Azərbaycanın
regionlarının turist cəlbediciliyi artır
Müəyyənləşdirilən hədəfə
əsasən, 2020-ci ildə ölkəyə gələn
turistlərin sayının 4,5 milyon nəfər olacağı
proqnozlaşdırılır
Hazırda dünyada müşahidə edilən
cəlbedici trendlərdən biri turizm sənayesinin sürətli
inkişafı ilə bağlıdır. Ayrı-ayrı
ölkələrin iqtisadiyyatında turizm sektorunun rolu getdikcə
artmaqdadır. Beynəlxalq Turizm Təşkilatının
proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin
sayı 1,6 milyard nəfərə, turizmdən əldə
olunan gəlirlərin miqdarı isə 2000-ci illə
müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon
dollara qədər artacaq.
Turizm sektorunun inkişafı başqa bir
nöqteyi-nəzərdən də kifayət qədər
önəmlidir. Bu da turizmin ölkələrin, milli mədəniyyətlərin,
xalqların özünəməxsusluğunun qlobal miqyasda
tanıdılmasında və təbliğində
oynadığı mühüm rolla bağlıdır.
Azərbaycan
böyük turizm potensialına malik olan ölkədir
Əlbəttə, turizmin inkişafını şərtləndirən
amillər yalnız dövlətlərin siyasi iradəsi ilə
bağlı deyildir. Burada ölkələrin coğrafi
mövqeyi, təbiəti, nəqliyyat qovşaqlarına
yaxınlığı və digər amillər də
mühüm əhəmiyyət daşıyır. Deyilənlər baxımından Azərbaycan turizmin
inkişafı üçün bir sıra üstünlüklərə
malikdir. Respublikamızda dövlətin qeyri-neft sektorunun
gəlirli istiqamətlərindən biri kimi turizmin
inkişafına göstərdiyi siyasi iradə ölkənin
quru və su sərhədlərinə malik olması, istər
Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat
dəhlizlərinin burada kəsişməsi, möhkəm
daxili sabitlik, müasir infrastruktur, dinamik sosial-iqtisadi
inkişaf, müxtəlif mədəniyyət növlərinin
yüksək səviyyədə inkişaf tapması, flora və
fauna müxtəlifliyi, cəmiyyətin tolerantlığı,
milli mətbəxin zənginliyi, həmçinin digər
müsbət amillərlə tamamlanır. Azərbaycan
yeni iqtisadi şəraitdə özünün malik olduğu
bu kimi üstünlüklərindən bəhrələnərək
turizmin inkişafına daha münbit və daha cəlbedici
şərait yaratmağa çalışır. Respublikamızda “Turizm haqqında” ayrıca qanun qəbul
edilib. İndiyədək ölkəmizdə
turizm sektorunun inkişafı ilə bağlı bir neçə
Dövlət Proqramı uğurla yerinə yetirilib. Dövlət başçısının
imzaladığı müvafiq sənədlərə əsasən,
respublikamızda elektron viza sisteminin tətbiqinə
başlanılıb. Eyni zamanda, Prezident İlham
Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanına
əsasən ölkəmizdə turizm sektorunun inkişaf ilə
bağlı yaxın, orta və uzunmüddətli dövrü
əhatə edən Strateji Yol Xəritəsi təsdiqlənib.
Sənəddə milli iqtisadiyyatın və
ölkənin tanıdılması baxımından
böyük əhəmiyyət daşıyan turizm sektorunun
imkanlarının genişləndirilməsi üçün
konkret prioritetlər müəyyənləşdirilib.
Təbii ki, zəruri infrastruktur yaradılmadan turizmin
inkişafından da söhbərt açmaq mümkün
deyil. Respublikamızda müxtəlif turist
marşrutları üzrə geniş infrastruktur
qurulmasından söhbət açarkən dünya
miqyasında məşhur brend otellərin tikintisini ayrıca
vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana
və mehmanxana tipli obyektlərin sayı 2003-cü illə
müqayisədə 5,4 dəfə
artıb. Dünyanın “Four Seasons”, “Fairmont”, “Marriott”,
“Hilton”, “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt” kimi aparıcı
otel brendlərinin respublikamızda cəmləşməsi
qürurverici haldır.
