İslam dünyası
üçün böyük əhəmiyyəti olan IV
İslam Oyunlarının Azərbaycanda keçirilməsi
tarixi hadisədir
Milli Məclisin Əmək və
sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev
www.yap.org.az saytına müsahibə verib
- Rauf müəllim, yaranmış yeni iqtisadi
şəraitdə Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi
başlanılıb. Bu islahatlar inkişaf baxımından
ölkəmizə nə kimi perspektivlər vəd edir?
- Ümumiyyətlə, müəyyənləşdirilən
yeni hədəflər Azərbaycanın yaxın, orta və
uzunmüddətli perspektivdə inkişafını təmin
edəcək. Hazırda bu istiqamətdə işlər
uğurla davam edir. Yeni iqtisadi modelin dəstəklənməsi
baxımından Prezident İlham Əliyevin
imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələrinin təsdiq
edilməsi haqqında” müvafiq Fərmanı böyük
aktuallıq daşıyır.
Fərmanla nəzərdə tutulan tədbirlər
ölkədə investisiya və rəqabət mühitini daha
da yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına
müsbət təsir göstərəcək. Fərmanda
qeyd edildiyi kimi, dünyada cərəyan edən proseslərin
yaratdığı yeni çağırışlara
uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın
ölkəmizə təsirini minimuma endirmək məqsədilə
iqtisadi islahatların əsas strateji hədəflərinə
uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi
inkişafın cari, orta və uzunmüddətli dövrləri
arasında üzvi bağlılıq və
qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi
inkişafın keyfiyyətcə yeni modelinin
formalaşdırılması qarşıda duran əsas
prioritet vəzifələrdəndir. Milli iqtisadiyyat və
onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən
indiki dövrdə meydana çıxan yeni
çağırışlar və qarşıda duran prioritet
vəzifələr nəzərə alınıb. Hesab edirəm
ki, hazırda həyata keçirilən tədbirlər ölkəmizin
inkişafını daha da gücləndirəcək.
- Dünyada baş verən mürəkkəb
proseslər fonunda Azərbaycan dövləti sosial sahədə
də sistemli tədbirlər həyata keçirir. Bu barədə
nə deyə bilərsiniz?
- Hər bir ölkədə uğurlu iqtisadi
inkişafın səmərəliliyi ilk növbədə sosial
sferanın adekvat şəkildə diqqət mərkəzində
saxlanılması ilə ölçülür. Bu mənada
qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf
ölkə vətəndaşlarının mənafeyinə
yönələn güclü sosial siyasətlə
tamamlanır. Sosial dövlət olan Azərbaycanda
ardıcıl surətdə insanların rifah halının
yüksəlməsinə, həyat şəraitinin
yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə
yönələn layihələr həyata keçirilir.
Respublikamızda yoxsulluğun tamamilə aradan
qaldırılması istiqamətində davamlı tədbirlər
həyata keçirilir.
Çox qısa müddətdə
yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması
böyük nailiyyətdir. Eyni zamanda, işsizliyin aradan
qaldırılması diqqət mərkəzində
saxlanılır. Prezident İlham Əliyev
respublikamızdakı müsbət demoqrafik vəziyyəti nəzərə
alaraq yeni iş yerlərinin yaradılmasının daimi prosesə
çevrilməsi ilə bağlı qarşıya
mühüm vəzifə qoyub. Son 13 ildə respublika üzrə
təxminən 1,6 milyon yeni iş yerinin yaradılması
insanların sosial vəziyyətinin
yaxşılaşmasında mühüm faktordur. Yeni iş
yerlərinin yaradılması daim diqqət mərkəzində
saxlanılır.
- Hazırda əhalinin məşğulluğunun
təmin olunması istiqamətində davamlı tədbirlər
həyata keçirilir. Sizcə, bu tədbirlərin əhəmiyyəti
nədən ibarətdir?
- Azərbaycanda həyata
keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından
biri əhalinin məşğulluğunun təmin edilməsi
ilə bağlıdır. Ölkədə əhalinin
artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin
yaradılması da daimi prosesə çevrilməlidir. Ölkəmizdə
məşğulluq kimi vacib sosial məsələnin həllində
2004-cü ildən bəri regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarının uğurla
reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək
lazımdır.
