Həyata keçirilən
çoxşaxəli işlər nəticəsində
bütün regionlarımız abadlaşıb, şəhərlərimiz
gözəlləşib
2017-ci ilin birinci rübü Şəki-Zaqatala
iqtisadi rayonu üçün də uğurlu olub
Məlum olduğu kimi, son illər dünya
iqtisadiyyatında davam edən neqativ proseslərə, ölkəmizin
ənənəvi əsas ixrac məhsulu olan neftin qiymətinin
kəskin enməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı
çox dinamik şəkildə inkişaf edir. Bunun da səbəbi
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən hərtərəfli islahatlardır. Məhz bütün sahələri əhatə edən
islahatların, həmçinin 2004-cü ildən etibarən
Regional İnkişaf proqramlarının
reallaşdırılmasının nəticəsidir ki, 2017-ci
ilin birinci rübündə də ölkəmiz uğurla
inkişaf edib.
Yeri gəlmişkən, aprelin 17-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə
Yevlaxda keçirilən qeyri-neft
ixracatçılarının respublika müşavirəsində
də bu məqama xüsusi olaraq toxunulub. Müşavirədəki
giriş nitqində Regional İnkişaf proqramlarının
icrası nəticəsində əldə edilən nəticələrdən
danışan dövlət başçısı, demək
olar ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda
əsas infrastruktur layihələrinin icra edildiyini bildirib:
“Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə
başlamışıq, 30-a yaxın elektrik stansiyası
tikilib istifadəyə verilmişdir. Bu, inkişaf
üçün birinci şərtdir. Əgər enerji
gücü olmasa, heç bir müəssisəni yaratmaq
mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur
layihələrimiz sosial xarakter daşıyır.
Çünki dayanıqlı enerji ilə vətəndaşları
təmin etmək hər bir dövlətin borcudur. Biz buna da
nail olduq. Əvvəlki illəri yaxşı
xatırlayırıq, işıqlar sönürdü, hətta
Bakı şəhərində fasilələr
yaranırdı. Bu gün isə biz dayanıqlı elektrik
enerjisini demək olar ki, təmin etmişik. Hələ də
işlər gedir, enerji infrastrukturu yeniləşir,
yarımstansiyalar tikilir, yeni xətlər çəkilir,
elektrik dirəkləri təzələnir. Ancaq demək olar
ki, biz işlərin böyük hissəsini görə
bilmişik”.
Sözügedən nitqində Azərbaycanda
qazlaşdırmanın 92 faizə
çatdığını və yeni yolların
salındığını da deyən Prezident bildirib ki, eyni
zamanda, sosial infrastruktur yaradılıb - 3 mindən çox məktəb,
600-dən çox xəstəxana tikilib, yaxud təmir edilib:
“Böyük meliorasiya layihələri icra edilmişdir. Deyə
bilərəm ki, onların içərisində iki layihə
- Taxtakörpü və Şəmkirçay su anbarları
tarixi əhəmiyyət daşıyır. Həmin layihələrə
böyük dövlət vəsaiti qoyulmuşdur. Bu su anbarlarının
fəaliyyəti bundan sonra da kənd təsərrüfatına
daim böyük dəstək olacaq. Digər meliorasiya layihələri
icra edilmişdir və bu proses davam edir. Hesab edirəm ki, bu il bu istiqamətdə ən ciddi addımlar
atılacaq. Mən bunu artıq demişəm, fermerlərə
bu il təxminən 150 min hektar yeni
suvarılan torpaq təhvil veriləcək. Bir il
ərzində bu qədər suvarılan torpağı əldə
etməyimiz tarixi nailiyyətdir”.
Beləliklə, görünən odur ki, Regional
İnkişaf proqramlarının icrası öz gözəl
nəticələrini verib. Daha dəqiq desək,
məhz yuxarıda bəhs olunan proqramlar çərçivəsində
həyata keçirilən çoxşaxəli işlər nəticəsində
bütün regionlarımız abadlaşıb, şəhərlərimiz
gözəlləşib. Ölkəmizdə minlərlə
yeni müəssisə açılıb, həmçinin bir
milyon 700 min yeni iş yeri yaradılıb ki,
onların bir milyon 300 mini daimi iş yeridir. Eyni zamanda, 2017-ci
ilin birinci rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4
faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı
3,5 faiz, valyuta ehtiyatlarımız 1 milyard dollar artıb. Bu
gün valyuta ehtiyatlarımız 38,5 milyard
dollardır. Hesabat dövründə Azərbaycanda sosial
proqramların icrası davam edib, 85 min yeni iş yeri
yaradılıb.
