Bölgələrdə yol
infrastrukturunun yenilənməsi ilə bağlı tədbirlər
mütəmadi xarakter daşıyır
Azərbaycanın regionlarında avtomobil
yollarının tikintisi və yenidən qurulması işlərinin
həcmi davamlı olaraq artır
Qlobal miqyasda mürəkkəb siyasi proseslərin
və iqtisadi tənəzzül meyillərinin hökm
sürdüyü indiki mərhələdə Azərbaycan
uğurlu tərəqqi strategiyası və rasional islahatlar sayəsində
dayanıqlı inkişafı təmin edə bilib. Müxtəlif sahələrin tərəqqisini təmin
edən islahatların məqsədyönlü və sistemli
şəkildə həyata keçirilməsi, müasir
çağırışlara uyğun inkişaf
paradiqmalarının müəyyən edilməsi yeni mərhələdə
uğurlu nəticələrin əldə olunmasına zəmin
yaradıb. Azərbaycanın yeni mərhələdə
iqtisadi inkişaf strategiyasının uğurlu olmasını
şərtləndirən başlıca faktorlardan biri indiyə
qədər həyata keçirilən strateji kursun
effektivliyidir. Yəni iqtisadi bazis əsaslı olduğuna -
fundamental xarakter daşıdığına görə
islahatların səmərəliliyini təmin etmək və
qarşıdakı mərhələdə daha uğurlu
inkişaf dinamikası əldə etmək mümkün olub. Yeni iqtisadi şərait çərçivəsində
müstəqil Azərbaycanın strateji inkişaf
paradiqmaları özündə kompleks məsələləri
ehtiva edir, uzunmüddətli və dayanıqlı
inkişafın fundamental əsasını təşkil edir.
Ümumiyyətlə, iqtisadiyyatın diversifikasiyasına nail
olmaq üçün həyata keçirilən tədbirlər
və əldə edilən nailiyyətlər yeni
inkişaf perspektivlərinin meydana çıxmasını
şərtləndirib.
Təbii ki, davamlı inkişaf göstəriciləri
bütün sahələri əhatə edir və institusional
islahatların mütəmadi xarakter daşıması nəzərdə
tutulub. Buna paralel olaraq həyata keçirilən
sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən
biri kimi müxtəlif sahələri əhatə edən
proqramlar və layihələrin müvəffəqiyyətlə
icra olunması mühüm vəzifə kimi müəyyənləşdirilib.
İndi qarşıda duran bütün proqramlar uğurla
icra olunur, əldə edilən nəticələr gələcəyə
nikbin baxmağa əsas yaradır. Azərbaycanın iqtisadi
potensialı qarşıda duran bütün proqramların yerinə
yetirilməsinə və pozitiv göstəricilərin əldə
edilməsinə imkan verir. Ayrı-ayrı sahələrin
inkişafını təmin edən belə proqramlar çərçivəsində
həyata keçirilən tədbirlər davamlı xarakter
daşıyır.
Ayrıca, müxtəlif sahələrlə
bağlı layihələrin icra olunması ilə mükəmməl
infrastruktur təminatının yaradılmasına xidmət edən
işlərə xüsusi diqqət yetirmək lazımdır.
Yol infrastrukturunun yenilənməsi yönündə
davam etdirilən işlər də bu baxımdan böyük əhəmiyyətə
malikdir. Ümumiyyətlə, respublika rayonlarını əhatə
edən avtomobil yollarının tikintisi və yenidən
qurulması ilə bağlı görülən tədbirlər
ardıcıl xarakterə malikdir.
Yol infrastrukturunun yenilənməsi sahəsində
görülən işlər paytaxt Bakı ilə
yanaşı, Azərbaycanın bölgələrini də əhatə
edir. Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilən Dövlət proqramları
çərçivəsində respublikanın bütün
bölgələrində yeni yollar çəkilib və yenidən
qurulub, çoxlu sayda körpülər, yol qovşaqları
tikilib, bir sözlə, infrastruktur daha da
yaxşılaşdırılıb. Hazırda da bölgələrdə
yol infrastrukturunun yenilənməsi istiqamətində işlər
ardıcıl və intensiv şəkildə davam etdirilir.
