Milli Qəhrəman Əliyar
Əliyevin xatirə lövhəsinin açılışı
olub
Dekabrın 13-də Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, batalyon komandiri Əliyar Yusif oğlu Əliyevin Nərimanov rayonunda şəhidin adını daşıdığı
küçədə xatirə
lövhəsinin açılışı
olub.
AZƏRTAC xəbər
verir ki, Nərimanov və Qubadlı rayonlarının
rəhbərliyi, Milli
Qəhrəmanın ailəsi,
yaxınları, döyüş
yoldaşları, rayon
gəncləri və ictimaiyyətinin qatıldığı
tədbirdə əvvəlcə
müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu ulu öndər Heydər Əliyevin və torpaqlarımızın
azadlığı uğrunda
şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirə qatılanlar Əliyar Əliyevin şərəfli
həyat yolundan danışaraq onunla bağlı əziz xatirələrini bölüşüblər.
Tədbiri giriş sözü
ilə açan Azərbaycanın tanınmış
hərbi diktoru, hərbi vətənpərvərlik
mahnılarının mahir
ifaçısı Şəmistan
Əlizamanlı sərbəst
güləş üzrə
dəfələrlə SSRİ çempionu, idman ustası Əliyar Əliyevin məşqçi
və pəhləvan kimi dəyərli fəaliyyəti barədə iştirakçılara
ətraflı məlumat
verib. Bildirilib ki, Ə.Əliyevin yetirmələri arasında
8 nəfər respublika
və SSRİ çempionu,
10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var.
Diqqətə çatdırılıb ki, torpaqlarımıza erməni təcavüzü
başlanan gündən
respublikamızda ilk özünümüdafiə batalyonlarından
birinin qurucu komandiri olan Əliyar Əliyev Azərbaycanın ərazi
bütövlüyü uğrunda
döyüşlərdə misilsiz şücaətlər
göstərib. 1992-ci il
aprelin 16-da xaricdə xüsusi
hazırlıq keçmiş
“qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə 50 nəfərlik diversiya qrupu mühasirəyə alınaraq
məhv edilib, qalanları isə əsir götürülərək
Xocalıdan olan onlarla əsir ilə dəyişdirilib.
Həmin il iyunun 24-də Qubadlı rayon mərkəzini bombardman etmək tapşırığı almış
üç hərbi vertolyotun hər üçü məhv edilib, biri isə
yerə salınaraq yüngül təmirdən
sonra Milli Ordumuzun istifadəsinə verilib. Gorusun Şurnuxu kəndindəki
postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 düşmən hərbçisini
canlı olaraq ələ keçirib. Onlar işğalın son günlərinədək
Qafan-Gorus yolunu nəzarətdə saxlamağı
da bacarıblar.
Getdikcə erməni
qəsbkarlarının vahiməli
yuxusuna çevrilən
Ə.Əliyev son döyüşündə də
mənfur düşmənə
layiqli dərs verib. Laçın şəhərinin azad edilməsi uğrunda üç gün davam edən əməliyyatda
40 könüllü döyüşçüsü
ilə partizan müharibəsinə girən
komandirin başçılığı
altında düşmənin
80-dən çox canlı
qüvvəsi və bir neçə texnikası məhv edilib, 30-dan çox postu dağıdılıb,
Laçının 40-dək kəndi azad edilib. 1992-ci il oktyabrın 3-də Laçının
iki kilometrliyinə qədər irəliləyən
komandir Əliyar Əliyev və onun sürücüsü
Əlisadət Ağayev
“Tikanlı zəmi” yüksəkliyi uğrunda
döyüşdə qəhrəmancasına
həlak olublar.
Tədbirdə Nərimanov Rayon
İcra Hakimiyyətinin
başçısı Abdin
Fərzəliyev çıxış
edərək 60 illik yubileyi ərəfəsində
Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsinin ətrafına toplaşanlara
Əliyar Əliyevin tək Qubadlı rayon camaatının deyil, bütün xalqımızın fəxarətlə
andığı, daim
qəlblərdə uca tutduğu
igid bir Vətən övladı olduğunu deyib, qəhrəmancasına şəhadətindən
sonra xalqımızın
ümummilli lideri Heydər Əliyevin bütün şəhid ailələrinə, eləcə
də Milli Qəhrəmanımızın ailəsinə
xüsusi diqqət və qayğısı sayəsində onun da uca
adının yaddaşlarda
əbədi olaraq həkk olunduğunu söyləyib.
