Heydər Əliyev: dahi
xilaskar və dövlət qurucusu
Azərbaycan xalqının görkəmli oğlu
Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində
ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin
irsinin dərk edilməsi özlüyündə çətindir.
Lakin Azərbaycanda müstəqil dövlət
quruculuğunda gördüyü işləri təhlil edib
geniş oxucu kütləsinə çatdırmaq dövlət
əhəmiyyətli strateji məsələdir. Çünki
Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir
ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını
işləyib reallaşdıra bildi. Əvvəlcə
Azərbaycanı böyük bir fəlakətdən xilas etdi,
sonra isə dövrün tələblərinə yüksək
dərəcədə cavab verən müstəqil demokratik
dövlət quruculuğu konsepsiyasını işləyib
hazırladı, Azərbaycanın dünyada layiqli yerini
tutması üçün uzun illər
çalışdı, müstəqil Azərbaycanın
memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər
Əliyev barədə dünyanın tanınmış şəxslərinin
ifadə etdiyi fikirlər bir daha Onun nə dərəcədə
müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir.
Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd
apardığı dövlətçilik məktəbi!
Heydər Əliyevin fəaliyyətinin bir sıra aspektləri
üzərində geniş dayanmağa böyük ehtiyac hiss
edirik.
Dahilər ölməz: dövlətçiliyin
qurtuluşunun üç aspekti
Ulu öndər Heydər Əliyev haqqında
adi söz demək mümkün deyil. Onun barəsində səmimi
ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək
məna çaları var. Dünyanın müxtəlif
ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə
bağlı söylədiklərini bir yerə cəmləşdirsək,
dünyanın ən dahi siyasi liderlərindən birinin “siyasi
portreti” alınar. Hər kəs də onu dərhal tanıyar:
“Bu, Heydər Əlirza oğlu Əliyevdir. Türk və
müsəlman dünyasının fəxri, Azərbaycan
xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi
və hətta rəqibləri tərəfindən yüksək
qiymətləndirilən nadir bir şəxsiyyət”!
Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin
ən parlaq siması və XXI əsr müstəqillik kursunun
memarıdır. Onun həyata keçirdikləri, nəzəri
ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ
uzun illər araşdırılacaq və hər dəfə də
yeni bir incəlik tapılacaq. Bu proses sonsuzdur...
1993-cü ilin iyun ayının 15-də Azərbaycan
müstəqil dövlət kimi uçurumun kənarında
dayanmışdı. Ölkəyə rəhbərlik edən
səriştəsiz siyasi qruplar çıxış yolu tapa
bilmirdilər. Düşmən isə addım-addım
müstəqil dövlətçiliyimizə qəsd etməkdə
idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır
zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə
qayıdışına nail oldu. Elə həmin anda da
düşmən düşərgəsində təcrübəli
bir siyasətçi “biz batdıq” naləsini çəkdi. Həyat
həmin erməni kommunist siyasətçinin haqlı
olduğunu sübut etdi!
Hər şey həmin tarixdən - iyunun 15-dən
başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın
qurtuluşunun başlanğıcı oldu. Birincisi, dövlətçilik
ideyası iflasdan qurtuldu. Çünki dövlət idarəçiliyinin
nə olduğunu bilməyən naşı adamlar Azərbaycan
cəmiyyətində tədricən müstəqillik
ideyası ilə bağlı bədbin əhval-ruhiyyə
yaradırdılar. Bir-birini əvəz edən məğlubiyyətlər
insanlarda belə bir şübhə yaradırdı: “bəlkə
biz, heç müstəqil dövlət qurmağa qadir
deyilik?” Tarix göstərir ki, bu pessimizm çox təhlükəlidir
və faktiki olaraq millətin öz məğlubiyyətini qəbul
etməsinin ilk dərin göstəricisidir.
Əgər cəmiyyətdə dövlət
quruculuğuna inam yoxdursa, onu başqa heç bir ideya ilə
ayaqda durmağa məcbur etmək mümkün deyildir.
Düşmənlər tərəfindən aparılan təxribatçı
ideoloji fəaliyyət yaranmış vəziyyəti daha da
acınacaqlı edirdi. Bu məqamda siyasət səhnəsinə
Heydər Əliyev çıxdı və xalqda dövlət
quruculuğuna dərin inam yaratdı! Buna necə nail oldu? Hər
şeydən əvvəl, təmkinli,
ölçülü-biçili, inamlı və real siyasəti
ilə vəziyyəti dəyişdi. Heydər
Əliyev müxtəlif bölgələrə səfərləri
zamanı siyasi qruplar arasındakı ziddiyyətləri
yumşalda bildi və onlara dövlət üçün
çalışmağın əsas vəzifə olduğunu
anlatdı. Bu zaman Ulu öndərin siyasi və diplomatik ustalığı
həqiqətən də dövlət quruculuğu tarixinin
ən parlaq səhifələrindən oldu.
