Heydər Əliyev ideyaları müasir mərhələdə islahatlar strategiyasının əsasını təşkil edir

 

Müstəqil Azərbaycan dövləti son 23 ilini bütün sahələrdə çox böyük uğurlarla və nailiyyətlərlə başa vurub. Ölkəmiz dinamik inkişaf edən iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyan ölkəmiz regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir. Təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Ümummilli lider Heydər Əliyev elə bir irs yaradıb ki, onun dərindən öyrənilməsinə çox böyük ehtiyac var. Həmin irs ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrinin daha da inkişaf etdirilməsində tükənməz enerjiyə malikdir. Dövlət quruculuğu ilə yaxından məşğul olan hər bir dövlət məmuru Ümummilli lider Heydər Əliyevin irsini dərindən öyrənməlidir. Bu irs yeni yaranmış müstəqil dövlətlər üçün çox önəmli təcrübə məktəbi və tarixin sınağından çıxmış dövlət quruculuğu modelidir.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymağa hələ 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən, özü də çox incəliklə, peşəkarlıqla və müdrikliklə başlamışdır. Ulu öndər Sovet imperiyasının tərkibində olduğu müddətdə respublikada milli hərbi kadrların hazırlığı üçün hərbi məktəbin yaradılması, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi, ölkədə yüzlərlə zavod, fabrik və emal sexlərinin qurulması, güclü energetika sisteminin yaradılması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış evlərinin tikilməsi və yeni qəsəbələrin salınması, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin istifadəyə verilməsi, milli intellektin inkişaf etdirilməsi, milli mədəni dəyərlərimizin qorunub saxlanması və daha da inkişaf etdirilməsi kimi çox mühüm işlər görmüşdür.

Müstəqil dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifah halının yüksəlməsi, demokratikləşmə prosesinin dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailiyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ulu öndərin tarixin keşməkeşlərində dəfələrlə sınaqdan çıxmış təcrübəsi sübut edir ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərimizin Azərbaycanın müdrik rəhbəri kimi, çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. Öz fəaliyyəti, həyatı və xalqı naminə göstərdiyi xidmətləri ilə tariximizdə dərin iz buraxmış dahi şəxsiyyətin - Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyevə ehtiyac duyulub və üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirən Ulu öndərimiz hər zaman Ona bəslənilən ümidləri layiqincə doğrulda bilib.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə yeni epoxanın, Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 70-80-ci illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən qlobal dəyişikliklərin miqyasına, sosial-iqtisadi və mədəni sahələrdə aparılan dərin islahatların xarakterinə, xalqın maddi rifah halının yaxşılaşdırılmasına və yeni mərhələyə keçirilməsinə görə həmin illərin tədqiqi müasir tariximizin daha dərindən öyrənilməsi baxımından da böyük önəm daşıyır.

Zəngin təbii sərvətlərə, elmi-texniki potensiala malik Azərbaycan ötən əsrin 60-cı illərinin sonlarında özünün sosial-iqtisadi inkişafına görə keçmiş müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Respublikamız milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə və ictimai əməyin məhsuldarlığına görə də ümumittifaq göstəricilərindən geri qalırdı. İqtisadiyyatdakı çatışmazlıqlar sosial sahədəki mövcud problemlərin həllinə mənfi təsir göstərirdi. Azərbaycanın sosial-iqtisadi cəhətdən uzun müddət geridə qalması və ölkənin siyasi-iqtisadi həyatında yaranmış tənəzzül xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi. Milli kadrların hazırlanması, ana dilimizin inkişaf etdirilməsi yönümündə heç bir ciddi addımlar atılmırdı. Məhz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi respublikada mövcud olan mürəkkəb və çətin duruma son qoydu.

Ümummilli lider Heydər Əliyevin irsi zənginliyi və öyrənilməsi baxımından 1993-cü ildən sonrakı dövrdə xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının müstəqilliyi illərini əhatə edən bu dövrdə Heydər Əliyev dühasının böyüklüyü daha parlaq şəkildə nəzərə çarpır.

Ümummilli lider Heydər Əliyev hər şeydən əvvəl ölkədə ictimai-siyasi sabitliyin yaradılması istiqamətində çox gərgin iş apardı. Ölkədə qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsindən xilas oldu.

Ərazi bütövlüyümüzü bərpa etmək və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını almaq, ölkənin müstəqilliyini qoruyub saxlamaq üçün ordu quruculuğuna başlanıldı.

