Heydər Əliyev şəxsiyyətinin
xalqımızın həyatında, müstəqil dövlətçilik
tariximizdə misilsiz yeri və rolu vardır
Milli Məclisin Səhiyyə komitəsinin sədri,
akademik Əhliman Əmiraslanov www.yap.org.az saytına müsahibə
verib:
- Əhliman müəllim, 12 dekabr Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin anım
günüdür. Müstəqil Azərbaycan
dövlətinin qurucusu olan Ulu öndər Heydər
Əliyevin xalqımız və dövlətimiz
qarşısında xidmətləri misilsizdir. Ümummilli
liderin zəngin və çoxşaxəli fəaliyyəti ilə
bağlı fikirlərinizi bizimlə bölüşməyinizi
istərdik...
- Müasir müstəqil Azərbaycan dövlətinin
hazırkı inkişaf mərhələsinə
çatmasında bir çox amillər müstəsna rol
oynamışdır. Bu sırada şəxsiyyət-lider
amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan
xalqı və dövlətinin tarixin səhnəsində
özünəməxsus yer tutmasını, gerçək
müstəqilliyini əldə edərək qoruyub
saxlamasını təmin edən dahi şəxsiyyət,
Ümummilli lider Heydər Əliyev olmuşdur. Həm
keçmiş SSRİ, həm də müstəqillik
dövründə Ümummilli lider Heydər Əliyevin
çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan
xalqının tərəqqisi və inkişafına xidmət
etmişdir. Azərbaycan məhz Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi
yoluna çıxıb, bütün sahələrdə
mühüm uğurlar, parlaq nəticələr əldə
edilib.
Heydər Əliyev şəxsiyyətinin
xalqımızın həyatında, müstəqil dövlətçilik
tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən
Ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif
dövrlərinə nəzər salmaq lazımdır. Əvvəla
qeyd etmək lazımdır ki, Ümummilli liderin hakimiyyətinin
birinci dövrünü əhatə edən 1969-1982-ci illər
ərzində görülən işlər, həyata
keçirilən tədbirlər nəticəsində əldə
edilən çoxsaylı nailiyyətlər respublikamız
üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin
birinci katibi seçilərək respublikanın rəhbəri
olmasından sonra bütün sahələrdə həyata
keçirilən islahatlar respublikamızın
inkişafını təmin edib. Eyni
zamanda, müstəqillik dövründə Ulu öndər Heydər
Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti,
misilsiz xidmətləri sayəsində Azərbaycanın
inkişafı təmin olundu, müasir və qüdrətli Azərbaycan
inşa edildi. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü
ildə xalqın israrlı tələbi ilə yenidən
hakimiyyətə gəldikdən sonra sabitlik və təhlükəsizlik
təmin edildi, bütün sahələrdə böhran və
tənəzzülün qarşısı alındı,
ölkə tərəqqi yoluna qədəm qoydu.
Bugünkü müasir, müstəqil Azərbaycan məhz Ulu
öndər Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir.
- Yeri gəlmişkən,
Ümummilli liderin hakimiyyətinin birinci dövrünü əhatə
edən 1969-1982-ci illər ərzində səhiyyə sahəsində
görülən işlər, həyata keçirilən tədbirlər
və əldə edilən nəticələrlə
bağlı nə deyə bilərsiniz?
- Həmin dövrdə
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü və ardıcıl
tədbirlər sayəsində elm, təhsil və səhiyyə
sektorlarında çox mühüm inkişaf göstəriciləri
qeydə alınıb. Ulu öndər səhiyyə
sahəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət
mərkəzində saxlayırdı. O, ilk növbədə,
tibb üzrə xarici mütəxəssislərin diqqətini
Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər
arasında əlaqə yaratmağa
çalışırdı. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən
tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və
konfransların Bakıda keçirilməsini təşkil edən
Ümummilli lider Heydər Əliyev ölkəmizin səhiyyə
sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili
sahələrinin beynəlxalq müstəviyə
çıxması istiqamətində məqsədyönlü
işlər görürdü. Həmin dövrdə azərbaycanlı
gənc alimlərin keçmiş ittifaq səviyyəsində
doktoranturaya qəbul edilməsinə də nail olunmuşdu ki,
bu da kadr potensialının formalaşdırılması və
inkişafı baxımından böyük əhəmiyyətə
malik idi. Müxtəlif ixtisaslar üzrə
kadrların Moskvanın, Sankt-Peterburqun, Kiyevin, Minskin, Xarkovun və
SSRİ miqyasında fəaliyyət göstərən digər
iri şəhərlərin ali tibb müəssisələrində
təhsil almalarına, ixtisasartırma kurslarına getmələrinə,
aspirantura və doktorantura xətti ilə namizədlik və
doktorluq dissertasiyaları müdafiə edərək elmi
dərəcələrə yiyələnmələrinə
geniş imkanlar yaratdı. Həmin kadrlar mütəxəssis
kimi respublikamıza qayıdıb fəaliyyətlərini davam
etdirirdilər. Bu tədbirlər ardıcıl olaraq həyata
keçirilir, respublikamızda uzaqgörənliklə müxtəlif
profilli gənc tibbi kadrlar hazırlanır, səhiyyənin
elmi və pedaqoji potensialı gücləndirilirdi. Bununla yanaşı, mövcud ali təhsil müəssisələrinin
imkanları genişləndirilir, maddi-texniki bazası
yaxşılaşdırılır, yeni səhiyyə
ocaqları yaradılırdı. Ümummilli liderin rəhbərliyi
ilə qısa müddətdə ölkəmizdə yeni
uşaq bağçalarının, xəstəxana və
poliklinikaların tikintisi geniş vüsət
almış, XX əsrin 70-ci illərinin ilk beş ili ərzində
35 belə obyekt tikilib xəstələrin istifadəsinə,
tibb personalının ixtiyarına verilmişdi. Tikilib istifadəyə
verilmiş yeni klinikalar, tibb mərkəzləri müasir tibb
avadanlığı ilə təchiz olunaraq əhaliyə
yüksək səviyyədə müvafiq tibbi xidmət
göstərməyə başlamışdı.
