Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin memarı və qurucusudur

 

Müasir Azərbaycanın çağdaş tarixi dünyamiqyaslı siyasi xadim, böyük dövlət adamı Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyev bəşər tarixinin ən böyük və bənzərsiz şəxsiyyətlərindəndir.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü 1969-1982-ci illərdə gördüyü işlər, həyatımızın bütün sahələrində baş vermiş inkişaf və tərəqqi, köklü dəyişikliklər quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil edir. Müasir Azərbaycan dövlətçiliyinin təməlini Ulu öndər hələ respublikamıza rəhbərlik etdiyi sovetlər dönəmində yaratmışdır. O, Azərbaycanı geridə qalmış respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevirdi. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, onu üzləşdiyi fəlakətlərdən qurtarmaq üçün böyük fədakarlıqlar göstərmişdir. Ümummilli lider Heydər Əliyev canından çox sevdiyi Öz xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik, dünyəvi, bəşəri dəyərlərə sadiq, dünya birliyində öz layiqli yerini tutan, müasir, müstəqil Azərbaycanı bəxş etdi. Bu gün qətiyyətlə qeyd edirik ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, Onun siyasi və iqtisadi inkişaf kursu dayanır. Azərbaycanın müstəqil dövlət kimi yaşaması, dünyada qüdrətli bir ölkəyə çevrilməsi üçün Heydər Əliyevə borcluyuq.

1993-cü ildə böyük çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimizin itirilməsi ilə qarşı-qarşıya qalanda xalqımız öz fədakar oğlu Heydər Əliyevə üz tutdu. Onu təkidlə ölkə rəhbərliyinə dəvət etdi. Xalqımız yaxşı bilirdi ki, ölkəmizi düşdüyü belə bir ağır, çıxılmaz vəziyyətdən, böyük bəladan yalnız Heydər Əliyev dühası, qətiyyəti qurtara bilər. Xalqının taleyinə biganə qalmayan Ulu öndər xalqın səsinə səs verdi, Naxçıvandan Bakıya gəldi. Respublikada tüğyan edən özbaşınalıq, hərc-mərclik, vətəndaş müharibəsinin və başqa xoşagəlməz amillərin qarşısının alınması üçün Öz həyatını və canını böyük təhlükə altına atdı. Bütün çətinlikləri göz altına alan Heydər Əliyev bu hallara qarşı qəti mübarizəyə başladı. Qısa bir zaman kəsiyində ölkədə cərəyan edən xaosun, anarxiyanın qarşısı alındı, qanunsuz fəaliyyət göstərən silahlı dəstələr tərk-silah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu və tez bir zamanda ölkədə sabitlik yarandı, respublikamız inkişaf yoluna qədəm qoydu. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, - deyib meydana atılan böyük ürəkli, cəsarətli Vətən oğlunun Öz milləti, Öz Vətəninin qarşısında misilsiz fədakarlığı idi.

Dahi öndər Heydər Əliyevin adı Öz Vətəninə, xalqına məhəbbətin təcəssümü kimi daim yaşayacaq, Azərbaycanın həm indiki, həm də gələcək nəsillərinə əbədi örnək olacaqdır. Heydər Əliyev möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı. Biz bu gün fəxrlə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti Ulu öndərin şah əsəridir. Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dövlətlər sırasında görmək istəyən Heydər Əliyev bu barədə danışarkən qeyd etmişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir”.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994-cü il sentyabr ayının 20-də dünyanın ən inkişaf etmiş ölkələrinin aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsinə güclü təkan vermiş, müstəqilliyimizi daha da möhkəmləndirmişdir. Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası Azərbaycanın yeni iqtisadi modelini formalaşdırmış, onu regionda və dünyada mühüm rol oynayan bir dövlətə çevirmişdir. 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşasına dair bağlanmış saziş Azərbaycanın gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etmişdir.

Ümummilli liderimizin dövlət quruculuğundakı xidmətləri də əvəzsizdir. Heydər Əliyev demokratik və hüquqi islahatları ardıcıl olaraq həyata keçirdi. O, hər şeydən öncə, insan hüquq və azadlıqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi altında hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquqi normaları özündə əks etdirən və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum ilə qəbul olunan Azərbaycanın ilk Milli Konstitusiyası ölkəmizin inkişaf istiqamətlərini müəyyən etmiş, siyasi və iqtisadi islahatların möhkəm bazisinə çevrilmişdir. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, məhkəmə hüquq islahatları uğurla davam etdirilmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və digər mühüm əhəmiyyət kəsb edən işlər ölkəmizin demokratik inkişaf yolunda əldə etdiyi ən böyük nailiyyətlərdəndir. Azərbaycanın ilk Milli Konstitusiyasında mənəvi sərvətlərimizə, tarixi irsimizə, dinimizə hörmət dövlət səviyyəsinə qaldırıldı. Milli dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərləri özündə ehtiva edən yeni milli ideologiyanın əsası qoyuldu. Ulu öndər Heydər Əliyev dünyanın bir çox ölkələrinə səpələnmiş soydaşlarımızın milli məfkurə əsasında birləşməsini və müxtəlif ölkələrdə Azərbaycan diaspor təşkilatlarının yaradılmasını təmin etdi. Xarici səfərlərinin hamısında vaxt tapıb soydaşlarımızla görüşür, onların yaşam tərzi, problemləri ilə maraqlanır və öz tapşırıq və tövsiyələrini verirdi. Dünya Azərbaycanlılarının Bakıda keçirilən I Qurultayında Ulu öndər proqram xarakterli çıxışında demişdir: “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik”.

