Aprel savaşı: Azərbaycan
Prezidentinin mesajları
Bir
il bundan öncə Ermənistan ordusunun təxribatlarına
cavab olaraq Azərbaycan Silahlı Qüvvələri
qısamüddətli, lakin çox səmərəli hərbi
əməliyyat keçirdi. Düşmən ordusu pərən-pərən
salındı, bir neçə əlverişli mövqe azad
edildi. Azərbaycan böyük bir əraziyə hərbi nəzarəti
bərpa etdi. Ermənistan ordusuna isə ciddi hərbi və mənəvi
zərbə vuruldu. Erməni əsgərlər
silah-sursatlarını atıb döyüş meydanından
qaçırdılar. Serj Sarkisyan isə havadarlarından
yardım istəməklə məşğul idi, sonra onlardan
küsdü, nəhayət, Avropaya üz tutdu. Bir neçə
dəfə xahişdən sonra Azərbaycan tərəfi hərbi
əməliyyatları dayandırdı. Ancaq rəsmi İrəvan
bundan sonra da ədalətsiz, böhtançı, təxribatçı
mövqeyindən əl çəkmədi. Son günlər isə
erməni rəhbərliyi adi diplomatik etiketi belə gözləmədən
Azərbaycanın ünvanına sərsəm ittihamlar səsləndirməkdədir.
S.Sarkisyan parlament seçkisində uğur əldə etmək
üçün şeytanı belə aldatmağa
çalışdı. Bütün bunlar cavabsız
qalmır.
Aprel döyüşlərinin həqiqətləri:
konkret faktların işığında
Keçən ilin aprel ayının 2-5-də
Ermənistanın hərbi təxribatı ucbatından baş
verən qısamüddətli savaş artıq tarixə
çevrilib. Bu hadisənin geosiyasi, diplomatik, hərbi və
siyasi-ideoloji nəticələri ekspertlər tərəfindən
aktiv müzakirə olunur. Ermənistan rəhbərliyi də
bununla əlaqədar daimi narahatlıqlarını
keçirir, müxtəlif uydurma arqumentlərlə
reallığı təhrif etməyə
çalışır. Lakin Ermənistanın siyasi rəhbərliyinin
bu cəhdləri özünü daha çox ifşa etməklə
nəticələnir. Çünki aprel döyüşləri
elə bir vəziyyət yaratdı ki, artıq onu inkar etmək
mümkün deyildir. Bu barədə Azərbaycan Prezidenti
İlham Əliyev dəqiq fikir ifadə edib.
Ölkə başçısı aprel
döyüşlərinin ildönümü ilə
bağlı Azərbaycan hərbçilərinin bir qrupunu qəbul
edib və orada geniş nitq söyləyib. Prezident nitqində
söyləyib: "İndi bəziləri müxtəlif
versiyalar, fərziyyələr irəli sürürlər ki,
Azərbaycan əməliyyat keçirməyi
planlaşdırırdı, o da sonra dayandırıldı və
sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da
etmişik. Əks-hücum əməliyyatında
qarşımızda hansı hədəflər durmuşdusa,
biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər
və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə
etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib...
Bu gün həm danışıqlar prosesində,
həm də bölgədə yeni bir vəziyyət
yaranıb" (bax: Prezident, Ali Baş
Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin
ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə
görüş keçirib / AZƏRTAC, 31 mart 2017).
Bu fikirlərdə həm aprel döyüşlərinin
başlama səbəbi, həm hərbi əməliyyatların
ümumi gedişi, həm də ondan sonra yaranmış vəziyyət
konkret və dolğun ifadə edilib. Azərbaycan cavab tədbirlərini
Ermənistanın hərbi təxribatının
qarşısını almağa uyğun təşkil edib. Və
nəyi nəzərdə tutmuşdusa, tam olaraq nail olub. Bunun
üçün lazımi səviyyədə hərbi güc
tətbiq edib. Bundan kənarda nə danışılırsa,
reallığı əks etdirmir.
Ancaq hazırda hərbçilər və beynəlxalq
mütəxəssislər həqiqi vəziyyəti çox
yaxşı bilirlər. Onlar bütövlükdə vəziyyətin
dəyişdiyini vurğulayırlar. Yəni
danışıqlar prosesində və bölgədə yeni vəziyyət
yaranıb. Artıq rəsmi İrəvan əvvəlki miqyasda
saxtakarlığa, özünütərifə, güclü
olması barədə cəfəng fikirlər söyləməyə
cəsarət edə bilmir. O, öz insanlarını aldatmaq
üçün kütlə qarşısında nələrsə
çərənləyə bilər, lakin
danışıqlar masasında bunu edə bilməz.
Çünki Azərbaycan tərəfinin gücünü
çox yaxşı bilir. Azərbaycan Prezidenti bütün
bunları nəzərdə tutaraq, açıq bəyan edib:
"Əgər aprel döyüşləri zamanı
genişmiqyaslı əməliyyat keçirmək fikrində
idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik.
Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq
altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin,
pilotsuz döyüş aparatlarımızın gücü nədən
ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik.
Amma əgər istifadə etsək, işğal olunmuş
torpaqlarda düşmənin daşı-daş üstdə
qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti
dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi
danışığına fikir versin və bizim səbrimizlə
oynamasın" (bax: əvvəlki mənbəyə).
Doğrudan da, İlham Əliyevin konkret,
reallığı əks etdirən dəqiq fikirləri ilə
Serj Sarkisyanın məntiqsiz və arqumentsiz
danışığı arasında yerlə göy qədər
fərq vardır. Erməni lider
çıxışlarında heç bir konkret arqument gətirə
bilmir, çünki yoxudur.
