Aqrar sahə regionların sosial-iqtisadi inkişafında mühüm yer tutur

 

Hazırda ölkəmizdə kənd təsərrüfatının daha da inkişafı üçün önəmli tədbirlər həyata keçirilir

Azərbaycanda qeyri-neft sektoru son bir neçə ildə mühüm inkişaf tempi əldə edib. Xüsusilə, kənd təsərrüfatına göstərilən diqqət və qayğı aqrar sahənin daha yüksək təşəkkülünə yol açıb. 2004-cü ildən bu yana həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən Dövlət proqramları bölgələrin simasının dəyişməsində əhəmiyyətli rol oynayıb. Məlum olduğu kimi, bu Dövlət proqramlarının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə yanaşı, vətəndaşların sosial rifahının yüksəlməsinə də yol açıb.

Ölkəmizdə aqrar sahənin inkişafından söhbət açarkən xüsusi olaraq vurğulamaq yerinə düşər ki, sözügedən sahənin inkişafında məhsuldarlıq da mühüm rol oynayır. Əksər ekspertlərin vurğuladığı kimi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində, həmçinin bu sahənin daha da inkişaf etdirilməsində sort və toxum çox böyük əhəmiyyətə malikdir. Odur ki, ölkədə aqrar sektorun inkişafına töhfə vermək istəyən, təsərrüfatını daha mənfəətli sahəyə çevirməkdə maraqlı olan hər bir fermer mütləq aqrar mütəxəssislərin məsləhətini dinləməli, yüksək sort və toxum əldə etməli, eyni zamanda, aqrotexniki qaydaları düzgün yerinə yetirməlidir. Azərbaycan Dövlət Aqrar Universitetinin “Taxıl və paxlalı bitkilər” sahəvi laboratoriyasının müdiri, Əməkdar kənd təsərrüfatı işçisi, biologiya üzrə fəlsəfə doktoru Firudin Qurbanov bildirib ki, hazırda bir çox fermer genetik, yaxud potensial imkanı 30-40 sentner olan toxumlardan istifadə edir. Bu isə o deməkdir ki, bütün aqrotexniki tədbirlər düzgün yerinə yetirildikdə belə həmin bitki fermerə 40 sentnerdən yüksək məhsul verməyəcək. Lakin fermerlər bilməlidirlər ki, əkdikləri toxumdan 100-150 sentner məhsul götürmək mümkündür. Bunun üçün təsərrüfat sahibləri tərəfindən vacib şərtlərə mütləq riayət olunmalıdır. Əvvəla, əkin zamanı yüksək məhsuldarlıq göstəricisinə malik sortlara üstünlük verilməli, ikincisi, səpin keyfiyyəti yüksək olan toxumlar əldə edilməlidir. “Əgər fermer məhsuldar sortlara və səpin keyfiyyəti yüksək olan toxumlara malikdirsə, məhsulun əkinindən biçininə qədər aqrotexniki tədbirləri həyata keçirərək yüksək məhsuldarlıq əldə edə bilər”, - deyə alim bildirib.

O qeyd edib ki, hazırda regionlarda aqrar sahə ilə məşğul olan fermerlərin rastlaşdığı ən böyük çətinlik onlarda məhsuldar sortların və yüksək səpin keyfiyyətinə malik toxumların olmamasıdır. Bəzən fermerlər daha gözəl görünüşlü, təmiz və dərmanlanmış, lakin sort olaraq 30-40 il, hətta 50-60 il bundan əvvəl alınmış, bioloji qocalmış toxumlardan istifadə edib, yüksək məhsuldarlığa nail olacaqlarını düşünürlər. Hətta fermerlər mənşəyi bilinməyən, yaxud xaricdən gətirilmiş toxumlardan da istifadə edirlər. Çox hallarda isə təsərrüfat sahibləri əkin üçün toxumu ya öz məhsulundan götürür, ya da əmtəəlik məhsuldan istifadə edirlər. Göstərilən halların heç birində həmin toxumların sənədi olmur, mənşəyi isə bilinmir. Təbii ki, belə olan halda təsərrüfatçının zəhməti də heç bir səmərə vermir.