Xaricdəki düşmənlər və
ölkənin daxilində at oynadan naşı siyasi qruplar
anladılar ki, Azərbaycanda dövlət quruculuğu prosesini
dayandırmaq mümkün olmayacaq! Bu, ilk qələbə idi!
Dövlətçilik ideyası Azərbaycanda
bu cür xilas edildi - xalq müstəqil dövlət
qurmağın zəruriliyini tam olaraq Heydər Əliyevin
liderliyi ilə qəbul etdi və qısa bir müddətdə
cəmiyyət Ulu öndərin ətrafında birləşdi.
Onun bir çağırışı ilə milyonlarla insanlar
meydanlara axışmağa başladılar. Bu məqamda isə
bütün dünya anladı ki, Azərbaycana təcrübəli,
güclü iradəli və uzaqgörən bir lider
başçılıq edir. Onu yolundan döndərmək
mümkün deyildir.
Sanki bütün bunları ümumiləşdirərək,
məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev
Bjezinski demişdi: “Heydər Əliyev siyasi cəhətdən
möhkəm, məntiqli, zəkalı, istədiyini tez
çatdıran şəxsiyyət - bir sözlə, şəksiz
liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz
lideri onu addım-addım irəliyə aparıb qələbələrə
çatdırdı.
İkincisi, Heydər Əliyev Azərbaycan cəmiyyətini
siyasi təfəkkür məhdudluğundan qurtardı. Bu,
böyük və inqilabi bir nailiyyət idi. Məsələ
ondan ibarətdir ki, xalq hərəkatı dalğası üzərində
siyasətə atılanlar bir tərəfdən, köhnə
kommunist nomenklaturasının Kremldən asılı olan
qrupları, digər tərəfdən, Azərbaycanda siyasi təfəkkürü
məhdud məhəlli çərçivəyə salaraq
ondan çıxmasına ciddi maneələr törədən
qüvvələri təmsil edirdi. Cəmiyyət
ifrat milliyətçiliklə imperiyapərəstlik
arasında sıxışdırılıb
qalmışdı. Azərbaycanı həqiqi mənada
müstəqil edə biləcək və “qızıl orta xətti”
təşkil edəcək siyasi təfəkkürün
formalaşdırılması həyati tələbata
çevrilmişdi. Bunu isə yalnız konkret praktiki
addımlarla etmək mümkün idi.
Heydər Əliyev daxildəki radikal qrupları
zərərsizləşdirməklə məsələnin bir
qismini həll etdi. Bir neçə il siyasət meydanında at
oynadanlar artıq arxa plana keçmişdi və xalq onları
lider kimi qəbul etmirdi. Lakin Ulu öndər çox gözəl
başa düşürdü ki, bu, işin bir qismidir. Ona görə də paralel olaraq siyasi mühitdə
ciddi islahatlar aparırdı. Onu üç aspektdə bir-biri
ilə uyğunlaşdıraraq həyata keçirirdi -
sosial-siyasi sabitlik yaradır, Dağlıq Qarabağ
münaqişəsini beynəlxalq aləmə
çıxarır və neft strategiyasını dövlət
quruculuğuna təkan verən faktora çevirirdi.
Sosial-siyasi sabitlik cəmiyyətin siyasi təfəkküründə
nizam-intizam yaradırdı. Ona belə bir inam
aşılayırdı ki, azərbaycanlılar öz ölkəsində
siyasi sabitlik yarada bilərlər. Bu proses
günbəgün daha geniş vüsət alırdı. Ermənistanın
Azərbaycana təcavüzünün BMT-də müzakirə
edilməsi isə dünyaya bu münaqişənin əsl
simasını anlatmağa geniş imkanlar yaradırdı. Heydər
Əliyev böyük ustalıqla ermənilərin əsl niyyətlərini
bütün dünyaya göstərdi. Ancaq Ulu öndər
bununla kifayətlənmirdi. Heydər Əliyev 1994-cü və
1995-ci illərdə BMT Baş Assambleyasının yüksək
tribunasından Azərbaycanda müstəqil dövlət
quruculuğunun konseptual parametrlərini dəqiqliklə
geniş auditoriyaya çatdırdı.