Ayrıca, qarşıdakı dövrdə bütün kənd
yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə
müəyyən olunub. Sözügedən sahəni daim diqqətdə
saxlayan Prezident İlham Əliyev respublika rayonlarını əhatə
edən avtomobil yollarının tikintisi, yenidən qurulması
ilə bağlı mütəmadi olaraq sərəncamlar
imzalayır.
Qeyd etmək lazımdır ki,
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı çərçivəsində avtomobil
yollarında yenidənqurma işləri cari ilin ötən
müddəti ərzində ardıcıl olaraq həyata
keçirilib və hazırda da davam edir. Yeri
gəlmişkən, Bərdə-İstisu avtomobil yolunun Tərtər-Şıxarx
hissəsində və “Marağa-150” abidəsi ətrafında
geniş abadlıq işləri aparılıb. 4150 metr məsafədə
yolun hər iki tərəfi genişləndirilib, əraziyə
münbit torpaq verilərək hamarlanıb. Avtomobil yoluna
yeni asfalt örtük salınıb, yol kənarlarına iki
kilometr bardür düzülüb. Yolboyu 10 minə yaxın
Eldar şamı, 5 mindən çox meyvə ağacı, 700
min ədəd dekorativ kol əkilib. Yeni əkilən ağaclar
suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Gələn il isə 3 min 300 nəfər
əhalinin yaşadığı 14 yaşayış məntəqəsini
birləşdirən, Daşkəsən-Əmirvar-Qabaqtəpə
yolunun tikintisinə başlanılacaq. Ümumilikdə 25
kilometr uzunluğunda olacaq yolun çəkilişi ilə
Daşkəsənin Gurbulaq, Əmirvar, Əmirvar-Əhmədli,
Qazaxlı, Qabaqtəpə, Pirverdilər, Rəsullu,
Güneykənd, Tapar, Gəlinqaya, Təzəkənd, Astaf, Dəvrallı
kəndlərində və Alunitdağ qəsəbəsində
yaşayan sakinlərin rayon mərkəzi ilə əlaqəsi
asanlaşacaq. Həmçinin Daşkəsən-Əmirvar-Qabaqtəpə
yolunun istismara verilməsi rayonun bu kəndlərində turizmin
inkişafına əhəmiyyətli təsir göstərəcək.
Qeyd edək ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə
yolunun əhatə etdiyi 14 yaşayış məntəqəsinin
hər biri özünün əlverişli təbii-coğrafi
şəraiti, yaylaqları, sıx meşəlikləri,
irili-xırdalı dağ çayları, gölləri, şəlalələri,
səfalı havası və digər təbii amilləri ilə
turizmin inkişafı üçün təkrarsız məkanlar
hesab olunur.
Digər tərəfdən, dövlətimizin
başçısı regionlara səfərləri çərçivəsində
yeni salınan avtomobil yollarının, körpülərin
istifadəyə verilməsi mərasimində şəxsən
iştirak edir. Yeri gəlmişkən,
noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə
bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl
Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan-Gəncəli
avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Prezidentinin 2017-ci il 7 iyul tarixli Sərəncamı
ilə əsaslı təmir olunan 60 kilometrlik yolun 19,6
kilometrlik hissəsi istismara hazırdır. 15
yaşayış məntəqəsini birləşdirən bu
yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi
təmin olunacaq. Dövlətimizin
başçısına məlumat verilib ki, hər birinin eni 3
metr olan ikizolaqlı bu avtomobil yolu 4-cü texniki dərəcəlidir.
Yolun bütün infrastrukturu müasir tələblər səviyyəsində
qurulub. Lazımi yerlərdə təhlükəsizlik dirəkləri
basdırılıb, yol nişanları, göstərici
lövhələr quraşdırılıb, yol-cizgi xətləri
çəkilib, suötürücü borular salınıb.
