Tanınmış yazıçı Səyyad
Aranın 65 illiyi qeyd olunub
Aprelin 19-da Azərbaycan
Yazıçılar Birliyinin
“Natəvan” klubunda tanınmış yazıçı,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın anadan olmasının 65 illiyinə
həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid yubilyarın həyat və yaradıcılığından
danışıb. Onun
ilk əmək fəaliyyətinə ədəbiyyat
müəllimi kimi başladığını deyən
natiq S.Aranı hər zaman yaradıcılıq axtarışında
olan qələm adamı kimi xarakterizə edib. Vurğulanıb ki, o, ədəbi arenada sözünü deyən yazıçı olmaqla yanaşı, həm də ictimai-siyasi xadim kimi tanınır.
Yubilyarı təbrik
edən R.Məcid ona gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
çıxış edərək
deyib: “Səyyad Aran çox gözəl yazıçıdır.
Mən onunla yol yoldaşı olmuşam. O, eyni zamanda mənim üçün işıqlı
bir insandır. Səyyad Aran müəllim kimi fəaliyyətə başlamasına
baxmayaraq, eyni zamanda jurnalist kimi, siyasi xadim
kimi, o cümlədən
Yeni Azərbaycan Partiyasının qurucularından
biri kimi də özünü təsdiqləyib. Həmçinin
yazıçı və
tədqiqatçı alim
kimi də Azərbaycanın həyatında
çox mühüm bir yer tutur”.
İlk yaradıcılığa
“Gül ömrü” şeirilə başlayan yubilyarı təbrik edən Anar rəhbərlik etdiyi qurumun hədiyyəsini ona təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) müxbir
üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov yubilyarın zəngin yaradıcılıq məziyyətlərindən
söz açıb.
“Səyyad Aranın əsərlərində hissiyyatların
zənginliyi ilə yanaşı, müdriklik və təmkin ön plandadır. O, ən zərif hisləri, istər siyasi, istərsə də psixoloji məzmunda müəllif səliqəsi ilə təqdim edir. Səyyad Aran imkan vermir ki,
əsərlərindəki psixoloji
təhlil anti-psixoloji təhlilə çevrilsin.
O, məşğul olduğu
bütün sahələrdə
zəngin şəxsiyyətdir.
Eyni zamanda, ədəbiyyatımıza və
siyasətimizə hörmət
gətirən adamdır”,
- deyə N.Cəfərov
qeyd edib.
Milli Məclisin
deputatı Jalə Əliyeva çıxışında
yubilyarın yaradıcılığından,
onun ictimai-siyasi xadim kimi fəaliyyətindən
danışıb. Ən
xoş arzularını
yubilyara çatdıran
deputat ona yaradıcılığında və siyasi fəaliyyətində uğurlar
arzulayıb.
Xalq yazıçısı
Mövlud Süleymanlı,
yazıçı Seyran
Səxavət, professor
Buludxan Xəlilov, tənqidçi Əsəd
Cahangir, şair Oqtay Rza və
digərləri çıxış
edərək Səyyad
Aranın yaradıcılıq
axtarışlarından söz
açıblar.
Bildirilib ki, ədəbi
mühitə “Ulduz” jurnalında dərc olunan “Təmizlik kağızı” adlı hekayəsi ilə gələn ədibin bir-birinin ardınca “Qeybullanın qazancı”, “Soyuq günəş”, “Balıq günü”, “Havalar soyuyanda”, “Günün günorta çağı” kimi əsərləri çapdan
çıxıb.
S.Aranın elə
ilk hekayəsindən ədəbi ictimaiyyətin
marağını cəlb
etdiyini söyləyən
natiqlər yazıçıya
ən xoş arzularını çatdırıblar.
Tədbirdə Qafqaz Müsəlmanları
İdarəsinin sədr
müavini Hacı Fuad Nurullayev yubilyarı təmsil etdiyi qurumun rəhbəri Hacı Allahşükür Paşazadənin
adından təbrik edərək ona xatirə hədiyyəsi verib.
Yubiley tədbiri
çərçivəsində Səyyad Aranın yeni çapdan çıxmış “Sazaq”
adlı kitabının
təqdimatı olub.
Sonda Səyyad
Aran tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib. Kədərlənəndə fikirlərini qələmlə
bölüşməyi özünə
həyat tərzi kimi qəbul edən yubilyar bundan sonra da
Azərbaycan ədəbiyyatına
böyük həvəslə
xidmət edəcəyini
söyləyib, yeni yazdığı şeirlərini
oxuyub.
Yeni Azərbaycan.- 2017.- 20 aprel.-S.7