Bütün bu və digər amillər respublikamızda
turizmin inkişafında yeni mərhələ açıb. Təsadüfi
deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci
ilin 9 ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində ölkəmizdə
turizm sektorunda yaranan müsbət reallıqlara xüsusi diqqət
çəkib. Bu sahədə əldə olunan
uğurlardan məmnunluq ifadə edən dövlət
başçısı deyib: “Turizmin inkişafı növbəti
reallıqdır. Son bir-iki il ərzində bu sahədə
sürətli inkişafı görürük”.
Turistlər
üçün viza prosedurları sadələşdirilir
Ölkənin turist cəlbediciliyinin
artırılması baxımından turistlər
üçün sərhədkeçmə və viza
prosedurlarının sadələşdirilməsi böyük
aktuallıq daşıyır. Qəbul edilən qərarlar
sayəsində son illərdə respublikamıza gəlib-getmə
qaydaları əhəmiyyətli dərəcədə
asanlaşdırılıb. Hazırda bu
istiqamətdə işlər dünya praktikası nəzərə
alınmaqla davam etdirilir. Sərhədkeçmə
prosedurlarının sadələşdirilməsi və turistlər
üçün viza verilməsi prosedurlarının
asanlaşdırılması üzrə işçi qrupunun
növbəti iclasında ölkəyə gəlib-getmə
qaydalarının daha da asanlaşdırılması ilə
bağlı bir sıra məsələlər müzakirə
edilib. İşçi qrupunun iclasında Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşları ilə
yanaşı, Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər
nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin,
Dövlət Gömrük Komitəsinin, Dövlət Dəniz
Administrasiyasının, “Azəravtoyol” Açıq Səhmdar
Cəmiyyətinin və digər qurumların nümayəndələri
iştirak ediblər. İclasda “Azərbaycan Respublikasına
turist axınının sürətləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 20 fevral 2017-ci il
tarixli Sərəncamından irəli gələn məsələlərin
icra vəziyyəti araşdırılıb. Belə ki, viza
rejimi tətbiq olunmayan, respublikanın giriş məntəqələrində
viza rəsmiləşdirilməsi mümkün olan və ASAN
viza sistemi vasitəsi ilə rəsmiləşən ölkələrin
siyahısının genişləndirilməsi və viza
prosedurlarının asanlaşdırılması siyasətinin
davam etdirilməsi ilə bağlı təkliflər, Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşları tərəfindən
sərhəd buraxılış məntəqələrində
aparılan müşahidələrə dair hazırlanan
hesabatda əks edilmiş rəylər və bir sıra
mühüm məsələlər işçi qrupun
müzakirəsinə təqdim edilib. İclasda
dövlət qurumlarının nümayəndələri tərəfindən
müvafiq fikirlər səsləndirilib. İclasın
yekunu olaraq bu istiqamətdə işlərin davam etdirilməsi
üçün işçi qrupun üzvləri arasında
mütəmadi olaraq məlumat mübadiləsinin
aparılması, Asan viza sistemi vasitəsi ilə viza verilən
ölkələrin siyahısının genişləndirilməsi,
həmçinin viza prosedurlarının
asanlaşdırılması siyasətinin davam etdirilməsi
istiqamətində təkliflərin hazırlanması və
digər məsələlərə dair qərarlar qəbul
edilib.
Regionların
turizm potensialından səmərəli istifadə olunur
Azərbaycanın iqtisadi potensialının böyük
bir hissəsi regionlarda cəmləşib. Buna görə
də ölkənin inkişaf strategiyasında bölgələrin
potensialından daha səmərəli istifadə edilməsi
qarşıya prioritet vəzifələrdən biri kimi qoyulub.
Ölkənin aktiv əhalisinin 40 faizdən
çoxunun bölgələrdə
yaşadığını nəzərə alsaq, deyə bilərik
ki, regionların tarazlı şəkildə inkişaf etdirilməsi
iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də
böyük sosial mahiyyət daşıyır.