O dövrdə atəşkəs əldə olunması respublikamız üçün olduqca zəruri idi. Məhz bu imkandan istifadə edən ölkə başçısı müstəqil dövlətin ilk Konstitusiyasının qəbulu və ilk Milli Məclisinin təşkili ilə əlaqədar seçkilərin keçirilməsinə nail oldu.

1999-cu ilin dekabrında Azərbaycanda yerli özünüidarəni həyata keçirən bələdiyyə təsisatı yaradılmış, beynəlxalq tələblərə cavab verən seçkilər keçirilərək, ölkədə 2667 bələdiyyəyə 21 min nəfərdən çox üzv seçilmişdir.

Həmin illərdə dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, dövlət xərclərinin idarə olunması, audit sisteminin tətbiqi, hüquq və məhkəmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar islahatlar uğurla həyata keçirilmişdir. İcra hakimiyyəti orqanlarının işinin dinamikliyi, digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti təmin edilmişdir.

İqtisadi islahatları dərinləşdirmək və respublikanın iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədilə dövlət idarəçilik sistemində islahatlar aparılmışdır. İlk növbədə Nazirlər Kabinetinin səlahiyyət və funksiyaları yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır.

Ölkə iqtisadiyyatının idarə olunmasını daha da təkmilləşdirmək məqsədilə aparılan islahatlar nəticəsində 20-dən çox nazirlik, komitə, şirkət, konsern və digər dövlət strukturları ləğv edilmiş, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyəti və funksiyaları yeni şəraitə uyğun qaydada dəyişdirilmişdir. Eyni zamanda, islahatların tələblərinə cavab verən yeni qurumlar yaradılmışdır.

Məhkəmə-hüquq sistemində də əsaslı islahatlar aparılmış, ölkəmizdə Konstitusiya Məhkəməsi və üçpilləli məhkəmə sistemi fəaliyyətə başlamışdır.

Dünya iqtisadiyyatına inteqrasiya və Azərbaycanın digər ölkələrlə hərtərəfli əməkdaşlığı Ümummilli lider Heydər Əliyevin iqtisadi strategiyasının əsas istiqamətlərindən idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının sürətlə, dinamik inkişafı dünya iqtisadi sisteminə inteqrasiyanın təminatı olmuşdur. Zəngin yeraltı və yerüstü sərvətlərimizdən indi xalqın mənafeyi naminə səmərəli istifadə olunur. Aparılan uğurlu neft siyasəti sayəsində Azərbaycan dünyanın böyük dövlətləri - ABŞ, Fransa, Almaniya, İngiltərə, Yaponiya, Çin, Rusiya və digərləri ilə iqtisadi və siyasi cəhətdən möhkəm əlaqələr yaratmışdır.

Əlbəttə, müstəqil Azərbaycanın iqtisadi yüksəlişinə, onun əhalisinin güzəranının yaxşılaşdırılmasına və sosial problemlərinin həllinə güclü təkan verən amillərdən ən başlıcası məhz Ümummilli lider Heydər Əliyevin böyük bacarıq və uzaqgörənliklə həyata keçirdiyi iqtisadi islahatlardır. Respublikada aparılan ardıcıl və sistemli iqtisadi islahatların mühüm nəticələrindən biri də məhz dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması yolu ilə iqtisadiyyatın inkişaf etdirilməsi və əhalinin rifahının yüksəldilməsi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ardıcıl həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir, sivil, azad iqtisadi sistem bərqərar olmağa başlamışdır. Bunun sayəsində ölkə sənayesinə xarici investisiya qoyuluşu xeyli artmış, inşaat işlərinin həcmi və səviyyəsi yüksəlmiş, infrastruktur dəyişikliklərinin miqyası nəzərəçarpacaq dərəcədə genişlənmişdir.

Bu sahədə aparılan ən vacib işlərdən biri aqrar islahatların həyata keçirilməsidir. Həmin islahatlar nəticəsində ölkədə 862 630 ailəyə 1 milyon 522 min hektardan çox torpaq sahəsi verilmiş və 819769 nəfər kənd əmlak payı ilə təmin edilmişdir.

İqtisadiyyatın digər sahələrində də dövlət mülkiyyətinin özəlləşdirilməsi uğurla həyata keçirilmişdir. Bu proses başlanandan bəri çoxlu sayda qeyri-yaşayış sahələri, zavodlar və fabriklər, səhmdar cəmiyyətlər özəlləşdirilmiş, ikinci Özəlləşdirmə Proqramı çərçivəsində isə rabitə, nəqliyyat, kimya, maşınqayırma, yanacaq-energetika və digər sahələrin müəssisələrinin özəlləşdirilməsi uğurla aparılır.