Böyük öndər 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra ölkə iqtisadiyyatının ağır vəziyyətdə olmasına baxmayaraq bütün sahələrlə bərabər Azərbaycan mədəniyyətinin, turizmin inkişafını da daim diqqətdə saxlamış və bu istiqamətdə çox mühüm tədbirlər görülməsinə nail olmuşdur. Heydər Əliyevin rəhbərliyi ilə mədəniyyət, turizm siyasətinin hüquqi bazası - qanunvericilik təminatı yaradılıb. Qısa bir zaman kəsiyində bu sahənin sürətli və davamlı inkişafını təmin etmək məqsədilə 15 qanun qəbul edildi. Onların sırasında “Mədəniyyət haqqında”, “Turizm haqqında” (1998) və bir çox digər qanunları göstərmək olar. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan Ümumdünya Turizm Təşkilatına tamhüquqlu üzv qəbul olundu.

Ulu öndər Heydər Əliyevin Öz xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri də müəyyənləşdirdiyi inkişaf kursunu, milli inkişaf strategiyasını və siyasi kursunu özündən sonra inam və ardıcıllıqla davam etdirə biləcək layiqli siyasi varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Cənab İlham Əliyev bu gün dünyada böyük nüfuza və hörmətə malik siyasətçi, təcrübəli dövlət rəhbəridir. Onun rəhbərliyi ilə müstəqil Azərbaycan inkişaf etmiş dövlətlər sırasındadır, iqtisadi artımına görə lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu. Cənab Prezident ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən dəfələrlə vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək, bu kursa alternativ yoxdur. Çünki bu kurs inkişaf və tərəqqi yoludur.

Bu gün Ulu öndərin iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz iqtisadiyyatın bütün sahələrində möhtəşəm uğurlara nail olur. Bütün sahələrlə bərabər təməli Heydər Əliyev tərəfindən qoyulmuş turizmin inkişafı ilə bağlı siyasət də cənab Prezident tərəfindən uğurla davam etdirilir və bu sahənin inkişafı ən əsas məsələlərdən biri kimi qarşıya qoyulub. Ölkə başçısı tərəfindən 2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının qəbulu, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması və Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2016-cı ildə ölkə başçısı tərəfindən imzalanmış Sərəncam dövlətimizin, cənab Prezidentin bu sahəyə, onun inkişafına göstərdiyi önəm və diqqətin bariz təzahürüdür. Bu sahəyə dövlət qayğısının nəticəsidir ki, son illər yeni-yeni infrastruktur layihələri həyata keçirilir, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə müasir, dünya standartlarına cavab verən hotellər tikilir, ictimai-iaşə obyektləri istifadəyə verilir. Yaradılan infrastruktur, Azərbaycanımızın füsunkar təbiəti, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, böyük idman yarışları və digər amillər ölkəmizə gələn turistlərin ilbəil artmasına səbəb olmuşdur. İndi ölkəmizə gələn xarici turistlərə müasir tələblər səviyyəsində xidmət göstərilməsi üçün hər cür imkan və şərait mövcuddur. Qeyd olunduğu kimi, turizm sektorunda bu gün mövcud olan yüksək şərait həm yerli, həm də xarici turistlərin ölkəmizin turizm bölgələrinə böyük axınına səbəb olmuşdur. Ona görə də bu sahədə fəaliyyət göstərən şirkət və müəssisələr öz işlərini müasir standartlara uyğun qurmuşdur. “Evro-Qrup” şirkətinin kollektivi də bu günün reallıqlarını nəzərə alaraq öz fəaliyyət sahəsini genişləndirir, turistlərə xidmətin səviyyəsini yüksəldir. Artıq şirkətimiz özünü istər respublika daxilində, istərsə də ölkəmizin hüdudlarından kənarda etibarlı tərəfdaş kimi tanıtmışdır. Şirkətimizin kollektivi dövlətimizin turizmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində daha əzmlə çalışacaq, turistlərə xidmətin səviyyəsini daha da yüksəldəcək, bu sahənin inkişafına öz layiqli töhfəsini verəcəkdir.

Azərbaycanda bu gün böyük öndərin ideyaları yaşayır, Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan xalqı qarşısında Heydər Əliyevin gördüyü möhtəşəm işlər heç vaxt unudulmur, əbədiyaşar rəhbərin nurlu xatirəsi böyük hörmət və məhəbbətlə daim yad edilir.

Aydın ƏHMƏDOV.

Yeni Azərbycan.- 2017.- 12 dekabr.- S.9.