaq üçün 20 hektar ərazi əkinə tam hazır vəziyyətə gətirilib. Yaxın günlərdə əkinə başlanılacaq. Rayonun Tükəvilə kəndi ərazisində 40 hektar sahədə də yeni bağlar salınır. Əkin işlərinə yaxın yaşayış məntəqələrindən 200 nəfərədək kənd sakini cəlb olunub. Ümumilikdə, Lənkəran rayonunda 100 hektaradək sahədə “Hallobonq” növlü sitrus bağlarının salınması nəzərdə tutulub.

Qeyd edək ki, “Hallobonq” sitrus növü yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik sənaye əhəmiyyətli meyvədir. “Hallobonq”un məhsuldarlığı hər hektarda orta hesabla 35-45 ton təşkil edir. Bu, yerli sitrus növlərindən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulub.

Bundan başqa, İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində “Aspiland” MMC tərəfindən 40 hektar sahədə yeni qoz bağı salınıb. Burada əkilən tinglər Türkiyədən gətirilib. Hər hektara 312 ədəd olmaqla, ümumilikdə, 12 min 480 ədəd ting əkilib. Salxım qoz adlanan bu növ bir sıra xüsusiyyətləri ilə seçilir. Belə ki, birinci ildən tinglər zəif bar verir. Lakin ağacın normal inkişafı üçün ilk 3 ildə bar zoğları qırılıb atılır. 4-5 ildə ağacın boyu 4 metrə, 15 ildə isə 7-8 metrə çatır. Salxım şəklində bar verir və hər salxımda 6-8 qoz olur. Tam məhsuldar vaxtında hər ağac 40-50 kiloqram qoz verir. Salxım qozun qabığı yumşaq olur və əl ilə asanlıqla sındırılır. Yeni salınan qoz bağı müasir texnologiya ilə becərilir. Hazırda bütün sahədə damcı suvarma sistemi qurulur. Qarşıdakı illərdə bağların sahəsinin artırılacağı da nəzərdə tutulub. Bu ilin payızında daha 50 hektarda yeni qoz bağı salınacaq.

Balakən rayonunun təsərrüfatlarında isə bu il 520 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Cari mövsümdə balakənli fermerlər 242 hektar sahədə “Virciniya” növlü ətirli, 8 hektarda “Berley”, 270 hektar sahədə isə yerli tütün sortları yetişdirəcəklər. Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb.

İlk günlər təsərrüfatlarda 10 hektara yaxın sahəyə tütün şitilləri köçürülüb və bu iş sürətlə davam etdirilir. Talalar kəndindən olan fermer Nurlan Əhmədov builki mövsümdə 39 hektar sahədə tütün yetişdirməyi qarşısına məqsəd qoyub. Püştətala kənd sakini Şamsu Bayramova isə ötən il olduğu kimi bu il də 5 hektar sahədə “Berley” növlü tütün əkməyi planlaşdırır. Gərəkli kəndindən olan fermer İslam Muradov əsasən qarğıdalı istehsalı ilə məşğul olsa da artıq ikinci ildir ki, tütün əkininə də maraq göstərir. Fermer cari mövsümdə 6 hektar sahədə tütün yetişdirəcək.

Ümumiyyətlə, son dövrlər ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması balakənli fermerlərin də bu gəlirli sahəyə marağının artmasına səbəb olub.

Qeyd edək ki, iyirmi illik fasilədən sonra ötən il Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. 2016-cı ildə rayonda 501 hektar sahədə tütün əkilib. Balakənli fermerlər keçən il 1150 ton yaşıl tütün kütləsi və 96,3 ton quru tütün istehsal ediblər.

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2017.- 19 aprel.- S.7