Avropa və Amerika ölkələrinin əkində yüksək məhsuldarlıq əldə etmələri ilə fərqləndiyini bildirən biologiya üzrə fəlsəfə doktoru diqqətə çatdırıb ki, bu ölkələrdə bir sortun yaşama müddəti 3-5 ildir. Çünki yeni alınmış sortlar bir neçə il əkildikdən sonra, daha məhsuldar sortlar yaradılır və fermerlərə təklif olunur. Bu o deməkdir ki, həmin ölkələrdə həm də sortalma işi yüksək səviyyədədir.

Aqrar sahənin inkişafı üçün sort və toxum işinin yüksəldilməsinin vacibliyini vurğulayan F.Qurbanov deyib ki, keçmiş Sovet İttifaqı dövründə hər rayonun bir kolxozu həm də toxumçuluq müəssisəsi kimi fəaliyyət göstərib. Rayon üçün lazım olan əksər bitkilərin toxumu həmin ərazinin torpaq-iqlim şəraiti ilə eyni olan təsərrüfatda yetişdirilib. Daha sonra isə yetişdirilən toxumlar rayonun digər təsərrüfatlarına paylanıb. “Bu gün hər bir rayonun mikroiqlim xüsusiyyətlərinə uyğun toxumçuluq təsərrüfatlarının fəaliyyətinə ehtiyac var. Ona görə də ayrı-ayrı fermerlər sahələrinin bir hissəsində həmin rayonun torpaq-iqlim şəraitinə uyğun toxumçuluq təsərrüfatlarının yaradılması təşəbbüsü ilə çıxış etməlidirlər”, - deyə Firudin Qurbanov qeyd edib.

Son illər Aqrar Universitetin sort-toxum işində, xüsusən də özünün məhsuldar və yüksək keyfiyyət göstəricilərinə malik “ADAU-80”, “Gəncə”, “Məhsuldar” qarğıdalı, “Qismət” tritikale və “Qırmızı buğda-1”, “Nurcahan”, “Qələbə” yumşaq buğda sortlarının alınmasında böyük uğurlar qazandığını deyən F.Qurbanov bildirib ki, fermerlər bu cür sortları öz təsərrüfatlarında əkməklə daha yüksək məhsuldarlığa nail ola bilərlər.

Kənd təsərrüfatının inkişafından söz düşmüşkən, bildirək ki, ümumiyyətlə, Azərbaycanda aqrar sektor qeyri-neft sektorunun əsas istiqamətlərindən birinə çevrilib. Aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən işlər sırasında isə elektron kənd təsərrüfatının yaradılması da əsas hədəf kimi götürülüb. Yəni aqrar sahənin inkişafı üçün elektron kənd təsərrüfatının yaradılması da böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, Azərbaycan Hökumətinə Elektron kənd təsərrüfatı təşəbbüsünün icrası istiqamətində göstərdiyi dəstəyin davamı olaraq, Avropa İttifaqı nümayəndəliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ildə “Texniki Yardım” layihəsinin icrasına başlayıblar. Layihənin məqsədi kənd təsərrüfatı subsidiyalarının idarə edilməsi sahəsində səmərəlilik və şəffaflığı artıracaq qabaqcıl idarəetmə və nəzarət sistemini yaratmaqdır. Sistem kənd təsərrüfatı təyinatlı digər məlumat bazaları ilə birgə aqrar siyasətin formalaşması və siyasi təsirlərin qiymətləndirilməsində etibarlı məlumatları təmin etməli, aqrar sahədə rəqabət qabiliyyətini artırmalı və Azərbaycanın kənd yerlərində həyat səviyyəsini yaxşılaşdırmalıdır.

24 ay davam edən layihəyə Avropa İttifaqı 1,24 milyon avro vəsait ayırıb. Layihə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahəsində Aİ-Azərbaycan əməkdaşlığı çərçivəsində formalaşmış fəaliyyətlər silsiləsinin bir hissəsini təşkil edir.

