Regionların
inkişafı 2017-ci ilin birinci rübündə də davam
edib
Bəhs
edilən dövrdə Dağlıq Şirvan bölgəsinə
daxil olan rayonlarda bütün sahələrdə uğurlu nəticələr
əldə edilib
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən hərtərəfli islahatlar nəticəsində
ötən illərdə olduğu kimi, 2017-ci ilin birinci
rübündə də ölkəmiz uğurla inkişaf edib. Heç şübhəsiz
ki, respublikamızın hərtərəfli inkişafında
2004-cü ildən etibarən reallaşdırılan regional
inkişaf proqramlarının xüsusi rolu var. Aprelin 17-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi
ilə Yevlaxda keçirilən qeyri-neft
ixracatçılarının respublika müşavirəsində
də qeyd olunduğu kimi, sözügedən proqramların
icrası nəticəsində regionlarımız
abadlaşıb, şəhərlərimiz gözəlləşib
və bütün sahələrdə uğurlar əldə
edilib.
Bu
uğurlardan Dağlıq Şirvan bölgəsinə də
pay düşüb. Bununla bağlı konkret
faktlara keçməzdən öncə bildirək ki, bu
bölgə əsasən Dağlıq Şirvan iqtisadi rayonunu
əhatə edir. Bu iqtisadi rayon Ağsu,
İsmayıllı, Qobustan və Şamaxı
rayonlarını əhatə etməklə Azərbaycanın
mərkəz hissəsində - Şirvan düzündə yerləşir.
İqtisadi rayonun ümumi sahəsi 6,06 min
kv. km olmaqla ölkə ərazisinin 7
faizini təşkil edir. İqtisadi rayonun relyefi
dağlıq və düzənlik əraziyə
bölünür.
Dağlıq Şirvan iqtisadi rayonu geniş nəqliyyat
şəbəkəsinə malikdir. Bakı-Tbilisi dəmiryol
magistralı MDB ölkələri ilə iqtisadi əlaqələr
yaratmağa imkan verir. Dəmir yolunu
magistral və yerli əhəmiyyətli avtomobil yolları
tamamlayır. Ölkə paytaxtını qərb
rayonları ilə birləşdirən Bakı-Qazax şose
yolu rayon ərazisindən keçir.
Beləliklə, ötən illərdə olduğu kimi,
cari ilin birinci rübündə də iqtisadi rayona daxil olan
rayonlarda, o cümlədən İsmayıllıda
sosial-iqtisadi sahədə uğurlu nəticələr
qazanılıb. Bu müddətdə rayonda ümumi məhsul
buraxılışı faktiki qiymətlərlə 33 milyon 234
min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 3 milyon 358 min manat çoxdur. Əsas
kapitala investisiya qoyuluşu 3 milyon 877 min manat artaraq 8 milyon 199
min manat təşkil edib.
Rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, 2017-ci ildən başlayaraq rayon büdcəsi
özünümaliyyələşdirmə ilə, yəni
respublika büdcəsindən dotasiya almadan icra edilir. Birinci üç ayda rayon
büdcəsinin gəlir hissəsi 1 milyon 116 min manata
qarşı 1 milyon 175 min manat icra olunub. Beləliklə
də, büdcə gəlirlərinin icrası 105 faiz təşkil
edib.
İlin ilk rübündə İsmayıllıda əhalinin
təbii qaz, elektrik enerjisi ilə normal təminatı, təhsil,
səhiyyə sahələrinin maddi-texniki bazasının
yaxşılaşdırılması, həmçinin turizmin
inkişafı, əhalinin məşğulluğunun
artırılması istiqamətində də mühüm
işlər görülüb. Bəhs edilən
dövrdə rayonda həmçinin tikinti-quruculuq işləri
davam etdirilib, yaşayış evləri, inzibati binalar, yollar
tikilib və ya əsaslı təmir olunub. Məlumatda
bildirilir ki, hazırda Keyvəndi kəndində 1500
başlıq iri heyvandarlıq təsərrüfatının,
İsmayıllı şəhərində iki doqquzmərtəbəli
yaşayış binasının, “Azərxalça” ASC tərəfindən
xalça fabrikinin, Heydər Əliyev prospektində beşmərtəbəli
otel binasının, Fövqəladə Hallar Nazirliyinin
sifarişi ilə 8 yaşayış evinin və digər
obyektlərin tikintisi davam etdirilir.
Bu məqamda qeyd edək ki, kənd təsərrüfatının
inkişafı sözügedən bölgə, o cümlədən
İsmayıllı rayonu üçün daim prioritet məsələ
olub. Bu il 2098 hektar sahədə yazlıq bitkilər əkilib.
Əkin sahələri ötən ilin müvafiq
dövrü ilə müqayisədə 787 hektar çoxdur.