Ümummilli lider BMT-dəki nitqlərində Azərbaycanın
xarici siyasətinin prioritetlərini ifadə etdi, müstəqil
dövlətimizin strateji məqsədlərini
açıqladı və bütövlükdə qlobal
geosiyasəti necə təsəvvür etdiyini lakonik şəkildə
bəyan etdi.
Ulu öndər Azərbaycanın xarici siyasətinin
qayəsinin sülh, əməkdaşlıq və
barış olduğunu yüksək tribunadan bəyan etdi. Bu,
təcavüzə məruz qalmış bir dövlətin
sivil, demokratik mahiyyətindən və vətəndaş cəmiyyətinin
formalaşdırılmasının başlıca məqsədlərdən
biri kimi tanınmasından xəbər verirdi. Dünya bunu
gördü və qəbul etdi.
Heydər Əliyev BMT-dəki
çıxışlarında dünya siyasətinin trendlərini
çox gözəl təhlil edərək, onlarda məzmun dəyişikliyinin
aparılması zərurətini qətiyyətlə
vurğulayırdı. O cümlədən böyük
dövlətlərin üzərinə dünya nizamını
qorumaq kimi müqəddəs bir vəzifənin
düşdüyünü xüsusi vurğulayırdı. Ulu
öndər İkinci Dünya müharibəsindən sonra
formalaşmış beynəlxalq münasibətlər
sisteminin ciddi islahatlara ehtiyacı olduğunu açıq
bildirirdi. Bu bağlılıqda Ümummilli lider
BMT Təhlükəsizlik Şurasında köklü
islahatların aparılması zərurətini
vurğulayırdı. Ulu öndər bütün dünya
dövlətlərini barış, əməkdaşlıq və
sülhə dəvət edir, Azərbaycanın xarici siyasətində
bu məqamların əsas yer tutduğunu qeyd edirdi. Bütün bunlar aydın göstərirdi ki, Azərbaycan
siyasi təfəkkürü məhdud məhəlli dairəni
çoxdan tərk edib və qlobal miqyasda dünyəvi
dövlətçiliyin formalaşdırılmasının
başlıca prinsiplərini çox gözəl təqdim etməkdədir.
Təbii ki, bu, çox ciddi geosiyasi yenilik idi. Təsadüfi
deyil ki, sonralar dünyanın bir sıra aparıcı liderləri
Heydər Əliyevlə bağlı müəyyən
etirafları etdilər. ABŞ-ın sabiq prezidentlərindən
olan Bill Klinton deyəcəkdi: “Demokratiya və
bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət
kimi Azərbaycanın son illər möhkəmlənməsində,
iqtisadi islahatların aparılmasında və bu işdə
böyük uğurlar əldə edilməsində Prezident
Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm...
Prezident Heydər Əliyevin rəhbərliyi ilə
Azərbaycan müstəqillik yolunda
qarşılaşdığı çətinliklərin dəf
edilməsində böyük müvəffəqiyyətə
nail olmuşdur”.
Birbaşa Heydər Əliyevə müraciətlə
isə ifadə etmişdi: “Cənab Prezident, Siz bizə
çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya
regionunda sülhün və sabitliyin bərqərar
olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk.
Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində
Xəzərin zəngin ehtiyatlarının dünya
bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin
müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli
rol oynayacaqdır”.
Fransanın sabiq Prezidenti Jak Şirak da Heydər
Əliyevə olan heyranlığını gizlətmirdi: “Bu
qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi
yoluna gətirib çıxarmışdır. Müxtəlif
görüşlərimiz zamanı, xüsusilə
Dağlıq Qarabağ münaqişəsi ətrafında
müzakirələr apararkən münaqişənin sülh
yolu ilə həllində onun göstərdiyi cəsarəti,
müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
...Azərbaycanın bəxti onda gətirib ki,
bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük
siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə
malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət
xadimi rəhbərlik edir”.
ABŞ-ın keçmiş prezidentlərindən
olan Corc Buş isə açıq demişdi: “Dünyada
tanınmış görkəmli dövlət xadimi Heydər
Əliyevin şəksiz liderliyinə, cəsarətinə,
misilsiz dünyagörüşünə və nadir natiqlik
istedadına valehəm”.
