Miniatür Kitab Muzeyinin yaradılmasının 15 illiyi
qeyd edilib
Aprelin 23-də Miniatür Kitab Muzeyinin yaradılmasının
15 illiyi münasibətilə
muzeydə “Miniatür
Kitab Muzeyinin 15 illiyi” (“15 let Muzeyu Miniatyurnoy Kniqi”) kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə çıxış
edən muzeyin yaradıcısı və
təsisçisi, Əməkdar
mədəniyyət işçisi
Zərifə Salahova bu mədəniyyət obyektinin fəaliyyətindən
söhbət açıb,
muzeyin yaradılmasında
Ümummilli lider Heydər Əliyevin dəstəyini xüsusi
vurğulayıb. Qeyd edib ki, Ulu
öndər Heydər
Əliyev bu kolleksiyanın təkcə
Azərbaycan deyil, həm də ümumdünya mədəniyyəti
üçün əhəmiyyətini
uzaqgörənliklə qiymətləndirib.
Muzeyin ekspozisiyasının
Ginnesin Rekordlar Kitabına salınması
bunu bir daha təsdiqləyir.
Diqqətə çatdırılıb ki, muzeydə bu gün 39 rəfdə 5700 nüsxədən
artıq kitab nümayiş etdirilir. 70-dən
artıq ölkədə
çap olunmuş bu kitabların ən kiçiyinin ölçüləri 0,75x0,75 millimetrdir. Üç ədəd kitab isə 2x2 millimetr formatındadır. Muzeyə
2002-2017-ci illər ərzində
315 min nəfərə
yaxın ziyarətçi
gəlib ki, onlardan 91723-ü əcnəbilərdir.
Fəaliyyət göstərdiyi
illər ərzində
158 miniatür kitab buraxan, dünyada unikallığı ilə
seçilən muzeyin
fəaliyyətinə 600-dən artıq məqalə həsr edilib. Burada, eyni zamanda,
108 kitabın təqdimatı
keçirilib. “Evronews” telekanalının
muzeydə çəkilişindən
sonra London qəzetlərindən birində
yazılmışdı ki,
Azərbaycana kim səfər etsə, mütləq gedib Bakının qədim qala divarları ilə müdafiə edilən İçərişəhərdəki
Miniatür Kitab Muzeyinə baxsın.
Bildirilib ki,
“Miniatür Kitab Muzeyinin 15 illiyi” nəşrində “Vətənə,
dövlətə, xalqa
sədaqət andı”
miniatür kitabının
1995-ci il iyunun 3-də
Milli Kitabxanada təqdim edildiyi vaxt Heydər Əliyevin söylədiyi
nitq üç dildə yer alıb. Bu mətni,
həmçinin Heydər
Əliyevin “Azərbaycanda
miniatür kitab sahəsində Zərifə
Salahovanın fəaliyyəti
yüksək qiymətə
layiqdir” fikri müşayiət edir. Nəşrdə Şəlalə Həsənovanın muzeylə
bağlı məqaləsi,
Qalina Mikeladzenin, Elmira Əliyevanın məqalələri və
digər materiallar toplanıb. Ən başlıcası isə
kitabın sonunda müxtəlif ölkələrdən
gəlmiş qonaqların
ingilis, türk, ispan, italyan, çex, çin və digər dillərdə muzey haqqında təəssüratları
əks olunub.
Kitab 2017-ci ildə
“İndigo” mətbəəsində
100 nüsxə tirajla
çapdan çıxıb.
Ölçüsü 60x70 millimetr olan kitab 320 səhifədən
ibarətdir, nəşrdə
34 rəngli foto yer alıb. Kitabın forzasında mikrokitablar əks olunub.
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə çıxışında Zərifə
Salahovanın fəaliyyətini
yüksək qiymətləndirib.
Qeyd edib ki, Zərifə Salahova bütün həyatı və gördüyü işlərə
münasibəti ilə
göstərir ki, o, təkrarolunmaz şəxsiyyətdir.
O, gördüyü bütün
işlərlə adamı
hər dəfə təəccübləndirir. Zərifə
Salahovanın bizim üçün, Azərbaycan
üçün həyata
keçirdiyi işlər
həm də onun əsl azərbaycanlı
olmasını təsdiqləyir.
Z.Salahova ilə
yaxından tanışlığını
xatırlayan Dilarə
Seyidzadə Azərbaycan
dövlət müstəqilliyini
bərpa etdikdən sonra Zərifə Salahovanın ictimai fəallığını, Bakı
Qadınlar Cəmiyyəti
yaratdığını diqqətə
çatdırıb. O deyib:
“Heydər Əliyev Zərifə xanımı
hər zaman çox səmimi qarşılayıb. Zərifə xanımın Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmaq barədə ərizəsinə Ulu öndər dərhal “Qəbul olundu” dərkənarını yazmışdı.
Mən başa düşdüm ki, Zərifə xanım Heydər Əliyevin yanında xüsusi hörmətə malikdir.
Xatırlayıram ki, biz İtaliya səfirliyinin açılışında iştirak
edəndə, o zaman hələ muzey yox idi, Heydər
Əliyev buraya gəldi, pəncərəyə
yaxınlaşdı, diqqətlə
baxdı, kimsə çalışdı Ona
nə isə desin, lakin Ulu
öndər dərhal
dedi ki, bura Miniatür Kitab Muzeyinin yeri olacaq”.
Miniatür Kitab
Muzeyinin Naxçıvanda
və Gəncədə
filiallarının fəaliyyət
göstərdiyini qeyd
edən Dilarə Seyidzadə Zərifə Salahovaya uğurlar arzulayıb.
Milli Məclisin
deputatı Hüseynbala
Mirələmov Miniatür
Kitab Muzeyinin fəaliyyətini yüksək
qiymətləndirərək bildirib ki, muzeyin
yaradlmasının 15 illiyi
bütövlükdə mədəniyyətimizin,
kitabsevərlərin bayramıdır.
Naxçıvan Muxtar Respublikasının Bakı Şəhərində
Daimi Nümayəndəliyinin
rəhbəri Bəxtiyar
Əsgərov Zərifə
Salahovanın Azərbaycan
mədəniyyətində öz imzasını qoyduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Xalq artisti Vasif Babayev,
Xalq rəssamı Arif Hüseynov, Əməkdar jurnalist Elmira Əliyeva, Əməkdar incəsənət
xadimləri Ziyadxan Əliyev, Natiq Rəsulzadə və başqaları Zərifə
Salahovanın səmərəli
fəaliyyətini yüksək
dəyərləndiriblər.
Qeyd edilib
ki, Zərifə Salahovanın dünyanın
20 ölkəsində təşkil
etdiyi sərgilər onun Vətənə, xalqa sədaqətlə xidmət göstərdiyini
təsdiqləyir. Onun
1981-ci ildən Respublika
Kitabsevərlər Cəmiyyətinin
sədri kimi dünyanın müxtəlif
elmi və mədəni mərkəzləri
ilə yaratdığı
işgüzar əlaqələr
muzeyin uğurlu fəaliyyətində mühüm
amildir.
Tədbirdə “Zərifə Salahova - Kitaba xidmət və işə sədaqət” (Zarifa Salaxova - slujeniye Kniqe i predannost Delu) (2012-2014) miniatür kitabı da təqdim edilib
Yeni Azərbaycan.- 2017.- 25 aprel.- S.7