Azərbaycanın regionlarında yeni xalçaçılıq fabrikləri yaradılır

 

Ölkəmizdə “Azərxalça”nın indiyədək istifadəyə verilən müəssisələrində və gələn il açılacaq daha 10 filialında ən azı üç min qadın işlə təmin olunacaq

Azərbaycanın regional inkişaf strategiyasında bütün ölkə boyu tarixən formalaşan istehsal ənənələrinin dirçəldilməsi və müasir texnologiyalar əsasında inkişaf etdirilməsi xətti də xüsusi yer tutur. Respublikamız bu yolla regionların potensialından daha səmərəli istifadə etməyi, ölkə üzrə yeni istehsal və ixrac həcmləri yaratmağı hədəfləyib.

Regionlarda tarixən formalaşan ənənəvi istehsal sahələrinin yeni əsaslarla inkişaf etdirilməsi, eyni zamanda, ciddi sosial əhəmiyyət daşıyır. Belə ki, bu yolla bölgələrdə iqtisadi aktivliyin artırılması paralel şəkildə əhalinin məşğulluğunun dolğun şəkildə təmin edilməsinə öz töhfəsini verir.

Respublikamızın bölgələrində geniş perspektivə malik belə sahələrdən biri də xalçaçılıqdır. Azərbaycanda xalçaçılığın şərti olaraq 7 məktəbi fərqləndirilir. Bunlar Quba, Abşeron, Şirvan, Gəncə, Qazax-Borçalı, Qarabağ, Təbriz xalçaçılıq məktəbləridir. Hər xalçaçılıq məktəbində toxunan xalçaları ümumi cəhətlər birləşdirsə də, onlar naxış, kompozisiya, rəng həlli və bir sıra texniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər.

“Azərxalça”nın yaradılması ilə ölkədə xalçaçılığın inkişafında yeni mərhələ başlayıb

Xalçaçılıq Azərbaycan xalqının min illər boyu yaşatdığı, zənginləşdirdiyi, nəsildən-nəslə ötürdüyü sənət növlərindən biridir. Ölkəmizin müxtəlif xalçaçılıq məktəblərində nəfis şəkildə toxunan xalçalar uzaq dövrlərdən başlayaraq bu günümüzədək dünyanın məşhur muzeylərində qiymətli eksponatlar kimi saxlanılmaqdadır və daim böyük tamaşaçı marağına səbəb olur.

Müasir dövrdə isə xalçaçılığın ənənələr qorunmaqla sənaye əsasında inkişaf etdirilməsi zərurətə çevrilib. Əks halda xalçaçılığı gəlirli və rəqabətədavamlı bir sahəyə çevirmək mümkün deyil. Respublikamızda da xalçaçılıq yeni şəraitdə sənaye iqtisadiyyatının bir qolu kimi inkişaf etdirilir, o cümlədən maddi-texniki baza möhkəmləndirilir, çevik struktur formalaşdırılır. Ölkəmizdə xalçaçılığın qorunması və inkişaf etdirilməsi haqqında ayrıca qanun qəbul edilib. Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixində imzaladığı müvafiq Sərəncama əsasən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə ölkəmizdə xalçaçılığın inkişafında yeni mərhələnin başlandığını söyləmək mümkündür. Sərəncamla müəyyən edilib ki, “Azərxalça” ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Fəaliyyətə başlamasından az vaxt ötməsinə baxmayaraq, “Azərxalça” respublikanın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ kimi rayonlarda öz filiallarının yaradılması istiqamətində böyük iş həcmi yerinə yetirib. Artıq ASC-nin ayrı-ayrı regionlar üzrə filialları uğurla fəaliyyət göstərir.

“Azərxalça”nın ilk filialının cəbhə bölgəsində yaradılması böyük rəmzi məna daşıyır

“Azərxalça”nın ilk filialı Prezident İlham Əliyevin iştirakı ilə 12 oktyabr 2016-cı il tarixində Füzuli rayonunun Horadiz qəsəbəsində istifadəyə verilib. Ümumi sahəsi 586,5 kv.m olan filial binası 0,180 ha torpaq sahəsində yerləşir. Burada 150 nəfər toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərir. Toxucular həm Horadiz qəsəbəsinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Filialda toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərir. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Emalatxanada 150 nəfər toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyur. Bu çeşnilər qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

“Azərxalça”nın ilk filialının cəbhə bölgəsində yaradılması həm də rəmzi məna daşıyır. Belə müəssisələrin cəbhə bölgəsində fəaliyyətə başlaması insanlarda özünəgüvən hissini artırır, onlarda işğala məruz qalan dədə-baba torpaqlarımızın gec-tez azad ediləcəyinə böyük inam yaradır.