Üçüncüsü, Heydər Əliyev
milli ideyanı iflasdan qurtardı. Milli ideya hər bir cəmiyyət
üçün mayakdır, onu gələcəyə aparan əsas
qüvvədir. O, yalnız cəmiyyət özünün
vahid məqsədini müəyyənləşdirdikdə real
məzmun kəsb edir. Milli ideya heç zaman boş yerdə
yaranmır. Onun konkret prinsipləri olmalıdır. Heydər
Əliyev milli ideyanı konkret ideoloji konseptdə - azərbaycançılıqda
ifadə etdi. Azərbaycançılıq ideologiyasına
müasir dövlət quruculuğu tələblərinə
uyğun yeni məzmun çalarları verdi. Burada vətənsevərlik,
vətənpərvərlik və milli dəyərlərin
qorunması müasirlik və demokratik cəmiyyətin
formalaşması prinsipləri ilə vəhdət təşkil
etdi. Bu aspektdə milli ideya ənənə ilə
müasirliyin, milli ilə beynəlmiləlin sintezi kimi
özünü göstərə bildi. Bütün bunlar isə
dövlətçilik şüurunun inkişaf etdirilməsi
fonunda konkret məzmun kəsb edə bilər. Heydər
Əliyev milli ideyaya XXI əsrin tələblərinə
uyğun dövlətçilik şüuru çalarları
verməklə sözün həqiqi mənasında inqilabi
yenilik edə bildi. Bu baxımdan Heydər Əliyev milli
ideyanın həm nəzəri aspektlərini, həm də
praktiki reallaşma mexanizmlərini işlədi.
1993-cü ilin birinci
yarısına qədər isə milli ideya ciddi təhlükə
qarşısında qalmışdı. Cəmiyyətdə
dövlətçilik şüuru çox zəif idi və
onun inkişaf etdirilməsi üçün heç bir iş
görülmürdü. Əksinə, məhdud ideoloji
baxışlar cəmiyyəti müxtəlif qruplara
parçalamaqda idi. Bu proses davam etsəydi, Azərbaycan cəmiyyətinin
bütövləşməsi olduqca çətin bir prosesə
çevriləcəkdi. Heydər Əliyev azərbaycançılıqla
nəinki cəmiyyətdə deqradasiya prosesinin
qarşısını aldı, hətta dövlətçilik
şüurunun yeni şəraitə
uyğunlaşdırılması istiqamətində ciddi
addımlar atdı. Bu bağlılıqda Türkiyənin
Baş naziri olmuş, mərhum Bülənd Ecevitin bir fikri
çox maraqlıdır. O, ifadə etmişdi: “Qüdrətli
öndərsiz bir millət heç nəyə nail ola bilməz.
Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli
bir türkdür. Heydər Əlirza oğlu min ildən bir
yetişən dahilərdəndir”. Böyük Britaniyanın
sabiq Baş naziri Toni Bleyer isə açıq söyləmişdi:
“...Son beş ildə Azərbaycanda hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğu sahəsində
Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə
görülən işlər Britaniya hökuməti tərəfindən
diqqətlə izlənilir və alqışlanır”.
Yeni demokratik Avrasiya quruculuğu: Heydər
Əliyev imzası
Məşhur qırğız
yazıçısı Çingiz Aytmatovun Ulu öndər
haqqında dedikləri də diqqəti çəkir: “Heydər
Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi
bir şəxsiyyətdir... Heydər Əliyev Onun
yaşıdlarının və hətta Ondan cavan olan bir
çox siyasi xadimin bacarmadığı xüsusiyyəti -
müasir dövrün ən aktual
çağırışlarına hazır olmağı
nümayiş etdirə bilmişdir. Məhz Heydər
Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar
dünyagörüşünün genişliyi nəticəsində
indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət,
maarifçilik hökm sürməkdədir. Bütün bunlar
isə Azərbaycan dövlətinin müasir
inkişafını və tərəqqisini təmin edəcək
əsas amillərdir... Heydər Əlirza oğlu XX əsrin ən
böyük liderlərindədir. O, müasir demokratik
Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.
Bu fikirlərdə aydın şəkildə
göstərilib ki, Heydər Əliyev tarixi və əfsanəvi
bir şəxsiyyət kimi müasir dövrün ən aktual
çağırışlarına hazır olub. O cümlədən
cəmiyyətin ideoloji cəhətdən
hazırlanmasını təşkil edə bilib. Nəticədə,
Azərbaycanda başqa yeniliklərlə yanaşı, mədəniyyət
və maarifçilik də tərəqqi edib. Daha geniş
miqyasda isə Heydər Əliyev demokratik Avrasiyanın yeni
tarixinin qurucularından biridir.