Belə ki, Dövlət proqramlarının
icrası çərçivəsində respublikanın
bölgələrində onlarca böyük əmək tutumlu
sənaye, turizm, xidmət obyektləri fəaliyyətə
başlayıb, yeni təsərrüfatlar yaradılıb. Eyni
zamanda, ölkə miqyasında fəal məşğulluq tədbirləri
həyata keçirilir, mütəmadi olaraq əmək
yarmarkaları təşkil edilir. Regionlarda həmçinin
işaxtaran və işsiz vətəndaşların əmək
qabiliyyətlərinin əmək bazarının tələblərinə
uyğunlaşdırılması yönündə də
davamlı tədbirlər həyata keçirilir. Son illərdə
regionlarda aktiv məşğulluq tədbirləri çərçivəsində
işaxtaranların, ələlxüsus da gənclərin
peşə hazırlığına diqqətin
artırılması təqdirəlayiq haldır. Bütün
bunlar yerlərdə əhalinin məşğulluğu
probleminin həllinə mühüm töhfələr verib.
Belə ki, Dövlət proqramlarının icrasına
başlanandan indiyədək ölkə üzrə təxminən
1,7 milyon yeni iş yeri yaradılıb ki, onların da
böyük əksəriyyəti daimidir və bölgələrin
payına düşür. Dövlətimiz yeni iş yerlərinin
yaradılması siyasətini yeni iqtisadi şəraitdə də
diqqət mərkəzində saxlayır.
- Rauf müəllim, bildiyimiz kimi Azərbaycanda
nüfuzlu beynəlxalq idman tədbirləri keçirilir. May
ayında ölkəmiz növbəti idman tədbirinə - IV
İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.
Sizcə, bu möhtəşəm idman tədbiri ölkəmizə
nə kimi dividendlər gətirəcək?
- Bu gün Azərbaycanda
idmanın inkişafı dövlətin əsas diqqət
ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə
gənclərin inkişafına həsr olunan Dövlət
proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi
prioritet olaraq müəyyənləşdirilir. Gənclər
arasında maarifləndirmə işinin aparılması,
onların idmana cəlb olunması bu məsələdə əsas
xətt sayılır.
Beynəlxalq təcrübədən bəllidir
ki, müəyyən bir sektorun inkişafı o sahənin
maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması və intellektual,
yenilikçi kadr potensialının yetişdirilməsindən
asılıdır. Azərbaycanda da Prezident İlham
Əliyevin təşəbbüsü ilə ölkəmizin hər
bir bölgəsində müasir idman komplekslərinin tikilərək
yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi
respublikamızda idmanın inkişafını təmin edib.
Qeyd etdiyiniz kimi, may ayında ölkəmiz
növbəti nüfuzlu beynəlxalq idman tədbirinə ev
sahibliyi edəcək. Ümumiyyətlə, İslam Həmrəyliyi
Oyunları dörd ildən bir keçirilən beynəlxalq
idman tədbiridir. Bu yarışlarda İslam Əməkdaşlıq
Təşkilatına üzv olan ölkələrdən olan
idmançılar iştirak edirlər. İlk dəfə bu
Oyunlar 2005-ci ildə aprel ayının 5-20-də Səudiyyə
Ərəbistanının Məkkə şəhərində
keçirilib. Yarışlarda 55 dövlətdən
6000 idmançı 15 idman növü üzrə medallar
uğrunda mübarizə aparmışlar. 2-ci İslam Həmrəyliyi
Oyunlarının əvvəl 2009-cu ildə İranda
keçirilməsi planlaşdırılırdı, amma sonra
tarix 2010-cu ilin aprel ayına dəyişdirildi. 3-cü İslam
Həmrəyliyi Oyunları 2013-cü ilin sentyabr
ayının 12-dən 22-nə kimi İndoneziyada Palembanq şəhərində
keçirilib. Yarışlarda 44 ölkəni təmsil edən
1769 idmançı 13 idman növü üzrə
yarışıb.
IV İslam Həmrəyliyi
Oyunları isə 2017-ci ildə may ayının 12-dən 22-nə
kimi Azərbaycanın paytaxtı Bakı şəhərində
keçiriləcək. İdman oyunlarında 21 idman
növü üzrə 57 dövlətin 6000-ə yaxın
idmançısının iştirak edəcəyi gözlənilir.
