Regionlarda
baramaçılığın inkişafında yeni mərhələ
başlayıb
Müvafiq Dövlət Proqramında Azərbaycanda
2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min
tona çatdırılması nəzərdə tutulur
Neftin aşağı gəlirli
dönəmində Azərbaycanın inkişafın
ardıcıllığını təmin etmək məqsədilə
müəyyənləşdirdiyi əsas hədəflərdən
biri qeyri-neft sektorunda, o cümlədən də aqrar sahədə
istehsal və ixrac imkanlarının artırılmasına nail
olmaqdan ibarətdir. Bu məqsədlə regionlarda
genişmiqyaslı tədbirlər həyata keçirilir. Regionlarda iqtisadi aktivliyin təmin olunması və
beləliklə də yeni istehsal imkanlarının
yaradılmasına hesablanan tədbirlər sırasında təsərrüfatçılıq
sahəsində bölgələrdə tarixən formalaşan
ənənələrin dirçəldilməsi də
xüsusi aktuallıq daşıyır. Ötən ildən
başlayaraq respublikanın bölgələrində
böyük əmək tutumuna malik texniki bitkilərin becərilməsinə,
o cümlədən də baramaçılığın
inkişaf etdirilməsinə xüsusi qayğı göstərilir.
Regionlarda baramaçılıq sahəsində
ənənələr dirçəldilir
Azərbaycanın regionlarında kifayət qədər
gəlirli sahə olan baramaçılığın
inkişafı üçün hər cür imkan var. Burada
ilk növbədə ölkəmizdə tarixən
formalaşan ənənələri qeyd etmək
lazımdır. Respublikanın 30-dan çox inzibati-ərazi
vahidində, o cümlədən də Şəki-Zaqatala,
Kür-Araz, Yuxarı Qarabağ və Naxçıvanın
düzən və dağətəyi zonalarında yerli əhalinin
baramaçılıq sahəsində zəngin təcrübəsi
var. Yeni şəraitdə bu ənənələri dirçəltməklə
ölkənin ayrı-ayrı bölgələrində
baramaçılığı güclü şəkildə
inkişaf etdirmək mümkündür.
Hazırda baramaçılıq
respublikanın 38 rayonunda inkişaf etdirilir. Ölkədə
baramaçılığın inkişafı məqsədilə
ilkin mərhələdə Çin Xalq Respublikasından gətirilən
ipəkqurdu toxumları Qax Damazlıq İpəkçilik
Stansiyasında inkubasiya edilərək respublikanın 20-dən
çox rayonundan olan fermerlərə pulsuz paylanılıb.
Baramaçılığın inkişafının
stimullaşdırılmasında yaş baramanın
satış qiymətinin fermerlərin mənafelərinə
uyğun şəkildə tənzimlənməsi də
mühüm rol oynayır. Belə ki, yaş baramanın tədarük
qiyməti üç dəfə artırılıb. Barama
istehsalı ilə məşğul olan şəxslərə
emal müəssisələrinə təhvil verdikləri baramanın
hər kiloqramına görə 5 manat məbləğində
subsidiyanın verilməsi bu sahəyə marağı əhəmiyyətli
dərəcədə artırıb.
Ölkədə
baramaçılığın inkişafından söhbət
açarkən Prezident İlham Əliyevin
baramaçılığın maddi-texniki bazasının
möhkəmləndirilməsi, bu sahədə zəruri
infrastrukturun yaradılması məqsədilə
imzaladığı sənədlərin önəmini
xüsusi qeyd etmək lazımdır. Dövlət
başçısının “Azərbaycan Respublikasında ipəkçiliyin
inkişafına dövlət dəstəyi haqqında”
2016-cı il 15 sentyabr tarixli və “İpəkçiliyin və
fındıqçılığın inkişafına
dövlət dəstəyinin gücləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında”
2016-cı il 16 noyabr tarixli sərəncamları bu sahənin
potensial imkanlarından səmərəli istifadə edilməsinə,
barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun
artırılmasına və sosial rifahının daha da
yaxşılaşdırılmasına şərait
yaradıb. Bundan başqa, Prezident İlham
Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin
maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” 2017-ci il 19 may tarixli və “İpəkçiliyin
inkişafına dövlət dəstəyinin davam etdirilməsi
ilə bağlı tədbirlər haqqında” 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına
uyğun olaraq, Qax Damazlıq İpəkçilik
Stansiyasının bərpası, əlavə istehsal sahələrinin
yaradılması və müasir avadanlıqlarla təchiz
olunması, habelə tut (çəkil) tinglərinin və
barama toxumlarının tədarük edilməsi və məhsul
istehsalçılarına əvəzsiz verilməsi məqsədi
ilə maliyyə vəsaiti ayrılıb.