Sonuncu məqam Heydər Əliyev şəxsiyyətinin
bütün dünya üçün əhəmiyyətini əks
etdirir. Avrasiya kimi geniş və ziddiyyətli bir məkanda
yeni tarixin yaradıcılarından olmaq böyük qüdrət
tələb edir. Heydər Əliyev həyata keçirdiyi
siyasətlə bunu yüksək səviyyədə dünyana
nümayiş etdirib. Həmin bağlılıqda Ulu öndərin
Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilişində
göstərdiyi müdrikliyi, təmkini, qətiyyəti və
aktivliyi ayrıca vurğulamaq lazımdır. Hələ həmin
qanlı-qadalı illərdə Ümummilli lider daim
vurğulayırdı ki, Bakı-Ceyhan layihəsi
bütövlükdə Avrasiyanın geosiyasi
dinamikasını dəyişəcək. Bu layihə geniş
bir məkanda inkişafa, əməkdaşlığa və
qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə
yüksəlməsinə xüsusi töhfə verəcək.
O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət
dəyişikliyi edəcək. Təcrübə
Ulu öndərin tam haqlı olduğunu təsdiq etdi. İndi
Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq
enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır.
“Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin
reallaşdırılmasının fəal üzvüdür,
“Yeni İpək Yolu” layihəsində aktiv
iştirakçıdır. Bunlar məcmu halında
Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə
təkan verməkdədir. Bu barədə dünyanın
aparıcı siyasi liderləri dəfələrlə fikir
bildiriblər. Bugünkü mövqeyə gəlib
çıxmaqda Ulu öndərin qlobal miqyasda irəli
sürdüyü əməkdaşlıq prinsipləri həlledici
rol oynayıb.
Beləliklə, Heydər Əliyevin milli
qurtuluş fəlsəfəsinin əsas prinsipləri
bütövlükdə dövlətimizi yeni inkişaf səviyyəsinə
çıxarmış, onu mühüm geosiyasi oyunçuya
çevirmişdir. Təbii ki, bu prosesdə Heydər
Əliyevin xarici siyasət kursu ciddi rol oynamışdır. Bu
bağlılıqda Rumıniyanın sabiq Prezidenti Emil
Konstantineskunun bir fikrini xatırlamaq tam yerinə düşərdi.
O ifadə etmişdi: “...Zənnimcə, Heydər Əliyev
dünya siyasətində çox mühüm rol
oynamışdır və oynayacaqdır. Bu gün mən Onun
daha bir keyfiyyətini - bir sıra nəsillər
üçün nəzərdə tutulmuş mühüm
layihələrə qoşulan böyük dövlət xadimi
keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə
tarixi fürsət olan İpək Yolunu nəzərdə
tuturam. Ən başlıcası, öz xalqından istifadə
etmək deyil, əksinə, öz xalqına xidmət etməkdir”.
Bu sözlərdə birbaşa Heydər Əliyevin xarici siyasət
kursunun yüksək səmərəliliyi əksini tapıb.
Ulu öndər böyük ustalıqla Azərbaycanın milli
maraqlarını xarici siyasətin hər məqamında ifadə
edir və həmişə müsbət nəticəyə
nail olurdu.
Xarici siyasət strategiyasının üç
aspekti: mükəmməl kurs
Mütəxəssislər Ümummilli liderin
xarici siyasət strategiyasının uğurunu üç
faktorla izah edirlər. Birincisi, Heydər Əliyev dövrün
çağırışlarına cavab verən xarici siyasi
strategiyanı müəyyən etdi. Məsələ ondan ibarətdir
ki, keçən əsrin 90-cı illəri ümumən qlobal
siyasətdə müxtəlif ziddiyyətli məqamlarla
xarakterizə olunurdu. Sosialist düşərgəsinin
dağılması ilə geosiyasi mənzərənin sadələşəcəyinə
və liberalizmin tam qələbə çalacağına
ümid edənlərin gözləntiləri özünü
doğrultmadı. Meydana daha mürəkkəb problemlər
çıxdı. Onların sırasında müstəqilliyini
əldə etmiş dövlətlərin suverenliyini, ərazi
bütövlüyünü qorumasını və beynəlxalq
münasibətlər sistemində həqiqi yerini müəyyənləşdirməsini
qeyd etmək olar. Məhz belə bir şəraitdə Ulu
öndər Azərbaycanın xarici siyasətini qlobal geosiyasi
reallıqları diqqətə alaraq müəyyənləşdirdi.