Bu barədə qərar 2014-cü ilin 24 iyul tarixində Səudiyyə
Ərəbistanının Ciddə şəhərində
İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci
Baş Assambleyasında qəbul edilib. Bu qərar Azərbaycanda
böyük razılıq hissi ilə qarşılanıb.
Bu mühüm hadisə bir daha
nümayiş etdirdi ki, Azərbaycan Respublikası
dünyanın qabaqcıl idman ölkələri
sırasında öz layiqli yerini tutub. İslam aləmində
özünəməxsus mövqeyə malik olan Azərbaycanın
mövcud potensialı, həyata keçirilən müasir
infrastruktur layihələri idman oyunlarının
sağlam rəqabət və dostluq şəraitində təşkili
üçün şərait yaradır. Yüksək
səviyyədə keçirilmiş ilk Avropa Oyunlarından
sonra eyni məkanda növbəti İslam Həmrəyliyi
Oyunları kimi mötəbər bir yarışın
keçirilməsi Azərbaycan Respublikasının
tolerantlıq və multikulturalizm prinsiplərinə
bağlılığının bariz nümunəsidir.
Bu Oyunlar, eyni zamanda, Azərbaycanın idman şöhrətini
daha da artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat
Komitəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sədrlik
etməsi indidən deməyə əsas verir ki, bu beynəlxalq
tədbir çox yüksək səviyyədə təşkil
olunacaq. İlk Avropa Oyunları imkan verdi ki, Azərbaycan
öz potensialını nümayiş etdirsin. Azərbaycan
bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan
sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan
dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda
bütün xalqların, dinlərin nümayəndələri
rahat bir ailə kimi yaşayırlar və Azərbaycan
bütün qonaqları qəbul etməyə hazırdır.
İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda
keçirilməsi çox mühüm hadisə kimi yadda
qalacaq. Azərbaycan İslam aləminin bir
parçasıdır. Azərbaycan bu böyük ailənin
üzvü kimi səy göstərəcəkdir ki, oyunlar ən
yüksək səviyyədə təşkil olunsun.
Azərbaycanı istəməyən qüvvələrə,
islamofob qüvvələrə Azərbaycan reallıqları ən
tutarlı cavabdır. Oyun
iştirakçıları, qonaqlar, turistlər - hər kəs
bu reallıqları öz gözləri ilə görəcək.
Çox təəssüflər olsun ki, İslam aləmini əhatə
edən coğrafiyada artıq uzun illərdir ki, qanlı
münaqişələr, müharibələr davam edir.
Milyonlarla insan öz doğma yurd-yuvalarını tərk edərək
qonşu ölkələrə, əksəriyyəti isə
Avropa ölkələrinə üz tutub. Aydındır ki, bu
münaqişələr, müharibələr müxtəlif
beynəlxalq güclərin öz məqsədlərinə
çatmaq üçün apardıqları siyasətin nəticəsində
baş verir. Eyni zamanda, qeyd etmək lazımdır ki, İslam
dünyasına aid olan bir sıra dövlətlər
arasındakı münasibətlər istənilən səviyyədə
deyildir. Ona görə də bu ölkələr arasında
konfliktlərin, mübahisəli məsələlərin həll
edilməsində, xalqlar arasında dostluq münasibətlərinin
yaranmasında İslam Oyunlarının əhəmiyyəti
böyükdür. Bu nöqteyi-nəzərdən IV İslam
Oyunlarının Azərbaycanda keçirilməsi həm Azərbaycan
üçün, iştirakçı dövlətlər
üçün, İslam dünyası üçün,
ümumiyyətlə, bütün dünya üçün
böyük əhəmiyyətə malikdir. Bu Oyunlar ilk
növbədə İslam həmrəyliyini gücləndirəcək,
həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək
ki, İslam dini sülh, mərhəmət və
qardaşlıq dinidir. Eyni zamanda, bütün dünya görəcək
ki, Azərbaycan böyük imkanlara malik bir ölkədir və
ən mötəbər beynəlxalq yarışları
keçirməyə qadirdir.
Yeni Azərbaycan.- 2017.- 25 aprel.- S.7