Yaz əkini davam edir. Cari ildə
tütün əkini sahəsinin 15 hektara çatdırılması
nəzərdə tutulub. Bu məqsədlə Qurbanəfəndi,
Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndləri
ərazisində şum çıxarılıb, sahələrə
arat suyu verilib. Şitil təminatı
üçün 4 yerdə 2500 kvadratmetr örtülü sahədə
tütün toxumu yetişdirilir. Kürdmaşı kəndində
12,5 milyon manat dəyəri olan
aqroparkın yaradılması istiqamətində tədbirlər
görülür.
Cari ildə barama istehsalı və əhalinin məşğulluq
sahəsini artırmaq üçün 120 qutu ipəkqurdu
toxumunun yetişdirilməsi məqsədilə
kümçülərin siyahısı dəqiqləşdirilib. Rayonda ənənəvi
sahə olan meyvəçilik də inkişaf etdirilir. Bu
il Kəlbənd, Qalınçaq kəndlərində 11,7 hektarda intensiv meyvə bağları, Qubaxəlilli
kəndində 40 hektar sahədə qoz bağı
salınıb.
Bundan
başqa Prezident İlham Əliyevin tövsiyə və
tapşırıqlarına uyğun olaraq yeni fındıq
bağlarının salınması istiqamətində xeyli
iş görülüb. Ötən ilin payızında 458,7 hektar, cari ilin üç ayında isə 115
hektar sahədə yeni fındıq bağları
salınıb. İlin sonunadək daha 1450
hektarda fındıq bağlarının salınması nəzərdə
tutulub və hazırda bu istiqamətdə işlər davam
etdirilir.
Bölgəyə
daxil olan Ağsu rayonunda da ilin birinci rübündə
sosial-iqtisadi sahədə uğurlu nəticələr
qazanılıb, bu müddətdə ümumi məhsul
buraxılışının həcmi 26 milyon 69,6 min manat təşkil
ediıb. O cümlədən sənaye məhsulunun həcmi 17,5 faiz və ya 223 min manat artıb və 1 milyon
497,3 min manata çatıb. Tikinti-quraşdırma işlərinin
həcmi 2 milyon 869,8 min manat, əsas kapitala yönəldilən
investisiyalar 3 milyon 18,9 min manat olub. Keçən illə
müqayisədə bu sahələrdə artım müvafiq
olaraq 24,3 faiz və 27,8 faiz təşkil
edib.
Rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, hesabat dövründə Ağsuda tikinti-quruculuq
işləri də davam etdirilib. Eyni zamanda, hazırda “Az-Qranata” MMC
üçün yeni şərab süzmə və soyuducu
anbarının, “Süsən aqro” MMC üçün Gəgəli
qışlağı adlanan ərazidə kənd təsərrüfatı
məhsulları istehsalı kompleksinin, şəhərin
kanalizasiya sistemi üçün təmizləmə
qurğusunun, şəhid ailələri və Qarabağ əlilləri
üçün hər biri üç otaqdan ibarət 13 evin
inşası, çoxmərtəbəli binaların, eləcə
də 29 kilometr uzunluğunda Çaparlı-Kəndoba-Cəlayir
avtomobil yolunun təmiri davam etdirilir.
Rayonda aqrar sahədə görülən işlərə
gəlincə onu bildirmək yerinə düşər ki,
vaxtilə ənənəvi sahə olan
pambıqçılığın inkişafı bu gün ən
ümdə vəzifələrdəndir. Cari ildə
2500 hektarda çiyid səpini aparılacaq. Ciddi hazırlıqdan sonra artıq əkin
kampaniyasına başlanılıb. Pambıqçılıq
üzrə 18 inzibati ərazi dairəsində 160 nəfər
istehlakçı ilə müqavilə bağlanılıb.
Rayonda baramaçılığın
inkişafı, bu məqsədlə yem bazasının
yaradılması istiqamətində də lazımi işlər
aparılıb. Belə ki, Çindən gətirilən
30 min ədəd tut tingi mütəxəssislərin köməyi
ilə əkilib və hazırda tinglərə qulluq göstərilir.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, aqrar sektorun
aparıcı sahələrindən olan
taxılçılıq, heyvandarlıq, bostan-tərəvəzçilik
sahələrində də həyata keçirilən tədbirlər
öz müsbət nəticəsini verir.