İkincisi, bu kurs ölkəmizi əhatə
edən geosiyasi reallığı dəqiqliklə nəzərə
alırdı. Regionda baş verən proseslər və
böyük dövlətlərin onda iştirakı olduqca
mürəkkəb vəziyyət yaratmışdı. Azərbaycanın
bu reallıqları nəzərə alaraq hərəkət
etməsi lazım idi. İlk növbədə regionun
nüfuzlu dövlətləri olan Rusiya, Türkiyə və
İran istiqamətində səmərəli və obyektiv
reallığı nəzərə alan kurs müəyyənləşdirilməli
idi. Bunların fonunda Dağlıq Qarabağla bağlı
süni olaraq yaradılmış münaqişənin xarici
siyasət kursundakı yeri və rolu təyin edilməli idi. Həmin
faktorları Heydər Əliyev böyük ustalıqla diqqətə
aldı və onları zamanın tələblərinə
uyğunlaşdırdı.
Üçüncüsü, Ulu öndər
xarici siyasət strategiyasını hazırlayarkən
xalqımızın zəngin dövlətçilik tarixinin
başlıca məqamlarını zərgər dəqiqliyi ilə
nəzərə ala bildi. Bu, müasir mərhələdə
xarici siyasətdə olduqca mühüm məqamı əks
etdirir. Belə ki, bu, milli dövlət quruculuğunun geosiyasi
dinamika ilə bağlı əlaqələrinin məzmununu təşkil
edir. Həmin səbəbdən Azərbaycan xalqının
dövlətçilik tarixindən nəticələr
çıxarmaqla xarici siyasət kursunun prinsiplərinin
müasir şəraitə uyğunlaşdırılması
strateji əhəmiyyət daşıyır.
Bununla da müasir Azərbaycan dövlətçiliyi
tarixində xarici siyasətin mükəmməl
konsepsiyasının başlıca prinsiplərinin
formalaşdırılması imkanı meydana gəldi. Həmin
kontekstdə Heydər Əliyevin xarici siyasət
strategiyasında bir sıra faktorları baza prinsiplər olaraq
müəyyən etməsi vurğulanmalıdır. Onlar
aşağıdakılardan ibarətdir.
Hər şeydən əvvəl, Ulu öndər
ölkəmizin təbii-coğrafi şəraitini, geosiyasi
amilləri və yerləşdiyimiz ərazinin geostrateji əhəmiyyətini
xarici siyasət kursunun əsas faktorları sırasına daxil
etdi. Digər prinsip tarixi reallıq və ondan
çıxarılan nəticələrlə bağlı idi.
Növbəti faktor olaraq tarazlaşdırılmış və
çoxqütblü xarici siyasət zərurətini qeyd etmək
gərəkdir. Sonra, Ulu öndər Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü və ərazimizin 20
faizinin işğalı faktını incəliklə xarici
siyasət kursunun məzmununa daxil etdi. Bu kontekstə başqa
bir vacib faktoru - erməni lobbi dairələrinin ölkəmizə
qarşı apardığı düşmənçilik və
qarayaxma siyasətinə qarşı sistemli mübarizə xəttinin
də xarici siyasətdə yerini tapmasına nail oldu.
Növbəti çox əhəmiyyətli məqam
ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat-logistika
imkanlarına malik olmasının xarici siyasət
strategiyasının mərkəzi punktlarından biri statusuna gətirilməsi
ilə əlaqəlidir. Bu məsələ yalnız Azərbaycanın
diplomatiya tarixində deyil, ümumiyyətlə, bütün
dünya üçün əhəmiyyətli olan incə
siyasətlə bağlıdır. Dünyanın
aparıcı ölkələrinin siyasi liderləri həmin məqamı
daim vurğulayırlar. Bu bağlılıqda Bill Klintonun Heydər
Əliyevə xitabən dediklərinin bir fraqmentini
xatırlamağa dəyər. ABŞ-ın sabiq Prezidenti ifadə
etmişdi: “Sizin liderliyiniz və güclü qətiyyətiniz
sayəsində Xəzərin zəngin ehtiyatlarının
dünya bazarlarına alternativ yollarla ixrac olunması region
dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində
əhəmiyyətli rol oynayacaqdır”. Təcrübə bu
tezisin doğruluğunu tam təsdiqləmişdir.
Digər məqam xarici siyasətdə
müasir tələblər səviyyəsində Azərbaycanın
insan resursları və iqtisadi potensialının dəqiqliklə
nəzərə alınması ilə əlaqəlidir.
İndiki mərhələdə bu reallığın nəzərə
alınmaması müstəqillik və suverenlik
üçün ciddi təhlükədir. Bunu Ukrayna və
Gürcüstanın timsalında aydın görmək
mümkündür. Azərbaycan isə Ümummilli liderin
uzaqgörənliyi sayəsində həmin ziddiyyətləri
yaşamadı. Ölkənin insan resursları və iqtisadi
potensialı ustalıqla xarici siyasət kursunda istifadə
edildi və bu proses indi də uğurla davam etdirilir.