H.Əsədov vurğulayıb ki, ölkəmizdə aqrar sektorun inkişafına Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük önəm verilib. İlk torpaq islahatı həyata keçirilib, bu sektora dövlət dəstəyi, eləcə də onun idarə edilməsinin təkmilləşdirilməsi sahəsində yeni forma və metodların istifadə olunmasına başlanılıb. Prezident İlham Əliyevin fəaliyyəti dövründə aqrar sahəyə dövlət dəstəyinin forma və mexanizmləri daha da təkmilləşdirilib və nəticədə aqrar sektor yenidən özünün dirçəliş mərhələsinə qədəm qoyub.

Nazir həmçinin əlavə edib ki, son 3-4 il ərzində aqrar sektorda əldə edilmiş inkişaf və dövlət dəstəyinin artırılması miqyası əvvəlki illərlə müqayisədə dəfələrlə çoxalıb və aqrar sahənin bu gün yeni siması formalaşmağa başlayıb.

Son illər bu sahədə görülən tədbirlər barədə söz açan nazir qeyd edib ki, dövlət dəstəyi mexanizmlərinin yaradılması, subsidiyaların ayrılması, kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, istehsalın həcminin artırılması, potensialın gücləndirilməsi, institusional islahatların aparılması, yeni qurumların rayon şöbələrinin yaradılması, maddi-texniki bazaların yaxşılaşdırılması, elmi-tədqiqat institutlarının tamamilə yenidən qurulması və digər tədbirlərin həyata keçirilməsi bizə bu sahədə daha böyük nailiyyətlər qazanmağa inam yaradır.

Bu işlərin görülməsi isə düzgün qurulmuş elektron kənd təsərrüfatı sisteminin qurulması nəticəsində mümkündür. Ona görə də nazirlik tərəfindən bu istiqamətdə konkret addımlar atılıb.

Nazir Avropa İttifaqının və digər ölkələrin respublikamızda aqrar sektorun inkişafı istiqamətində nazirliyə yardım göstərdiyini xüsusilə qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov isə “Elektron kənd təsərrüfatı informasiya sistemi”nin (EKTİS) yaradılması layihəsinin təqdimatında qeyd edib ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanı və bununla bağlı digər tapşırıqların icrası üzrə “Elektron kənd təsərrüfatı informasiya sistemi”nin yaradılması layihəsi ən müasir standartlar, mütərəqqi təcrübələr, o cümlədən Avropa İttifaqında təsdiq olunmuş siyasət və nəzarət prinsipləri nəzərə alınmaqla hazırlanmış informasiya və kommunikasiya texnologiyaları strategiyası və 3 illik fəaliyyət qrafikinə uyğun olaraq müvafiq komponentlər üzrə həyata keçirilir.

Layihə çərçivəsində nazirlik sistemində, o cümlədən onun aparatı, yeni yaradılmış rayon, şəhər kənd təsərrüfatı idarələri və dövlət xidmətlərində və tabeli qurumlarda ən müasir tələblərə cavab verən informasiya və kommunikasiya texnologiyaları infrastrukturu qurulub, məlumat mərkəzi, korporativ şəbəkə sistemi və funksional fəaliyyət istiqamətlərinə uyğun İT avadanlıqları ilə təchiz edilmiş 1300-dən çox avtomatlaşdırılmış iş yerləri yaradılaraq istismara verilib.

Nəzərə çatdırılıb ki, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək, xüsusilə də dövlət yardımlarının fermerlərə çatdırılmasında obyektivliyin və operativliyin təşkil edilməsi, məsləhət-informasiya xidmətlərinin təmin edilməsi üçün EKTİS-in subsidiya və siyasətə dair informasiya sistemi, bununla yanaşı, son 3 ildə nazirlik sistemində müxtəlif funksional məqsədlər üçün 17 informasiya sistemi yaradılaraq istifadəyə verilib.

“Elektron kənd təsərrüfatı informasiya sistemi” 5 dövlət orqanının informasiya ehtiyatları ilə inteqrasiya edilib, hazırda məlumat mübadiləsi həyata keçirilir. Bundan əlavə, nazirlik və onun strukturuna daxil olan qurumlar tərəfindən göstərilən 23 xidmət elektronlaşdırılıb.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 12 dekabr.- S.11.