Son 14 ildə respublikanın bölgələrinin
sosial-iqtisadi inkişafı dərin konseptual yanaşmalarla
hazırlanan və Prezident İlham Əliyevin fərmanları
ilə təsdiqlənən müvafiq Dövlət proqramları
əsasında reallaşdırılıb. İndiyədək
iki Dövlət Proqramının icrası uğurla təmin
edilib və hazırda 2014-2018-ci illəri əhatə edən
sayca üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə
həyata keçirilir. Regionların
sosial-iqtisadi inkişafına dair bəhs olunan Dövlət
proqramlarında bir sıra digər sahələr kimi, bölgələrdə
turizm sektorunun da potensialının artırılması
üçün konkret tədbirlər
reallaşdırılıb. Məlumdur ki,
Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə
yanaşı, ölkənin müxtəlif bölgələrində
cəmləşib. Elə turizm sahəsində
dövlət siyasətində də hər bölgənin
turizm sahəsində potensialı və ənənələri
əsas götürülməklə müvafiq infrastruktur
qurulmasına diqqət yetirilir. “Biz Azərbaycanın
ən gözəl regionlarında turistləri maraqlandıran və
cəlb edən bir çox layihələr həyata
keçiririk”. Bu sözləri jurnalistlərə
açıqlamasında Milli Turizm Təbliğat Bürosunun mətbuat
katibi Kənan Quluzadə deyib.
Əlamətdar haldır ki, son illərdə ölkəmizdə
bir sıra iri və yüksək səviyyəli turizm obyektləri
məhz bölgələrdə yaradılıb. Bu sırada
“Şahdağ” qış-yay turizm kompleksini misal göstərə
bilərik. Dəniz səviyyəsindən
1300-2300 metr yüksəklikdə yerləşən turizm
kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda
və ümumiyyətlə, dünyada ən mükəmməl
layihələrdən olan “Şahdağ” qış-yay turizm
kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi
ilə fərqlənir və bütün ilboyu fəaliyyət
göstərir.
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi
- “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ
rayonunda yaradılır. Kompleksin birinci mərhələsinin
açılışı 2014-cü ilin yanvarında dövlət
başçısının iştirakı ilə
reallaşdırılıb. Bu nəhəng
istirahət məkanı ilin bütün fəsillərində
turistlərə kanat gəzintisinə, qış
mövsümündə xizəklə sürüşməyə,
xizəkçilik məktəbindən, hotel və digər
xidmətlərdən istifadə etməyə imkanlar verir.
Deyilənlərdən başqa, son 14 ildə Azərbaycanın
regionlarında yerləşən bütün müalicə-kurort
müəssisələri əsaslı şəkildə yenidən
qurulub ki, bunun da sayəsində ölkədə müalicə
turizmi durmadan inkişaf edir. Regionlarda yerləşən
məşhur müalicəvi kurortlarından biri Naftalandır.
Naftalanda “Chinar Hotel & SPA Naftalan” kompleksinin
istifadəyə verilməsi son illərdə Azərbaycanda
yeni səhiyyə ocaqlarının, sanatoriyaların,
mehmanxanaların inşasının, kurort zonalarının
inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet
istiqamətlərindən biri olduğunun göstəricisidir.
312 yerlik “Chinar Hotel & SPA Naftalan” kompleksi 18,8
hektar ərazidə yerləşir. Burada əsas
müalicə vasitəsi Naftalan neftidir. Təkcə
Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin
dərmanıdır.
Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müasir
müalicə-istirahət kompleksinin yaradılması da ölkəmizin
turizm imkanlarının artırılması baxımından
mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən
700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur
“Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən
7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri
qəbul edə biləcək otel, villa və kotteclər var.