Onu da vurğulamaq yerinə düşər ki, əvvəlki
illərdə olduğu kimi, bu ilin birinci rübündə də
əldə edilən uğurlardan ölkəmizin bütün
bölgələrinə pay düşüb. Və təbii ki, bu
sırada Şəki-Zaqatala iqtisadi rayonu da var. Bəhs edilən
dövrdə bu iqtisadi rayon ərazisində əldə edilən
uğurlara keçməmişdən öncə qeyd edək
ki, Şəki-Zaqatala iqtisadi rayonuna Balakən, Qax, Qəbələ,
Zaqatala, Oğuz inzibati rayonları və respublika tabeli Şəki
şəhəri daxildir. Məlumat üçün bildirək
ki, Böyük Qafqaz dağlarının cənub
yamaclarında, respublikanın şimalında yerləşən
Şəki-Zaqatala iqtisadi rayonu ərazisinin ümumi sahəsi
8,96 min kv.km-dir. Şəki-Zaqatala iqtisadi rayonunun gözəl
təbiəti onu Azərbaycanın mühüm istirahət-turizm
regionuna çevirib. Qəbələdə,
Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri
fəaliyyət göstərir. Ərazidən
Gürcüstana beynəlxalq turizm marşrutu keçir. Şəki-Zaqatala iqtisadi rayonunda yerləşən
sənaye müəssisələri əsasən kənd təsərrüfatı
məhsullarını emal edir. Alazan-Əyriçay
vadisi, Baş Qafqaz silsiləsinin dağətəyi
zonaları, Acınohur ovalığı mühüm kənd təsərrüfatı
sahələridir. Bu ərazilərdə
becərilən tütün, qərzəkli meyvələr,
taxıl, bəslənən barama iqtisadi rayonun kənd təsərrüfatının
əsas sahələridir. Tütün
yığımına görə Şəki və Zaqatala
rayonları, meyvə yığımına görə Şəki,
Oğuz, Balakən, Zaqatala, Qax rayonları irəlidə durur.
Şəki, Zaqatala, Qəbələ
rayonlarında daha çox taxıl yığılır.
Beləliklə, 2017-ci ilin birinci rübündə də
sözügedən iqtisadi rayona daxil olan rayonlarda, o cümlədən
Şəkidə uğurlar əldə edilib, əhalinin
içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı
istiqamətində görülən işlər davam etdirilib. Məsələn,
rayonun iki yaşayış məntəqəsi
qazlaşdırılıb, daha 3 kəndin
qazlaşdırılması istiqamətində zəruri
işlər görülür.
İçməli
su təminatına gəlincə Azərbaycan Respublikası
hökuməti ilə Almaniyanın KfW Bankının birgə
maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur
Proqramı II” layihəsi çərçivəsində həyata
keçirilən Şəki şəhərinin içməli
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması işləri uğurla davam etdirilir. Qeyd
edək ki, hazırda icra olunan layihənin
üçüncü mərhələsində Şəki
şəhərinin mərkəzi hissəsinin paylayıcı
su və kanalizasiya şəbəkələrinin yenidən
qurulması nəzərdə tutulur. Şəki şəhərində
içməli su və kanalizasiya şəbəkələrinin
yenidən qurulması işləri çərçivəsində
şəhərdə 2 ədəd tutumu 1500m3 su anbarı,
126,7 km içməli su şəbəkəsi, 115,3 km
kanalizasiya xətti, 21 km kanalizasiya kollektoru inşa ediləcək,
8026 abonentə ev birləşməsi veriləcək, 437
yanğın hidrantı quraşdırılacaq. Bu mərhələ çərçivəsində
işlərin 2018-ci ilin noyabr ayında başa
çatdırılması nəzərdə tutulub.
Bundan
başqa, birinci rüb ərzində tikinti-quruculuq işləri
sahəsində də mühüm addımlar atılıb,
ümumi uzunluğu 17,1 kilometr olan Şəki-Aşağı
Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil
yolunun tikintisi işləri davam etdirilib.