Həyata keçirilən ardıcıl islahatlar çox qısa bir zamanda iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Belə ki, 1996-cı ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2-3 faizə, büdcə kəsiri ümumi daxili məhsulun 1-2 faizi səviyyəsinə endirilmiş, makroiqtisadi sabitliyə nail olunmuş, 1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10,0 faiz təşkil etmişdir.

Sahibkarlığın inkişafı ilə əlaqədar aparılan islahatlar nəticəsində ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki 30 faizdən 2003-cü ildə 73,0 faizə çatmışdır. Hazırda kənd təsərrüfatı məhsulunun 99 faizi özəl bölmədə istehsal olunur.

Əmək haqlarının, pensiya və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin etmişdir. 1995-2003-cü illərdə orta aylıq əməkhaqqı və pensiyaların məbləği 6 dəfədən çox artmışdır.

Dünya təcrübəsi təsdiqləyir ki, dövlətin və xalqın davamlı inkişafını taleyüklü mərhələlərdə ona rəhbərlik etmiş fenomenal keyfiyyətlərə malik lider müəyyənləşdirir. Müstəqil Azərbaycanın 25 illik müasir tarixinin timsalında da bu reallığı aydın görmək mümkündür. Əgər müstəqilliyimizin ilk illərində məhz aparıcı liderin olmaması və ölkəyə səriştəsiz iqtidarların rəhbərliyi üzündən Azərbaycan böyük çətinliklər və qarşısıalınmaz böhranla üzləşmişdisə, sonrakı dövrdə xalqın inandığı və etibar etdiyi liderin siyasi səhnəyə çıxması bütün taleyüklü məsələlərin həllinə rəvac verdi. Bu mənada 1993-2003-cü illər liderin cəmiyyətdəki rolunu dəyərləndirmək baxımından olduqca ibrətamizdir. 1993-cü ildən Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nə qədər önəmli idisə, 2003-cü ildən sonrakı dövrdə də bu missiyanın uğurlu davamına ehtiyac duyulurdu. O vaxt hətta Ulu öndərimizdən sonra ölkəmizin taleyinin necə olacağı barədə düşünənlər də az deyildi.

Xalqımızın bəxti onda gətirdi ki, Ümummilli lider Heydər Əliyev Özündən sonra Onun müdrik siyasi kursunu davam etdirmək iqtidarında olan siyasi varisini, xalqın yeni liderini yetirmişdi. Cənab İlham Əliyev xalqın böyük dəstəyini qazanaraq Prezident seçildikdən sonra Ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını layiqincə davam etdirmək, onu zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirmək, Azərbaycanın sürətli tərəqqi yolunda irəliləməsini təmin etmək iqtidarında olduğunu sübuta yetirdi. Bu mənada cənab İlham Əliyevin missiyası Ulu öndərin həyata keçirdiyi işlərin miqyası qədər vacib xarakter daşımış və Onun lider keyfiyyətlərini təsdiqləmişdir.

2003-cü ildən sonrakı dövrdə ölkənin möhkəmlənməsi, vahid bir siyasi xətt üzrə irəliyə aparılması, milli həmrəyliyin qorunub saxlanması, çevik manevrlər, regionda cərəyan edən proseslərə verilən adekvat reaksiyalar və digər amillər bir daha sübuta yetirir ki, Prezident İlham Əliyevin malik olduğu keyfiyyətlər Onun lider statusunun təzahürüdür. Ümummilli lider Heydər Əliyevin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu.

Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən islahatlar, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir. Son iyirmi üç il ərzində Azərbaycanın dünyada sürətli inkişafı, qeyri-neft sektorunun tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi Ümummilli lider Heydər Əliyevin irsinə söykənən çoxşaxəli və genişmiqyaslı islahatların istiqamətləridir.

Hazırda ölkəmizdə qeyri-neft sektorunun tərəqqisi, sənaye potensialının gücləndirilməsi, hərbi sənaye kompleksinin inkişafının daha da sürətləndirilməsi istiqamətində köklü islahatlar həyata keçirilir. “Dövlət İnvestisiya Proqramı” uğurla icra olunur və bu, Azərbaycanda nəhəng investisiya layihələrinin reallaşması istiqamətində bütün sahələri əhatə edən islahatlara həm maliyyə, həm də güclü texniki dəstək verir. Xüsusən də iqtisadiyyatımızın şaxələnməsi uğurla icra olunur. Məhz bunun sayəsində Azərbaycan rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yerə yüksəlib və mötəbər beynəlxalq təşkilatlar tərəfindən ən islahatçı ölkə elan edilib. Azərbaycan dünyada və regionda etibarlı tərəfdaş statusu qazanıb.

