Heydər Əliyev
Mərkəzində Mikelancelo
Merizi da Karavacconun əsərləri
sərgilənir
Dekabrın 13-də Heydər Əliyev Mərkəzində “Karavacco
- Opera Omnia” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə
məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun
40-dək əsərinin rəqəmsal
texnologiyadan istifadə
edilərək hazırlanmış
reproduksiyaları təqdim
edilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyinə
həsr edilən bu sərgi Heydər
Əliyev Mərkəzi
və İtaliyanın
ölkəmizdəki səfirliyinin
birgə təşkilatçılığı
ilə ərsəyə
gəlib.
“Biz ümumiyyətlə
Azərbaycan ilə İtaliya arasında əlaqələrə xüsusi
önəm veririk. Bu səbəbdən də ölkələrimiz
arasındakı əlaqələr
günü-gündən daha
da genişlənir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə mədəniyyətimiz
İtaliyanın müxtəlif
şəhərlərində təqdim edilib. Bu günədək Heydər Əliyev Mərkəzində İtaliya
mədəniyyətinə dair
bir sıra tədbirlər keçirilib.
Burada italyan bəstəkar Umberto Cordanonun “Sibir” operası nümayiş olunub, həmçinin tanınmış modelyer Renato Balestranın Azərbaycan milli ornamentlərindən istifadə
edərək yaratdığı
unikal moda kolleksiyası təqdim edilib. Belə tədbirlər iki ölkə arasındakı
əlaqələrə müsbət
töhfəsini verməkdədir.
Heydər Əliyev Fondunun dəstəyi ilə artıq altı ildir ki, Azərbaycan Venesiya Biennalesində təmsil olunur, bu sərgilərdən sonra bizim rəssamlarımız
çox böyük uğurlar qazanırlar. Bilirsiniz ki, Heydər Əliyev Mərkəzi unikal arxitekturaya malikdir və bu bina
tanınmış memar
Zaha Hadidin əsəridir. Bu gün burada
bu sərginin açılması həm
də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyev Fondu Romada Zaha Hadidin
başqa bir memarlıq əsərində
- MAXXI Milli Müasir İncəsənət Muzeyində
Azərbaycan mədəniyyətini
nümayiş etdirən
“Fly to Baku”
sərgisini təşkil
etmişdi. Karavacconun yaradıcılığını
əks etdirən bu layihənin ərsəyə gəlməsində
iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk”.
İtaliyanın Azərbaycandakı səfiri
Auqusto Massari çıxışında deyib:
“Bu tədbir ölkələrimiz arasındakı
diplomatik əlaqələrin
25 illiyinin qeyd edilməsində çox mühüm hadisədir. Belə layihələrin təşkili xüsusi əhəmiyyət kəsb
edir. Mikelancelo Merizi da Karavacconun
əsərləri olduqca
böyük anlam daşıyır. Heydər
Əliyev Mərkəzi
ilə birlikdə açdığımız bu
sərginin təşkilindən
olduqca məmnunuq. Ümid edirəm ki, bizim mədəniyyət
sahəsindəki əməkdaşlığımız
gələcəkdə də
davam edəcək”.
Rəssamın həyat yoluna nəzər salan diplomat deyib ki, onun yaratdığı
rəsmlər sənətkarın
həyat yolunun heç də hamar olmadığını
göstərir. Sərgidə
rəssamın təqdim
olunan 37 işi bir daha onun
necə böyük sənət adamı olduğunu təsdiqləyir
və izləyicilərin
rəssamın möhtəşəm
əsərləri ilə
bir daha tanış olmasına imkan yaradır.
Sonra iştirakçılar
sərgi ilə tanış olublar.
Mikelancelo Merizi
da Karavacco XVII əsr Avropa rəssamlığının islahatçısı,
realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir. O, Milanda dünyaya gəlib, lakin yaradıcılıq karyerası Romada başlayıb. Təbii üslubu və kəskin işıq-kölgə
əleyhinə əsaslanan
forması ilə XVI əsr rəsm sənətində yeni bir yol açmışdır.
Qısa müddətdə
özünü peşəkar
rəssam kimi təsdiqləyib və əsərlərini rəssamlıqda
inqilaba çevriləcək
yeni dillə yaradıb. Karavacco əsərlərində işıq
və qaranlığın
kəskin və mükəmməl təzadını
əks etdirib.
Karavacco naturalist
(təbiiliyə üstünlük
verən) bir sənətçi idi. Rəsmlərində hər xırda
detal üzərində
diqqətlə çalışması
onun reallığa necə dəyər verdiyinin sübutudur. Ən incə damarlarına qədər işlənmiş yarpaqlar,
ən incə dənəsinə qədər
təsvir olunmuş üzüm kimi təbiətin adi elementlərinin Karavacconun əsərlərində canlanması onun təbiətə
necə dəyər verdiyini bəlli edir. Gənc kişi fiqurlarını müxtəlif natürmort
elementləri ilə birgə göstərən
ilk rəsmlərinin ən yaxşı nümunəsi “Bakkus”dur (Bacchus). Rəsmə ümumən hakim olan klassisizm və naturalist fiqur anlayışının
birləşməsi Karavacconun
çatdığı formal
yetkinliyin işarəsidir.
Heydər Əliyev
Mərkəzində nümayiş
olunan “Karavacco - Opera Omnia” sərgisi
Karavacco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur.
Reproduksiyalar əsərlərin
real ölçülərində
və yüksək keyfiyyətdədir.
Yeni azərbaycan.-
2017.- 15 dekabr.- S.3.