Şəki
şəhər İcra Hakimiyyətindən verilən məlumata
görə, hesabat dövründə Şəki rayonunda
faktiki qiymətlərlə 67 milyon 559 min manatlıq məhsul
istehsal olunub və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi
ötən ilin müvafiq dövrü ilə müqayisədə
8 faiz artıb. Buraxılan məhsulun 7
faizi dövlət, 93 faizi isə özəl bölmənin
payına düşür. Hesabat dövründə əmtəə
dövriyyəsinin həcmi 2,2 faiz artaraq
112 milyon 567 min manat olub. Bu müddət ərzində rayonda
1446 yeni daimi iş yeri açılıb.
2017-ci ilin birinci rübündə rayonda məhsul
istehsalının artırılması, kənd təsərrüfatında
özəl bölmənin genişləndirilməsi diqqət
mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı
üçün ənənəvi sahələrdən hesab
olunan taxılçılıq, heyvandarlıq,
tütünçülük və
baramaçılığın inkişafı istiqamətində
bir sıra tədbirlər həyata keçirilib.
2017-ci ilin məhsulu üçün payızlıq
taxıl əkilmiş 68 min 514 hektar sahəyə aqrotexniki
qulluq olunub. Eyni zamanda, 2017-ci ildə rayonda 787 hektar sahədə
tütün əkini planlaşdırılır. Əkin
zamanı əsasən “Virciniya”, “Berley”, “İmunni-580”,
“Zaqatala-67” tütün sortlarından istifadə olunacaq. Tütün əkini üçün 33 min kvadratmetr
sahədə şitil yetişdirilib və aprelin 20-dən sonra
şitillər sahələrə köçürüləcək.
Bundan
başqa, bu il rayonda 27 ton yaş barama
istehsalı nəzərdə tutulub. Yeni
fındıq bağlarının salınması
üçün 301 hektar sahə əkinə hazır vəziyyətə
gətirilib. Cari ildə rayonda 8 min hektar
sahədə yazlıq bitkilərin əkini də nəzərdə
tutulur.
Bu ilin birinci rübündə Zaqatala rayonu
üçün də uğurlarla yadda qalıb. Rayon İcra Hakimiyyətindən
verilən məlumata əsasən, hesabat dövründə
rayonda ümumi məhsul buraxılışının həcmi
ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 faiz artaraq 65,3 milyon manat təşkil edib. Məhsul
istehsalı sənayedə 84,6 faiz, kənd
təsərrüfatında 12,9 faiz, ticarətdə 11,3 faiz,
rabitə sahəsində 10 faiz artıb. Bu müddət ərzində
pərakəndə əmtəə dövriyyəsinin həcmi
15,2 faiz, pullu xidmətlərin həcmi isə
17,8 faiz çoxalıb. İlin birinci rübündə rayonda
1571-i daimi olmaqla, 1591 yeni iş yeri açılıb. 2017-ci ilin birinci rübündə əhalinin elektrik
enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə
təminatının yaxşılaşdırılması, həmçinin
tikinti-quruculuq işləri istiqamətində işlər
davam etdirilib.
Verilən
məlumatda o da qeyd olunub ki, Prezident İlham Əliyevin
mövcud iqtisadi potensialdan daha səmərəli istifadə
olunması, idxalı əvəz edən və
ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin
yaradılması və inkişaf etdirilməsi istiqamətində
verdiyi tapşırıqların icrasını təmin etmək
məqsədi ilə bu ilin birinci rübündə Zaqatala
rayonunda da zəruri tədbirlər davam etdirilib. Yeri gəlmişkən, cari ildə rayonda 700 hektardan
çox sahədə tütün əkilməsi
proqnozlaşdırılır. Bu məqsədlə
“İnter-Tobacco” MMC tərəfindən fermerlərlə 637,2
hektar sahədə “Virciniya” və 23,4 hektar sahədə
“Berley” tütün sortlarının əkilməsi ilə bağlı
müqavilələr bağlanılıb. Artıq
tütün şitillərinin sahələrə
köçürülməsinə başlanılıb.
Bundan əlavə, “Azəri” korporasiyası tərəfindən
də rayonda 35 hektar sahədə tütün əkilməsi
üçün hazırlıq işləri aparılıb.