Müasir səviyyəli turistyerləşdirmə obyektlərinin
yaradılması, həmçinin bölgələrdə
kommunal xidmətlərlə təchizatın əhəmiyyətli
dərəcədə yaxşılaşması öz növbəsində
regionlara turist axınının artması ilə nəticələnib. Bunu statistik rəqəmlərdən
də görmək mümkündür. 2017-ci
ilin yay mövsümündə regionlardakı hotellərdə
və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə
qeydə alınıb. Cari ilin 8 ayında
isə bu göstərici 1 milyon 294 min nəfərdən
artıq olub. Ayrı-ayrı regionlara gələn
turistlərin də sayında artım müşahidə edilməkdədir.
Məsələn, son 5 ildə Şəkiyə
gələn turistlərin sayı yeddi dəfədən
çox artaraq 150 min nəfərə çatıb. Cari
il oktyabrın əvvəlinədək Qəbələ
218 min 118 turist qəbul edib. Bunun 89 min 217 nəfəri yerli,
128 min 901 nəfəri əcnəbi turistlərdir. Havaların soyumasına baxmayaraq, rayona gələn
turistlərin sayında azalma müşahidə edilmir. Ümumilikdə, ilin sonunadək Qəbələyə
260 mindən çox turistin gələcəyi gözlənilir.
Hədəflərdən
biri də çinli turistləri Azərbaycana cəlb etməkdir
Ötən illə müqayisədə 2017-ci ildə Azərbaycana
gələn turistlərin sayında 20 faizdən çox
artım müşahidə edilib. Cari ilin 9 ayında Azərbaycana səfər
edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər
təşkil edib. Bu ilin ilk yeddi ayında xarici
turistlərin ölkəmizdə bank əməliyyatları
ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon
manatdan çox olub. Ümumilikdə isə
cari ilin 8 ayında xarici turistlər ölkəmizdə elektron
kart vasitəsilə 1 milyard 300 milyon manat vəsait xərcləyiblər.
Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi
K.Quluzadə qeyd edib ki, müəyyənləşdirilən hədəfə
əsasən, 2020-ci ildə Azərbaycana gələn turistlərin
sayının 4.5 milyon nəfər olacağı
proqnozlaşdırılır. Lakin ölkəyə
gələn turistlərin sayında müşahidə edilən
artım dinamikasına əsasən deyə bilərik ki, bu hədəfə
daha tez çatılacağı gözlənilir.
K.Quluzadə bildirib ki, Azərbaycana gələn turistlərin
coğrafiyasında da genişlənmə var və
bütün istiqamətlərdən ölkəyə gələn
turistlərin sayında artım müşahidə edilir. “Ərəb
turistləri ölkəmizə cəlb edə bildik, bu dəfə
çinli turistləri cəlb etməyi qarşımıza məqsəd
qoymuşuq. Bu istiqamətdə işlər
gedir. Tezliklə Bakı şəhərində
turistlər üçün bələdçilər
quraşdırılacaq. Bələdçilər 2 dildə
- rus və ingilis dillərində olacaq”, - deyə K.Quluzadə
söyləyib.
“Majestic
Palace” Gəncənin turist cəlbediciliyini daha da artıracaq
Regionlara turist axınının artması ilə paralel
surətdə, bölgələrdə yeni turistyerləşdirmə
obyektlərinin yaradılması istiqamətdə işlər
intensiv şəkildə davam etdirilir. Cari ilin 9 ayı ərzində
Gəncə şəhərinə respublikanın
ayrı-ayrı şəhər və rayonlarından 22 min 927
turist gəlib. Xarici ölkələrdən
gələn qonaq və turistlərin sayı isə 7 min 800 nəfər
olub. Nizami yurdunu ziyarət edən yerli turist və
qonaqların sayı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 3 min 120 nəfər, xaricilərin sayı
isə 1050 nəfər artıb.
Mütəxəssislərin qənaətlərinə
görə, Gəncədə inşa edilən “Majestic Palace”
şəhərin turist cəlbediciliyini daha da artıracaq. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da
Gəncəyə səfəri çərçivəsində
bu otelin tikintisi ilə tanış olub. Dövlət başçısına məlumat
verilib ki, 104 yerlik otelin inşasına 2015-ci ilin aprelində
başlanılıb. Hazırda inşaat
işlərinin son mərhələsi həyata keçirilir.