Yeni
geosiyasi reallıq: Ermənistan qəbul etməlidir
Azərbaycanın dövlət başçısı isə
yalnız faktlardan çıxış edir, real situasiyanı
açır və sözünü qəti olaraq deyir. Bu halda
İlham Əliyev xəbərdar edir ki, Azərbaycan
bütün gücündən istifadə etsə, düşmənin
daşı-daş üstündə qalmayacaq. Ermənistanın siyasi liderləri də bunu başa
düşsünlər və söylədiklərinə diqqət
etsinlər. Şübhəsiz ki, bu mesaj
ünvanına çatıb və təsirini göstərib.
Aprel döyüşlərinin yaratdığı yeni vəziyyətin
digər əhəmiyyətli tərəfi geosiyasi faktorla əlaqəlidir. Belə ki,
böyük dövlətlər də anladılar ki, Ermənistanın
gələcəyi birbaşa onun Azərbaycanla münasibətlərindən
asılıdır. Bunun da iki tərəfi
vardır. Əvvəla, Azərbaycan
iqtisadi baxımdan regionun lideridir. Onun
potensialı çoxdur. Cənubi Qafqazda
heç bir dövlət Azərbaycanla iqtisadi-energetik əlaqələr
qurmadan inkişaf edə bilməz.
Rəsmi Bakı həm də bu potensialını
reallaşdırmaq üçün yüksək səviyyədə
siyasət apara bilir. Müstəqil olaraq
reallaşdırılan daxili və xarici siyasət kursu öz
səmərəsini verir. Ona görə də
Azərbaycana heç bir kənar qüvvə təsir edə,
onun mövqeyini dəyişdirə bilməz. Prezident bu
kontekstdə bəyan edib: "Heç bir beynəlxalq təşkilat,
yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə
qarışa bilməz" (bax: əvvəlki mənbəyə).
Digər tərəfdən, Azərbaycanın iqtisadi
gücü ilə hərbi qüvvəsi uyğunluq təşkil
edir. Aprel döyüşləri Ordumuzun peşəkarlıq
səviyyəsini bir daha nümayiş etdirdi. Belə ki, əlverişsiz coğrafi mövqedən
sürətli əks-hücumla düşməni pərən-pərən
saldı və strateji mövqelərə sahib oldu. İndi müzəffər Azərbaycan Ordusu həmin
mövqelərdən böyük bir ərazini nəzarətdə
saxlaya bilir.
Bundan başqa, iqtisadi qüdrətin konkret təsdiqlərindən
biri aprel döyüşlərindən sonra da Azərbaycan
Ordusunun lazım olan bütün təchizatının yüksək
səviyyədə həyata keçirilməsi ilə əlaqəlidir. Dövlət başçısı
bununla bağlı vurğulayıb: "Aprel döyüşlərindən
sonra çox böyük məbləğdə yeni kontraktlar
imzalanıb və ən müasir, yüksək dəqiqliyə,
dağıdıcı qüvvəyə malik olan silahlar
sifariş edilib. Onların bir hissəsi Azərbaycana gətirilib"
(bax: əvvəlki mənbəyə).
İlham Əliyev qeyd edilən kontekstdə onu da ifadə
edib ki, Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan
bunu təbliğ etmir. Çünki rəsmi Bakı konkret
addımlar atır və onun gücünü bilir, Ermənistan
rəhbərliyi isə iqtisadi gücsüzlük ucbatından
blef edir, öz əhalisini aldadır. Əgər
Ermənistanın maliyyə imkanları geniş olsaydı,
indi onun hay-küyündən qulaq tutulardı. Erməni küyçülüyü hamıya məlumdur.
İkincisi, Ermənistanın Azərbaycansız geosiyasi
gələcəyi yoxdur. Çünki Azərbaycan Cənubi
Qafqazın təkcə iqtisadi lideri deyil, həm də ciddi
geosiyasi potensialı olan, konkret əməkdaşlıq
formatları təklif edən, onları reallaşdıran,
bölgənin təhlükəsizliyi üçün real
addımlar atan müstəqil dövlətidir. Bunları
nəzərə almadan regionda heç bir təhlükəsizlik
modeli davamlı ola bilməz. Heç bir geosiyasi konfiqurasiya səmərə verməz.
Bakının iştirakı olmadan geosiyasi sahədə Cənubi
Qafqazda hansısa konkret plan həyata keçirmək
mümkünsüzdür. Ölkə rəhbərinin
aşağıdakı fikirləri bu məqamı gözəl
ifadə edir: "Aprel döyüşləri demək olar ki,
onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı,
təşviş içindədir. Artıq
vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr
açıq-aydın bildirirlər ki, əgər Azərbaycan
ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi
yoxdur. Mən bunu dəfələrlə demişəm
ki, Ermənistanın bir ölkə kimi bundan sonra da
yaşaması üçün yeganə yol qonşularla
münasibətləri tənzimləməkdir" (bax: əvvəlki
mənbəyə).
Deməli, kənardan təsir hər nə qədər
güclü olsa da, güclü qonşunun marağını
nəzərə almağa məcbursan! Aprel döyüşləri
həm də bu həqiqəti nümayiş etdirdi!
Bütövlükdə regionda yeni geosiyasi, hərbi və
iqtisadi situasiyanın meydana gəldiyi göz
qabağındadır. Bunların fonunda isə Ermənistan rəhbərliyi
danışıqlar masasına ağlını başına
toplayıb oturmalıdır. Onun başqa yolu qalmayıb. Azərbaycan
aprel savaşından bir il sonra da bu həqiqəti dünyaya bəyan
edib. Nəticəni Ermənistan rəhbərliyi
çıxarmalıdır!
Yeni Azərbaycan.-
2017.- 20 aprel.- S.5