Eyni zamanda, Prezident İlham Əliyevin ixracyönümlü
məhsulların istehsalının artırılması ilə
bağlı verdiyi tapşırıqlara uyğun olaraq, Zaqatala
rayonunda mövcud fındıq bağlarının sahəsinin
iki dəfə artırılması ilə əlaqədar zəruri
tədbirlər həyata keçirilir. Bu məqsədlə ötən
ilin payızında rayonda 2560 hektar sahədə yeni
fındıq bağları salınaraq, bağların
ümumi sahəsi 16 min 420 hektara çatdırılıb. Cari ilin yaz mövsümündə isə daha 598
hektar sahədə yeni fındıq bağları
salınıb. Bundan əlavə, 5 hektar
sahədə fındıq tingliyi təsərrüfatı
yaradılıb və hazırda burada 300 min ədəd ting
yetişdirilir. Bu tinglərin 600 hektar sahəyə
köçürülməsi planlaşdırılır.
Həmçinin ənənəvi sahələrdən
olan baramaçılığın inkişaf etdirilməsi
istiqamətində tədbirlər cari ildə də davam
etdiriləcək. Bu il rayonda 16 ton yaş barama istehsalı
proqnozlaşdırılır. Bu məqsədlə
iki yüzədək kümçü ailəsi ilə
razılıq əldə olunub. Ötən il isə rayonda 6 ton yaş barama istehsal edilib. Baramaçılığın yem bazasının
möhkəmləndirilməsi məqsədi ilə 2016-cı
ilin payız mövsümündə rayon ərazisində 147
minə yaxın tut tingi əkilib. Hazırda
bağlara qulluq işləri davam etdirilir.
Məlumat üçün bildirək ki, Zaqatala rayonunda ənənəvi
və ixrac potensialı yüksək olan sahələrdən
biri də gülçülükdür. Və bu sahənin
inkişaf etdirilməsi, yeni gül plantasiyasının
salınması məqsədi ilə ötən il rayonun Aşağı Tala kəndinin ərazisində
100 hektar torpaq sahəsi ayrılıb. Payızda
ayrılmış sahənin 64 hektarında Bolqarıstandan gətirilmiş
250 min ədəd qızılgül tingi əkilib. Bu
ilin yazında isə 25 hektar sahədə 500 min ədəd
“lavanda” gülünün əkilməsi təmin olunub. Tezliklə bu ərazidə yeni gül emalı
zavodunun tikintisinə başlanılacaq.
Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Qax da birinci
rübü nailiyyətlərlə başa vurub. Bu barədə
birinci rübün yekunlarına dair rayon İcra Hakimiyyətində
keçirilən iclasda məlumat verilib. Qeyd
olunub ki, 2017-ci ilin birinci rübündə Qax rayonunda
iqtisadiyyatın əsas sahələri üzrə məhsul
buraxılışının ümumi həcmi 17 milyon 849 min
manat təşkil edib. Hesabat dövründə rayonda 289
yeni iş yeri açılıb, həmçinin əhalinin
elektrik enerjisi, təbii qaz, içməli su və digər
xidmətlərlə təminatının
yaxşılaşdırılması sahəsində
davamlı işlər görülüb. Məsələn,
hesabat dövründə rayon elektrik şəbəkəsi tərəfindən
11 transformator yarımstansiyası əsaslı təmir olunub,
5 ədəd yeni ayırıcı quraşdırılıb.
Hazırda 110 kilovoltluq “Qax” və 35 kilovoltluq “İlisu”
yarımstansiyalarının, həmçinin rayon elektrik şəbəkəsi
üçün yeni inzibati binanın tikintisi davam etdirilir.
Bu müddət ərzində rayonda 3 milyon 968 min
manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunub.
Aqrar sahədə məhsul istehsalı ötən
ilin eyni dövrü ilə müqayisədə 12 faiz
artıb. Bildirilib ki, cari ilin birinci rübü ərzində
rayonda 408 hektar yonca, 143 hektar tərəvəz, 152 hektar vələmir,
270 hektar kartof əkini aparılıb, 513 hektar yeni
fındıq bağları salınıb. Baramaçılığın
yem bazasının möhkəmləndirilməsi məqsədi
ilə kənd yerlərində 60 min ədəd tut tingi əkilib.
O da qeyd
olunub ki, hesabat dövründə rayonun Sarıca-Daşüz ərazisində
dənli və paxlalı bitkilərin əkini üzrə
ixtisaslaşmış aqroparkın yaradılmasına
başlanılıb. Bu məqsədlə
dövlət fonduna aid torpaqlardan 2044 hektar ərazi
seçilib. Aqroparkın ərazisində pivot suvarma
sisteminin quraşdırılmasına başlanılıb və
hazırda 4 kilometr uzunluğunda əsas su xəttinin çəkilişi
davam etdirilir.