Sözügedən bölgəyə daxil olan Qobustan
rayonunda da bu ilin birinci rübündə tikinti-quruculuq,
abadlıq işləri sahəsində işlər davam
etdirilib. Bu barədə verilən məlumatda deyilir ki,
artıq Qobustan şəhərində “Kapitalbank”ın
filialı üçün inzibati binanın, Cəmcəmli kəndində
tibb məntəqəsinin tikintisi başa çatıb,
yaxın vaxtlarda istifadəyə veriləcək. Rayon mərkəzində daxili imkanlar hesabına
inşa olunan ikimərtəbəli 100 yerlik uşaq
bağçası-körpələr evinin də tikintisi
yekunlaşıb. Habelə Qobustan şəhərində
624 şagird yerlik üçmərtəbəli məktəb
binasının, 50 çarpayılıq xəstəxananın
tikintisi davam edir, 12 ictimai binanın təmirinə
başlanılıb. Bundan başqa, əhalinin
elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatının
yaxşılaşdırılması, yolların təmiri
istiqamətində də işlər uğurla aparılır.
Məhz atılan məqsədyönlü
addımların nəticəsində artıq rayonda əhalinin
təbii qazla təminatı 93 faizə çatıb, bir
sıra kəndlərdə elektrik xətləri və dirəkləri
dəyişdirilib.
Lakin bu ilin birinci rübündə rayonda aqrar sahədə
xüsusi uğurlar əldə edilib. Bu da səbəbsiz
deyil. Belə ki, rayonda iqtisadiyyatın əsas
sahəsini kənd təsərrüfatı, o cümlədən
taxılçılıq və heyvandarlıq təşkil
edir. Bu ilin məhsulu üçün 26
min 448 hektar sahədə əkin aparılıb. Bunun 16
min 192 hektarı buğda, 9557 hektarı arpa, 699 hektarı isə
yazlıq bitkilərdir. Bu günlər əkinçilər
yaz qayğılarını yaşayırlar. Bu il rayonun Qaracüzlü kəndi ərazisində
1000 hektar sahədə aqroparkın yaradılması nəzərdə
tutulub. Hazırda bununla bağlı sənədləşdirmə
işləri aparılır. İqtisadiyyatın
aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr
uğurludur. Qaramalın azı 50 faizinin
süni mayalandırılması qarşıda mühüm vəzifə
kimi durur. İlin ilk üç ayında bu sahədə
də xeyli iş görülüb.
İqtisadi rayona daxil olan Şamaxıda da cari ilin ilk
üç ayında qarşıya qoyulan vəzifələr
uğurla icra olunub. Bəhs edilən dövrdə 94 milyon
manat dəyərində ümumi məhsul istehsal edilib.
Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı,
iqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorda
aparılan islahatlar Şamaxı rayonunda da əhalinin məşğulluğunun
artmasına, yeni iş yerlərinin açılmasına imkan
verir. Rayon Statistika İdarəsindən verilən məlumata
görə, hesabat dövründə Şamaxıda 1831 yeni
iş yeri açılıb və açılan iş yerlərinin
hamısı daimidir.
Cari ilin birinci rübündə Şamaxıda
tikinti-quruculuq, abadlıq sahələrində xeyli işlər
görülüb. Belə ki, Şamaxının mərkəzindəki 20
Yanvar parkında yenidənqurma və əsaslı təmir
işləri davam etdirilir, 120 yerlik 5 saylı uşaq
bağçası-körpələr evinin, şəhid ailələri
və əlillər üçün 36 mənzilli
yaşayış binasının inşası aparılır.
Habelə 4 ədəd çoxmənzilli
yaşayış binasının təmiri başa
çatdırılıb.
Yeri gəlmişkən, bölgədəki digər
rayonlar kimi, Şamaxıda da kənd təsərrüfatı
rayon iqtisadiyyatının aparıcı sahəsidir. Məhz buna görə də
ilin ilk üç ayı ərzində bu sahədə 8,6 milyon manatlıq məhsul istehsal edilib. Bu il
22 min 112 hektar sahədə əkin aparılıb ki, bunun da 14
min 114 hektarı strateji məhsul olan dənli bitkilərin
payına düşür.
Bu ilin biriinci rübündə aqrar sahədə
atılan addımlardan danışarkən
üzümçülüyün inkişafı istiqamətində
həyata keçirilən tədbirləri xüsüsi
vurğulamaq lazımdır. Rayon İcra Hakimiyyətindən
verilən məlumata görə, vaxtilə Azərbaycanın ən
böyük üzümçülük rayonlarından olan
Şamaxıda hazırda bu sahənin inkişafı istiqamətində
ardıcıl tədbirlər görülür. Dövlətimizin
başçısının tapşırığı ilə
hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə
Azərbaycan Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı”nın
bu sahənin yenidən dirçəldilməsində
mühüm rolu olub. Hazırda rayonda
üzümçülük yeni inkişaf dövrünü
yaşayır. Plantasiyaların sahəsi
1640 hektara çatdırılıb. Meysəri
kəndi ərazisində 96 hektarda yeni üzüm bağı
salınır.
Nadir
AZƏRİ
Yeni Azərbaycan.-
2017.- 2 2 aprel.- S.7