Sabirabadda yenidən qurulan bu yol dövlətin öz vətəndaşlarının
firavanlığına və rahatlığına göstərdiyi
diqqət və qayğının daha bir təzahürüdür.
Bundan başqa, noyabrın 28-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Sabirabada səfəri
çərçivəsində tamamilə bərpa edilərək
yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı
avtomobil yolunun açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin
sədri Saleh Məmmədov məlumat verib ki, yeni yol 20 min nəfər
əhalinin yaşadığı 10 yaşayış məntəqəsini
birləşdirir. Ümumi uzunluğu 43 kilometr olan 4-cü
texniki dərəcəli yolun hərəkət hissəsinin
eni 6 metr, 2 hərəkət zolağının hər
birinin eni isə 3 metrdir. Yenidənqurma zamanı
burada genişmiqyaslı torpaq işləri görülüb,
qum-çınqıl və iki laydan ibarət 12 santimetr
qalınlığında asfalt-beton döşənib. 144 metr
uzunluğunda müxtəlif diametrli suötürücü
borular tikilib, kifayət qədər yol təhlükəsizlik
dirəkləri, yol nişanları və göstərici
lövhələr quraşdırılıb, cizgi xətləri
çəkilib.
Noyabrın 28-də həmçinin Tərtər-Seydimli-Qaradağlı-Sarov
avtomobil yolunun açılışı olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
açılışda iştirak edib. “Azəravtoyol”
ASC-nin sədri Saleh Məmmədov dövlətimizin
başçısına məlumat verib ki, uzunluğu 29,5
kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil
yolu üçüncü texniki dərəcəlidir. İki
hərəkət zolaqlı, hərəkət hissəsinin eni
8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq
işləri görülüb, müxtəlif diametrli
suötürücü borular tikilib, 14 avtobus dayanacağı
yaradılıb. Bundan əlavə, yol üzərində
işıq dirəkləri quraşdırılıb, yol
nişanları və göstərici lövhələr yerləşdirilib.
Yolun 17-ci kilometrliyində İncəçay çayı
üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan
körpü inşa edilib. Prezident İlham Əliyevin bu ilin
iyulunda imzaladığı Sərəncama əsasən tikilən
Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər
əhalinin yaşadığı 20 yaşayış məntəqəsini
birləşdirir.
Göründüyü kimi,
regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarına uyğun olaraq yol infrastrukturunun yenilənməsi
istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlər çərçivəsində avtomobil
yollarının tikintisi və yenidən qurulması işlərinin
həcmi mütəmadi olaraq artır. Bu istiqamətdə
həyata keçirilən irimiqyaslı layihələrin
davamlı xarakterə malik olması ayrıca qeyd edilməlidir.
Xüsusilə də, regionlarda kənd və qəsəbələri
birləşdirən yolların, həmçinin
yaşayış məntəqələrinin daxili
yollarının təmirinə və yenidən qurulmasına
diqqətin artırılması bu istiqamətdə əhəmiyyətli
nəticələrin əldə olunmasını şərtləndirir.
Bu layihələr, eyni zamanda, vətəndaşların həyat
şəraitinin yaxılaşmasına xidmət edir, Azərbaycan
dövlətinin quruculuq işlərini davam etdirmək əzmində
olduğunu göstərir. Yol-nəqliyyat
sisteminin təkmilləşdirilməsi, yeni körpülərin
və yolayrıcılarının tikilməsi, magistral
yolların salınması sosialyönümlü tədbirlər
kimi həm də Azərbaycanın iqtisadi gücünün,
potensialının göstəricisidir və belə layihələr
regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsinə
xidmət edir. Belə layihələr sırasında, yuxarıda
qeyd etdiyimiz kimi, Tərtər-Seydimli-Qaradağlı-Sarov
marşrutu üzrə yaşayış məntəqələrini
əhatə edən respublika əhəmiyyətli Goranboy-Tərtər
avtomobil yolunun tikintisi layihəsi xüsusi əhəmiyyət
daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2017.- 1 dekabr.- S.7.