Yeri gəlmişkən, cari ildə Qax rayonunda ənənəvi
istehsal sahələrindən olan
tütünçülük, baramaçılıq və
fındıqçılığın inkişafı istiqamətində
tədbirlər davam etdiriləcək. Belə ki, cari ildə
rayonda tütün əkini sahələrinin ötən illə
müqayisədə 169 hektar artırılaraq 500 hektara
çatdırılması nəzərdə tutulur. Bu məqsədlə
“İnter Tobacco” MMC tərəfindən birinci rübdə cəmiyyətə
məxsus istixanalarda 2400 kvadratmetr, ayrı-ayrı fermerlər
tərəfindən isə sadə istixanalarda 6560 kvadratmetr sahədə
tütün şitili yetişdirilib. Artıq
tütün şitillərinin sahələrə
köçürülməsinə başlanılıb.
Eyni zamanda, 2017-ci ildə rayonda yaş barama istehsalının əvvəlki
illə müqayisədə 8,7 ton
artırılaraq 12,5 tona çatdırılması nəzərdə
tutulur.
2017-ci il üçün Azərbaycanın “Gənclər
Paytaxtı” adına layiq görülən Balakən rayonunda
da ilin birinci rübündə əhalinin elektrik enerjisi, təbii
qaz, suvarma və içməli su ilə təminatının
yaxşılaşdırılması, tikinti-quruculuq işləri
istiqamətində müsbət nəticələr əldə
edilib. Belə ki, Balakən şəhərində
29 çoxmənzilli yaşayış binasında və
binaların həyətlərində təmir işlərinin
aparılması nəzərdə tutulub və artıq 15
binada təmir işlərinə başlanılıb.
Şərif kəndində 360 şagird yerlik məktəbin
tikintisi davam etdirilib, Sarıbulaq və Mahamalar kəndlərində
müvafiq olaraq 20 və 10 yerlik modul tipli məktəblərin,
şəhərin Səttar Gözəlov küçəsində
“Bayraq muzeyi”nin, Heydər Əliyev prospektində “ABAD-park”
kompleksinin ikimərtəbəli binasının tikintisinə
başlanılıb.
Kənd təsərrüfatı
sahəsində görülən işlərə gəlincə,
məlumat üçün bildirək ki, birinci rübdə
rayonun təsərrüfatlarında 3200 hektardan çox sahədə
yazlıq bitkilər əkilib, eyni zamanda, cari ilin məhsulu
üçün payızlıq taxıl əkilmiş 1579
hektar sahəyə aqrotexniki qulluq göstərilib. Rayonda meyvəçiliyin inkişaf etdirilməsi də
diqqət mərkəzində saxlanılıb, meyvə
bağlarına aqrotexniki qulluq göstərilib. Meyvəçilik məhsullarının, əsasən
də xurmanın qurudulması üçün Katex kəndində
“Balxurma” MMC-nin fəaliyyətə başlaması xurma məhsullarının
satışında uzun illər mövcud olan problemlərin həllinə
müsbət təsir göstərəcək.
Rayonda gəlirli və ixrac potensialı yüksək sahələrdən
olan fındıqçılığın inkişaf etdirilməsi
istiqamətində də zəruri tədbirlər həyata
keçirilir.
Son bir ildə rayon ərazisində 2264 hektar, o
cümlədən cari ilin birinci rübündə 662 hektar sahədə
yeni fındıq bağları salınıb.
Cari ildə
Balakən rayonunda barama istehsalının ötən illə
müqayisədə 8,8 ton və ya 3,7 dəfə
artırılaraq 12 tona çatdırılması nəzərdə
tutulur. Qarşıya qoyulmuş hədəflərə çatmaq
üçün ötən il rayonun 18 kəndində
bələdiyyə və xüsusi mülkiyyətdə olan
torpaq sahələrində 100 min ədəd tut tingi əkilib.
Eyni zamanda, mövcud tut ağaclarının
inventarizasiyası aparılıb və çəkil
bağlarına aqrotexniki qulluq olunub.
Bununla yanaşı, 2017-ci ildə rayonun təsərrüfatlarında
520 hektar sahədə tütün əkilməsi nəzərdə
tutulur.
İndiyədək 71 hektar sahəyə tütün şitili
köçürülüb və bu iş sürətlə
davam etdirilir. Ötən il rayonda 501 hektar sahədə
tütün əkilib və fermerlər 1150 ton yaşıl
tütün kütləsi, 96,3 ton quru tütün istehsal ediblər.