Şəmkir filialında Gəncəbasar çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir

“Azərxalça” ASC-nin respublikanın Qərb bölgəsində - Şəmkirdə yaratdığı filialı cari ilin avqustunda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovun məlumatına əsasən, ümumi sahəsi 1100 kvadratmetr olan filial toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Filialın satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatı həm nümayiş etdirilir, həm də onların satışı həyata keçirilir.

“Azərxalça”nın növbəti filialı Quba şəhərində açılıb

Ölkənin ayrı-ayrı bölgələrində xalçaçılıq müəssisələrinin yaradılması prosesi uğurla davam edir. “Azərxalça”nın növbəti filialı 2017-ci il dekabrın 7-də Quba şəhərində istifadəyə verilib. Filialın açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Açılış mərasimində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük veriləcək.

Filialda çalışan toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Prezident İlham Əliyev filialın xalçaçıları ilə söhbətində Qubanı xalçaçılıq mərkəzlərindən biri kimi səciyyələndirərək vurğulayıb: “Ölkəmizin müxtəlif bölgələrində özünəməxsus xalçaçılıq əsərləri mövcuddur. Bu da bizim milli sərvətimizdir. Quba da həmişə xalçaçılıq mərkəzlərindən biri olub. Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir”.

Quba filialının istifadəyə verilməsi ilə “Azərxalça”nın respublika üzrə açdığı filialların sayı 10-a çatıb. Bu proses perspektivdə də davam etdiriləcək. 2018-ci ildə ölkəmizin müxtəlif bölgələrində əlavə on xalça fabrikinin yaradılması nəzərdə tutulub. Beləliklə, təkcə “Azərxalça”nın xətti ilə ölkədə 20 xalçaçılıq müəssisəsi fəaliyyət göstərəcək. Qeyd edək ki, xalça fabriklərində işləyənlərin böyük əksəriyyəti qadınlardır. Prezident İlham Əliyev qadınların məşğulluğunun təmin olunmasından məmnunluğunu ifadə edərək deyib: “Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq”.

Əyirici-boyaq fabrikinin yaradılması ölkədə xalçaçılığın inkişafına güclü təkan verəcək

Müvafiq xammal bazası olmadan ölkədə xalçaçılığın inkişafını da təsəvvür etmək mümkün deyil. Mütəxəssislərin qənaətinə görə, Sumqayıt Sənaye Parkında əyirici-boyaq fabrikinin yaradılması respublikamızda xalçaçılığın inkişafına güclü təkan verəcək. Artıq xeyli vaxtdır ki, İqtisadiyyat Nazirliyi və “Azərxalça” əyirici-boyaq fabrikinin yaradılması istiqamətində birgə iş aparırlar. Müəssisənin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda müvafiq qurumlar tərəfindən respublikanın ayrı-ayrı bölgələrində yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir. 2018-ci ilin may ayından etibarən bir il ərazində Azərbaycanın 52 rayonundan 1500 ton yun tədarük olunması nəzərdə tutulub. Fabrikdə mövsümi yun və bitki tədarükçülərindən əlavə, 80 nəfər daimi iş yeri ilə təmin ediləcək. Gələcəkdə bu fabrikdə istehsal olunacaq məhsul həm “Azərxalça”nın filiallarında, həm respublikanın digər özəl xalçaçılıq müəssisələrində, həm də ümumilikdə müvafiq sənaye müəssisələrində istifadə olunacaq.

Belə bir müəssisənin yaradılması Azərbaycanın yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcək. Bunun üçün ölkəmizdə münbit şərait də var. Respublikamız həm yun, həm də təbii boyaq maddələrinin hazırlanması üçün kifayət qədər zəngin təbii ehtiyatlara malikdir.

Sumqayıt Kimya Parkında inşa ediləcək fabrik ən son Avropa istehsalı olan avadanlıqlarla təchiz ediləcək. Fabrikdə il ərzində 1500 ton çirkli yun qəbul edilərək yuyulacaq və müvafiq emal prosesindən keçiriləcək.

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.- 2017.- 13 dekabr.- S.7.