Prezident İlham Əliyevin 2017-ci
il 27 noyabr tarixli Sərəncamına əsasən “Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi ilə
ölkəmizdə baramaçılığın
inkişafında yeni mərhələnin
başladığını söyləmək
mümkündür. Dövlət
Proqramının həyata keçirilməsi üzrə Tədbirlər
Planında baramaçılıq və ipəkçilik sahəsində
klaster yanaşmanın tətbiqinin dəstəklənməsi,
yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin
yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində
elmi tədqiqat işlərinin genişləndirilməsi,
baramaçılıqla məşğul olan təsərrüfat
subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək
toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi
qeyd olunub. Həmçinin tədarük
olunmuş baramanın ilkin emalı üçün barama
qurutma məntəqələri, o cümlədən Ağcabədi,
Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab
rayonlarında barama qəbulu və emalı məntəqələri
yaradılacaq, barama istehsalı və emalına yerli və
xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər
görüləcək.
Son bir ildə barama istehsalının 3,5 dəfə
artması böyük nailiyyətdir
Baramaçılığın
inkişafına göstərilən dəstək tədbirləri,
praktiki müstəvidə reallaşdırılan işlər
öz bəhrəsini verməkdədir. Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən Çindən
müqavilə əsasında 2016-cı ildə 1750, 2017-ci ildə
6000 qutu yüksəkkeyfiyyətli ipəkqurdu toxumları tədarük
edilərək Qax Damazlıq İpəkçilik
Stansiyasında inkubasiyaya qoyulub, barama toxumlarından 99-100 faiz
səviyyəsində yüksəkkeyfiyyətli barama
qurdları əldə edilib və respublikanın 31 rayonunun 739
kəndini əhatə edən 3013 kümçü ailəsinə
əvəzi ödənilmədən paylanılıb. Nəticədə,
2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq
respublikada 70,7 ton, 2017-ci ildə isə 245 ton və ya
2016-cı ilə nisbətən 3,5 dəfə çox yaş
barama məhsulu istehsal edilib. Son bir ildə barama
istehsalının 3,5 dəfə artması böyük nailiyyətdir.
Ölkə miqyasında
baramaçılığın inkişafı ilə
bağlı planlar isə daha böyükdür. Dövlət
Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama
istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə
tutulur. Beləliklə, gəlirli sahə olan
baramaçılığın inkişafı hesabına
respublikamızın yeni ixrac imkanları yaranacaq.