İcra başçısı ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı
ilə Milli Qəhrəmanımızın ailəsinin
Nərimanov rayonunda mənzillə təmin olunduğunu qeyd edərək, xatirə lövhəsinin yerləşdiyi
rayonun ən böyük və abad küçələrindən
biri olan Əliyar Əliyevin adını daşıyan
küçənin Ulu Öndərin
adını daşıyan
küçə ilə
kəsişməsi amilinin
də bu cəhətdən rəmzi
bir məna ifadə etdiyini deyib və vətəndaşlarımızın
mənzil şəraitinin
yaxşılaşdırılması istiqamətində rayonda geniş vüsət alan sosial-iqtisadi layihələrin Əliyar
Əliyev küçəsində
də həyata keçirildiyini bildirib.
Natiq Əliyar Əliyevin
sərgilədiyi igidliyin
bu gün gənc nəslə örnək olduğunu və maddi-texniki bazası hər an təkmilləşən
şanlı Ordumuzun bu gün Azərbaycan
Silahlı Qüvvələrinin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə düşmən
üzərində qələbələrinin
Əliyar kimi qorxmaz oğulların döyüş təcrübəsi
və şücaətindən
qaynaqlandığını diqqətə çatdırıb.
Sonra çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
Malik İsaqov müharibə illərinin
canlı şahidi kimi Əliyar Əliyevin və onun rəhbəri olduğu batalyonun erməni təcavüzkarlarına
qarşı amansız
mübarizəsindən bəhs
edib, düşmən
üzərinə daim
şığıyan 35 yaşlı
Əliyar Əliyevin vaxtsız vəfatının
bir səbəbi kimi o vaxtkı hakimiyyətin səriştəsizliyi
və bacarıqsızlığı
olduğunu göstərib.
Natiq Əliyar
Əliyevin 50 illik yubileyi ilə əlaqədar Qubadlıdan
olan məcburi köçkünlərin kompakt
məskunlaşdığı Sumqayıt şəhərində
də onun ölməz xatirəsinin ehtiramla anıldığını
qeyd edib.
Əliyar Əliyevin oğlu,
atasının yolunu şərəflə davam
etdirən Milli Ordunun zabiti Emin Əliyev çıxış edərək
bütün şəhid
ailələri adından
Milli Qəhrəmanın
xatirəsinə göstərilən
ehtirama və şəhid ailələrinə
olan diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib, tədbirin təşkilinə görə
şəxsən ailəsi
adından Nərimanov
və Qubadlı rayonlarının rəhbərliyinə
təşəkkür edib.
Sonda Milli Qəhrəmanın
döyüş yoldaşı,
Milli Ordunun zabiti Sadiq Paşayev
çıxış edərək
yağı düşmənə
qarşı onunla birgə çiyin-çiyinə
döyüşməkdən qürur duyduğunu, ondan Vətəni daim göz bəbəyi
tək sevməyi əxz etdiyini dilə gətirib,
2016-cı ilin qalibiyyətli
aprel döyüşlərində
xüsusi igidliyinə
və bacarıqlı
komandirlik qabiliyyətinə
görə Əliyar Əliyevin bir yetirməsinin general-mayor rütbəsinə, digərinin
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görüldüyünü
fəxrlə qeyd edib.
Hazırda ordumuzun sıralarında
ölkəmizin ərazi
bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrlərinə hər
an hazır olan Əliyar Əliyev kimi yüzlərlə, minlərlə
igid oğulların olduğunu fəxarətlə
qeyd edən zabit, bunun tezliklə
gerçəkləşəcəyinə
əminlik ifadə edib.
Sonda Milli
Qəhrəmanın xatirə
lövhəsinin qarşısına
tər güllər düzülüb.
Yeni azərbaycan.- 2017.- 14 dekabr.- S.4