Nəhayət, xarici siyasət
strategiyasında xalqımızın zəngin tarixi, mədəniyyəti
və multikultural ənənələri lazımi səviyyədə
diqqətə alındı. Heydər Əliyev bütün
dövrlərdə Azərbaycan xalqının tarixi, mədəni
və multikultural ənənələrinə daim diqqət
və qayğı göstərib. Hələ sovet dönəmində
yüksək vəzifələrdə çalışarkən
bu məqama ayrıca önəm verib. Deyək
ki, SSRİ zamanında milli kadrların yetişdirilməsi xətti
ilə yanaşı, Azərbaycanın böyük ədibləri,
mədəniyyət xadimləri, milli bayramları, dili ilə
bağlı çox əhəmiyyətli addımlar
atırdı. Məhz bu kimi faktorların sayəsində Azərbaycan
öz milli-mədəni varlığını qoruya
bildi. Müstəqillik mərhələsində isə həmin
faktorlar tamamilə yeni məzmunda xarici siyasət kursunun
prinsipləri sırasına daxil edildi. Heydər Əliyevin
siyasət dahisi olmasının əsas göstəricilərindən
biri məhz bununla bağlıdır. Bu baxımdan bir müddət
ziddiyyətli münasibətlərimiz olmuş İranın
sabiq prezidenti Seyid Məhəmməd Xatəminin Ulu öndər
haqqında dedikləri ibrətamizdir. O,
vurğulamışdı: “Heydər Əliyev
yenicə ayağa qalxan Azərbaycan Respublikasının
sabitlik və tərəqqiyə qovuşmasında təsirli
rol oynamış, gözəl Azərbaycan xalqının
rifahı, asayişi naminə səy göstərmiş təcrübəli
və məşhur siyasət xadimi olmuşdur. Cənab
Heydər Əliyevin regional sülh və dostluğa nail
olması, iki dost, qardaş ölkə olan İran İslam
Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin
dərinləşdirilməsi yolunda xidmətləri heç
vaxt xatirələrdən silinməyəcəkdir”. Buradan
aydın görünür ki, Heydər Əliyev böyük
ustalıqla Azərbaycan xalqının milli-mədəni
özünəməxsusluğu ilə regional miqyasda sülh və
əmin-amanlığın təmin edilməsi arasında uğurlu
əlaqə yarada bilmişdi.
Təbii ki, Heydər Əliyevin xarici siyasət
kursundan bəhs edərkən bu böyük şəxsiyyətin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi istiqamətində atdığı
addımları vurğulamamaq mümkün deyildir. Müasir
müstəqillik tarixində ilk dəfə olaraq Heydər
Əliyev bu məsələni konseptual formada Azərbaycanın
xarici siyasət kursunun prioritet məsələləri
sırasına daxil etdi. Bu, mövcud geosiyasi reallıqlar
kontekstində asan məsələ deyildi. Çünki bir tərəfdən
qlobal geosiyasətin özü müxtəlif problemlərlə
üzləşmişdi. Böyük dövlətlər
xüsusi maraqlarını daha üstün tutaraq ədalət
hissini tamamilə itirmişdilər. Digər tərəfdən
isə təcavüzkar Ermənistanı havadarları aktiv
şəkildə müdafiə edirdilər və bu, indi də
davam etməkdədir.
Belə mürəkkəb şəraitdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin incəliklə xarici siyasət kursuna
mühüm faktor kimi daxil edilməsi böyük diplomatik
ustalıq tələb edirdi. Heydər Əliyev onun ən səmərəli
üsulunu tapa bildi. Nəticədə, beynəlxalq
təşkilatlar sürətlə həqiqəti öyrəndi,
müxtəlif sənədlərdə Ermənistanın təcavüzkarlığı
vurğulandı, regionun böyük dövlətləri Azərbaycanın
ərazi bütövlüyünü
tanıdıqlarını bəyan etdilər, BMT erməni təcavüzünə son qoyulması ilə bağlı
dörd qətnamə qəbul etdi və ATƏT münaqişəni
sülh yolu ilə həll etmək üçün xüsusi
qrup (ATƏT-in Minsk qrupu) yaratdı. Çoxillik gərgin fəaliyyət
Ermənistanın təcavüzkarlığını
bütün dünyaya nümayiş etdirməyə imkan
yaratdı. Prezident İlham Əliyev sonrakı mərhələdə
bu istiqamətdə dalbadal uğurlu addımlar ataraq, Ermənistanın
küncə sıxışdırılması prosesini yeni səviyyəyə
yüksəltdi. Artıq ATƏT-in Minsk qrupunun həmsədr
dövlətləri Dağlıq Qarabağın mövcud
statusunun dəyişilməz qalmasının mümkün
olmadığını bəyan edirlər. Bu o deməkdir ki,
münaqişə yalnız Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi şərti
ilə öz ədalətli həllini tapa bilər.