Bəlli olduğu kimi, son dövrlər dünya iqtisadiyyatında gedən mənfi proseslər, xüsusilə də neftin qiymətinin kəskin azalması ölkəmizdə maliyyə sabitliyinə öz mənfi təsirini göstərməkdədir. Yaranmış yeni çağırışlara cavab vermək və ölkə iqtisadiyyatını böhrandan qorumaq bu məqsədlə islahatların yeni strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsinin vacibliyini gündəmə gətirmişdir.

Bu baxımdan ötən ilin dekabr ayının 12-də Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin təsdiq edilməsi haqqında imzaladığı Fərman ölkəmizin yeni daha yüksək inkişaf mərhələsinə qədəm qoyması əzmində olmasını təsdiq edir.

Strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində ölkədə qısa müddətdə biznes mühiti daha da yaxşılaşacaq, iqtisadiyyatda azad rəqabət yaradılacaq, iri müəssisələrin, səhmləri dövlətə məxsus olan səhmdar cəmiyyətlərin, fabrik və zavodların özəlləşdirilməsi nəticəsində ölkədə yaxın gələcəkdə və uzunmüddətli dövrlərdə dinamik iqtisadi inkişaf təmin ediləcək.

Strateji yol xəritələrinin hazırlanmasına yerli mütəxəssislərlə yanaşı, inkişaf etmiş ölkələrin tanınmış ekspertləri cəlb olunmuş və bu sənədlər tarixin sınağından çıxmış beynəlxalq təcrübəyə və hayatda öz təsdiqini tapmış ölkələrin modellərinə uyğun hazırlanmışdır. Həmçinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə müəyyən edilən 11 prioritet sahə dərin iqtisadi islahatların yeni mərhələsidir.

Dövlətimizin başçısının islahatlar proqramında vacib məqamlardan biri də qarşıya konkret hədəflər qoyması və xalqı bu hədəflərə çatdırmaq bacarığıdır. Bu mənada cənab İlham Əliyevin islahatlar proqramı həm də uzun hədəflərə hesablanmış proqram xarakteri daşıyır. 2017-ci ilin yanvarında Davos İqtisadi Forumunun rəsmi saytında dərc olunan “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: “Əldə etdiyimiz real uğurlarla yanaşı, çağırışlarla da üzləşmişik. Qlobal iqtisadi böhran prosesləri Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib, gəlirlər azalıb və ötən il ərzində milli valyuta 10,1 faiz ucuzlaşıb. Lakin adekvat addımlar ataraq biz bu çətinliklərin öhdəsindən uğurla gəlirik. Daha dayanıqlı inkişafa nail olmaq üçün “Strateji yol xəritəsi” təsdiqlənib, struktur, institusional, pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin islahatlar aparılır, vergi və gömrük sahəsində idarəetmə təkmilləşdirilir, bütün sahələrdə şəffaflıq təmin edilir. Misal üçün, ötən ilin 10 ayında ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük rüsumlarının toplanan həcmi 53% artıbdır”.

Dövlət müstəqillimizin daha da gücləndirilməsi, ərazi bütövlüyümüzün təmin olunması, demokratik institutların daha da inkişafı, qeyri-neft sektorunun genişlənməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, şaxələndirilmə prosesinin genişlənməsi, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarında layiqli yer almasına nail olunması, sosial sahədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmini, bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün səylərin artırılması və digər məsələlər “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin mühüm istiqamətləridir.

Prezident İlham Əliyevin praqmatik və rasional addımları ilə respublikada bütün sahələri əhatə edən strateji yol xəritələrinin həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin yaxın 10 il ərzində daha yüksək hədəflərə doğru - dünyanın ən inkişaf etmiş ölkələri sırasına qatılmaq yolunda inamla və qətiyyətlə irəlilədiyini bariz şəkildə təsdiqləyir.

Yusif HümbƏtov“Azərsutikinti” SəhmdarCəmiyyətinin sədri,YAP İdarə Heyətinin üzvü

Yeni Azərbaycan.- 2017.- 25 aprel.- S.3