Cari ilin birinci rübü Qəbələ rayonu
üçün də uğurlu olub. Belə ki, hesabat dövründə
iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 33
milyon 152 min manatlıq məhsul istehsal edilib, ötən ilin
müvafiq dövrünə nisbətən ümumi məhsul
buraxılışı rayon üzrə 3 milyon 684 min manat,
yaxud 12,5 faiz artıb. Əsas kapitala yönələn
investisiyanın həcmi 5 milyon 219 min manat,
tikinti-quraşdırma işlərinin həcmi isə 4 milyon
912 min manat təşkil edib.
2017-ci
ilin birinci rübündə Qəbələ şəhərinin
Muxtar Abduyev küçəsindəki 5 ədəd beşmərtəbəli
yaşayış binasının dam örtüyünün dəyişdirilməsinə,
xalça toxuculuğu müəssisəsinin tikintisinə və
Heydər Əliyev prospektində əsaslı təmir işlərinə
başlanılıb. Eyni zamanda, Qəbələ Rayon Məhkəməsi,
Qəbələ Rayon Kənd Təsərrüfatı İdarəsi,
Qəbələ Peşə Liseyi, Səfərbərlik və
Hərbi Xidmətə Cağırış üzrə
Dövlət Xidmətinin rayon şöbəsi, Qəbələ
Rayon Prokurorluğu, Gömrük Akademiyası
üçün inzibati binaların inşası,
atçılıq mərkəzi, “Qafqaz Aqua Land Hotel” və
“Qafqaz Diamond Akvapark” istirahət mərkəzinin tikintisi, şəhərin
içməli su və kanalizasiya sisteminin yenidənqurulması
işləri davam etdirilib.
2003-cü
ilin oktyabr ayından bəri 14 min 132-si daimi olmaqla, 15 min 931
yeni iş yeri açılıb. Bu ilin birinci rübündə
isə 866 daimi iş yeri yaradılıb. Ümumiyyətlə,
ilin birinci rübündə Qəbələ rayon Məşğulluq
Mərkəzinə 675 nəfər işaxtaran vətəndaş
müraciət edib. Müraciət edənlərin
291 nəfəri peşəsinə uyğun işlə təmin
olunub. Vətəndaşlar əsasən
tikinti, təbii qaz və içməli su təchizatı, səhiyyə,
turizm, sosial və kommunal xidmət sahələrində, hotel,
mağaza və restoranlarda işə götürülüblər.
Bundan əlavə, məşğulluq mərkəzi 19 nəfəri
“Sahibkarlığın əsasları” adlı peşə
hazırlığı kurslarına cəlb edib, 12 nəfərə
işsizlik statusu verib, müavinət ödənilib.
Bundan başqa, rayonda turizmin inkişafı
üçün görülən işlər müsbət nəticə
verməkdədir. Hazırda Qəbələdə 20
müasir turizm-istirahət obyekti fəaliyyət göstərir.
Bu hotellərdən 6-sı beşulduzludur.
Qəbələdə yerləşən
mehmanxana tipli obyektlər bir gündə 2700-dən çox
turisti qəbul etmək imkanına malikdir. Son
3 ayda Qəbələyə 12 mindən çox turist gəlib.
Kənd təsərrüfatına gəlincə, rayonda
2017-ci ilin məhsulu üçün ötən ilin
payızında 21 min 47 hektar sahədə payızlıq dənli
bitkilər əkilib. Onun da 16 min 262 hektarını buğda, 4785
hektarını arpa sahələri təşkil edir. Hazırda Qəbələdə 6854 hektar meyvə
bağı, 509 hektar üzüm plantasiyası mövcuddur.
Bildirilib ki, rayonda ixracyönümlü kənd
təsərrüfatı məhsulları istehsalının
artırılması diqqət mərkəzində
saxlanılmalıdır. Bu istiqamətdə
fındıqçılığın inkişafı
xüsusi əhəmiyyət kəsb edir. Rayonda
2000 hektar yeni fındıq bağının salınması nəzərdə
tutulub. Keçən ilin payızından
bu işlərə başlanılıb və ötən
üç ayda da davam etdirilib. Ayrı-ayrı
kənd ərazilərində indiyədək 900 hektar sahədə
yeni fındıq bağları salınıb.
Nadir
AZƏRİ
Yeni Azərbaycan.-
2017.- 27 aprel.- S.7