1982-ci ilin dekabrında Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə təyin edilməsindən sonra
da bəhs olunan sahələrin inkişafı istiqamətində
məqsədyönlü və ardıcıl işlər
davam etdirildi, mühüm inkişaf göstəriciləri qeydə
alındı.
- Müstəqillik illərində Ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə
görülmüş işlər sayəsində elm və səhiyyə
sahələrində qazanılan nailiyyətləri necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, elm və səhiyyə
sahəsinin inkişafı baxımından yüksək nəticələr
əldə olunub. Azərbaycan səhiyyəsi
qarşısında yeni perspektivlərin açılması
ilə bu sahədə mühüm islahatlar həyata
keçirildi, istər kadr hazırlığı, istər
infrastruktur quruculuğu istiqamətində mühüm nailiyyətlər
əldə olundu, yeni səhiyyə müəssisələri
istifadəyə verildi. Eyni zamanda, səhiyyə
sahəsində ölkənin tədris müəssisələrinin,
o cümlədən Azərbaycan Tibb Universitetinin normal fəaliyyəti
üçün əlverişli şərait yarandı.
1996-cı ildə Azərbaycan Tibb Universiteti Amerika və Avropa
Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi və
bundan sonra ölkəmizin dövlət xətti üzrə
yeganə ali tibb təhsili ilə məşğul
olan tədris ocağının beynəlxalq əlaqələri
daha da genişləndirildi, xarici ölkələrin ali tibb
müəssisələri ilə tələbə mübadiləsi
aparılması, alimlərimizin xarici əlaqələrinin
genişləndirilməsi lazımi səviyyəyə
çatdırıldı. Tibb alimlərinə,
həkimlərə, bütün səhiyyə işçilərinə
xüsusi qayğı ilə yanaşan Ulu öndər Heydər
Əliyev 1998-ci və 2000-ci illərdə Azərbaycan Tibb
Universitetində olmuş, Öz dəyərli tövsiyələrini
vermişdir. 1998-ci il 28 sentyabr tarixində ATU-da yeni tədris
binasının açılışında
olan Ümummilli lider Heydər Əliyev 2000-ci ildə yenidən
Azərbaycan Tibb Universitetinə gələrkən burada 500
yerlik akt zalının açılışında, eləcə
də bu ali təhsil müəssisəsinin 70 illik yubileyinə
həsr edilmiş təntənəli mərasimdə
iştirak edib. Tibb Universitetinə göstərilən
yüksək diqqət və qayğının nəticəsi
kimi, ATU Qaradəniz hövzəsi ətrafı ölkələrin
Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər
Assosiasiyasının, Avropa Universitetlər
Assosiasiyasının tamhüquqlu üzvü seçildi.
2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində
onun tarixində ilk klinika olan Stomatoloji Klinika təşkil
edildi və bununla da ATU-nun öz klinikalarının yaradılmasının
əsası qoyulmuş oldu.
Bütövlükdə, müstəqillik
dövründə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən islahatlar səhiyyə sahəsində
inkişafın əsasını qoydu, maddi-texniki bazanın
yaxşılaşdırılması və kadr
potensialının gücləndirilməsi istiqamətində
görülən işlər yeni perspektivlər müəyyənləşdirdi.
- Bu gün müstəqil Azərbaycan
Ulu öndər Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir. Ümummilli liderin əsasını qoyduğu
siyasət Prezident İlham Əliyev tərəfindən
müasir dövrün tələbləri və
çağırışlarına müvafiq surətdə
uğurla davam etdirilir, bütün sahələrdə
parlaq inkişaf göstəriciləri qeydə alınır.
