Şərəfli  ömrün 180 günü  

 

“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır."

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Dünyanın demokratik ölkələrində  dövlət  idarəetmə  subyektlərinin fəaliyyəti bir sıra metod və üsullarla qiymətləndirilir. Günümüzdə ən populyar dəyərləndirmə üsullarından biri  də artıq ənənəyə çevrilmiş  və çox yayılmış  ictimai qiymətləndirmədir.

Yeni seçilən prezidentlərin rəmzi  ilk 100 günü adlanan bu  ənənə  demokratik dəyər kimi son onilliklərdə  daha çox ölkələrdə qeyd edilir.

 Əslində  hansı coğrafiyada    hansı  millət  tərəfindən yaradılmasından asılı olmayaraq,   milli  mənafe və dəyərlərə  zidd olmayan  belə ənənələr təqdir edilməlidir.  Belə  nümunələr  gör-götür dünyasında dövlət  idarəçilik  institutunun  təkmilləşməsinə,  güclənməsinə və  humanistləşməsinə töhfə verir.

Dünyanın bir parçası olan ölkəmizdə də belə  demokratik  ənənələr   artıq özünə yer  tapmışdır.  Müstəqil dövlətimizdə Prezidentin ilk 100 günü rəsmi olaraq qeyd edilməsə də, 1993-cü ildən bugünə  keçdiyimiz  keşməkeşli  tarixi yol 100 gün standartları ilə dəyərləndirilərsə, qazanılan  uğur və nailiyyətlərin  nə qədər   zəngin olmasının şahidi olarıq.

 İdarəçiliyin sürətlə  elektronlaşmasına, yaxud robotlaşmasına baxmayaraq, bu gün  insanlar etimad göstərdiyi liderin  və ya  təmsilçisinin  ona hesabat verməsini səbirsizliklə  gözləyir. İctimaiyyət  öz təmsilçisinin  məhz  100 günlük   fəaliyyətilə   ümid və gözləntilərinin  doğrulacağına əmin olmaq istəyir.

 Son illərdə vitse-prezidentlərin   ilk 100 gününün ictimai müzakirəsi də bir ənənə kimi  geniş coğrafiyanı əhatə etməkdədir. Əlbəttə  ayrı-ayrı ölkələrin timsalında  belə təcrübələr  bizə məlumdur və bu haqda  danışmağa ehtiyac  da yoxdur.

 Bu günlərdə bəşəri dəyərlərin bərqərar olduğu ölkəmizdə  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın  ali vəzifəsindəki  fəaliyyətinin 180 günü tamam olur.

Mübaliğəsiz deyə bilərik ki, ölkəmizdə yaranmış yeni    ilk vitse-prezidentlik institutunun, ilk vitse-Prezidentin qısa zaman kəsiyindəki misilsiz fəaliyyəti  bu  ali  vəzifənin təsis edilməsinin  ictimai   zərurət  olduğunu  real faktlarla sübut etmişdi.

Ötən dövr ərzində  xanım Mehriban Əliyevaya   ölkə daxilində, eləcə  də beynəlxalq  aləmdə böyük etimad göstərilmiş və O,   bir  sıra  vəzifələrlə görəvləndirilmişdir. 

 Bütün  bu vəzifələrdə möhtərəm Mehriban Əliyeva fəaliyyəti ilə  ölkəmizə və  xalqımıza baş ucalığı gətirmişdir. Çünki Onun həyat  fəlsəfəsində  vəzifə insanlara ləyaqətlə xidmət etmək üçün vasitədir .  Vəzifənin   böyük- kiçikliyi və ya   ictimai-dövlət   olması  əsas ola bilməz . Bu baxımdan həyata keçirdiyi  hər bir layihənin məqsədində və  hədəfində  həm ölkəsinə, həm də dünya insanına  xidmət  etmək olmuşdur. 

Bu yazıda xanım Mehriban Əliyevanın hər bir  Azərbaycan  vətəndaşının   hər an diqqətində olan bəzi vəzifələrinin  və onun fəaliyyətinin bir sıra məqamlarını xatırlatmaqla  müşahidələrimi  oxucularla bölüşmək istərdim....

 Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Qurucusu və Rəhbəri,  Gimnastika Federasiyasının Prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili,  Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri,  I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri... nəhayət...Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti...

 Bu vəzifələrdə  xanım Mehriban Əliyeva hər zaman ona etimad  göstərən insanlar, təşkilatlar qarşısında hesabat verməyi özünə borc bilmiş,  fəaliyyətində hesabatlılığı   dövlət idarəçiliyinin   atributu hesab etmişdir. O, hər zaman  konkret və  uğurlu  nəticələrlə, ona etimad göstərənlərin, xüsusilə  sadə və həssas qrup insanların arasında  olmuşdur.  Onun dünyagörüşündə dövlət idarəçiliyi   məsuliyyətlilik, cavabdehlilik, konkret  əməl, nəticə və məqsədinə çatmaq  deməkdir.  Xanım Mehriban Əliyeva  hansı vəzifədə çalışmışsa,  fəaliyyəti ilə   xidmət etməyin  standartlarını  yaratmışdı...

 Bu mənada  Onun  ilk 100 və ya 180 gün fəaliyyəti   millətə xidmətin  yüksək nümunəsi, insanların  etimadına  verdiyi   dəyərdir.

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın siyasi portretini düşündükcə onun yaratmış olduğu  və tariximizi zənginləşdirən bir çox  ilkləri də qeyd etməmək   mümkün deyil.

 Azərbaycan dövlətçilik tarixində ilk Birinci xanım, Birinci Xanım İnstitutunun yaradıcısı;

Qurucusu və rəhbəri olduğu, ölkəmizin daxili və xarici siyasətində xüsusi  rola malik, misilsiz xidmətləri ilə beynəlxalq aləmdə tanınan və rəğbət qazanan ilk və  ən böyük Qeyri Hökumət Təşkilatı Heydər Əliyev Fondu;

Azərbaycanın  dövlətçilik tarixində ölkəmizdən seçilmiş UNESCO-nun  ilk azərbaycanlı  Xoşməramlı Səfiri;

​İSESCO-nun ilk azərbaycanlı Xoşməramlı Səfiri;

Eyni  vaxtda həm  UNESCO, həm də   İSESCO-dan seçilmiş dünyanın  ilk Xoşməramlı Səfiri;

I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk sədri;

Hakimiyyətin Qanunverici qolundan İcra qoluna keçid edilərkən seçicilər və Qanunverici Hakimiyyət qarşısında hesabat vermək ənənəsinin   təmılini qoyan   ilk Dövlət Adamı.... 

Bu ilklər çoxdur...

Əsas odur ki, Onun imza atdığı bu ilklər, ölkəmizdə    beynəlxalq aləmdə  yüksək  qiymətləndirilir  və təqdir edilir.

Bu gün   ölkəmizdə və dünyada  bir çox  ilklərə imza atmış möhtərəm  Mehriban xanım Əliyeva  Azərbaycan dövlətçilik tarixində,  xüsusilə də çağdaş müstəqil dövlətimizdə  Azərbaycan Respublikasının ilk Birinci vitse-prezidenti kimi də bir İlk oldu...

Sozsuz ki, xanım  Mehriban Əliyavanın coxşaxəli  və geniş miqyaslı  fəaliyyətini   bir yazıda qeyd etmək mümkün deyil.

Necə deyərlər, görünən dağa nə bələdçilik....

Hesab edirəm ki, Onun bu ali vəzifəyə təyin olunarkən söylədiyi: “Mənim fəaliyyətim haqqında dediyiniz sözlərə, verdiyiniz qiymətlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün belə bir qiymətəlayiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir uğurun, hər bir nailiyyətin arxasında Sizin köməyiniz, Sizin dəstəyiniz durur. Çünki Sizin arxanızda xalq dayanır… Sizin etimadınızı doğrultmaq elə xalqın etimadını doğrultmaqdır." – kimi təvazökar  fikirləri bu gün xalq və xalqı təmsil edən Prezident  qarşısında şərəfli  ömrün 180 gününün  zəngin  hesabatıdır.

 

Məlahət İbrahimqızı,

Millət vəkili, Siyasi elmlər üzrə fəlsəfə doktoru, 

 

Yeni Azərbaycan.- 2017.- 26 avqust.- S.4.