Zəruri yem bazasının yaradılması
baramaçılığın inkişafında mühüm
şərtdir
Regionlarda baramaçılığın
inkişafını şərtləndirən vacib amillərdən
biri müvafiq yem bazasının yaradılması ilə
bağlıdır. Kənd təsərrüfatı nazirinin
müavini İlham Quliyevin məlumatına əsasən,
keçən il Çindən respublikamıza 1 milyon 500 min
tut (çəkil) tingi gətirilib. Bu tinglər hesabına
respublikanın 37 rayonunda 150 hektara yaxın sahədə yeni
intensiv tipli tut bağlarının salınması təmin
olunub. Kənd Təsərrüfatı Nazirliyi
ilə Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm
Eggs Co” LTD şirkəti arasında bağlanan müqaviləyə
əsasən 2017-ci il 29 noyabr tarixində şirkət tərəfindən
tədarük edilmiş daha 1 milyon ədəd tut tingi hava nəqliyyatı
vasitəsi ilə respublikamıza gətirilib və
respublikanın 38 rayonunun kümçülərinə əvəzi
ödənilmədən paylanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin
bitkiçilik şöbəsinin müdiri İmran
Cümşüdovun AZƏRTAC-a verdiyi məlumata əsasən,
regionlarda ipəkqurdunun yem bazasının yaradılması ilə
yanaşı, praktiki müstəvidə digər tədbirlər
də həyata keçirilir. Nazirlik rəsmisi
bildirib ki, barama toxumçuluğunun təşkili üzrə
infrastrukturun qurulmasının xüsusi əhəmiyyəti nəzərə
alınaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin müvafiq qərarı ilə Qax Rayon Damazlıq
Stansiyası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyinə verilib, stansiyanın əsasnaməsi
hazırlanaraq hökumətə təqdim olunub. Artıq
stansiyanın ərazisindəki mövcud binaların əsaslı
təmirinə, əlavə istehsal korpuslarının, inzibati
və yardımçı binaların inşasına
başlanılıb. Burada yeni
yaradılmış tut ipəkqurdu cins və hibridlərinin
yüksəkkeyfıyyətli ilkin materialının (superelit
qrenanın) hazırlanması,
rayonlaşdırılmış cinslərinin
çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin
yaxşılaşdırılması, barama toxumu
zavodlarının və kümçülərin ipəkqurdunun
sənaye qrenası ilə təmin edilməsi nəzərdə
tutulur.
Ayrı-ayrı bölgələrdə yeni tut
bağlarının salınması daha intensiv həyata
keçirilir
Respublikanın ayrı-ayrı bölgələrində
yeni tut bağlarının salınması daha intensiv şəkildə
həyata keçirilir. Noyabrın son günlərində
Çindən ölkəmizə gətirilmiş tut tinglərindən
5 mini Masallı rayonu üçün ayrılıb. Hazırda həmin tinglər aqrotexniki qaydalara əməl
olunmaqla sahələrdə əkilir. İndiyədək
Masallıya gətirilmiş tut tinglərindən 3000 ədədi
Səmidxan, 750 ədədi Qarğalıq, 600 ədədi
Kalinovka, 500 ədədi isə Kolatan, Bədəlan, Təzə
Alvadı, Təklə və digər kəndlərdə
əkilib.
Yeni tut bağlarının salınması məqsədilə
Çin Xalq Respublikasından ölkəmizə gətirilən
1 milyon ədəd tut tingindən 80 min ədədinin Zaqatala
rayonu ərazisində əkilməsi nəzərdə tutulub.
Tinglərin əkini üçün qəsəbə və kəndlərdə
bələdiyyə və xüsusi mülkiyyətdə olan 8
hektar torpaq sahəsi ayrılıb. Tinglərin əkininin
qısa müddətdə başa çatdırılması
üçün bütün zəruri hazırlıq işləri
görülüb. Gətirilən tinglərin 37,5 min ədədi
artıq əkilib.
Bundan əlavə, payız
mövsümündə Zaqatala Meşə Mühafizəsi və
Bərpası Müəssisəsi və əhali tərəfindən
rayon ərazisində müəssisənin tinglik təsərrüfatında
yetişdirilən 10 min ədəd tut tinginin əkilməsi də
təmin olunub.
Zərdab rayonunda baramaçılıq
üçün möhkəm yem bazasının
yaradılması məqsədilə cari mövsümdə 180
min tut tinginin əkilməsi nəzərdə tutulub və
hazırda bütün ərazi vahidlərində ting əkini
sürətlə davam etdirilir.
Rayon İcra Hakimiyyətinin məlumatına əsasən,
Zərdabda artıq 55 mindən çox ting əkilib. Əkilən
tinglərin xeyli hissəsi Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən verilib. Nazirlikdən rayon
üçün ümumilikdə 120 min tingin ayrılması nəzərdə
tutulub.
Qeyd edək ki, Kənd Təsərrüfatı
Nazirliyinin bölgüsü əsasında rayona Çindən
gətirilən 60 min tut tingi də göndərilib. Tinglər
ərazi icra nümayəndəliklərinə
paylanılıb. Sahələrin ayrılması,
hazırlanması və əkinin gedişatı mütəxəssislərin
nəzarəti altında aparılır.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 6 dekabr.- S.6.