Otelin binası 7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü
standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Oteldə 120 nəfərlik restoran, 20 yerlik iclas
zalı da olacaq. Tikinti işləri
zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib.
Otelin dayanıqlı elektrik enerjisi ilə təminatı
üçün ərazidə 1000 kV-luq transformatorun və
1500 kV-luq generatorun quraşdırılması nəzərdə
tutulub.
“Sən də
Azərbaycanı gör” fotosərgisi böyük maraqla izlənilir
Son illərdə Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən Azərbaycanın turizm potensialının
xarici ölkələrdə təbliği istiqamətində
həyata keçirilən davamlı tədbirlər təqdirəlayiqdir. Bu qəbildən
olan tədbirlər respublikamıza maraq göstərən
potensial turistlərdə Azərbaycan barədə dolğun təsəvvürlər
formalaşdırmağa xidmət edir.
Ötən ilin fevral ayından Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə
fəaliyyətə başlayan ölkəmizin turizm təmsilçiliyi
- “Gateway” şirkəti tərəfindən
respublikamızın turizm imkanlarının
tanıdılması istiqamətində məqsədyönlü
addımlar atılır. Mütəmadi olaraq qardaş ölkənin
mətbuat səhifələrində Azərbaycanla
bağlı yazılar dərc olunur, tanıtım layihələri
icra edilir.
Belə tədbirlərdən biri də “Sən də Azərbaycanı
gör” devizi altında həyata keçirilən beynəlxalq
fotosərgi layihəsidir. Sərginin
keçirildiyi növbəti məkan İstanbuldakı “Cəvahir”
AVM olub. Burada Azərbaycanın qədim
tarixini, zəngin mədəniyyətini, əsrarəngiz təbiətini,
görməli yerlərini, ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi inkişafın göstəricilərini
əks etdirən fotolar nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyinin qardaş
ölkədəki turizm təmsilçiliyinin rəhbəri
Nurlana Çakmak sərgi haqqında geniş məlumat verib. Bildirib ki, sərgidə
böyük turizm potensialına malik Azərbaycana həsr
olunmuş 30-dək foto nümayiş olunur. “Biz dost və
qardaş ölkələrik. Sərgi ilə “sən
də Azərbaycanı gör” deyirik və hər kəsi
gözəl ölkəmizə dəvət edirik. Bu fotosərgi ilə Azərbaycanın fərqli
yönlərini göstərmək istəyirik”, - deyə
Nurlana Çakmak vurğulayıb.
Sərgidə nümayiş olunan fotoşəkillər
Azərbaycanın hotelçilik xidməti, mədəniyyəti,
kurort bölgələri, sağlamlıq turizmi imkanları barədə
ziyarətçilərdə aydın təsəvvür
yaradır. Təqdim
edilən Qız qalası, Şirvanşahlar sarayı, Heydər
Əliyev Mərkəzi, İçərişəhər, eləcə
də paytaxtımızın qədim və müasir
arxitekturalı digər tikililəri, bölgələrin təbiət
gözəllikləri və s. ziyarətçilər tərəfindən
maraqla qarşılanıb. Sərgilər
Türkiyə mətbuatında geniş
işıqlandırılıb.
Qeyd edək
ki, “Gateway” şirkəti bundan əvvəl İstanbulun
Yenikapı metro stansiyası, Topkapı Türk Dünyası
Şəhərciyi, Türkiyənin Bilgi Universitetinin Santral
İstanbul Kampusu və s. məşhur məkanlarda da
eyniadlı sərgilər təşkil edib.
