“İrs” seriyasından
yeni nəşr: “Qarabağ - əsrlərin
salnaməsi” kitabı
çapdan çıxıb
“İrs” seriyasının
yeni nəşri olan “Qarabağ - əsrlərin salnaməsi”
kitabı Azərbaycanın
dilbər guşəsi
Qarabağın faciəli
taleyinə həsr edilib.
AZƏRTAC xəbər
verir ki, nəşrdə bu ərazinin tarixindən, qarabağlıların mərdliyindən,
keşməkeşli həyatından,
habelə XX əsrin
80-ci illərinin sonundan
başlayaraq Ermənistanın
Azərbaycana qarşı
təcavüzkar siyasətindən,
Dağlıq Qarabağın
işğalından, Xocalı
soyqırımından
bəhs olunur.
Kitab “Azıx
mağarası”, “Məğrur
albanlar”, “Monqol istilası”, “Müharibələrarası
dövr”, “Pənahəli
xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”,
“Əcdadların torpağı
uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq”
fəsillərindən, proloq
və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə
istinadla mükəmməl
əhatə olunub. Məsələn, “Azıx
mağarası” fəsli
oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır:
“Məmmədəli Hüseynovun
topladığı zəngin
material onun bu regionda insanın
əmək fəaliyyətinə
2 milyon il öncə başlaması
ilə bağlı cəsarətli fərziyyə
irəli sürməsinə
imkan verdi. Gürcü arxeoloqlarının
daha sonrakı tapıntıları azərbaycanlı
alimin ehtimalını
doğrultdu. Qarabağ,
həqiqətən, bəşəriyyətin
ilk yurdlarından biri hesab edilə
bilər. Bu isə, öz növbəsində, Homonun
polisentrik mənşəyi
və onun yaşı (ən azı 3 milyon il) ilə bağlı
nəzəriyyənin xeyrinə
daha bir arqumentdir”.
“Məğrur albanlar” fəslində qeyd olunur ki,
Qarabağ min ildən çox Albaniyanın tərkibində
olub. Alban çarları ilə qarabağlıları möhkəm
vassallıq əlaqələri
bağlayırdı. Bu
əlaqələr birgə
hərbi yürüşlərdə
qurulur, çar əyanları və qohumluq vasitəsilə qorunub saxlanılır, vahid din hesabına
möhkəmlənirdi. Alban
mənşəli qarabağlılar
üçün bu dövlət doğma idi və Qafqaz
Albaniyasının ikinci
paytaxtı Bərdə
onların torpağında
yerləşirdi.
Kitabın “Monqol
istilası” fəslində
müvafiq dövrdə
Qarabağın strateji
əhəmiyyəti, onun
1318-ci ildə elxanilərin
Qızıl Orda Xanları ilə mübarizə mərkəzinə
çevrilməsi əksini
tapıb.
Oxucular bu nəşrdə,
həmçinin XV-XVIII əsrlərdə
Azərbaycanda müxtəlif
müharibələr zamanı
Qarabağın mövqeyi
(“Müharibələrarası dövr” fəsli), Qarabağ xanlığının
əsasının qoyulması,
burada dövlətçilik
istiqamətində görülən
işlər (“Pənahəli
xan Qarabağlı”), Ağa Məhəmməd şah Qacarın hücumu və Şuşanın müdafiəsi
(“Yenilməz Şuşa”),
XIX əsrin mürəkkəb
siyasi prosesləri, Rusiya imperiyasının tərkibinə ilhaq olunduqdan sonra Qarabağın vəziyyəti,
ermənilərin buraya
köçürülməsi, Rusiya imperiyasının “Parçala və hökm sür!” siyasəti (“Çətin seçim”) haqqında tarixi materiallarla da tanış ola bilərlər.
“Əcdadların torpağı uğrunda” fəslində isə XX əsrdə Qarabağın
ictimai-siyasi, mədəni
mühiti və sosial həyatı əks olunub. XX əsrin 80-ci illərinin
sonundan başlayaraq Ermənistanın Azərbaycana
qarşı təcavüzkar
siyasəti nəticəsində
yaşanan dəhşətli
faciələr, işğal
altında qalan ərazilərimizdəki abidələrin
məhv edilməsi (“Nə unutmaq, nə də bağışlamaq” fəsli)
haqqında məlumatlar
verilib.
Bütün bunlar onu deməyə
əsas verir ki, qarabağlılar lap uzaq keçmişdən
bir çox faciələrə düçar
olublar: basqınlar, müharibələr, yadellilərin
əsarəti, qıtlıq
və aclıq. Lakin əsrlər boyu xalqın yaddaşında iz qoymuş şanlı qələbələr də
yaşanıb. Hünər
göstərmiş qəhrəmanların
adları əfsanələşib,
dastanlaşıb. Qarabağın
yetirdiyi görkəmli
xanəndə və şairlərin, rəssam və memarların zəngin irsi bu gün də
sənətşünaslar tərəfindən
ehtiramla öyrənilir.
Epiloqda yazıldığı
kimi, Qarabağ taledir və bu tale mütləq
dəyişəcək. Qarabağ
Azərbaycanın torpağıdır,
onun tarix və mədəniyyətinin,
qəlbinin bir hissəsidir. O, Azərbaycanın
ayrılmaz parçasıdır.
Bu diyarın yaşadığı çətin
anlarda hər bir azərbaycanlı qarabağlı oldu. Əgər xalq bir olarsa, onu
məğlub etmək
mümkün deyil. Odur ki, Qarabağ
Azərbaycanın olub
və olacaq.
Yüksək poliqrafiya mədəniyyətinə,
nəfis tərtibata malik nəşrdəki mətnlər çoxsaylı
fotolar və şəkillərlə müşayiət
olunur. 2015-2016-cı illərə
aid fotoşəkillər
“CAVIAR-PRESS” agentliyi tərəfindən
təqdim edilib. Tarixi fotoşəkillər
“İRS” jurnalının arxivindəndir.
Kitab Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way
Group” şirkətinin
dəstəyi ilə
“IRS Publishing House” tərəfindən nəşr
edilib.
Layihənin rəhbəri,
baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri
tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur.
Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.
Xatırladaq ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan - minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”,
“Naxçıvan - Şərqin
əfsanəsi”, “Məftun
edən şəhər”,
“Bakı simfoniyası”
kitabları nəşr
olunub
Yeni Azərbaycan.-
2017.- 2 2 aprel.- S.7