Bunlardan başqa, Heydər Əliyevin xarici siyasət
strategiyasında yeni demokratik Avrasiya quruculuğu aspekti
“Böyük İpək Yolu” layihəsinə verdiyi önəmdə
də ifadə olunmaqdadır. Hələ keçən əsrin
90-cı illərinin ortalarında postsovet məkanında
liberalizmin dəbdə olduğu bir zamanda Heydər Əliyev
Çinə səfər etdi. O vaxt bu səfərin strateji əhəmiyyətini
çox az adam anlaya bildi. Lakin təcrübə göstərdi
ki, Ulu öndər olduqca uzaqgörən addım atıb. Belə ki, Çin coğrafi olaraq Azərbaycandan
uzaq olsa da, geosiyasi olaraq çox yaxındır və yeni
Avrasiyanın inşasında Pekin faktorunu nəzərə
almadan heç bir iş görmək mümkün deyildir.
İndi bütün dünya ağızdolusu Çinin təşəbbüskarı
olduğu “Bir Qurşaq, Bir Yol” qlobal layihəsinin
perspektivindən danışır. Yüzlərlə ölkənin
bu layihəyə qoşulmaq istəyi haqqında informasiyalar
yayılır. Hətta Ermənistan belə bundan
yararlanmağa çalışır. Ancaq faktdır ki,
keçən əsrin 90-cı illərində bu günü
görənləri barmaqla saymaq olardı. Onların
önündə Azərbaycanın lideri Heydər Əliyev
gedirdi. Onun əsasını qoyduğu Çin siyasəti
özünün bəhrəsini yüksək səviyyədə
verməkdədir. Xarici siyasətin digər prioritetləri ilə
birgə Çin siyasəti Azərbaycanı Cənubi
Qafqazın geosiyasi “düyün nöqtəsi” statusuna qədər
yüksəldib. Hazırda ölkəmiz “Şərq-Qərb”
və “Şimal-Cənub” dəhlizlərinin qovuşma məkanı,
“Yeni İpək Yolu” layihəsinin fəal
iştirakçısı və bir neçə əhəmiyyətli
enerji layihələrinin təşəbbüskarıdır.
TAP, TANAP, “Cənub Qaz Dəhlizi” və başqa layihələr
qlobal enerji təhlükəsizliyinin mərkəzi bəndlərini
təşkil edir. Nəqliyyat layihələri isə
ümumiyyətlə, geosiyasi əhəmiyyətli hadisələrdəndir.
Azərbaycan faktiki olaraq xarici siyasətin
bütün istiqamətlərində uğur qazanan və
onları bir-biri ilə uyğunlaşdıra bilən
perspektivli dövlətdir. Ölkəyə etibarlı tərəfdaş
kimi yanaşırlar. Buraya xarici iş adamları külli
miqdarda sərmayə yatırmaqdan çəkinmirlər. Azərbaycan
bütün sahələr üzrə Cənubi Qafqazın
lider dövlətinə çevrilib. Və həmin irəliləyişim
memarı Ulu öndər Heydər Əliyevdir.
Beləliklə, Heydər Əliyevin Azərbaycana,
regiona və dünyaya ciddi töhfələr verdiyi
hamılıqla tanınan faktdır. Onun dövlət
quruculuğu kursunu Prezident İlham Əliyev böyük
uğurla inkişaf etdirir. Ümumiyyətlə, Ulu öndərin
əvəzsiz xidmətlərindən biri də Azərbaycan
xalqının gələcək tərəqqisini təmin edən
İlham Əliyev kimi böyük siyasət xadimini
yetişdirməsi idi. Bu, əslində, Heydər
Əliyevin Vətən sevgisindən, siyasi peşəkarlığından,
milli dəyərlərə ciddi
bağlılığından qaynaqlanır. Yəni, Ulu
öndər müstəqil Azərbaycan naminə yalnız
yaşadığı dövrü deyil, gələcəyi də
düşünüb! Buna görə də Ulu öndər
Ümummilli lider kimi həmişəyaşardır, xalqın
qəlbində, dövlətin bütün istiqamətlər
üzrə aparılan uğurlu siyasətinin ruhundadır.
Novruz Məmmədov
Yeni Azərbaycan.-
2017.- 13 dekabr.- S.4.