Azərbaycanın
turizm imkanları ayrı-ayrı ölkələrin mətbuatının
diqqət mərkəzindədir
Azərbaycanın turist cəlbediciliyinin artmasında
ölkəmizin beynəlxalq miqyasda turizm reytinqinin yüksəlməsi
də mühüm rol oynayır. Son illərdə Azərbaycan
turizm sahəsində beynəlxalq təşkilatların tədbirlərində
fəal şəkildə iştirak edir. Cari il
sentyabrın 11-dən 16-dək Çin Xalq
Respublikasının Çenqdu şəhərində
keçirilən BMT-nin Dünya Turizm Təşkilatı (DTT)
Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində
qurumun Avropa Regional Komissiyasının iclasında Avropa
regionundan Rumıniya, Rusiya, Yunanıstan və Litva ilə
yanaşı, Azərbaycan da 2018-2021-ci illər
üçün DTT-nin İcraiyyə Şurasına üzv
seçilib. Azərbaycanın növbəti dörd il müddətinə qurumun İcraiyyə
Şurasına üzv seçilməsi son illərdə
ölkəmizin turizm sahəsində qazandığı
uğurların və Şurada səmərəli fəaliyyətinin
növbəti təsdiqidir.
Eyni zamanda, ölkəmizin yüksək səviyyəli
turizm imkanları ayrı-ayrı ölkələrin mətbuatında
da geniş şəkildə
işıqlandırılmaqdadır. Məsələn, bu
yaxınlarda Fransanın www.madame-oreille.com portalında “Azərbaycan
gündəliyi, kontrastlar ölkəsinə səyahət”
adlı məqalə dərc olunub. Məqalədə
“Nomade aventure” qrupu ilə ölkəmizdə səfərdə
olmuş fransalı jurnalist Azərbaycanın görməli
yerlərindən, təbiətindən söz açır.
Jurnalist ölkəmizdəki səyahətçilər
üçün vacib olan stabilliyi və təhlükəsizliyi
xüsusi qeyd edir. Azərbaycanın əyalətlərinə,
dağlarına səyahətindən danışır. Dağlıq məkanlarda insanların gündəlik
həyat ritmindən yazır.
Məqalədə Bakının simvolu Qız qalası,
“Alov qüllələri” kompleksi, Qobustan Milli Tarixi-Bədii
Qoruğu haqqında məlumatlar da yer alıb.
Rusiya saytlarının məlumatına əsasən,
“TurStat” analitik agentliyi qış səfərləri üzrə
ən yaxşı MDB şəhərlərinin reytinqini
hazırlayıb. “TOP-10”luqda Bakı, Minsk, Almatı, Yerevan,
Daşkənd, Astana, Brest, Bişkek, Kişineu və Gəncə
şəhəri yer alıb.
İtaliyanın populyar “Lagenziaviaggi.it” turizm
portalında jurnalist-səyahətçi Massimo Tallarigonun müəllifi
olduğu “Azərbaycan - Odlar diyarı. Burada hər şey
inkişaf edir” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə
Bakı şəhərinin görməli yerləri, zəngin
tarixi abidələri, həmçinin müasir memarlıq
nümunələrindən bəhs edilir.
Yazıda dünyada “Odlar diyarı” kimi
tanınan Azərbaycanda sürətli inkişafın baş
verdiyi bildirilir, bu inkişafın xüsusilə paytaxt Bakı
şəhərində daha aydın nəzərə
çarpdığı qeyd olunur.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğundan
da bəhs edilən məqalədə qoruğun UNESCO-nun
Dünya İrs Siyahısına daxil edildiyi bildirilir. Qobustan təsvirlərinin
çox qədim tarixi dövrə gedib
çıxdığını vurğulayan müəllif
burada 40 min il yaşı olan altı mindən çox qaya
daşlarına rast gəlindiyini diqqətə
çatdırır.
Daşkənddəki review.uz portalı isə
Azərbaycanın turizm sənayesi haqqında rus dilində
geniş material verib. Məqalədə Azərbaycanda turizmin
inkişafına böyük diqqət yetirildiyi
vurğulanır.
Materialda Azərbaycanda qış turizminin
inkişaf etdirilməsi perspektivləri, dağ, kənd və
səhiyyə turizminin daha da cəlbedici olması
üçün görülən işlər haqqında da məlumat
verilir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 2 dekabr.- S.7.