Hazırda Azərbaycanda səhiyyə sahəsinin
inkişafı istiqamətində görülən işlər
və həyata keçirilən islahatların əhəmiyyəti
ilə bağlı nə deyə bilərsiniz?
- Ümummilli liderimiz Heydər Əliyevin siyasəti
Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik
inkişafa malik olan ölkə kimi tanınır. Bütün
sahələrdə ardıcıl və sistemli islahatlar həyata
keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən siyasət nəticəsində
bütün istiqamətlərdə, o cümlədən elm, təhsil,
səhiyyə sahələrində davamlı inkişaf
müşahidə edilir. Xüsusilə də, səhiyyə
sahəsində uğurlu addımlar atılıb, bu sahənin
inkişafı üçün bütün imkanlar
yaradılıb. Tibb elmi və tibb təhsili sistemimizi əhatə
edən çoxşaxəli fəaliyyət və əldə
olunan uğurlar məhz Ulu öndərin ideyalarının
reallığa çevrilməsinin məntiqi nəticəsidir.
Son illər ölkədə yüzlərlə
tibb ocağının tikilib istifadəyə verilməsi səhiyyə
sahəsində həyata keçirilən uğurlu siyasətin,
bu sahəyə yüksək diqqət və
qayğının bariz nümunəsidir. Bu tibb müəssisələri
müasir avadanlıqlarla təchiz olunur. Bizim klinikaları
görən xarici qonaqlar şəraitimizin Avropa
klinikalarından heç də geri qalmadığını dəfələrlə
vurğulayıblar. Təbii ki, belə bir şəraitdə
yüksək kadrların da hazırlanması aktual məsələdir.
Sevindiricidir ki, bu baxımdan Tibb Universiteti yüksək nəticələr
əldə edir. Qeyd edim ki, 2006-cı ildə
Prezident İlham Əliyevin göstərişi ilə ATU-nun
Onkoloji Klinikasının təşkilinə
başlanıldı və bu proses 2007-ci ilin iyun ayında
başa çatdırıldı. Dövlətimizin
başçısı 2007-ci il sentyabr ayının 11-də
ATU-nun terapevtik klinikasının yaradılması və
tikintisinə başlanılması haqqında
Sərəncam imzaladı, 2007-ci il sentyabr ayının 18-də
isə tikintinin təməlqoyma mərasimi keçirildi.
2010-cu il oktyabrın 1-də Azərbaycan Tibb Universitetinin
yaradılmasının 80 illik yubileyi ərəfəsində
cənab Prezidentin və xanımı Mehriban Əliyevanın
iştirakı ilə ATU-nun Tədris-Terapevtik
Klinikasının açılış mərasimi
keçirildi. Eyni zamanda, Prezidentin 2008-ci il mart ayının
13-də imzaladığı Sərəncama əsasən
ATU-nun Tədris-Cərrahiyyə Klinikasının yaradılmasına
və tikintisinə başlanıldı, 2013-cü il
sentyabrın 12-də bu klinika istifadəyə verildi.
Bütövlükdə, Azərbaycanda
əhalinin sağlamlığının qorunması, tibbi xidmətin
keyfiyyətinin daha da yaxşılaşdırılması həyata
keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən
biri kimi daim dövlətin diqqət mərkəzindədir.
İqtisadiyyatın dinamik inkişafı səhiyyə sahəsinə
də öz təsirini göstərib və bu sahədə
aparılan islahatlar nəticəsində əhalinin
sağlamlığının qorunması istiqamətində
mühüm işlər görülüb. Bununla
yanaşı, ölkəmizdə elmin inkişafı, elmi
araşdırmaların aparılması üçün hər
cür şərait yaradılıb. Bu sahəyə Prezident
İlham Əliyev tərəfindən böyük diqqət və
qayğı göstərilir. Azərbaycan Milli Elmlər
Akademiyasının 70 illik yubileyinə həsr olunmuş tədbirdə
Prezident İlham Əliyev çıxış edərək
elmin inkişafı ilə əlaqədar dəyərli
tövsiyələrini verdi. Bu gün dövlət tərəfindən
göstərilən qayğı nəticəsində elm sahəsi
inkişaf edir. Bu inkişaf elmin bütün sahələrində
özünü göstərir. Bu baxımdan, tibb elmində də
ciddi nailiyyətlər əldə olunur.
Nəticə etibarilə, Ümummilli liderin əsasını
qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən
müasir çağırışlara uyğun şəkildə
uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsidir
ki, bütün istiqamətlərdə əldə edilən
inkişaf göstəriciləri elm və səhiyyə sahəsini
də əhatə edir.
Yeni Azərbaycna.-
2017.- 12 dekabr.- S.8.